"Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqlarına ziddir"

 

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI TÜRKİYƏ HƏMKARLAR İTTİFAQLARI MƏRKƏZLƏRİNƏ MÜRACİƏT EDİB

 

Dünən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı xəbərlərə münasibət bildirib. AHİK-in yığıncağında Türkiyə həmkarlar ittifaqları mərkəzlərinə müraciət qəbul olunub. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev bildirib ki, Türkiyə hökumətinin sərhədləri açacağı barədə məlumatlar, bu istiqamətdə atılan bir sıra addımlar Azərbaycan ictimaiyyətini haqlı olaraq narahat etməkdədir. S.Mehbalıyev əlavə edib ki, Ermənistan bütün beynəlxalq prinsipləri kobud surətdə pozaraq öz qonşularına, o cümlədən Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edir, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. S.Mehbalıyev deyib ki, bu məsələ yarım milyondan çox həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirən AHİK-i də ciddi şəkildə narahat edir. "Hələ 1915-ci ildə Antanta dövlətləri Türkiyəni məhv etməyə çalışarkən Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlılar da vuruşub. Üç min nəfər əsgərimiz Çanaqqalada şəhid olub. Eləcə də 1918-ci ildə daşnak ordusu bütün Azərbaycanda geniş miqyaslı vəhşilik törədərkən azərbaycanlıların köməyinə türklərin gəlməsi bu iki millətin bir-birinə dərin köklərlə bağlı olduğunu sübut edən faktlardır". S.Mehbalıyev deyib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqlarına ziddir: "Bu, eyni zamanda Türkiyənin də ziyanınadır. Ermənilər bundan istifadə edib Türkiyədə yenə də terror hadisələri törədəcəklər. Necə ki, vaxtilə ermənilər Avropadakı 20-dən çox türk diplomatına qarşı terror həyata keçirmişdilər". Millət vəkili Türkiyənin bu addımı atmazdan əvvəl dərindən düşünməsini vacib sayır: "Ümid edirik ki, türk həmkarlarımız türk dünyasının mənafeyini hər şeydən üstün tutaraq əsrlər boyu dəyər verdiyimiz mənəviyyatımızın tapdanmasına yol verilməməsi üçün müvafiq addımlar atacaq".

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqları Konfedersiyasının sədri Cəmilə Səttarova çıxışında Ermənistanın Türkiyəyə qarşı torpaq, soyqırım iddialarının olduğunu xatırladıb. Deyib ki, Ermənistan bu iddialarını geri götürməmiş Türkiyənin işğalçı dövlətə güzəştə getməsi, diplomatik münasibətlər qurmaq cəhdləri təəssüf doğurur. O, baş verənlərin mədəniyyət işçilərini də narahat etdiyini vurğulayıb. C.Səttarova əmin olduğunu bildirib ki, Türkiyə Azərbaycanın maraqların zidd hərəkət etməyəcək.

Digər çıxışlardan sonra isə AHİK-in türkiyəli həmkarlarına ünvanladığı müraciət səsləndirilib. Müraciətdə deyilir ki, Türkiyə rəhbərliyinin məsələ ilə bağlı birmənalı və qəti fikir bildirməməsi narahatlıq üçün ciddi əsaslar olduğunu göstərir: "Türkiyənin Ermənistanla sərhədləri bağlamasına, bu ölkə ilə diplomatik münasibətlər qurmaqdan imtina etməsinə ermənilərin "soyqırım" ittihamları, təzminat və ərazi iddiaları, habelə Azərbaycan torpaqlarının işğalı olub. Ermənistan antitürk fəaliyyətini dövlət siyasəti səviyyəsinə qaldırıb və Türkiyəni parçalamaq istəyən qüvvələrə hər cür yardım göstərir". Müraciətdə o da bildirilir ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı saxlanılması bu ölkəyə qarşı yeganə məqbul təsir vasitəsidir: "Sərhədin bağlı saxlanılmasına səbəb olan amillərin heç birinin aradan qalxmadığı vaxtda Türkiyənin birtərəfli qaydada etibarlı təminat olmadan güzəştə getməsi haqlı olaraq Azərbaycanda etirazlar və narahatlıq yaradıb. Əgər sərhədlər açılarsa, bu, şübhəsiz ki, Ermənistanın ağır iqtisadi durumunu düzəltmək üçün yeni imkanlar yaradacaq". Müraciət müəllifləri ümid edirlər ki, Türkiyənin çoxmilyonlu həmkarlar ittifaqları üzvləri azərbaycanlı həmkarlarının narahatlığını anlayaraq, öz hökumətlərini ağır nəticələrə səbəb ola biləcək addımlardan çəkindirmək üçün əllərindən gələni edəcəklər.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2009.- 14 aprel.- S.5.