Postmodernizm Dillər Universitetində müzakirə olunub

 

Dillər Universitetinin İnformasiya Resurs Kompleksində "Postmodernizm: fəlsəfə, ədəbiyyat, yoxsa?.." mövzulu dəyirmi masa keçirilib. Tədbirdə Dillər Universitetinin Xarici ölkələr kafedrasının müdiri professor Svetlana Cəbrayılova, şair-tənqidçi Əsəd Cahangir, yazıçı Həmid Herisçi, tənqidçi Aydın Talıbzadə, telejurnalist İlhamiyyə Rzayeva, universitetin müəllim və tələbə kollektivinin üzvləri iştirak ediblər.

Svetlana Cəbrayılova bildirib ki, daha çox ədəbiyyatda və mədəniyyətdə rast gəlinən postmodernizm və modernizm cərəyanları son zamanlar ən çox müzakirə olunan mövzulardandır. Onun sözlərinə görə, postmodernizm anlayışı ədəbiyyatda yeni deyil, klassik alman romantik ədəbiyyatının başqa bir formasıdır. H.Herisçi isə vurğulayıb ki, modernizmdə rast gəlinən "insanın Allahdan yüksəkdə durması" iddiası artıq postmodernizmdə səhv yoldur, insan yeni bir yol axtarmalıdır.

A.Talıbzadə postmodernizmi keçmişdən indiyə qayıdış və keçmişə ironiya ilə baxmaq kimi dəyərləndirib.

Sonra milli sənətşünaslıqda postmodernizmin vəziyyəti, modernizm və postmodernizm haqqında diskussiya aparılıb.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 14 aprel.- S.7.