Elçin
yaradıcılığı: görünən və
görünməyən tərəflər
Ədəbiyyatımızda
erkən yaşlardan "altmışıncılar"
möhürünü vurmuş sənətkarlar arasında
ön sırada yer tutan Elçin bu gün XXI əsr bədii
sözünün inkişafında yaxından iştirak
etdiyindən ədəbi tənqid onun əsərlərini daha
tez-tez müzakirə predmetinə çevirir. Bəs, bu halda
Elçin yaradıcılığına sönməz
münasibət nə ilə izah olunur?! Fikrimizcə,
bunların: birinci, Elçin
yaradıcılığının milliliyi, ənənəyə
bağlılığı; ikinci, onun real və bədii
gerçəkliyə orijinal münasibəti;
üçüncü, İlyas Əfəndiyev fenomenindən
yaradıcılıqla istifadə etməsi;
dördüncü, yaradıcılığında müasir
Şərq və Qərb kontekstini üzvi surətdə birləşdirməsi
və digər məqamlarla bağlı olduğu daha
inandırıcı görünür.
Kiçik hekayə və
povestlərlə ədəbiyyata gəlmiş Elçin aradan
az keçmiş, əsərlərində
yaşadığı dövrün paradokslarını
ustalıqla incələməklə, daha epoxal, sosial-ictimai,
siyasi-iqtisadi, mədəni-kulturoloji, mənəvi-əxlaqi
mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin
mahiyyətinə hopdurdu, oxucu rəğbəti qazandı. Yaşıdlarından
fərqli olaraq, Elçin ədəbi tənqiddə daha
çox "sınağa çəkilən"
yazıçılardan oldu. Onun yaradıcılığı
Məmməd Cəfər, Məmməd Arif, Mirzə
İbrahimov, Mir Cəlal, Mehdi Məmmədov, Həmid
Araslı, Kamal Talıbzadə,Yaşar Qarayev, Bəkir Nəbiyev,
Anar, İsa Hüseynov, Əkrəm Əylisli və başqa tənqidçi
və sənətkarların diqqət mərkəzinə
düşdü. Onların hər biri Elçin
yaradıcılığının özəlliyindən,
özünəməxsus təzahüründən, çevik
bədii priyomlarından bəhs etdilər. Rus mədəniyyət
xadimləri və ədəbiyyatşünaslığı da
obyektivi Elçin əsərləri üzərinə daha
tez-tez tuşladı. Məsələn, L.Anninski onun
haqqında "Elçin möcüzələri sevir, o zərif
və mehriban nağılçıdır, o kədərli bir
sehrkardır, bərq vuran, qızılı,
gümüşü rənglərə üstünlük verən
impressionistdir..." söyləyirsə, Y.Şklovski
"Yazıçı çox böyük həssaslıqla
və incəliklə qəhrəmanlarının ən adi hərəkətini,
əhval-ruhiyyəsini, hiss və fikirlərini duyub təsvir edən
rəssam kimidir" deyir.
Tanınmış ədəbiyyatşünas
professor Y.Qarayev Elçin yaradıcılığının
daha alt qatlarda yatan xüsusiyyətlərinə nəzər
salaraq, onu "rəmzdən, bədii-fəlsəfi şərtilikdən,
kəskin məcazdan istifadə edən, psixoloji əhval-ruhiyyəni
detalla əyaniləşdirən mizanlar və cizgilər
axtaran, onları görümlü, baxımlı obrazlara
çevirən, epitetlər tapan" yazıçı kimi səciyyələndirir.
Akademik M.Arif "Hazırla keçmişi, ayıqlıqla
yuxunu, həqiqətlə xəyalı, real hadisələrlə
nağılı... daxili dialoqlardan... dramaturji səhnələrdən,
mozaik parçalardan, mübaliğə... üsulundan istifadə
etmək təsvirlərinin emosional qüvvəsi" ilə
seçilən sənətkar kimi dəyərləndirir. Professor
M.Cəfər yazıçıda xeyli başqa xüsusiyyətlər
ortaya çıxarır: "Elçində bədii dərk
duyğusu güclü və cəlbedicidir... Elçin
varlığı, hadisə və insan səciyyəsini
canlandırmaqda bir-birini tamamlayan bədii nüfuz
üsullarından istifadə edən tərəfləri
göstərir". Görkəmli rejissor, dramaturji
materialı və dram əsərlərinin "dilini
yaxşı bilən" professor M.Məmmədov isə
Elçini "...saxtanı həqiqətdən, elmi-nəzəri
mülahizəni doqmatizmdən, ehkamçı və subyektiv
fikirlərdən seçməyi bacar"an yazıçı
kimi nəzərdən keçirir.
Bu tipli çoxsaylı
tərifləri yazıçı haqqında davam etdirdikdə
Elçinə ədəbi fenomen kimi baxmaq üçün
şərait yaranır. Bu isə, heç şübhəsiz
ki, bu günə qədər və bu günün
özündə Elçin barədə, onun yaradıcılığının
oxucu üçün görünən və görünməyən
tərəfləri haqqında mülahizələr irəli
sürülməsi ilə bağlı münbit şərait
yaradır. Fikrimizcə, bu aşağıdakı spektrləri
çevrələyir:
Birinci, Elçinin əsərləri
ədəbiyyatşünaslığımızda geniş nəzərdən
keçirilsə də, bu yaradıcılığın bəzi
tərəflərinə, o cümlədən ondakı epik ənənə
və tarixiliyə müraciət hələ də kifayət
qədər qabardılmayıb;
İkinci, Elçin
yaradıcılığının mühüm hissəsini təşkil
edən dramaturgiyası yetərincə öyrənilməyib;
Üçüncü,
yaradıcılığında uşaq dünyasının
xeyli məqamlarını işıqlandıran Elçinin
uşaq hekayələri, onun uşaq aləminə
"ekskursu" ədəbi-təndiqi fikrimizdə
yerli-yataqlı çözələnməyib və s.
2004-cü ildə ədəbin
60 illik yubileyi ilə əlaqədar nəşr olunmuş
"Elçin-zaman səddini aşmış sənətkar"
kitabında onun yaradıcılığına N.Paşayeva,
V.Yusifli, Ş.Qurbanov, T.Hacıyev, F.Mustafa, İ.Qasımzadə,
R.Tağı, A.Tahirli, A.İsmayıloğlu, İ.Həbibbəyli,
Ə.Cahangir, A.Mirseyid, A.Məsud, T.Abdin və başqaları
müxtəlif rakurslardan toxunublar. Bu kitabda toplanmış
fikirlərdən bizi özünə daha çox cəlb edən
N.Paşayeva, Ə.Cahangir və A.Mirseyidin mülahizələridir.
Professor N.Paşayeva Elçin
yaradıcılığındakı mənəvi-əxlaqi
axtarışları, onun ədəbi qəhrəmanlarını
və ədəbi düşüncələrini nəzərdən
keçirdiyi halda, A.Mirseyid Elçin
yaradıcılığı haqqında bir qədər fərqli,
modern üslubda danışır, Ə.Cahangir isə
Elçinin yaradıcılığına müqayisəli-fraqmentar
təqdimat üsulundan istifadə etməklə münasibət
bildirir. Hər üç müəllif Elçindən
danışarkən onu ümumilər fonunda nəzərdən
keçirib təqdim etmək yox, bu sənətkardakı fərdi
və fərqli xüsusiyyətləri göstərməyə
üstünlük verir. Lakin, fikrimizcə, bu fərdiliyi də
sona qədər açmağa ehtiyac var. Elə buna görə
də Elçin yaradıcılığının bəzi məqamlarının
qabardılmasına ehtiyac duyulur.
Elçinin dramaturji
yaradıcılığı heç də onun nəsr
yaradıcılığından az əhəmiyyətli deyil. Elçin
orijinal konflikt qurmaq ustasıdır. Bu bəzən onun nəsr
əsərlərindən rişələnib gəlsə də,
dramaturgiyasında yeni keyfiyyət kəsb edir ("Poçt
şöbəsində xəyal", "Mahmud və Məryəm",
"Ağ Dəvə" və s.). Elçin bəzi pyeslərinin
başlıqlarında nəsr əsərlərinin
adını səsləndirsə də, o dramın
qanunauyğunluqlarına əməl etməklə, burada yeni
effekt yaratmağa, tamaşaçını məşğul
etməyə çalışır. Elə buradan da Elçinin dramaturji sisteminin
qeyri-adiliyi, orijinallığı görünür. Elçin
nəsrdə olduğu kimi dram yaradıcılığında
da folklor nümunələrindən, folklor şüurundan,
etnik-milli təfəkkür tərzindən istifadə edib,
onları ədəbiyyata gətirməklə gələcək
nəslə ötürür. Elçin
yaradıcılığında zaman distansiyası
mühüm əhəmiyyət kəsb edir. Onun
görüntüsü keçmiş və gələcək
üzərində qurulmuşdur. İndiki zaman
yazıçının özüdür. O, keçmişlə
gələcək arasında ötürücü,
körpü rolunu oynayır.
Yaradıcılığında
Elçin nəinki nağılvari sxem-süjetlərdən yararlanır,
həm də onları əsərin ümumi arxitektonikasına
elə cəlb edir ki, oxucunun (tamaşaçının)
gözü qarşısında bütöv bir dövrün mənzərəsi
əks olunur ("Mahmud və Məryəm", "Ağ dəvə").
Adları çəkilən
əsərlərdə olan ayrı-ayrı motiv və
situasiyaların təhlili göstərir ki, folklor elementləri
tarixi fakt və hadisələrlə birlikdə bədii
elementlərə çevrildikdə onlar yeni ideya-estetik yük
daşıyır, əlavə mahiyyət kəsb edir. Yəni
müəllif işləyib hazırladığı folklor
materialına müraciət etməklə, tarixi faktları
göstərməklə, onlara yeni ruh verir. Bu materialı
kanonik janr axarından kənarlaşdırıb ona yeni həyat
bəxş edir. Bunun nəticəsində janr nöqteyi-nəzərdən
qeyri-adi, maraqlı əsər yaranır ki, o ənənəvi
qaydaları yeni təqdimat axarına tabe edir. Beləliklə,
təsvirin mərkəzində xüsusi, ayrıca insanlar
arasında olan münasibətlər dayanır.
"Mahmud və Məryəm",
"Ağ dəvə" əsərlərində folklorizm və
tarixilik bütün konkret janr və üslub
kanonlarının formal tərəflərinə hopur.
Elçinin realist üslubunda müəyyən yer tutmuş
fantastika, nağılçılıq
yazıçının obyektiv real həyatın məna və
xarakterini, mahiyyətini əsərində əks etdirməyə
canatmanı sübut edir. Ümumiyyətlə, Elçinin əsərlərində
istifadə etdiyi özünəməxsus folklor
konstruksiyaları, tarixi fakt və hadisələr məzmun və
forma cəhətdən də son dərəcə maraqla izlənilir.
1998-ci ildə qələmə
aldığı "Mahmud və Məryəm"də
(proloq, epiloq və 23 şəkildən, iki hissədən ibarət)
məhəbbət dastanını da Elçin maraqlı şəkildə
əsərin infrastrukturuna daxil edir. Proloqda aparıcı obrazlardan biri
Danışan 1504-cü il iyunun 28-də Gəncənin
yatmış olduğu bir vaxtda, qocaların dediyinə görə,
isti yay günü düz 64 il bundan əvvəl el
aşığı Sazlı Abdullanın başı kəsildiyi
gün olduğu haqda danışır. O, Gəncə hakimi
Qara Bəşirin oğlu Qara Bəkirin toyunu çalmaqdan
imtina edən Sazlı Abdullanı oxucuya
(tamaşaçıya) tanıdır. El aşığı
Qara Bəşirə onun sarayının qan çanağı
olduğundan, sazının simlərinin orada
çalmayacağını bildirdiyindən və Qara Bəşirə
hörmətsizlik etdiyindən dramaturq Sazlı Abdullanın
şəhər bazarı yanında
Müəllif dramaturji
effekti daha da gərginləşdirmək üçün
"... el aşığının qanı fəvvarə
vurub edam kötüyünün ətrafındakı keçən
günlərin edamlarından qalıb qurumuş qanı təzələdi",
- deyir. Beləliklə, dramaturq sanki bu kiçicik fraqmentlə
dövrün təlatümləri, ədalətsizlikləri
haqda dolğun təsəvvür yaradır.
Elçin dastan
janrından o qədər virtuozluqla istifadə edir ki, oxucu
(tamaşaçı) onun yazdığını dastan, rəvayət
yox, həqiqət kimi qəbul etməyə hazır olur. Dramaturq Mahmudla Məryəm
obrazını özünəməxsus yapa bilir. Mahmud
varlı-hallı, kübar Ziyad xanın oğludur. O insanlar
haqqında daha çox düşünür, onların
halına yanır: "Necə olur ki, bu torpaqda doğulan, eyni
ayın, günəşin, ulduzların altında, bu torpaqda
yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda
bilir, bir-birini döyə bilir? ... Şeytan Adəm ilə Həvvanı
aldatdı və onlar cənnətdən qovuldu. Adəm ilə
Həvvanın günahı təkcə onda oldu ki, buğda
yedilər, bəs nə üçün Adəm və Həvva
törəmələri bu qədər günaha batdı, kəsdi,
dağıtdı?"
"Mahmud və Məryəm"də
Ziyad xan, Qəmərbanu, Keşiş, Məryəm,
Danışan obrazları dramaturq tərəfindən özəl
şəkildə təqdim olunur.
Mahmudla Məryəmin
özünəməxsus görüş səhnəsinə
diqqət yetirək:
Mahmud
- Sən... Sən
kimsən?!
Məryəm
- Mən Məryəməm...
(Pauza)
Bəs sən
kimsən?!
Mahmud
- Mən
Mahmudam...
Sən Məryəmsən...
(Əlini uzadıb qızın saçlarına toxundurur)
Məryəm
- Sən
Mahmudsan?!
(Pauza)
Mən İsəvi ... Sən
Məhəmməd ümməti... (Qorxaraq). Aman, Mahmud, məni
rüsvay eləmə...
Danışan Sofi Ziyad
xanın oğlunun Məryəmə aşıq
olmasını hamıya bəyan edir. Mahmudun anası Qəmərbanu
etiraz edərək: "O keşiş qızı necə ifritədir
ki, cavan yaşında belə bir məharət yiyəsidi.
Qızı, keşişi itirmək asandır, amma elə etmək
lazımdır ki, Mahmud bundan zərbə almasın. Mirzə
Salman isə daha ağıllı hərəkət etməyə
üstünlük verir. Qəmərbanuya pak, təmiz Mahmudun keçi
saxlayan keşiş qızı ilə izdivac tapmasını qəbul
etməyi xahiş edir. Qəmərbanu razı olmur. Məryəmlə
Mahmud düzənlikdə görüşərkən sanki
göylərdə üçür, səmalara qovuşur,
bir-birinə könül verirlər. Məryəm:
Uşağı olacağını, o uşağa
döşündən süd verəcəyini, xoşbəxt
olacaqlarını dilə gətirir". Məryəmlə
Mahmudun bu macərasını anasının əmcəyini kəsən
İbrahim izləməklə, yağışdan
islanmış Məryəmin bədəninə baxa-baxa dabaq dəymiş
öküz kimi ağzının suyunu axıdır.
Elçin dramatik obrazları
xarakterik xüsusiyyətləri ilə üzvü şəkildə
bağlayır. Davam etdikcə xarakterlərin daxili aləmi
açılır.
Məryəm Mahmud barədə
atasına bildirdikdə keşiş qızının Mahmuda
olan bu sevgisindən heyfslənir və təəssüflə
"...mənim qızcığazım Məhəmməd
ümmətinə könül bağlayıb...Bu bir qəzadır
(xaç çevirir). Dünyada hər şeyə dözmək
olar, amma dinə xəyanət etməyə dözmək
olmaz!... Məryəm gərək bir xaçpərəsti
xoşbəxt etsin, bir xaçpərəstin anası
olsun!..."
Məryəm Mahmuddan
danışdıqda keşiş deyir: "... Yazıq
qızcığaz! Gör bir necə də sadə danışır...
Bu sözlərin arxasındakı uçurumdan xəbəri
yoxdur... Deməli, bu boyda Gəncədə xanın oğlu
tamahını Məryəmə salıb... Minlərlə
xaçpərəst qızların dinsiz-əxlaqsız
sultanların, şahların, xanların saraylarında
pozulmuş şəhvətlərə qulluq etmələri bəs
deyil? Məryəmin dünyadan xəbəri yoxdur..."
Mahmudu heç nə saxlaya
bilmir. O keşişin və Məryəmin dalınca
qoşunsuz, atsız, silah-sursatsız yola düşür.
Ziyad xan: "Mahmud göz
açandan sənin qucağında böyüyüb, Sofi, -
dedi. Sən təkcə Mahmudun lələsi deyilsən, sən
bizim ən etibarlı adamımızsan, Sofi! Görürsən
bu daş-qaşı? Bütün bu var-dövlət
Mahmudundur!.. Bu daş-qaşları götür köynəyinin
altından belinə bağla. O keşiş qızının
izi ilə get... Bütün haqsızlıqlardan xəbərsiz
Mahmud Sofi ilə birgə Ziyad və Qəmərbanu ilə əbədi
ayrılaraq yola üz qoyurlar".
"Mahmud və Məryəm"
pyesinə müəllif maraqlı bir məqam da daxil edir.
Mahmud yolda gördüyü çobana yağışlı,
çiskinli gecədə ocaq başında Şeyx Nizaminin
"Leyli və Məcnun"unu danışır. Çoban
da qulaq asır. Beləliklə, dastan içində dastan, rəvayət
içində rəvayət priyomundan uğurla istifadə
olunur. Sofi Mahmudu bu səfərdən qaytarmaq istəsə də,
Mahmud Məryəm sevgisi ilə yaşayır. Mahmud Məryəmi
hətta durnalardan sormaq istəyir.
Əsərin infrastrukturuna
müəllif digər hadisələri - Çaldıran
düzündə gedən döyüşləri, Osmanlı
hökmdarı I Sultan Səlimin Səfəviləri müsəlman
dininin düşməni elan etməsini və İslam
müdafiəsi naminə iki yüz minlik türk ordusu ilə
Azərbaycana girməsini, 1514-cü ilin avqust ayında Səfəvilər
dövləti məmləkətinin - Azərbaycanın
yaradıcısı və hökmdarı Şah
İsmayılın türk ordusundan bir neçə dəfə
az qoşunla Sultan Səlimlə Maku
yaxınlığındakı bu Çaldıran
düzündə qarşılaşmasını,
döyüşə girməsi ilə bağlı
informasiyaları da verir.
Əsərdə
keşişlə Məryəm qarşıdurması da
maraqlı təqdim edilir. Keşiş Məryəmdə
Mahmuda qarşı şübhə yaratmağa səy göstərir.
Məryəmin isə Mahmuda sevgisi sönməz olduğundan
qız atasına: "...Mahmud müqəddəslərin
müqəddəsidir... Mahmud təmizlərin təmizidir",
- deyir və atası onu düzgün anlasın deyə, Məryəm
(pıçıltı ilə öz-özünə)
"Dağlar dağımdır mənim, ata, qəm
oylağımdır mənim, dindirmə ata, ağlaram, qan
ağlaram, yaman çağımdı mənim..." - deyir.
"Mahmud və Məryəm"də
müəllifin türkçülük mövqeyi əsərin
sonunda daha qabarıq verilir. "Süleyman paşa
keşişi tapdırdı. Onu Müqəddəs Evin lap
yaxınlığında ələ keçirdi. Keşiş
Müqəddəs Evə gedə bilmədi... Süleyman
paşa bütün Ərzurum əyalətində türk
qızlarının başqa millətə ərə getməsini
qəti qadağan etmişdi, amma kişilərin başqa millətlə
ailə qurmağına icazə verirdi, çünki türklərin
sayını artırmaq lazım idi".
Süleyman paşanın
bütün kəniz qulluqçuları, rəqqasələri
erməni, ərəb, yəhudi qızları idi,
çünki o belə hesab edirdi ki, özününkülər,
yəni türk qızları oğul tərbiyə edib
böyütməlidi, döşlərinin südü ilə
balalarına qədim və şərəfli tarixinə
hörmət və sədaqət aşılamalıdır.
Çünki bunsuz sabah yoxdur.
Əsər sonluğa
yetişdikcə münasibətlər daha da gərginləşir.
Süleyman paşa keşişi içəri
çağırtdırır. Zərb çalğısı
altında ərəb rəqqasəsi əvvəl Süleyman
paşanın qarşısında, sonra Mahmudun, daha sonra Məryəmin
qarşısında oynayır.
Arxa planda tülün
arxasında Mahmudla Məryəm qucaqlaşarkən Məryəm:
- Mahmud, cır-cır bu paltarı, cır bu donu, qurtar məni..."
- deyir.
Keşiş isə bu vəziyyəti
görüb "belə lazım bilmisən, belə də eləmisən"
- deyə bu mənzərədən həzz alır. Məryəmlə
Mahmud yanıb kül olurlar. Elçin əsəri maraqlı
sonluqla başa vurur. Yaxınlıqda əhənglə günbəzi
ağardılmış köhnə Mahmudla Məryəm məqbərəsi
olduğunu göstərir. Bu tərəflərin adamları danışırdı
ki, guya hərdən bu qərib məqbərənin
qabağında havadan bir saz peyda olur, öz-özünə
çalır və guya haçansa Sazlı Abdulla adlı bir
el aşığı varmış və bu saz da həmin
Sazlı Abdullanın sazıymış.
Elçinin əsərlərində
hər hansı hadisənin təsviri öz məna və
mahiyyətinə görə fərdi hədlərdən
çıxıb, həyatın fəlsəfi cəhətdən
dərki xarakterini alır. Onun əsərlərinin
personajları psixoloji cəhətdən həm
özü-özlüyündə, həm də bir-birilə
müqayisə ediləndir. Bütün bunları nəzərdən
keçirdikdə görürük ki, bir tərəfdən,
folklorizm, dastançılıq,
nağılçılıq, digər tərəfdən,
tarixilik Elçin dramaturgiyasında daha aktual problemə
çevrilməklə, nəinki ədəbi-tarixi, həm də
nəzəri-estetik mahiyyət kəsb edir. Elçin tərəfindən
dastan materialı, yaxud tarixi hadisə bədii obrazlığın
və konfliktin mənbəyi kimi istifadə olunmaqla,
mühüm janr-üslub və formayaradıcı faktor rolunu
oynayır. Folklor, dastan elementləri və tarixi mənbələrə,
hadisələrə müraciət Elçin
yaradıcılığında müxtəlif bədii vəzifələri
yerinə yetirir - xalq qəhrəmanlarının tipikləşdirilməsi,
psixoloji detal, peyzaj və portretin əsası, kompozisiya və
süjetin təşkilinə kömək, əsərin fəlsəfi-rəmzi
mətnini müəyyənləşdirməyə xidmət
edir. Bundan başqa "Mahmud və Məryəm" və
"Ağ dəvə" kimi dram əsərlərində
folklor və tarixi material müəllifin fərdi estetik
qavrayışı olmaqla, digər bədii strukturda dramatik
kontekstin daxili qanunlarına tabe edilmiş material kimi verilir.
Elçin yaradıcılığını məhz bu tərəflərdən
də təhlilə cəlb etməyə ehtiyac yaranır.
Elçin dram əsərlərinin
süjetqurma üsullarında haradasa digər dramaturqların
(lap elə İlyas Əfəndiyevin) priyomlarından istifadə
etsə də, bunu sırf fərdi baxış və yozumunda
reallaşdırır. Bu əsərlər gərgin, iti, sərt
situasiya, dramatik hadisələrlə zəngindir.
Müasir realist sənət
süjetqurmanın çoxsaylı formalarından istifadə
edir. Əgər burada qütblü hadisələrdən,
bir-birinə zidd gedişlərdən danışsaq (Bu
"Mahmud və Məryəm", "Ağ dəvə"
pyeslərində yetərincədir), bu zaman əsərlərdəki
real hadisələrin gedişi, obrazlar, insanlar arasında
münasibətlərdə simvolik, şərti cəhətlərin
süjetin inkişafına təsirini müşahidə edərik.
Əlbəttə, Elçin dramaturgiyasında həyat gərçəkliklərinin
təcəssümü süjetin təhkiyə marağı
ilə birgə bədii ustalıq kriteriyalarından
mühümü olaraq qalır.
Elçinin dramaturji
yaradıcılığından danışarkən onun pyeslərinin
bədii dilinin özünəməxsusluğundan söhbət
açmamaq düzgün olmazdı. Bu baxımdan "Ağ dəvə"
tədqiqatçılar üçün daha zəngin material
verir. Bu əsərdə Həsənağa əmi, Əzizağa
əmi, Səfurə xala, Firuzə xala, Məşədi
xanım, Ələkbər, Balakərim, Şövkət,
İbadulla və başqalarının dilindəki yerli
koloritin özünü əks etdirməsinə daha tez-tez rast
gəlirik. Elçinin dram əsərlərində bədii
dilin bu cəhəti xalq-məişət dilinin özəlliyini
oxucuya (tamaşaçıya) dürüst
çatdırmağa istiqamətlənmə ilə
bağlıdır. Məsələn, "Ağ dəvə"
də Həsənağa əminin dilinə diqqət yetirək:
"Alə, biz ölmüşük bəyəm ki, belə
iş görür bu oğraş?! Biz nəyik bəyəm, alə?!
Kişi-zad döyülük ki, bu zaraza belə rəftar eləyir
biznən?!" Yeri gəlmişkən qeyd edək ki, Elçinin
nəinki dramaturgiyasında, həm də nəsr əsərlərində
xalq-məişət dilinin zənginliyindən istifadə onun
yaradıcılığının danılmaz tərəfidir.
Elçin bir sənətkar kimi yaxşı bilir ki, hər
hansı əsərin obrazlarının xarakterik xüsusiyyətlərini
nümayiş etdirən bu detal milli koloritin daha qabarıq təzahür
etdirilməsinə xidmət edir.
Elçin dram əsərlərində
personajların dilini bilərəkdən ədəbi çərçivəyə
salmır. Onun obrazlarının hər biri özünə xas
olduğu şəkildə düşünməyi,
danışmağı bacarır. Əgər Elçin personajların
dilində formalaşmış ifadələrə
"ütü vurmaq" istəsəydi, bu zaman onlar milli
koloritdən çıxıb amorf bir görkəm qəbul edərdi
və beləliklə də özünəməxsusluq itərdi.
Bu dram əsərlərində biz nəinki Elçinin, həm
də onun hər bir personajının öz
davranışını görür, öz səsini
eşidirik. Məlumdur ki, əsil bədii əsər hər
hansı xalqın xarakterik xüsusiyyətlərini, onun
dil-özünəməxsusluğunu, adət-ənənələrini,
mədəniyyətini, yaşam təzini əks etdirməlidir.
Məhz buna görə də yüksək milli kolorit
nümayiş etdirən əsər bədii cəhətdən
də son dərəcə mükəmməl olur. Bu mənada
Elçin yaradıcılığı xüsusi "çəkiyə"
malikdir. Milli formanın, milli məzmunun, milli xüsusiyyətin
əks olunması heç də əsərdə
personajların dilinin təhrif olunması ilə verilə bilməz.
Milli xüsusiyyəti xalqın milli və sosial həyatına
dərindən bələd olmaqla vermək olar. Bu baxımdan
Elçin "Ağ dəvə" pyesində Bakı
koloritini, bakılıların spesifik düşüncə tərzini
dil vasitəsi ilə çatdırmağa son dərəcə
yaxşı müvəffəq olub. Personajların dilinə
belə münasibət həm də xalqın psixoloji və
eyni zamanda fərdi xüsusiyyətlərini oxucu
(tamaşaçı) qarşısında nümayiş etdirmək,
onu yaddaşa həkk etmək imkanı verir.
Elçinin dram əsərlərinin
xeyli cəhətləri nəinki ədəbiyyatşünaslar,
teatrşünaslar, həm də dilçilər, kultoroloqlar tərəfindən
müxtəlif bucaqlardan təhlil edilməyə layiqdir. Bu
yazıda yaradıcılığının bəzi cəhətlərinə
nəzər saldığımız Elçinin sənətkarlığı
tənqidçiləri bunu gerçəkləşdirməyə
sövq edir.
P.S. Elçin
yaradıcılığı ilə bağlı fikir və
mülahizələrimizi yenicə yekunlaşdırıb
yazını kompüterə vermişdik ki, "525-ci qəzet"in
4 aprel 2009-cu il sayında yazıçının
"Canavarlar" hekayəsi diqqətimizi çəkdi. Fərqli
üslub və mövzuda qələmə alınmış bu
əsər bizi lap ilk sətirlərdən özünə cəlb
etdi. Düşünürük ki, bu hekayə Elçin
yaradıcılığının tənqidçilər tərəfindən
yeni çalarların ortaya çıxarılması
üçün zəruri impuls verəcək.
Nizami TAĞISOY