Tofiq Abdin təqdim edir: köhnə, yeni əbədi Poeziya

 

Bu günlərdə "Vektor" Nəşrlər Evində şair-publisist Tofiq Abdinin "Poeziya" kitabı işıq üzü görüb. Ənənəvi girişlə başlasam da, bu kitab sıradan bir nəşr deyil. Əvvəla ona görə ki, kitab ilk baxışdanca maraqlı tərtibatı ilə diqqəti çəkir. Vərəqlədikcə şeirlər sanki öz-özünə oxunur. Kitabı şairin 68 illik ömrünün poetik hesabatı da saymaq olar. Çünki nəşrdə yer alan şeirlər şairin indiyədək çap olunmuş, Məhərrəmoğlu imzasıyla poeziyaya gəlişini isbatlayan "Nəğməli gecələr" də daxil olmaqla, "Ata sevgisi", "Sahilsiz dünya", "Şəhərimiz ayaq açır" və digər kitablarından seçilib.

Zənnimcə, ədəbi, (eləcə də qeyri-ədəbi) cameədə onu tanımayan çətin tapıla. Özü kimi fikirləri, düşüncələri, hissləri və duyğuları da qıvraq, saf, bəzən əsəbilik həddinə qədər cəsarətli, bəzən ironik səviyyənin maksimum xəttini də keçən yumoru, sərhəd tanımayan türkçülüyü, doyulmaz İstanbul sevdası ilə ürəyi dolu bu şairə hərə sadaladığım səmtlərdən birində rastlayıb. O isə yeni çap olunmuş kitabında özünü belə nişan verir:

 

   Şairlik sevdası vardı başımda

   Bilmirdim dünyanın Nazimi varmış.

   Hardan biləydim ki, bu yol başında

   İnsan öz-özünə bədbəxt olarmış.

   Bəzən qoymadılar danışam - dinəm,

   Gəlin tanış olaq - Tofiq Abdinəm.

 

Artıq illərdir ki, ədəbi mühitdə onun imzası oxuculara yaxşı tanışdır. Şairin kitabda yer alan şeirləri kəskin olduğu kimi həssas və bəzən də kövrəldəcək qədər sentimental publisist qələmindən doğulan yazılarının poetik davamıdır. Yeni "Poeziya"da şair Tofiq Abdini kəşf etmək oxucular üçün bir qədər də asanlaşır. Onun küçədəki kimsəsiz itlərin və ağacların halına acıyacaq qədər həssas şairliyi var:

 

   Nə bir baxanı var, nə yoxlayanı,

   Kimsəsiz ağaclar yazıqdı, Allah,

   yaxud

   indi ŞAİRLƏRİ öldürmürlər,

   indi itləri vururlar səhərin sübh çağı

   zingildəyib ağlaya-ağlaya ölür itlər...

 

Tofiq Abdin şeirlərində əsl Allah adamıdır. Təbii ki, Allah adamı olmaq təkcə oruc tutub namaz qılmaq, imkanı olanda da həccə getməklə yekunlaşmır. Bunların hamısını edən, amma nə yazıq ki, Allahın varlığına inamı qəlbində səmimiyyətlə daşımadan həyata sürənlər çoxdur. Bu ayinlərin icrasının Tanrı dərgahında necə qarşılanacağını isə yalnız Cənabi HAQQa bəllli olan O MƏLUM GÜNdə biləcəyik. Amma Tofiq Abdin kimi şair doğulanların əksəriyyəti bəlkə də o ayinləri vaxtlı-vaxtında icra etmirlər, ancaq əvəzində ürəklərində Allaha sevgi, insanlara, təbiətə, yaradılmışlara mərhəmət, şəfqət hissi yaşadırlar və yeri gəldikcə, yaşadıqları ömürdə də, yaratdıqları poeziyada da sadalanan munis hissələrə söykənirlər. Allaha müraciət, Tanrıya xitab Tofiq Abdin poeziyasından aydın bir xətt kimi keçir. Bəzən şeirlərindəki Allaha yönələn, bəndə ərkyanalığı ilə qarışan giley Tanrının yaratdığı vəhşi "insan"ların əməllərindən bezəndə meydana çıxır:

 

   Sən varkən, Allahım,

   Günahsız uşaqlar ölür,

   Məzarlar qazılmır, yasinlər oxunmur.

   Bu dünya od tutub yanır

   Al apar, Allahım, bu yerdən məni

  Bəlkə də bu vəhşilikdir –

   İsinməməyimin səbəbi...

 

Tofiq Abdinin şeirlərini oxuduqca adama elə gəlir ki, onların bəzisi birnəfəsə yazılıb, bəzisi isə çox tələskənliklə, həddən artıq çevik dillə qələmə alınıb. Bu tələskənlik bəzən həqiqətləri tez, birbaşa demək istəyindən, bəzən də cəmiyyətin və onun fonunda özünün yaşadığı mənəvi ağrıları dilə gətirib yüngülləşmək arzusundan doğur:

 

   Axşamın düşməsini gözləyirəm

   Divarda görünən saata baxıb

   Səhərin ağappaq havasına bulaşmaq istəyirəm

   Gecənin qaranlığından çıxıb

   Və zamanın beləcə təkrarlanmasını

   Bir təsəlli sayıram.

   Yarəb, bu nə işdir mən düşmüşəm,

    Bu nə ömürdür yaşayıram.

 

Kitabda "İstanbul notları" ayrıca bir bölüm kimi yer alıb. Bu bölümdə türk olduğundan qürur duyan, amma bu qürurun acısına da qatlanmalı olan, hər bir türkün ürəyində saxladığı, yaşatdığı biri kimi dəlicəsinə İstanbul sevdasına tutulan Tofiq Abdinin orada yaşarkən yazdığı şeirlərindən bir qürbət havası vurur adamı. Bizə İstanbul qədər doğma, həm də İstanbul qədər yad olan həmin şeirlərdə şair o şəhəri bir addımlığımıza gətirsə də, bir yandan da onun xeyli uzaqlığının acısını yaşayır, bu acını oxuculara da yaşadır:

 

   Pəncərədən baxıram

   Pəncərədən o yana İstanbul,

   Amma neyçün havadan şor torpaq

   qoxusu gəlir,

   Amma neyçün qara mazut

   axır küçələrdən...

   Bu şəhərin axşamı düşmək bilmir

   Nə var ki axşamlarda,

   Açılacaq bir səhər

   Gecəsiylə gündüzüylə

  məni qəhr etdi bu şəhər...

 

Şeirlərinin birində Tanrıdan dəli bir sevda diləyir şair. Tanrı sevdaların ən gözəl hədəfi olaraq QADINı seçib və kişilər üçün anlaşılmaz olan xasiyyətləri ona verib. QADINdan baş açmamaq Tofiq Abdinin suçu deyil ki...

 

  Ya bu qadınların haqqında

   Oxuduqlarım yalandır.

   Ya da mən heç tanıya bilmədim

   Bu qadınları...

 

Hər şairin şeirlərində vətən anlayışına münasibət müxtəlif şəkildə təzahür tapır. Vətəni sevmək, onun uğrunda hər cür fədakarlığa hazır olmaq əksər şairlərin yaradıcılığında çeşidli formalarda yer alır. Tofiq Abdinin vətən və millət təəssübkeşliyi bəzən sevginin sərhədindən çıxaraq qınaq dolu ironiyaya çevrilir:

 

  Bu xalq müdrikliyi sevdi,

   bir də müdrikcəsinə qırıldadanları.

   Bu xalq sevə bilmədi

   ağıllı, canlı adamları...

 

Vətəninə hədsiz bağlı Tofiq Abdinin şeirləri vətənsizdir. O mənada ki, şeirlərindəki qəriblik ruhu, qürbət acısı vətənində yaşasa da, açıq-aydın üzə çıxıb. Yəqin ki, bu qürbət şeirlərini şair vətəndən uzaqda olduğu üçün yazmayıb. Çünki İstanbul sevdalısının öz vətəni bildiyi Türkiyədə yaşayan zaman qələmə aldığı şeirlər içindəki qəribliyindən yaranıb. Elə şairlər var ki, onlar öz vətənlərində də qəribdirlər, kimi az, kimi çox. Sadəcə Tofiq Abdinin qürbət ağrısı bir qədər artıqdır. O, qürbəti içində yaşadanlardandır. Ona görə də silsilə qürbət şeirləri içindən çay kimi gurlasa da, o coşğun dəryadan heç nə azaltmır:

 

   Sən qəribliyin rəngini bilirsənmi,

   Bilirsənmi qərib üçün günəş doğmur,

   səhər açılmır qəriblikdə,

   axşam düşmür qəriblikdə..

   sən qəriblikdə heç bilmirsən kimsən...

 

Tofiq Abdinin bəzi şeirlərini oxuduqca indiyədək onlarla tanış ola bilmədiyinə də, bu şeirlərdən ibrət almağı bacarmayanların hələ də aramızda olmağına təəssüflənməli olursan. Oxucu kimi qənaətim bundan ibarətdir ki, Tofiq Abdinin indiyədək yaxşı tanış olmadığım poeziyasının əsas məziyyəti hədsiz səmimiliyidir. Bu səmimilik, zənnimcə, bəzən şairin əleyhinə işləyəcək həddə çatır:

 

   Yeri gəldi-gəlmədi, deyirsən,

   Adam olmadın sən...

   Nə zaman mənə imkan verdilər ki,

   Adam olub-olmadığımı görsünlər.

   Bu adamlar sanki ona görə yaşayır ki,

   Mənim kimi adamların içindəki

   adamı öldürsünlər...

 

Tofiq Abdinin "Poeziya"sında müxtəlif zamanlarda yazdığı heca vəznli şeirlər olsa da, kitab əsasən sərbəst şeirlərin toplusudur. Amma bu sərbəstliyin özünün də ritmi var və bu ritm məzmunun daha da oxunaqlı olmasına şərait yaradır:

 

   Məni bu türkülər bədbəxt etdi

   Bəzən sözlərini belə tam anlamadığım

   Anadolu türküləri

   Nə zaman keçdi qanıma bu türkülər

   Bilmədim,

   Amma bədbəxt etdi məni...

   Bu bədbəxtliyin bir ucunda

   Bir daha sevmək vətəni

   Bir ucunda

   röyalarımın məmləkəti

   qəhr etdi məni...

 

"Poeziya" kitabındakı şeirlərin yazılma tarixi müxtəlifdir. Amma misraları bir-bir ötürdükcə onların əslində vahid bir poeziyanın kəsikləri - Tofiq Abdin şeirinin misraları olduğu qənaətinə əmin olursan. O misralarda şair adi həyat həqiqətlərini qeyri-adi dillə, metafizik dərinliklə, qəliz metaforaların vasitəsi ilə yox, sadəcə hamının başa düşəcəyi bir şəkildə çatdırır.

Kitabda xalq şairi Fikrət Qocanın "Tanıdığım şairlərdən biri" adlı yazısı da verilib. O, Tofiq Abdinin heç vaxt irihəcmli kitablar müəllifi kimi tanınmadığını önə çəkib və şairin əsas gücünün seçdiyi mövzularda olmasını qeyd edib: "Şairin ömrü yazılarında qaldırdığı və həll elədiyi problemlərin ömrü qədər olur. Əgər o, insan ağrıları ifadə eləyən mövzuları yaşayırsa, onun şeirləri bu günlə gələcək arasındakı uçurum üstündən körpü olacaq. Bu körpünün möhkəmliyi də şairin sözləri bir-birinə bağlamaq, hörmək məharətindən asılı olur. İnanıram ki, Tofiq haqqında əsl fikri bu kitabı oxuyub axıra çıxandan sonra siz deyəcəksiniz. Ona görə də bu kitabdakı yazılar barəsində söz deməkdən özümü güclə saxlayıram. Tofiq Abdini xalqımızın istedadlı və ən əsası, namuslu, iradəli bir şairi kimi tanıdığımı sizə deməyi özümə borc bilirəm".

Kitabın forması məzmununu tamamlayır. Məzmun forma vəhdətindən yaranan uğurlu nəşrin əsas özəlliklərindən biri dizaynıdır. Üz qabığında Tofiq Abdinin gənclik fotosu - DÜNƏNi yer alıb: qaynar, gələcəyə ümidlə baxan baxışlar, qara saçlar dəqiq cizgili sima. Kitabın arxa üzündə isə Tofiq Abdinin BUGÜNü təsvir olunub: yerə dikilmiş, özündə hansı ifadəni gizlətdiyi bəlli olmayan gözlər, nisbətən ağarmış saçlar fikirlərin, qayğıların, ağrıların cığırlar açdığı sifət.
   Tofiq Abdinin "Poeziya" sadəcə şeirlər toplusu deyil, onun əsl şairliyini şeirlərinin mahiyyətində mürgüləyən insanlığını nişan verən kimliyidir. Elə bu kimlik Tofiq Abdinin bir şair kimi uzaq GƏLƏCƏYini müəyyən edəcək. Tofiq Abdinin yeni "Poeziya"sını oxuyan hər kəs yəqin mənimlə razılaşar ki, bu kimlik gələcəkdə dəfələrlə vərəqlənəcək onu yazan şəxsin fikirləri, poetik düşüncələri - bir sözlə, ömrü hər kəsi maraqlandıracaq. Baxmayaraq ki, şair özü bu qənaətdədir ki:

 

   Qorxu gəzir bu dünyanın özündə

   Qorxu gəzir payızında , yazında,

   Gözüm yoxdu nə çoxunda, azında,

   Bilə-bilə istəmişəm azın da.

   İndi gəlib dayanmışam ömrün payızında

   Kimə nə dəxli var mənim ömrümün?

 

Bu kədər başa düşüləndir. Payız çox zaman qüssə doğursa da, axı həm də bar-bəhər fəslidir. Tofiq Abdinin isə qüssələnməməsi üçün səbəb artıq var - "Poeziya" kimi.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 11 aprel.- S.19.