Xalq artisti Kamal Xudaverdiyev yad edilib

 

Dünən Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti Kamal Xudaverdiyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov mərhum aktyorun həyat yaradıcılığından söz açıb, aktyorun unudulmaz obrazlar yaratdığını bildirib: "Kamal Xudaverdiyev sözü vaxtında deməyi xoşlayırdı. Onun Azərbaycan filmlərində, Akademik Dövlət Milli Teatrda hazırlanan tamaşalarda yaratdığı obrazları unutmaq mümkün deyil. Çox təəssüf ki, o, artıq aramızda yoxdur".

Sənətşünas Məryəm Əlizadə isə K.Xudaverdiyevin yaradıcılıq yoluna, səhnə fəaliyyətinə nəzər salıb, onun Azərbaycan incəsənətində özünəməxsus xidmətləri olduğunu vurğulayıb.

Xudaverdiyevin 1965-ci ildən Akademik Milli Dram Teatrında işləməyə başladığını deyən M.Əlizadə onun "Yalan" da Fərman, "Xoşbəxtlər"də Sadıq, "Məhv olmuş gündəliklər"də Ədalət, "Mahnı dağlarda qaldı"da Bahadır, "Vaqif"də Eldar, "Qılınc qələm"də Fəxrəddin, "Fəryad"da Nəsimi, "Dar ağacı"nda Aqşin digər tamaşalarda çeşidli yaddaqalan obrazlar yaratdığını qeyd edib. Anım mərasimində K.Xudaverdiyevin oynadığı tamaşalardan fraqmentlər nümayiş olunub.

 

 

525-ci qəzet.- 2009.- 14 aprel.- S.7.