Çingiz Abdullayevin 50 yaşı Yazıçılar Birliyində qeyd olunub

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) dünya şöhrətli detektiv ustası, xalq yazıçısı Çingiz Abdullayevin 50 illik yubileyilə bağlı mərasim keçirilib. Hazırda nəinki Azərbaycan söz sənətinin, həm də dünya ədəbiyyatının nüfuzlu nümayəndələrindən sayılan Ç.Abdullayev ölkəmizdə xalq yazıçısı fəxri adına daha tez layiq görülməsilə də seçilir. 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib, orta təhsilini 189 saylı məktəbdə alıb. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirən gələcək yazıçı əmək fəaliyyətinə hüquq məsləhətçisi kimi başlayıb, şöbə rəisi vəzifəsində də çalışıb. 1984-1986-cı illərdə Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Ç.Abdullayev 1988-ci ildə beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar Birliyinin katibidir.

Ədəbi fəaliyyətə tələbəlik dövründə başlayan yazıçı 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Sonralar isə bir-birinin ardınca detektiv romanları çap olunub. Əsərlərini rus dilində yazan Ç.Abdullayev ingilis və italyan dillərində sərbəst danışır. Əsərləri 27 dilə tərcümə olunub, çox sayda ölkədə 23 milyondan artıq tirajla yayılıb. 139 adda kitabın müəllifinin əsərlərini bu gün dünyanın əksər ölkələrində oxuyur və sevirlər. İndiyədək vətənində, eləcə də bir sıra digər ölkələrdə mükafat, orden və medallarla təltif olunan Ç.Abdullayev bu il aprelin 7-də Azərbaycanın "Şöhrət" ordeninə layiq görülməsinə xüsusi önəm verir.

AYB-də keçirilən dünənki tədbiri giriş sözü ilə açan Birliyin sədri Anar həmkarını yubiley münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Ç.Abdullayevin artıq 20 ildən bəri Yazıçılar Birliyinin katibi vəzifəsində çalışdığını vurğulayan Anar onun əsərlərinin kəmiyyət etibarilə çox olduğunu diqqətə çatdıraraq, məzmun və keyfiyyət baxımından da yüksək qiymətə layiqliyini qeyd edib. Anar Ç.Abdullayevin bütün dünyada Azərbaycanı tanıdan imzalardan olduğunu, eyni zamanda detektiv janrının milli nümunələrinin mövcudluğunu beynəlxalq miqyasda təsdiqlədiyini dilə gətirib.

Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Ç.Abdullayevin beynəlmiləl yazıçı olduğunu önə çəkib: "Çingiz Abdullayevin nəsil şəcərəsinin bir tərəfi Qarabağa söykənir. O, Qarabağ dərdini içərisində yaşadan insanlardandır. Milli problemlərimizi dərindən bilən Çingiz Abdullayev bütün bunlarla yanaşı dünyada geniş oxucu kütləsi qazanan beynəlmiləl yazıçıdır".

Xalq artisti Rafiq Hüseynov Ç.Abdullayevin gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib.

Millət vəkili Elmira Axundova detektiv həvəskarı olmasa da, Ç.Abdullayevin əsərləri ilə yaxından maraqlandığını, indiyədək yazıçının bir neçə kitabını oxuduğunu bildirib: "Detektiv əsərləri çox xoşlamasam da, Çingiz Abdullayevin kitablarından böyük mənəvi zövq alıram. Çünki o, təkcə detektiv yazıçısı deyil, həm də insan psixologiyasının bilicisidir".

Şairə Zəminə Xınalı Ç.Abdullayevə Heydər Əliyev adına Ali Hərbi Məktəb adından imzalanan fəxri diplom təqdim edib.

Yubiley mərasimində iştirak edən Özbəkistan, Qazaxıstan, Rusiya və Belarusun ölkəmizdəki səfirləri, digər əcnəbi diplomatlar və Azərbaycanın dövlət qurumlarının nümayəndələri Ç.Abdullayev yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Onlar təmsil etdikləri ölkə və qurumlar tərəfindən verilən diplom, fəxri fərman və yubiley hədiyyələrini Ç.Abdullayevə təqdim ediblər.

Tədbirin sonunda çıxış edən Ç.Abdullayev bu yaxınlarda 50 illik yubileyinin Rusiya, Türkiyə, Rumıniya, Avstriya, Almaniya, Gürcüstan və digər ölkələrdə qeyd olunduğunu vurğulayaraq, Yazıçılar Birliyində də belə bir mərasimin keçirilməsindən məmnunluğunu bildirib. Yubilyar şəxsiyyəti və yaradıcılığı haqqında söylənilən xoş sözlərə görə minnətdarlığını bildirib.

  

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 15 aprel.- S.7.