Aclıqla müalicə
Artıq çəki və
onunla müşahidə olunan xroniki xəstəliklər
müasir təbabətin aktual tibbi-sosial problemlərindən
biridir. Son illərdə dünyada artıq çəkili
insanların sayı artıb. Piylənməsi və ya
artıq çəkisi olan şəxslərdə bir sıra
ciddi xəstəliklərin əmələ gəlməsi
müşahidə olunub. Arıqlamaq istəyən insanlara isə
geniş sayda dərman preparatları təklif olunur. Həmin dərmanlar
ya çəkinin azalmasına az təsir edir, ya da onların qəbulunu
dayandırdıqda çəkinin artması davam edir. Piylənmə
ilə mübarizə üçün ilk növbədə
qidalanmada tam dəyişiklik etmək, artıq çəki və
ya piylənmə törədən müxtəlif amillərə
diqqət yetirmək lazımdır. Qida qəbulunun
çoxluğu, oturaq həyat tərzi, iş prosesində
müxtəlif müasir texniki vasitələrdən istifadə
olunması, yerdəyişmə hərəkətlərinin və
fiziki fəallığın azalması, eləcə də
daim psixi-emosional streslərin mövcudluğu piylənmə
yaradan amillərdir. Bütün bunlar iştahanın
artması, qida qəbulunun çoxalması ilə
müşahidə olunur. İlk baxışda hamıya elə
gəlir ki, fiziki iş görməyən şəxslərdə
qidaya tələbat çox olmamalıdır. Lakin ərzaqların
çoxçeşidli olması, iştahanı süni surətdə
artıran qidaların qəbulu, şəxsi gəlirlərin
çox olması, qida ərzaqlarına qarşı tələbatın
son dərəcə artmasına, bu da öz növbəsində
bədən kütləsinin çoxalmasına səbəb
olur. Bununla necə mübarizə etmək olar? Artıq çəki
və piylənmə ilə mübarizədə ən
yaxşı üsullardan biri aclıqdır.
Aclıqla müalicə
bütün xalqların həyat təcrübəsində hələ
lap qədim zamanlardan müvəffəqiyyətlə istifadə
olunur. Bizə gəlib çatan qədim tibbi və fəlsəfi
əlyazmalardan məlum olur ki, aclıqla müalicə
eramızdan 2000 il əvvəl təbiət filosofu Asklepiad tərəfindən
təsvir olunub. Həmin dövrdə yaşamış Plutarx
belə bir fikir deyib: "Dərman əvəzinə, 1-2
gün ac qalmaq daha məsləhətdir".
Bir çox tarixi
qaynaqlarda, xüsusilə, qədim Hind və Çin əlyazmalarında
qidalanma zamanı məhdudiyyət yaradılmasına dair
analoji tövsiyələrə rast gəlmək
mümkündür. Bibliyada İsa peyğəmbərin, eləcə
də, Moisey və İlyanın 40 gün müddətində
ac qalmaları barəsində yazılıb.
Qurani-Kərimin Əl-Bəqərə
surəsinin 185-ci ayəsində deyilir: "İnsanlara
doğru yol göstərən, bu yolu açıq dəlilləri
ilə aydınlaşdıran və haqqı batildən
ayıran Quran Ramazan ayında nazil olmuşdur. Ramazan ayına
yetişən şəxslər bu ayı oruc tutmalıdırlar".
X-XI əsrlərdə
yaşamış Qədim Şərqin böyük təbibi
Abu Əli İbn Sina öz xəstələrinə çox
vaxt ac qalmalarını məsləhət görüb. Acqalma
nəinki çəkini azaldır, eyni zamanda həyatı
vacib funksiyaların bərpa olunmasına və möhkəmlənməsinə
kömək edir.
Sağlam həyat tərzinin
ciddiliyi üzrə çempionat keçirilmiş olsaydı
Pol Breq adlı həkim alim "dünya çempionu"
olardı. O həftədə 4 dəfə, bəzən daha
çox acqalma ilə, tərəvəz və meyvələrlə
qidalanma ilə, saatlarla idmanla məşğul olmaqla 95 il
ömür sürüb. O, qocalıqdan (aterosklerozdan) yox, bədbəxt
hadisədən həlak olub. Maraqlı cəhət odur ki, onun
meyitinin müayinəsində ürək və damar sistemində
ateroskleroz aşkar olunmayıb. Aterosklerozun profilaktikası və
qocalıq prosesinin sürətinin azaldılması
üçün Pol Breqin keçdiyi həyat yolu hər bir
şəxsə örnək ola bilər.
Acqalma zamanı orqanizmdə
nə baş verir? Qida qəbulunun
dayandırılmasının 2-3-cü sutkasında mədə-bağırsaq
sisteminin sekresiyasında keyfiyyətcə dəyişiklik
yaranmağa başlayır. Xlorid turşusunun sekresiyası
dayanır. Mədənin boşluğunda kəsmik kütləsini
xatırladan doymamış yağ turşuları və
zülallardan ibarət xüsusi qidalı qarışıq əmələ
gəlir. Doymamış yağ turşuları hormonları fəallaşdırır
ki, onlar da aclıq hissiyyatını zəiflədir, nəticədə
aclığın 3-4-cü günündə insanda qida qəbuluna
qarşı həvəs azalır və ya yox olur. Bu dövrdə
alkoqoliklərdə spirtli içkiyə qarşı,
narkomanlarda narkotikə qarşı, siqaret çəkənlərdə
isə nikotinə qarşı həvəs sönür. Aclıqla
müalicənin üstün cəhətlərindən biri
odur ki, "dərmanın kəsilməsi sindromu"-yəni
bu və ya digər dərman preparatının qəbulunun
dayandırılmasına qarşı cavab reaksiyası
müşahidə edilmir. Acqalmanın 7-9-cu sutkasında mədənin
həzm sekresiyası tam dayanır. Onun əvəzinə
spontan mədə sekresiyası əmələ gəlir. Əmələ
gələn sekretdə (şirələrdə) çoxlu
miqdarda zülallar olur ki, onlar yenidən mədənin selikli
qişasından qana sorulurlar. Bu hal orqanizmin müdafiə
uyğunlaşma reaksiyasına aid olub, zülalların itirilməsini
azaldır, ən mühüm üzvlərdə
zülalların bərpası və qurulması üçün
istifadə olunan plastik materialların-amin
turşularının daimi axınını təmin edir.
Aclıq dövründə
bağırsaqların mikroflorası dəyişilir,
çürümə törədən mikroblar məhv olur,
süd turşusunu qıcqırdan mikroflora isə
saxlanılır, həm də canlanır. Nəticədə bağırsaqlardakı
bakteriyalar vitaminlərin, amin turşularının və digər
bioloji fəal maddələrin sintezini
yaxşılaşdırır. Elmi cəhətdən sübut
olunub ki, membranları deformasiyaya uğrayan, bölünən
və bölünməyən "qoca hüceyrələr"
endogen qidalanma zamanı (daxili ehtiyatlar hesabına) cavan
hüceyrələrə mənsub olan formalar alırlar. Bu bir
daha hüceyrələrin aclıq zamanı təbii baryerlərinin
bərpa olunmasını göstərir. Orqanizmdə eyni
zamanda yağlar və maddələr mübadiləsinin digər
növlərinin normallaşması baş verir.
Aclıq zamanı mədə-bağırsaq
sistemində olan bütün vəzlərdə həzm şirələrinin
əmələ gəlməsi azalır. Tənəffüs
yavaşıyır, sinir sisteminin yükü azalır.
Aclıqla əlaqədar
yaranan qida çatışmazlıqları orqanizmdə
bütün lazımsız toxumaları məhv edir (autolizis
prosesi nəticəsində), ehtiyat qida maddələri bədəndəki
həyati zəruri üzvlərin funksiyasının
saxlanması üçün istifadə olunur. Orqanizmdə
yığılan toksinlər (zəhərlər) aclıq
prosesində qan dövranı sisteminə daxil olur, oradan ifrazat
üzvlərinə çatdırılır və onların
vasitəsilə orqanizmdən xaric edilir. Orqanizmdən köhnə
fekalın (nəcisin) və maddələr mübadiləsinin
zəhərli aralıq maddələrinin kənar olunması,
eləcə də, ifrazat üzvlərinin funksiyasını tənzimləmək
üçün M.Birxer Bennerin hazırladığı təmizləyici
dietadan istifadə edilir. Bu dieta aşağıdakı qaydada
aparılır: 4 gün ərzində ət, balıq, yumurta,
kolbasa, ağ çörək, suxari, mayadan hazırlanan un məmulatları,
sup və bulyonlar, şokolad, konfetlər və digər
şirniyyatlar, spirtli içki və tütün qəbulu tam
dayandırılır. Bu günlərdə ancaq tərəvəz
və meyvələr çiy halda və ya onların
qurudulmuş formaları əvvəlcədən suda saxlamaqla
yumşaldılaraq istifadə olunur. Qoz və fındıq ləpəsi,
kasnı yarpaqlarının dəmləməsi, yaşıl
çay, bal, 1-3 çay qaşığı bitki
yağı, çiy kartof şirəsi tövsiyə olunur. Bişmiş
xörəklər qida rasionundan istisna edilir. Gün ərzində
100 qr. qurudulmuş çovdar çörəyi yemək
mümkündür.
5-ci gün əvvəlki
4 gündəki tövsiyyləri yerinə yetirməklə, 1 ədəd
quru suxari əlavə edilir.
6-cı gün göstərilən
dietaya nahar zamanı 2-3 ədəd soyutma kartof və ya onun
püresi, duzsuz yemək şərtilə əlavə olunur.
7-ci gün əvvəlki
dietaya 2 suxari və 0,5 litr qatıq əlavə edilir.
8-9-cu günlər 1 ədəd
yumurta (qaynar suda saxlanılmış, isti) , 10-cu gündən
14-cü günə kimi yuxarıdakı rasiona 1 çay
qaşığı kərə yağı və 2 xörək
qaşığı kəsmik, 1 çay qaşığı
bitki yağı əlavə edilir.
15-ci gündən
başlayaraq göstərilən dietaya həftədə 2 dəfədən
artıq olmamaqla (məsələn: həftənin 1 və 2-ci
günləri) 100 qr. bişmiş mal əti və birinci 4
günün rejimi təkrar edilir.
Aclıq prosesində həyat
fəaliyyəti dayanmır, belə ki, maddələr
mübadiləsinin fəallığında kifayət qədər
azalma qeyd edilsə də, digərlərində sürətlənmə
müşahidə olunur. Adətən orqanizmin qidaya, havaya,
suya, istiliyə, günəş işığına, həyat
fəaliyyətinə, istirahətə, yuxuya, təmizliyin
saxlanılmasına, zehni fəaliyyətə olan ehtiyacı
aclıq zamanı kifayət qədər ödənilməlidir.
Aclıq zamanı zehni,
fiziki gərginlik azaldılmalıdır ki, aclıqda qalan
orqanizmin enerjisi tükənməsin və ehtiyatda olan enerji
oksidləşmə və bərpa proseslərinin güclənməsinə
yönəlsin. Fiziki istirahət dedikdə fiziki fəallığın
tamamilə dayandırılması, sərbəst dayanmaq və
ya yataqda uzanmaq, zehni istirahət dedikdə isə emosional gərginlik
və düşünmə fəallığının
saxlanılması nəzərdə tutulur. Emosional sabitlik kifayət
qədər istirahət nəticəsində yaranır. Dinc,
sakit, az hərəkətli həyat tərzi enerjinin
saxlanmasını təmin edir.
1. Qısa müddətli
aclıq zamanı bir sıra idman hərəkətlərinə
icazə verilsə də, enerjinin az itirilməsi
üçün istirahətə ehtiyac var.
2. Aclıq vəziyyətində
olan orqanizmin soyuğa davamlılığı azalır, ona
görə də onun bədən temperaturunun normal
saxlanması üçün isti şərait tələb
olunur.
3. İçmək
üçün ancaq təmiz su lazımdır. Mineral, xoş
tamı və dadı olmayan suyun içilməsi tövsiyə
edilmir. Distillə, yaz yağışı, filtrasiyadan
keçən, heç bir qarışığı olmayan
şəffaf sudan istifadə edilməlidir. Soyuq su maddələr
mübadiləsini zəiflətdiyi üçün məsləhət
deyil. Yaxşı olardı ki, qaynanmış (dağ) isti
sudan istifadə edilsin.
4. Aclıq zamanı hər
gün vanna və ya duş qəbul edilməsi tövsiyə
edilsə də, bu əməliyyat qısa müddətli
olmalıdır ki, orqanizm çox enerji itirməsin. Suyun
temperaturu bədən temperaturuna yaxın olmalıdır.
5. Aclıq zamanı
günəş vannasının qəbulu çox xeyirlidir,
belə ki, günəş şüası kalsium mübadiləsinə
müsbət təsir edir, fosforun mənimsənilməsində
mühüm rol oynayır. Qızmar günəş altında
bu prosedurun qəbul edilməsi məsləhət deyil.
6. Aclıqla müalicə
zamanı işlətmə dərmanlarından və imalələrdən
istifadə edilməməlidir. Çünki, bu halda orqanizm bu
məsələni öz-özünə tənzimləyir. Əgər
aclıq keçirən şəxs bu dövrdə çox əziyyət
çəkərsə və sağlamlığında
ümumi narahatçılıq meydana çıxarsa, onda
aclıq prosesi dayandırılmalıdır.
Aclıqla müalicədən
adi qidalanmaya tədricən keçmək tələb olunur. Birinci
3 gün yarı hissəsi su ilə
qarışdırılmış şirələrin
(yerkökü və ya alma) içilməsi tövsiyə
olunur. 4-cü gündən başlayaraq qida rasionuna tərəvəz
və meyvələr əlavə olunur. 6-cı gün ancaq tərəvəz
supu məsləhət görülür. Aclıqla müalicədən
sonrakı 10-cu gündə qidalanma adi qaydada aparılır. Aclıqla
müalicə aşağıdakı hallarda əks-göstəriş
hesab edilir: dəmir defisitli anemiya, sidik və ya öd
daşı xəstəlikləri, venaların varikoz genişlənməsi,
ürək ritminin və keçiriciliyinin pozulması,
böhran halında olan arterial hipertenziya, onkoloji xəstəliklər,
kəskin və xroniki hepatit, qara ciyər və böyrək
çatışmazlığı, qara ciyərin sirrozu,
podaqra, tənəffüs yolları və qarın
boşluğunun irinli iltihabı xəstəlikləri, yoluxucu
və parazit xəstəlikləri, mədə və on iki
barmaq bağırsağın xora xəstəliyi, bir çox
endokrin xəstəliklər, o cümlədən şəkərli
diabet və s.
Nəzərə almaq
lazımdır ki, bir-iki gün yüngül aclıq rejimi hər
bir insana xeyir gətirir. Lakin uzun müddətli acqalma
üçün müstəqil qərar çıxartmaq
tövsiyə olunmur. Aclıqla müalicə üçün
həkimə müraciət etmək, tam kompleks müayinələrdən
keçmək və aclıq müddətində həkimin nəzarəti
altında olmaq tövsiyə olunur. Ancaq mütəxəssislərin
müşahidəsi altında ac qalmaq mümkündür. Qədim
Şərqin hikmətli kəlamı bu gün də öz
aktuallığını itirməyib: "Əgər
qidanı dərman kimi qəbul etməsən, dərmanı
qida kimi qəbul edərsən".
Ədiblər demişkən
kim ki, yüz il yaşamasa, günah onun özündədir.
Tofiq Mehdiyev,
Şəki rayonlararası
endekronoloji dispanserin
baş həkimi, tibb elmləri namizədi
525-ci qəzet.- 2009.- 15 aprel.- S.6.