"Sovetlər
dönəmində miqrasiya
problemi təhlükəli,
yasaq məsələ
sayılıb"
HÜQUQİ İSLAHATLARA YARDIM MƏRKƏZİNİN
RƏHBƏRİ FƏTƏLİ ABDULLAYEV: "BƏŞƏR
TARİXİ "BÖYÜK İNSAN KÖÇÜ"
KİMİ TANINAN HADİSƏLƏRLƏ ZƏNGİNDİR"
Məlum olduğu kimi,
bu ilin 4 mart tarixində dövlət başçısı
İlham Əliyev tərəfindən "Miqrasiya proseslərinin
idarəolunmasında "bir pəncərə" prinsipinin tətbiqi
haqqında" fərman imzalanıb. Bu fərman adından da
göründüyü kimi, ölkədə miqrasiya proseslərinin
daha çevik və işlək mexanizmlər əsasında
idarə edilməsi, bu sahədə operativliyin təmini və
həllini gözləyən problemlərin aradan
qaldırılmasını özündə ehtiva edir. Məlum
fərmana əsasən bu ilin iyulun 1-dən miqrasiya proseslərinin
idarə olunmasında "bir pəncərə" prinsipinin
tətbiqi nəzərdə tutulur və bu prinsip üzrə
vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə
edilir. Həmin fərmanda həmçinin "bir pəncərə"
prinsipinin tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə
bir sıra vəzifələrin yerinə yetirilməsi
tapşırığı da verilir. Miqrasiya prosesi, onun tarixi
kökləri, bu sahənin xarakterik problemləri və digər
məsələlərlə bağlı
suallarımızı miqrasiya məsələləri üzrə
ekspert, Hüquqi İslahatlara Yardım Mərkəzinin rəhbəri
Fətəli Abdullayevə ünvanladıq.
- Miqrasiya siyasətinin
müəyyənləşdirilməsi, bu problemin elmi-nəzəri
aspektlərinin təhlili ilk növbədə bu fenomenin mahiyyəti,
forma və növləri, struktur və tipologiyası,
miqrasiyanın formalaşma qanunauyğunluqları haqqında kompleks
araşdırmalar aparılmasını zəruri edir. Bu da ilk
növbədə sadalanan məsələlərə dair elmdə
mövcud olan mövqe və konseptual şərhlərə bələd
olmağı, onlara münasibət bildirməyi şərtləndirir.
Müasir miqrasiya proseslərinin milli və qlobal təhlükəsizlik
faktorlarından birinə çevrilməsi, son dərəcə
intensiv sürətlə dinamikaya uğraması yeni
xüsusiyyətlərin üzə
çıxarılmasına səbəb olub. Miqrasiyaya dair elmdə
mövcud olan anlayış, təsnifat və tipologiyanı
müqayisə etmədən, yeni təzahürlərin real vəziyyəti
və perspektivləri haqda mühakimə yürütmək
qeyri-mümkündür. Bəşər tarixinin
inkişafında çox mühüm rol oynayan miqrasiya prosesləri
hər bir ölkənin üzləşdiyi çoxşaxəli,
mürəkkəb hadisə kimi olduqca müxtəlif elmi
aspektlərə malikdir. Məhz buna görə problemin nəzəri-metodoloji
təhlili, anlayış-kateqorial aparatının dəqiqləşdirilməsi
tələb olunan ilk məsələlərdəndir. Müasir
inkişaf üçün bütün səviyyələrdə
reallığın dinamik dəyişməsi səciyyəvidir.
Bu baxımdan cəmiyyətin inkişafı ilə paralel
miqrasion situasiya da çevik transformasiyaya uğrayan sahə
olduğu üçün onun tədqiqində istifadə
olunan anlayışların məzmunu yeniləşir, adekvat
ifadəsini tələb edir. "Miqrasiya" termininin mahiyyəti
və təkamülünü müəyyənləşdirməsi,
tipoloji-təsnifat məsələlərinə yaxından bələd
olmağı gündəmə gətirir. "Miqrasiya" -
latın sözü olub (miqratio") "bir yerdən
başqa yerə (yaxın və uzun müddətli) hərəkət
etmək, köçmək, yerini dəyişdirmək" mənalarını
verir ("miqro" - keçirəm, köçürəm)
və bir qayda olaraq insanların öz yaşayış yerlərini
dəyişmələri ilə əlaqədar olan bir prosesdir.
Bəzi tədqiqatlara görə miqrasiyanın elmi izahı
ilk dəfə XIX əsrdə E.Ravenşteyn tərəfindən
verilib və onu "insanın öz yaşayış yerini
daimi və ya müvəqqəti dəyişməsi" kimi
şərh edib. "Miqrasiya" sözün ilkin mənasında
ingilis dilindəki "miqrateo"- piyada gəzmək, səyahət
etmək" feli ilə də bağlıdır. Anlayışın
geniş və dar mənalarda tətbiqi məlumdur. Dar mənada
daimi yaşayış yerinin tərk edilməsi
"köçüb getmək", geniş mənada isə
müddət, mənbə, məqsəd və
davamlığından asılı olmayaraq ərazi-məkanlar,
ölkələrdaxili və dövlətlərarası əhali
hərəkətini ifadə edir...
- Bəzi bilgilərə
görə, miqrasiya bəşər cəmiyyətinin tarixi
inkişafını müşayiət edən davamlı hadisə
kimi hələ qədim dövrlərdən mövcud olub...
- Tamamilə doğrudur.
İlk əvvəl insanların yaşayış yerlərinin
dəyişməsinin səbəbi təsərrüfat -
istehsal, əmək bölgüsü faktorları ilə
bağlı olub. Digər səciyyəvi cəhət isə
erkən tarixdə əhalinin bir yerdən digərinə
köç etməsini şərtləndirən
amil-müharibə, işğal, zor tətbiqi, istismar,
irqi-dini, etnik və sair təzyiqlərin nəticəsi olub. Bəşər
tarixi "böyük insan köçü" kimi
tanınan hadisələrlə zəngindir. Zaman keçdikcə,
ictimai inkişafın təkamülü miqrasiyanın əsas
motivi kimi sosial-iqtisadi, siyasi səbəbləri önə
çəkib. Bu xüsusilə sənaye - kapitalist istehsal
üsulunun intensiv inkişaf etdiyi XIX əsrdə baş verib. Təbii
ki, bu dövrdən etibarən miqrasiya proseslərinin hərbi,
siyasi, sosial, milli-dini faktorları öz təsirini saxlayıb.
Təkcə V və II dünya müharibələrini,
bolşevik inqilabını və digər çoxsaylı
inqilabları, vətəndaş müharibələrini,
totalitar rejimlərin zorla köçürmə siyasətini
xatırlatmaq kifayətdir. Milyonlarla insanın məcburi miqrant
həyatı yaşamasının çoxşaxəli mənbələrinin
həllilə əlaqəli mövcudluğu faktı qəbul
edilib. Bununla belə, industrial inkişaf mərhələsi
insan axınlarının yüksək intensivliyinin
başlanğıc götürdüyü zaman hesab edilir. Miqrasiyanın
elmi təhlilinə cəhdlər də XIX əsrdən
müşahidə olunur. Bu fenomen terminologiya və təsnifat
xüsusiyyətlərinin müəyyənləşməsində
dünyanın bir çox alimləri iştirak edib.
- O da faktdır ki, Sovet
dönəmində bu problemə müxtəlif münasibət
olub. Hətta XX əsrin 30-cu illərində onun iqtisadi aspekti
sahəsində tədqiqatlara ara verilib...
- Bilirsiniz, bunun səbəbi
o olub ki, 1937-ci ilin əhalinin siyahıyaalınma tədbiri
"ziyankar kampaniya" elan edilib, bu sahənin tədqiqatçıları
repressiyaya məruz qalıb. Demoqrafik-miqrasiya problemi uzun illər
təhlükəli, yasaq mövzu sayılıb. 1954-cü ilin
"Böyük Sovet Ensiklopediyasında" miqrasiya
anlayışının mahiyyəti kölgədə
qalıb. Yalnız 1959-cu ildə onun ensiklopedik şərhi bərpa
edilib. Ötən yüzilliyin sonlarında miqrasiya qlobal
demoqrafik problemlər və beynəlxalq həyatın ən
mühüm reallığı kimi geniş qədəm qoyub. Onun neqativ təzahürləri
beynəlxalq münasibətlərin
və siyasi tənzimlənmənin predmetinə
çevrilməyə başlayıb.
Bununla da "miqrasiya" termininin politoloji-hüquqi statusu və mahiyyəti beynəlxalq siyasətdə
və qanunvericilikdə
rəsmi məzmununun müəyyənləşməsini gündəmə gətirib.
BMT tərəfindən
1958-ci ildə nəşr
edilmiş lüğətdə
miqrasiya "əhalinin
demoqrafik planda hərəkəti və yerdəyişməsinin ən
mühüm istiqaməti
kimi" izah edilib. 1989-cu ildə Miqrasiya üzrə Beynəlxalq Təşkilatın
59-cu sessiyasında "miqrasiya"
və "miqrant"
anlayışlarına belə
şərh verilib:
"Miqrasiya hər
bir dövlətin inkişafının ayrılmaz
hissəsidir. İstər
insanların tərk etdiyi, istərsə də yaşamaq üçün seçdikləri
dövlətlər, yerdəyişmənin
səbəbindən asılı
olmayaraq bu proseslərlə üzləşirlər.
Miqrant - bir dövlətdən digərin
hərəkət edən,
beynəlxalq təşkilatların
həyata keçirdiyi,
beynəlxalq miqrasiya xidmətinə ehtiyacı
olan şəxsdir".
"Miqrasiya, miqrant, beynəlxalq miqrasiya" anlayışlarının ümumən
qəbul edilmiş, unifikasiya olunmuş məzmununun müəyyənləşməsi
prosesi siyasi-hüquq tənzimlənməsi sahəsində
mühüm əhəmiyyətə
malikdir. Dünyada miqrant axınlarının
əvvəllər görünməmiş
hədlərə çatması
və onun tənzimlənməsi sahəsində
beynəlxalq siyasi əməkdaşlıq bu
problemin geniş təhlili, yeni anlayış aparatının
təkmilləşdirilməsi kimi tələblər nəzəri araşdırmaları
zəruri edib.
- Məlum olduğu kimi,
miqrasiya müxtəlif elmlər tərəfindən təqdim
edilməyə başlanıb. Onun yalnız iqtisadi səbəblərlə
deyil, həm də insanlara xas olan tələbat, maraq və səylərlə
də sıx bağlı olduğu aşkarlanıb...
- Bəli, bu günə
qədər miqrasiyanın əlliyə yaxın tərifi
mövcuddur. Bu sahədə aparılan nəzəri-metodoloji
ümumiləşdirmələrə əsasən
miqrasiyanın növləri, strukturu, faktorları,
funksiyaları, tipologiyası, motiv və mənbələri,
regional xüsusiyyətləri, dinamikası və miqyası
kimi aspektlərin müxtəlif təsnifat sistemləri müəyyənləşdirilib.
Əminliklə demək olar ki, onların heç biri bitkin,
mükəmməl nəzəri sistem kimi formalaşa bilməyib,
inkişafın hər bir yeni mərhələsində yeni
xüsusiyyətlər, yeni miqrasiya reallığı ortaya
çıxıb və çıxmaqdadır. Miqrasiyanın
növləri aşağıdakı kimi sistemləşdirilib:
daxili; xarici; bir istiqamətli (geri dönməyi nəzərdə
tutmayan); daimi yaşayış yerinə emiqrasiya; müvəqqəti
(qayıdışı nəzərdə tutan); uzunmüddətli
(6 aydan çox müddətdə davam edən);
mövsümi; köçərilik və ziyarət məqsədli;
mütərəddid (daimi gediş və qayıdış,
"rəqqas formalı" adlandırılan miqrasiya
növü); epizodik; tranzit (sərhədyanı); məcburi
(obyektdən asılı olmayan səbəblərdən
baş verən miqrasiya) və əks istiqamətli,
dönüş məqsədli miqrasiya (özünün və
ya dövlətin təşəbbüsü ilə
dönüşü nəzərdə tutan miqrasiya
növü). Məsələn, İsrail dövlətinin
repatriasiya proqramı buna əyani misaldır. Miqrasiyanın təsnifat
sistemlərinə gəldikdə, onun forma, səbəb, mənbə,
mərhələ və sair üzrə
uyğunlaşdırılması, miqrasiya hərəkətinin
təsnifi sahəsindəki mövqelər də müxtəlifdir.
Formasına görə miqrasiyanın ictimai baxımdan təşkil
olunmuş və mütəşəkkil olmayan (təşkil
olunmamış, kortəbii), səbəblərinə görə
- iqtisadi, sosial, mədəni, siyasi hərbi, mərhələlərinə
görə isə qərarın qəbul edilməsi (getmək
və gəlmək barədə), məkanda yerdəyişmə,
hərəkət prosesi və sakinləşmə, yeni yerə
adaptasiya və inteqrasiya kimi növlərə
qruplaşdırılıb. Təsnifat (klassifikasiya)
üçün hansı meyarların seçilməsindən
asılı olaraq miqrasiyanın təsnif sistemləri
çoxşaxəlidir. Məsələn, müxtəlif ərazi
(region, məkanlar) arasında miqrasiya prosesi
"üfüqi" və "şauqi" proseslər kimi
də qruplaşdırılıb. Yaşayış yerləri
müxtəlif statusa, miqyas və nüfuza malikdir. İri, mərkəz
hesab olunan paytaxtlar, azsaylı əhali yaşayan şəhərlər
mövcuddur. Bu baxımdan "eyni statuslu ərazilər
arası miqrasiya" "üfüqi", "insanların
maddi həyat səviyyəsinin daha yüksək olduğu ən
məşhur məkanlara, şəhərlərə
axını" isə "şaquli" miqrasiya kimi səciyyələndirilib.
Azərbaycan alimlərinə
gəlincə, onlar miqrasiyanın növləri üzrə
bölgüsünü belə fərqləndiriblər: beynəlxalq
(xarici), ölkədən getmək və ya ölkəyə gəlmək,
dövlətdaxili, daimi, dövri və ya vaxtaşırı,
bir yaşayış yerindən digərinə işə və
təhsilə (gündəlik) yerdəyişmə, epizodik
(müxtəlif istiqamətlərə müntəzəm
işgüzar və ya digər səfərlər və nigah
mühacirəti (ailə qurmaqla əlaqədar
yaşayış yerinin dəyişməsi).
- Bəs sizcə, insan
daimi yaşadığı məkanı necə tərk edir,
necə miqranta çevrilir? Onun status baxımından təkamülü
necə baş verir?
- Bütün bu suallar
öz cavabını konkret dövlətin, beynəlxalq birliyin
miqrasiya siyasətində tapa bilir. Hər bir miqrant
kateqoriyasının problemin özünəməxsus həll
üsullarını tələb edir. Könüllü və
məcburi, müvəqqəti yaxud daimi, leqal və qeyri-qanuni,
kriminal miqrantlara münasibətdə dövlət siyasəti
diferensial yanaşmaya əsaslanır. Bu prosesə
miqrantların status vəziyyəti, peşəsi, ixtisas və
gender fərqləri, demoqrafik, ailə və nikah münasibətləri,
etnik mənsubiyyəti və sair və ilaxır, öz dərin
təsiri göstərir. Dövlətin miqrasiya siyasətində
stimullaşdırıcı-liberal, yoxsa konservtiv-məhdudlaşdırıcı,
sərt qadağa tədbirlərinə üstünlük
verilməsi məhz miqrantların kateqorial təsnifat və
meyarlarının dəqiq ümumiləşdirilməsi,
kompleks -inteqral miqrasiya tipologiyasının işlənilməsi
ilə bağlıdır.
KAMİL