Sovet dövrünün heykəlləri Ayna Mahmud qızı Sultanova

 

Sovet hakimiyyəti illərində Bakıda ucaldılan heykəllərdən biri də Ayna Sultanovanın "Dərnəgül şosesi"nin kənarında, metronun "Gənclik" stansiyasından bir qədər aralı qoyulmuş heykəlidir.

Xalq arasında A.Sultanova haqqında məlumatın həddindən artıq az olması onun haqqında vətəndaşlara obyektiv məlumat verilməsini zəruri edir.

Ayna Sultanova haqqında sovet tarixşünaslığında az da olsa məlumat var. Hətta 1965-ci ildə Azərbaycan, 1976-cı ildə isə rus dillərində H.Sultanovanın müəllifi olduğu "Ayna Sultanova" adlı kitablar da nəşr olunub. Sonrakı illərdə isə onun fəaliyyətilə bağlı demək olar ki, heç bir tədqiqat aparılmayıb.

Bəs, Ayna Sultanova kimdir? Ayna Mahmud qızı Sultanova 1895-ci ildə indiki Dəvəçi rayonunun Pirəbədil kəndində anadan olub. Son vaxtlara qədər Bakının Yasamal rayonu ərazisində heykəli olan Qəzənfər Mahmud oğlu Musabəyovun bacısı, Həmid Həsən oğlu Sultanovun həyat yoldaşı idi. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci ilin mart qırğınında erməni daşnaklarının və rus bolşeviklərinin mövqeyini dəstəkləyib. Onun həyat yoldaşı H.Sultanov mart qırğını haqqında xatirələrində belə yazırdı: "Qızıl qvardiya yaratmaq üçün P.Aqasanov, A.Baqdasarov (sədr), Həmid Sultanov ( məsul katib), Qabışev, F.Paruşin, Vatsek və Milyutindən ibarət mərkəzi ştab yaradıldı. Qızıl qvardiyanın sayı tezliklə 3500 nəfərə çatdı. Ştabdan əlavə Hərbi - İnqilabi Komitə təşkil olundu. Bunların hər ikisi ancaq bolşeviklərdən ibarət idi... Qan tökülməsinin qarşısını almaq üçün 16 marda N.Nərimanovun mənzilində M. Rəsulzadə və S.Şaumyanın iştirakı ilə müşavirə oldu. Şəxsən iştirak etdiyim müşavirədə alınmış silahı "Hümmət" təşkilatı vasitəsilə müsəlmanlara qaytarmaq qərara alındı. M.Rəsulzadə də buna razılıq verdi. Lakin, heyhat! Həmin iclasdan heç iki saat keçməmiş ki, azğınlaşmış burjuaziya tərəfindən Sovetin və qızıl qvardiyanın mərkəzi ştabı istiqamətində fitnəkar atışma başladı".

H.Sultanovun bu fikirlərindəki məntiqsizlik, ziddiyyətlər açıq-aydın özünü büruzə verir. Əgər bolşeviklər Lənkərana getmək istəyən Azərbaycan əsgərlərindən müsadirə olunmuş silahları qaytarmağa razılıq vermişdilərsə, onda onun "azğınlaşmış burjuaziya" adlandırdığı müsəlman əhali nəyə görə bolşeviklərə atəş açmalıydı? Burada hadisəni bilərəkdən bolşeviklərin xeyrinə saxtalaşdırılması özünü göstərir. Əsil həqiqətdə isə Şaumyan silahı təhvil verməyə sözdə razı olsa da, işdə təxribat vasitəsilə bunun qarşısını almış və bəzi üzəniraq müsəlman bolşeviklərinin köməkliyi ilə məqsədli şəkildə 1918-ci ilin mart qırğınının törədilməsinə rəhbərlik etmişdi.

Ayna Sultanova və həyat yoldaşı mart qırğınından az sonra, yəni 25 aprel 1918-ci il tarixdə S.Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edir. Onun 1918-ci ilin iyunundan Kommunist Partiyasına daxil olması bir daha sübut edir ki, A.Sultanova Azərbaycanın müstəqilliyinə düşmən münasibət bəsləyib. Nəzərə almaq lazımdır ki, bu tarixdə artıq Azərbaycan Xalq Cümhuriyyəti mövcud idi və Bakı S.Şaumyanın rəhbərlik etdiyi kommunanın əlində olduğuna görə paytaxt hələ Gəncədə yerləşirdi. A.Sultanovanın Kommunist Partiyasına daxil olduğu vaxt Azərbaycan milli ordusu qardaş türk ordusu ilə birlikdə Göyçay istiqamətində erməni daşnak və bolşevik qoşunlarına qarşı ölüm-dirim mübarizəsi aparırdı. Belə bir dövrdə A.Sultanovanın S.Şaumyanın rəhbərlik etdiyi bolşevik partiyasına daxil olması onun Azərbaycanın milli dövlətçiliyinin əleyhinə olduğunu, erməni daşnaklarının və rus bolşeviklərinin rəhbərliyilə öz xalqına qarşı yeridilən düşmən siyasətin icraçılarda fəal iştirak etdiyini sübut edir.

O, Bakı kommunasının süqutundan, yəni 31 iyun 1918-il tarixdən sonra da Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək şərqdə ilk Demokratik Respublikanın devrilməsi üçün ciddi hazırlıqlar görən rus bolşeviklərinə yaxından köməklik göstərmişdi. Bu dövrdə A.Sultanova RK(b)P Həştərxan quberniya komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdu. 1919-cu ilin avqustunda Moskvaya Y.Sverdlov adına kommunist universitetində oxumağa göndərilmiş, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləmişdi. Moskvadakı fəaliyyəti haqqında o, öz xatirələrində belə yazır: "Xalq Xarici İşlər Komissarlığının partiya özəyi məni, qadın qulluqçular tərəfindən rayon partiya komitəsinə təhkim olunmuş nümayəndə təyin etdi. Mən qadınların qızıl ordu üçün alt paltarı tikmək və yamamaq, xəstəxanaların, uşaq bağçalarının və yeməkxanaların sanitariya vəziyyətini yoxlamaq işlərində çalışmasını təşkil edirdim". Fikrimizcə, şərhə ehtiyac yoxdur.

A.Sultanova XI ordu Azərbaycanı işğal etdikdən sonra Bakıya qayıtmış və AK(b)P MK aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmış, "Şərq qadını" jurnalının redaktoru olmuşdu. 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışmışdı. Bu dövrdə o, Moskvada Qırmızı Professura İnstitutunda oxumuşdu.

Bəs necə olmuşdu ki, A.Sultanova qardaşı Q.Musabəyov və həyat yoldaşı H.Sultanovla birlikdə repressiyaya məruz qalmış və 1938-ci ildə onlarla birlikdə xalq düşməni kimi güllələnmişdi.

Fikrimizcə, bu günə qədər 30-cu illər repressiyaları haqqında çoxlu kitab və məqalələr yazılmasına baxmayaraq demək olar ki, bunların hamısında bu prosesə birtərəfli yanaşma mövcuddur və bu cür yanaşmanın hazırda da qalması təəssüf doğurur. Faktlar sübut edir ki, 30-cu illər repressiyalarının baş verməsinin əsas səbəbləri sovet rejiminin mahiyyətindən doğduğu halda sovet tarixşünaslığında bunu ayrı-ayrı şəxslərin, konkret desək İ.Stalinin, L.Beriyanın, M.C.Bağırov və başqalarının səhvi kimi, Lenin normalarının pozulması kimi qələmə verilməsi kökündən yanlışdır. Birincisi respressiyalar, qəddarlıq və digər antihumanist hallar cəmiyyəti antoqonist siniflərə bölərək insanı insana düşmənçilik ruhunda tərbiyə edən kommunist ideologiyasının özündən doğurdu. İkincisi, başqaları ilə müqayisədə rejimin yaradıcısı V.Lenin daha qəddar olmuşdu və İ.Stalini yalnız onun davamçısı kimi tənqid etmək mümkündür. Üçüncüsü sovet tarixşünaslığında Leninin humanist kimi qələmə verilməsi, İ.Stalin və başqalarını qaniçən kimi təqdim edilməsi rejimin mahiyyətini ört-basdır etmək məqsədi daşıyırdı. Burada həmçinin rus şovinizminin təsirini də sezməmək mümkün deyil.

Azərbaycan tarix elmində də 30-cu illər repressiyalarına münasibətdə sovet tarixşünaslığının buraxdığı səhvlər özünü açıq-aydın göstərir. Bu səhvlərdən ən başlıcası repressiyalara məruz qalmış şəxslərin hamısına eyni prizmadan baxılmasıdır. Fikrimizcə, repressiyalara məruz qalmış şairlər, yazıçılar, elm adamları, sadə kəndli və fəhlə ilə kommunist rejimində rəhbər vəzifə tutmuş şəxsləri eyniləşdirmək düzgün deyil. Çünki birincilər bilavasitə rejimi qəbul etmədiklərinə və onun səhvlərini tənqid etdiklərinə görə repressiyalara məruz qalmışdılarsa, sovet rejimində rəhbər vəzifələr tutmuş şəxslər hakimiyyət daxili ziddiyyətlərin, qruplaşmaların, vəzifə hərisliyinin qurbanı olmuşlar. Bir anlığa təsəvvür edək ki, repressiyalara məruz qalmış rəhbər işçilərlə repressiyalara rəhbərlik etmiş şəxslərin yerini dəyişmək mümkün olsaydı nə baş verərdi. Fikrimizcə yenə də bu faciələr təkrar olunacaq, sadəcə olaraq şəxslərin yeri dəyişəcəkdi. Yəni tutaq ki, 1933-cü ildən sonra Azərbaycana M.C.Bağırov deyil A.Sultanova, H.Sultanov, Q.Musabəyov rəhbərlik etsəydi, onda onlar da eyni ilə hərəkət edər və repressiyaya M.C.Bağırov və onun tərəfdarları məruz qalardı. Çünki Moskvanın göstərişlərini can-başla həyata keçirməyə hazır olan yerli bolşeviklər mərkəzləşmiş rejimin hakimiyyət maşınının yalnız kiçik vintləri idilər. Bu vintlər lazımi funksiyanı yerinə yetirə bilmədikdə onları baqşqaları ilə əvəz edirdilər.

Konkret olaraq Ayna Sultanova və repressiyalara məruz qalmış digər sovet rəhbərlərini tamamilə səhvsiz və günahsız da hesab etmək düzgün deyil. Məsələn A.Sultanovanın 30-cu illərdə yəni repressiyaların tüğyan etdiyi vaxtda ədliyyə komissarı işləməsi və bununla da onun repressiyaların bilavasitə iştirakçısı olması deyilənləri sübut edir. Onun ədliyyə komissarı kimi fəaliyyəti obyektiv öyrənilmədən, nə qədər günahsız insanın onun imzası ilə həbsxanalara atılması, güllələnməsi aşkara çıxarılmadan onun fəaliyyətinə qiymət vermək düzgün deyil. Bundan başqa onun kimi partiya və sovet rəhbərlərinə yalnız hakimiyyətdaxili intriqalara görə repressiyaya uğradığına görə haqq qazandırılması da fikrimizcə yanlışdır. Bütün bunlar Azərbaycan tarixinin XX əsrin 30-cu illər tarixinin öyrənilməmiş ağ və qara ləkələridir. Məhz tariximizi bu ləkələrdən təmizləməklə sovet dövründə heykəlləri qoyulmuş şəxslərin fəaliyyətinə obyektiv qiymət vermək mümkündür. Biz hər hansı heykəlin götürülməsinin, uçurdulmasının əleyhinə olsaq da, əhali arasında məlumatsızlığın aradan qaldırılmasını zəruri hesab edirik. Buna görə də hələlik heç olmasa A.Sultanovanın heykəli qarşısında onun fəaliyyəti haqqında obyektiv məlumatı özündə əks etdirən lövhənin asılması vacibdir. 

 

 

Məhərrəm ZÜLFÜQARLI

tarix elmləri namizədi

 

525-ci qəzet.- 2009.- 15 aprel.- S.5.