Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
Məlumdur ki, müvəffəqiyyətli
inkişafın əsasını bilik təşkil edir, onun
yaradıcısı, daşıyıcısı və tətbiq
edəni isə insandır. Bu səbəbdən biliklərin əldə
edilməsi və fəaliyyətdə tətbiqi
üçün ən vacib amil yalnız təhsil, o cümlədən
ali təhsil hesab edilir. Məhz ali təhsil intellektual
potensialın formalaşdırılmasında, maddi sərvətlərin
insan kapitalına çevrilməsində müstəsna əhəmiyyət
daşıyır. Digər tərəfdən "biliklər
cəmiyyəti"nin formalaşmasında da ən
başlıca amil ali təhsildir. "Biliklər cəmiyyəti"
elə bir cəmiyyətdir ki, onun əksər üzvləri
yeni biliklər əldə edir, daha çox sayda insanlar isə
bu biliklərdən faydalanır, istifadə edirlər. Faktiki
olaraq, biliklər insanın yaşadığı və
inkişaf etdiyi cəmiyyətdə əlverişli və
inkişafetdirici mühit formalaşdırır.
Təhlil göstərir
ki, inkişafda və yüksək nailiyyətlərin əldə
edilməsində insan potensialı həlledici rol oynayır. Biliyə
əsaslanan inkişafı qiymətləndirmək
üçün BMT XXI əsrin əvvəllərində yeni
göstərici olan Texniki Nailiyyətlər Əmsalını
(TNƏ) təklif etmişdir. Bu əmsalın hesablanmasında
bir sıra göstəricilər, o cümlədən yeni
ixtiralar və onların xaricdə istifadəsinə görə
ölkəyə daxil olan gəlirlər, yüksək
ixtisaslı mütəxəssislərin sayı, təbiət
və texniki ixtisaslar üzrə təhsil alan tələbələrin
ictimai elmləri öyrənən tələbələrə
nisbəti və sair amillər nəzərə alınır. Hazırkı
dövrdə yeni biliklərin yaradılması, bu biliklərin
bacarıqlara çevrilməsi və onların əsasında
yaradılmış yeni texnologiya və məhsulların
müxtəlif ölkələrə ixrac edilməsi
iqtisadiyyatın çox gəlirli bir istiqamətinə
çevrilmişdir. Artıq bir sıra ölkələr
öz iqtisadiyyatını bu yolla inkişaf etdirməklə əhəmiyyətli
nailiyyətlər əldə etmişlər.
BMT hesablamalarına əsasən
TNƏ göstəricilərinə görə dünya ölkələri
dörd qrupa bölünürlər: bu sahənin liderləri,
potensial liderlər, yeni texnologiyalardan və biliklərdən
geniş istifadə edən ölkələr və bu sahədə
geridə qalan ölkələr. Beynəlxalq təşkilatların
qiymətləndirmələrinə görə dünyanın
18 ölkəsi bu sahədə lider hesab edilə bilər ki,
onların arasında ABŞ, Yaponiya, Böyük Britaniya,
Norveç, İsveç ən qabaqcıl yerləri tuturlar. BMT-nin
təsnifatına görə Azərbaycan ikinci qrupa, potensial
liderlər qrupuna aiddir. Şübhəsiz, ölkəmizin
potensial liderlər siyahısında olması ali təhsilin
inkişafı ilə bilavasitə bağlıdır. Bunun
üçün, ilk növbədə, təbiət və
texniki elmlərə diqqət artırılmalı, bu istiqamətdə
yüksək ixtisaslı mütəxəssislər
hazırlayaraq insan potensialı yüksəldilməli, eyni
zamanda ölkədə yüksək texnoloji məhsulların
istehsalı və ixracdakı payının
artırılması istiqamətində daha ciddi addımlar
atılmalıdır.
Ali təhsil sadəcə
yüksək səviyyəli mütəxəssis
yetişdirmir, o həm də ölkənin insan
kapitalını artırır. İnsan kapitalı dedikdə
isə, insanın malik olduğu qabiliyyət,
qazandığı bilik, bacarıq, vərdiş və
motivasiya ehtiyatı başa düşülür. Bu
kapitalın xüsusiyyətləri kifayət qədər
özünəməxsusdur, o, bir insana məxsus olsa da, eyni
zamanda cəmiyyətin mülkiyyətidir. Dövlət, cəmiyyət
öz üzvlərini təhsillə təmin etmək
üçün sərmayə qoyur, lakin bu xərclər sayəsində
onun kapitalı da artır. Beləliklə, təhsil xərcləri
nəinki humanist yanaşmanı əks etdirir, həm də istənilən
digər xərclərdən daha effektivdir.
Ötən məqalələrdən
birində qeyd etdiyim kimi, sübut olunmuşdur ki, müasir
dövrdə hər hansı bir dövlətin
inkişafını şərtləndirən əsas amil onun
təbii sərvətləri deyil, bu sərvətlərin
yüksək səviyyədə insan kapitalına çevrilməsidir.
Bu da bir həqiqətdir ki, öz maddi resurslarını ən
səmərəli üsulla və qısa müddətdə
insan kapitalına çevirməyə nail olan ölkələr
daha çox uğurlar qazanmışlar. Təsadüfi deyil
ki, ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və digər
ölkələr məhz insan kapitalından böyük gəlirlər
əldə etməklə bugünkü inkişaf səviyyəsinə
çatmışlar.
Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyevin
uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.
Çünki insanın savadı, biliyi onun gələcək
həyatını müəyyən edir, ölkənin hərtərəfli
inkişafına xidmət edir", "Neft, qaz Tanrıdan
verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə
istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər
tükənəcək və bilik, zəka, səviyyə isə
ölkəmizin dayanıqlı inkişafını uzun illər
bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş
ölkələrin təcrübəsinə baxsaq görərik
ki, o ölkənin inkişafında ən aparıcı rol
oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni
texnologiyalardır" kimi konseptual müddəaların əsasında
da məhz həmin yanaşma dayanır.
Təhsil elə bir sahədir
ki, ona nə qədər büdcə vəsaiti sərf edilməsini
hesablamaq çox asandır. Bu səbəbdən də bəziləri
təhsilə qoyulan investisiyaları faydasız, təhsil
prosesinin iştirakçılarını, tələbələri
və müəllimləri isə az qala "havayıyeyən"
hesab edirlər. Əfsuslar olsun ki, bir çox hallarda bu sahəyə
yatırılan sərmayələrin iqtisadi effektini əvvəlcədən
hesablaya bilmirik, bəzən isə sadəcə istəmirik və
nəticədə təhsil qalıq prinsipi əsasında
maliyyələşir.
Dünyada isə bu
yanaşmadan çoxdan imtina edilmişdir. Tədqiqatlar onu da
göstərir ki, insanın inkişafına erkən
yaşlardan qoyulan investisiyalar sonradan daha çox gəlir gətirir.
Bu mənada biz də öz iqtisadi təfəkkürümüzü
dəyişməliyik. Dərk etməliyik ki, təhsilə vəsait
qoyuluşundan keyfiyyət əldə olunmaqla yanaşı, həm
də iqtisadi səmərə əldə olunur, gələcək
inkişaf təmin edilir. Eyni zamanda həmin iqtisadi səmərəni
qiymətləndirməyi də bacarmalıyıq.
Bu gün tez-tez ölkəmizdə
ali təhsilli insanların çox olması fikri səslənir.
Əslində, bu belə deyildir. Ötən məqalələrdə
qeyd etdiyim kimi, bu sahədə Azərbaycan həm region, həm
də digər postsovet ölkələrindən geridə
qalır. İnkişaf etmiş ölkələrlə
müqayisədə isə bu gerilik daha kəskin
müşahidə olunur. Qeyd etmək vacibdir ki, ölkədə
ali təhsillilərin sayı insan inkişafının əsas
indekslərindən biridir və dünya ölkələri
daim bu indeksi yüksəltməyə can atırlar. Digər tərəfdən
ali təhsilli olmağın nəyi pisdir ki? Nə
üçün bu məziyyət üstünlük deyil, zəiflik
hesab olunmalıdır? Bir şərtlə ki, ali təhsilli
dedikdə, cəmiyyətimizdə yanlış yanaşma olan
diplomluları nəzərdə tutmamalıyıq. Təəssüf
ki, bir çox hallarda həqiqətən ali təhsil almaq,
mütəxəssis olmaq əvəzinə, diploma sahib olmaq,
"qonşudan geri qalmamaq" stereotipləri daha çox
üstünlük təşkil edir.
Əfsuslar olsun ki, bəzən
hətta yüksək vəzifəli şəxslər ali təhsil
müəssisələrini bitirən məzunların iş
tapa bilməməsini problem kimi ortaya atır, bu səbəbdən
ali məktəblərə qəbul planının
azaldılmasını təklif edirlər. Lakin qəbul etmək
lazımdır ki, əmək bazarı qloballaşdığından
artıq bu arqumentlər də öz əhəmiyyətini
itirmişdir. Belə ki, hər hansı bir sahə üzrə
bacarıqlı və səriştəli mütəxəssis
üçün beynəlxalq əmək bazarı
açıqdır və o, istədiyi yer uğrunda rəqabət
apara bilər.
Əlbəttə, ali təhsilli
olmaq ideyası özü - özlüyündə mütərəqqi
və anlaşılandır. Birdən-birə ölkədə
ali təhsillilərin sayının artırılması da
mümkün deyildir. Bunun üçün imkanlar və zaman
lazımdır. Biz bu gün insanın tələb edəcəyi
hər bir şeyi vermək üçün kifayət qədər
varlı da deyilik. Lakin ali təhsilli insanların iş yerlərinin
sayından çox olması nəinki insaflı və ədalətli
haldır, həmçinin özünün mədəni nəticələrinə
görə də perspektivlidir.
Düşünürəm
ki, yüksək təhsilli insan artıq böyük sərvətdir!
Öz qarşısına məqsəd qoyub ən təhsilli əhalisi
olan ölkəyə çevrilmək milli ideya olmağa
layiqdir! Çünki biliklər kultu dirçəldikcə
xalqın özünəhörməti də artır. Mənə
belə gəlir ki, ölkəmizdə vətəndaşların
daha keyfiyyətli ali təhsil almasının əhəmiyyəti
getdikcə artacaq.
Bəs nə
üçün hamı rəqabət qabiliyyətli ali təhsil
sistemi qurmaq istəyir? Nə üçün Hindistan və
Çin kimi yoxsul ölkələr tədqiqat universitetləri
və dünya səviyyəli elmi mərkəzlərin
yaradılmasına böyük vəsaitlər yatırır,
öz həmyerlilərini ABŞ-dan qaytarmaq üçün
çox yüksək məvaciblər ödəyir? Səbəb
çox sadədir, ali təhsil xüsusi sahədir. Müasir
iqtisadiyyatda ölkənin dinamik rəqabət qabiliyyəti
üçün istedadlar kütləsini məhz universitetlər
yaradır.
Dünya sürətlə
dəyişir və biz də sadəcə öz
iqtisadiyyatımızı yenidən qurmaq üçün deyil,
həm də dəyişikliklərin ön sırasında
olmaq üçün kifayət qədər mobil
olmalıyıq. Beləliklə, müasir iqtisadiyyatda ali təhsil
sistemi ölkənin başlıca inkişaf amili kimi
çıxış edir.
İqtisadi inkişaf
üçün təbii və istehsalat ehtiyatlarının
mühüm olduğu ötən onilliklərdən fərqli
olaraq, hazırda ən əsas amil insan kapitalıdır. İstedadlı
və ixtisaslı kadrlar varsa, qalan hər şey özü
düzələcək. Bu fikir böyük bir alimin məşhur
əsərində dəqiq ifadə olunub: "İstənilən
cəmiyyətin taleyi, ilk növbədə, onun üzvlərinin
xüsusiyyətlərindən asılıdır. Bacarıqsız
insanlardan ibarət cəmiyyət heç zaman inkişaf edən
cəmiyyətə çevrilməyəcək. Savadsızlar
qrupuna isə əla konstitusiya verin, yenə də ondan gözəl
cəmiyyət yarada bilməyəcəksiniz. Əksinə,
istedadlı və yüksək təhsilli, iradəli şəxslərdən
ibarət cəmiyyət mütləq daha mükəmməl
ümumi yaşayış formaları yaradacaq və inkişaf
edəcək".
Hazırda belə bir
tendensiya yaranıb ki, qlobal bazar mütəhərrik
olduğundan kapital daha çox gəlir gətirə biləcəyi
ölkələri axtarır. Buna görə də, daha
yüksək keyfiyyətli işçi qüvvəsinə
malik ölkələr resursları cəlb edir və daha
sürətlə inkişaf edir. Bu səbəbdən təhsil
və elmdə kritik kütlə effekti vacibdir: bir yerdə nə
qədər çox istedad toplanarsa, onlardan hər birinin məhsuldarlığı
və bunun sayəsində ölkənin rəqabət qabiliyyəti
bir o qədər yüksək olar.
Ali təhsil sahəsində
qloballaşmanın ən nəzərəçarpan təzahürlərindən
biri vahid Avropa təhsil məkanının
formalaşdırılması olmuşdur ki, onun da təməlində
Avropada ali təhsilin inkişafının magistral xəttini təşkil
edən və bir sıra vacib prinsiplər əsasında
qurulan Boloniya prosesi durur. Təbii ki, həmin prosesdən
özünütəcridetmə mümkün deyil, ona görə
ki, bu, ali təhsil sahəsində ciddi geriliyə səbəb
ola bilər.
Azərbaycan tədricən
ümumavropa təhsil məkanına qovuşmaq kursunu
götürdüyündən, biz ali təhsil sistemimizdə
ciddi keyfiyyət və struktur dəyişiklikləri ərəfəsindəyik.
Bununla əlaqədar ali təhsil sahəsində mövcud olan
başlıca problemlər artıq müəyyənləşdirilib,
onlardan bəziləri barədə ötən məqalələrimizdə
məlumat vermişik, digər problemlərə isə burada və
gələcək yazılarımızda toxunulacaqdır. Hazırda
qarşımızda bir sıra vacib suallar dayanır ki, ali təhsilin
inkişafı həmin sualları nə dərəcədə
cavablandıracağımızdan və atacağımız
konkret addımlardan asılı olacaq. Onları
aşağıdakı kimi xarakterizə etmək olar:
-qloballaşmanın Azərbaycanın
təhsilinə, o cümlədən ali təhsilinə təsiri;
-Avropa təhsil məkanının
formalaşması və onun Azərbaycanla
qarşılıqlı əlaqələrinin perspektivləri;
-qloballaşma və
Avropaya inteqrasiya kontekstində Azərbaycanda ali təhsil sahəsində
həyata keçirilən islahatlar.
Bu sualları
cavablandırmazdan əvvəl ölkəmizdə ali təhsilin
inkişaf mərhələləri və mövcud vəziyyət
barədə fikirlərimi oxucularla bölüşmək istərdim.
Şübhəsiz, Azərbaycanda
ali təhsil sovet hakimiyyəti illərində müəyyən
inkişaf yolu keçib. Həmin dövrdə ali məktəb
şəbəkəsinin inkişafı, mütəxəssis
hazırlığının genişləndirilməsi, problem
laboratoriyalarının, hesablama mərkəzlərinin, elmi-tədqiqat
institutlarının təşkili sahəsində bir sıra
addımlar atılmışdı. Lakin dünya ali təhsil
sistemindən təcrid olunma, sərt mərkəzləşdirmə
və ideoloji müdaxilələr ümumilikdə sovet təhsil
sisteminə xas olduğu kimi, Azərbaycanda da ali təhsilin
inkişafına mənfi təsir göstərirdi.
Müstəqillik illərində,
1993-cü ildən başlayaraq ali təhsildə əsaslı
dəyişikliklərin həyata keçirilməsinə,
ikipilləli kadr hazırlığına, ali təhsilin
strukturu, məzmunu, idarə olunması və bir çox digər
sahələrdə islahatlarla başlandı. 1997-ci ildə
bakalavrların ilk buraxılışı baş tutdu, eyni
zamanda həmin il respublikanın 26 ali məktəbində
magistr hazırlığına başlanması ilə əlamətdar
oldu. Ali təhsildə struktur dəyişiklikləri
aparıldı, müəssisələrin şəbəkəsi
optimallaşdırıldı, mütəxəssis
hazırlığının strukturuna yeni ixtisaslar əlavə
olundu. Təhsil müəssisələrinin müstəqilliyi,
səlahiyyətləri genişləndirildi, bir sıra ali məktəblərə
özünüidarəetmə hüququ verildi. 2001-ci ildən
etibarən həmin ali məktəblər dövlət
büdcəsindən ayrıca sətirlə maliyyələşdirilməyə
başladı.
Müasir tələblərə
cavab verən, dərin təfəkkürə, pedaqoji və
metodik ustalığa malik müəllim kadrlarının
hazırlığı istiqamətində 2003-2008-ci illərdə
Dünya Bankının maliyyə dəstəyi ilə həyata
keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi
çərçivəsində "Fasiləsiz pedaqoji təhsil
və müəllim hazırlığının konsepsiya və
strategiyası" hazırlandı, 2007-ci ildə hökumət
tərəfindən təsdiq edildikdən sonra pedaqoji kadr
hazırlığının məzmununda islahatların
aparılması işinə başlanıldı.
Azərbaycan Bolonya
prosesinə qoşulduqdan sonra ali təhsildə aparılacaq
islahatların konturları müəyyənləşdirildi. Buna
müvafiq olaraq Bolonya Bəyannaməsinin müddəalarını
həyata keçirmək üçün 2006-2010-cu illəri
əhatə edən Tədbirlər Planı hazırlanıb təsdiq
edildi. Tədbirlər planına əsasən, "Bakalavr
hazırlığının məzmununa və səviyyəsinə
qoyulan minimum dövlət tələblərinin strukturu" təsdiq
edildi və buna müvafiq istiqamətlər üzrə beynəlxalq
təcrübəyə əsaslanaraq yeni nəsil dövlət
təhsil standartları hazırlandı.
Ali təhsil müəssisələrində
tələbələrin biliyinin çoxballı qiymətləndirmə
sisteminin tətbiqi kredit sisteminə keçilməsi
üçün baza rolunu oynadı. Kredit sisteminin tətbiqi
ilə bağlı müvafiq normativ-hüquqi bazanın
yaradılması üçün bir sıra xarici ölkələrin
təcrübəsi öyrənildi, "Ali təhsil müəssisələrində
kredit sistemi ilə tədrisin təşkili barədə
nümunəvi Əsasnamə" hazırlanıb təsdiq
edildi, ilkin mərhələdə 10 ali məktəbdə
eksperiment şəklində kredit sisteminin tətbiqinə
başlandı, 2008-2009-cu tədris ilində artıq 21
dövlət ali məktəbini əhatə etdir.
Bundan əlavə xarici
ölkələrdə təhsil alanların
diplomlarının Azərbaycanda tanınması üzrə
müvafiq tədbirlər həyata keçirildi, "Xarici
dövlətlərin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən
edilməsi (nostrifikasiyası) qaydaları"na uyğun olaraq
Təhsil Nazirliyində Daimi Komissiya yaradıldı. Burada əsas
məqsəd, bir tərəfdən, ölkəyə keyfiyyətsiz
ali təhsilli mütəxəssis axınının
qarşısını almaq idisə, digər tərəfdən,
ölkənin əmək bazarının qorunmasından ibarət
idi.
Avropa Komissiyası,
Avropa Şurası və UNESCO-nun ekspertlərindən ibarət
işçi qrupu tərəfindən hazırlanmış
diploma əlavənin modeli əsasında ali təhsil
haqqında diploma əlavənin nümunəsi
hazırlandı və respublikanın ali təhsil müəssisələrində
tətbiq edilməkdədir. Bu əlavənin tətbiqində
məqsəd Avropa ölkələrində diplomların
qarşılıqlı tanınması ilə bağlı
yaranmış problemləri aradan qaldırmaq, ixtisas dərəcələrinin
beynəlxalq tanınmasında şəffaflığı təmin
etmək, məzunların akademik və əmək bazarında
mobilliyinin səviyyəsini artırmaq, diplomların xaricdə
tanınmasına şərait yaratmaqdan ibarət olmuşdur.
Eyni zamanda "Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinin
Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı
bəzi tədbirlər haqqında" ölkə prezidentinin
2008-ci il 31 yanvar tarixli Sərəncamının icrası
istiqamətində Təhsil Nazirliyi yeni klassifikatorun
hazırlanması üzərində iş aparırdı. Bu sənədin
hazırlanması üçün Nazirlikdə xüsusi
işçi qrupu yaradılmış, beynəlxalq təcrübə
öyrənilmiş, UNESCO və digər beynəlxalq
qurumların qəbul etdiyi sənədlərə uyğun yeni
siyahı hazırlanmış, bütün ali məktəblərdə
və Nazirlikdə geniş müzakirələrdən sonra
hökumətə təqdim edilmişdi. Nazirlər Kabinetinin
12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə
"Ali təhsilin bakalavr pilləsi ixtisaslarının
(proqramların) yeni siyahısı" təsdiq edilmişdir.
Yeni ixtisas
siyahısının hazırlanması zərurəti bir
sıra səbəblərlə bağlı idi. İlk
növbədə, qeyd edilməlidir ki, əvvəlki
klassifikatorda 515 ixtisas var idi ki, onların da təxminən
386-sı üzrə kadr hazırlığı həyata
keçirilirdi. Bu sayda ixtisasların mövcudluğu şəraitində,
Nazirlik tərəfindən görülən tədbirlərə
baxmayaraq, bakalavr pilləsində geniş profilli mütəxəssis
hazırlığına nail olmaq mümkün olmurdu, bir
çox hallarda tətbiq sahələri üzrə dar çərçivəli
mütəxəssis hazırlığı həyata
keçirilirdi. Bu da həm bakalavr hazırlığı
qarşısına qoyulan geniş profilli mütəxəssis
hazırlığı vəzifəsinin
reallaşdırılmasına imkan vermirdi, həm də məzunların
əmək bazarının sürətlə dəyişən
tələbatına uyğun gəlməməsinə səbəb
olurdu.
Daha bir səbəb
onunla bağlı idi ki, ali məktəblərimizdə verilən
bir sıra ixtisaslar beynəlxalq aləmdə
tanınmırdı. Universitetlərimizdə kadr
hazırlığı aparılan "beynəlxalq hüquq",
"beynəlxalq iqtisadi münasibətlər", "qiymətin
əmələ gəlməsi", "gömrük
ekspertizası", "beynəlxalq jurnalistika" və sair
bu kimi ixtisaslar dünyada qəbul olunmur.
Hökumət tərəfindən
təsdiq edilmiş yeni siyahı Azərbaycan ali təhsilinin
Avropa təhsil məkanına inteqrasiyası istiqamətində
atılmış mühüm addımlardan biridir. Eyni zamanda
bu sənədin qəbul olunması Boloniya Bəyannaməsinin
tələblərinə də uyğundur.
Avropa məkanına
inteqrasiyanı və məzunlarımızın rəqabətqabiliyyətliliyini
təmin etmək məqsədilə Beynəlxalq Təsnifat
Strukturuna müvafiq olaraq təsdiq olunmuş yeni siyahıda
ixtisas qrupları üzrə 149 ixtisas
saxlanılmışdır. Belə ki, təhsil ixtisasları
qrupu üzrə 21, humanitar və sosial ixtisaslar qrupu üzrə
15, mədəniyyət və incəsənət ixtisasları
qrupu üzrə 21, iqtisadiyyat və idarəetmə
ixtisasları qrupu üzrə 11, təbiət ixtisasları
qrupu üzrə 10, texniki və texnoloji ixtisaslar qrupu üzrə
49, kənd təsərrüfatı ixtisasları qrupu üzrə
9, səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə
13 ixtisas müəyyənləşdirilmişdir.
Lakin ixtisasların belə
azaldılması heç də ixtisaslar üzrə bakalavr
hazırlığının ixtisarı kimi qəbul
olunmamalıdır, çünki yeni klassifikatorda
ixtisasların mexaniki ixtisarı deyil, onların kifayət qədər
qruplaşdırılması aparılmışdır. Beləliklə,
bu klassifikatora uyğun olaraq, ali təhsilin bakalavr pilləsinin
tələb etdiyi kimi, daha geniş profilli mütəxəssis
hazırlığı həyata keçiriləcək. Eyni
zamanda əvvəlki illərlə mıüqayisədə
bakalavr pilləsinə tələbə qəbulu
planının azaldılması da planlaşdırılmır.
Bununla yanaşı, yeni
ixtisas siyahısının təsdiq olunması ali məktəblər
qarşısında bir sıra ciddi vəzifələr də
qoymuşdur. Belə ki, kadr hazırlığı sistemində
müvafiq dəyişikliklərin aparılması, yeni
standartların hazırlanması, kafedraların sayının
optimallaşdırılması, bəzi fakültələrin
birləşdirilməsi, bağlanması, ali məktəblərin
strukturunun və idarəetmənin təkmilləşdirilməsi
istiqamətində sistemli iş aparılmalıdır.
İxtisas
siyahısının təsdiqi ilə bağlı
ayrı-ayrı ixtisaslar üzrə yeni dövlət təhsil
standartlarının hazırlanması zərurəti meydana
çıxdı. Bununla bağlı ilk addım olaraq Nazirlikdə
mütəxəssislərin iştirakı ilə
"İxtisas (proqram) üzrə bakalavr
hazırlığının məzmununa və səviyyəsinə
qoyulan məcburi minimum tələbləri müəyyənləşdirən
dövlət təhsil standartının strukturunun layihəsi
hazırlanaraq müzakirə üçün ali məktəblərə
göndərildi. Ali məktəblərin təklifi əsasında
həmin struktur Nazirliyin müvafiq əmri ilə təsdiq
edildi. Yeni struktur əvvəlkindən fərqli olaraq
üç blokdan (humanitar, peşə hazırlığı
və xüsusi fənlər) ibarətdir. Həmin strukturda
seçmə fənlərin çəkisi xeyli
artırılmışdır. Belə ki, əvvəlki
strukturda onların çəkisi 15,7 faiz idisə, yeni
strukturda 27 faiz təşkil etmişdir.
Bununla yanaşı, ali
təhsilin bakalavr pilləsi ixtisaslarının
(proqramlarının) siyahısına müvafiq olaraq
ayrı-ayrı ixtisas qrupları üzrə Nazirliyin
müvafiq əmrilə işçi qrupları
yaradıldı. İşçi qrupları
qarşısında vəzifə qoyuldu ki, növbəti tədris
ilinin əvvəlinədək yeni struktura uyğun standartlar hazırlasınlar.
Onu da qeyd etmək lazımdır ki, yeni standartlar kredit sisteminə
uyğunlaşdırılmış formada hazırlanacaq.
Beləliklə, son illərdə
ölkəmizdə ali məktəblərin maddi-texniki və tədris
bazasının möhkəmləndirilməsi və genişləndirilməsi,
müasir avadanlıqlarla təminatı sahəsində ciddi
addımlar atılmış, təhsildə müasir
texnologiyaların təitbiqi üçün şərait
yaxşılaşmış, Avropa ali təhsil məkanına
inteqrpasiya məqsədilə Boloniya prosesinə qoşulmaq
istiqamətində müəyyən tədbirlər həyata
keçirilmiş, təhsilin keyfiyyətinə nəzarətin
yeni mexanizmlərin tətbiqinə başlanılmış,
müasir tələblər baxımından hüquqi-normativ
baza formalaşmışdır, dövlət
başçısının qərarı ilə ali məktəb
işçilərinin əmək haqqı hissolunacaq dərəcədə
artırılmışdır. İndi hər şey, necə
deyərlər, özümüzdən, ali məktəb rəhbərlərindən,
fakültə dekanlarından, kafedra müdirlərindən və
ali məktəblərdə çalışan müəllimlərdən
asılıdır.
Bütün bunlarla
yanaşı, ölkənin ali təhsil sistemində mövcud
olan problemlər nəzərdə tutulan tədbirlərin
sistemli şəkildə həyata keçirilməsinə,
kadr hazırlığı keyfiyyətinin yüksəldilməsinə
mane olur. Hesab edirik ki, bu problem aradan qaldırılmadan ali təhsildə
əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq
qeyri-mümkündür.
İndi isə
həmin problemlər barədə. Məlumat və təhlil
üçün bildirim ki, hazırda respublikamızda 49 ali təhsil müəssisəsi (34 dövlət,
15 qeyri-dövlət) fəaliyyət göstərir. Ali məktəblərin bakalavr pilləsində
128626, magistratura pilləsində isə 6169 tələbə təhsil
alır. Dövlət ali təhsil
müəssisələrində (xüsusi təyinatlı ali məktəblər
istisna olmaqla) 11566 nəfər professor-müəllim heyəti
çalışır. Onlardan 1148 nəfəri
elmlər doktoru, professor, 5243 nəfəri isə elmlər
namizədi, dosentdir.
Universitetlərdə
kadr tərkibinin təhlili göstərir ki, bir sıra hallarda
ştatda olan və əvəzçiliklə cəlb olunan
müəllimlərin nisbətində uyğunsuzluqlar
mövcuddur. Belə ki, hazırda ümumilikdə ali məktəblərə
əvəzçiliklə cəlb edilənlər 20 faiz təşkil
edir. Bəzi ali məktəblərdə isə bu göstərici
daha yüksəkdir. Məsələn, Azərbaycan Dəniz
Akademiyasında əvəzçi müəllimlər 63,2,
Bakı Slavyan Universitetində 50,9, Azərbaycan Dövlət
İdarəçilik Akademiyasında 50, Azərbaycan Milli
Konservatoriyasında 48,9, Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasında 32,6 faiz təşkil edir.
Cədvəldən
göründüyü kimi, bəzi ali məktəblərdə
əvəzçiliklə işləyən müəllimlərlə
yanaşı, saathesabı işləyən müəllimlərin
sayı da çoxdur. Bu da, şübhəsiz ki, təhsilin
keyfiyyətinə mənfi təsir edən amillərdəndir.
Məsələn, Azərbaycan Dövlət Pedaqoji
Universitetində tam ştatda olan müəllimlərin sayı
552 olduğu halda, saathesabı ilə işləyən müəllimlərin
sayı 382, Azərbaycan Dövlət İqtisad Universitetində
isə bu rəqəmlər müvafiq olaraq 864 və 308-dir. Bir
neçə il bundan əvvəl yaranmış Azərbaycan
Turizm İnstitutunda ştatda 46 nəfər olduğu halda,
saathesabı ilə işləyənlərin sayı
96-dır.
Cədvəldən o da
aydın görünür ki, 26 dövlət universitetində
çalışan professor-müəllim heyətinin ümumi
sayı 11333 olduğu halda, rəhbər, inzibati təsərrüfat,
tədris-köməkçi heyətin sayı 12350 nəfər
təşkil edir. Əlbəttə, acınacaqlı vəziyyətdir.
Növbəti cədvəldən göründüyü kimi,
ali məktəblərin strukturunda 140 fakültə, 823 kafedra,
100-dən çox elmi-tədqiqat laboratoriyası və 4 elmi-tədqiqat
institutunu, 17 müxtəlif istiqamətli elmi-tədqiqat qurumları
fəaliyyət göstərir.
Bu sahədə
aparılan təhlillər göstərir ki, ali məktəblərin
idarəetmə strukturu müasir tələblərə tam
cavab vermir, mövcud əsasnamənin tələbləri
gözlənilmədən bir çox hallarda əsassız
olaraq kiçik fakültələr və kafedralar yaradılıb
ki, bu da maliyyə resurslarının qeyri-səmərəli
istifadəsinə və əlbəttə, təhsilin keyfiyyətinin
aşağı düşməsinə gətirib
çıxarır. Buna misal olaraq Bakı Dövlət
Universitetinin "jurnalistika",
"kitabxanaçılıq-informasiya", Azərbaycan Dillər
Universitetinin "alman dili", "fransız dili",
Bakı Musiqi Akademiyasının "tarix-nəzəriyyə",
Gəncə Dövlət Universitetinin "filologiya", Azərbaycan
Milli Konservatoriyasının "tarix nəzəriyyəsi-ifaçılıq",
Azərbaycan Dövlət İdarəçilik
Akademiyasının "inzibati idarəetmə", Azərbaycan
Rəssamlıq Akademiyasının "təsviri sənət",
"sənətşünaslıq" və sair fakültələrini
göstərmək olar. Yeri gəlmişkən onu da qeyd edim
ki, yaxın günlərdə Almaniyada Axen Universiteti ilə
tanış olarkən məlumat verdilər ki, 40 minə
yaxın tələbəsi olan bu Universitetin cəmi 10
fakültəsi vardır.
Daha bir problem dərs
yükü ilə bağlıdır. Əgər
ayrı-ayrı universitetlər üzrə passiv (auditoriyadan kənar)
dərslərə ayrılan saatların miqdarı ümumi dərs
yükünün 28-30%-ini təşkil edirsə, universitetlərin
bəzi kafedraları üzrə bu göstəricilər 40-50
faizdir. Məsələn, BDU-nun "differensial və
inteqral tənliklər", "torpaqşünaslıq",
ADNA-nın "neft yataqlarının işlənməsi və
istismarı", "rus dili", AzTU-nun "nəzəri
mexanika", "materiallar müqaviməti", AMİU-nin
"dəmir-beton və daş konstruksiyası", "metal,
ağac və plastik kütlə konstruksiyaları" və
sair kimi kafedralarda belə hallar mövcuddur. Təsəvvür
edin ki, müəllimin illik dərs yükü 450 saatdırsa,
onun gündəlik dərs yükü 3 saat təşkil edir,
aktiv saatı isə bir-iki saat intervalındadır. Əgər müəllim universitetdəki
vaxtının qalan hissəsini elmi-tədqiqat işlərinə,
tədris vəsaitlərin hazırlanmasına, tələbələrlə
sərbəst ünsiyyətə sərf etsəydi, bu hal
normal sayıla bilərdi. Əslində isə
vəziyyət tam fərqlidir. Təhlil
göstərir ki, əksər hallarda müəllimlər
auditoriyada dərsini deməklə öz vəzifəsini yerinə
yetirmiş hesab edirlər. Qeyd olunanlar onu
göstərir ki, bir çox hallarda müəllimlərin fəaliyyətinin
əsas hissəsi auditoriyadan kənardır, bu da onlara eyni
zamanda bir neçə təhsil müəssisələrində
işləməyə şərait yaradır. Təbii ki, belə bir vəziyyətdə heç
bir keyfiyyətdən söhbət gedə bilməz. Böyük həcmdə passiv (auditoriyadan kənar)
dərs yükünün yaranmasının səbəblərindən
biri də müəllimlərin müvafiq normadan artıq
bakalavr buraxılış işlərinə, magistrant, aspirant
və dissertantlara rəhbərlik etməsidir.
(ardı var)
M. MƏRDANOV
525-ci qəzet.- 2009.- 11 aprel.- S.10-12.