Təhsildə beynəlxalq əlaqələrin yeni üfüqləri açılır

 

Çağdaş dünyamızda hər bir ölkənin uğuru həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Avropa ölkələrinin təhsil sistemlərinin inteqrasiyası və ümumavropa təhsil məkanının formalaşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan təhsillə bağlı keçirilən tədbirlər sırasında Boloniya təhsil sistemi günümüzün aktual mövzusudur. Respublikamız artıq 2005-ci ildə bu prosesə qoşulub, faktiki olaraq ali təhsildə aparılan islahatların konturlarını müəyyənləşdirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamını əldə rəhbər tutaraq özünün təhsil istiqamətləri üzərində ciddi düşünür, konkret işlər görür, mühüm addımlar atır.

Universitetdə Beynəlxalq əlaqələr üzrə şöbə bir neçə il əvvəl yaradılıb və bu qurum öz fəaliyyəti boyu istər Avropa, istərsə də Şərq ölkələrinin təhsil qurumları ilə məqsədyönlü əlaqələr yaradıb. Ümumiyyətlə, Mədəniyyət və İncəsənət Universiteti respublikamızda incəsənət təmayüllülər sırasında ilk təhsil ocağıdır ki, hələ 2002-ci ildə Avropa İncəsənət Universitetlər Liqasının üzvü olub. Bu qərar 26 oktyabr 2002-ci il tarixdə LİQA-nın Baş Assambleyasında qəbul edilib və elə həmin il Universitetimiz Beynəlxalq Universitetlər Birliyinə qoşulub.

Bu illər ərzində universitetimiz 20-dən çox xarici ali məktəblə sıx əlaqə yaradıb, müştərək təhsil, elm, mədəniyyət sahəsində əməkdaşlıq mübadiləsi həyata keçirib. Bu gün ADMİU Türkiyənin Memar Sinan Universiteti, Süleyman Dəmirəl adına Sparta Universiteti, Ərzurum Universiteti, Sakarya Universiteti, Trakiya Universiteti, Bilkənt Universiteti, İran İslam Respubikasının Tehran İncəsənət Universiteti, Azadi İslam Universiteti, Ukraynanın Kiyev Milli Mədəniyyət və İncsənət Akademiyası, Luqansk Dövlət Mədəniyyət və İncəsənət İnstitutu, Almaniyanın Bonn İncəsənət Universiteti, Düsseldorf İncəsənət Akademiyası, Drezden İncəsənət Akademiyası, Banqladeşin Şilpaka Akademiyası, Belqrad Mədəniyyət və İncəsənət Universiteti, ABŞ-ın Viskonson Medisson Universiteti, Çikaqo Universiteti, Nyu-York Universiteti, Gürcüstanın Sota Rustaveli adına Kino və Teatr Universiteti, Misir Ərəb Respublikasının Hilvan, Qahirə və İsgəndəriyə Universitetləri, Sankt-Peterburq Kino və Teatr Akademiyası və Kazan Dövlət Mədəniyyət və İncəsənət Universitetləri ilə mütəmadi əlaqə saxlayır, onlarla birlikdə layihələr hazırlayır.

Beynəlxalq əlaqələr şöbəsinin gördüyü işlərin miqyasını nəzərə alaraq universitetin rektoru, professor Timuçin Əfəndiyevin təşəbbüsü və sərəncamı ilə bu yaxınlarda Universitetdə Beynəlxalq əlaqələr üzrə prorektorluq yaradılıb. Bu isə, təbii ki, müvafiq qurumun üzərinə əlavə vəzifələr və məsuliyyət qoyur. Prorektorluq Beynəlxalq əlaqələrin yeni yollarını, istiqamətlərini müəyyənləşdirmək üçün axtarışlar aparır, yeniliklər sorağındadır. Bu mənada Boloniya sisteminin ADMİU-da tətbiqi üzərində gərgin iş gedir; tədris proqramları yeniləşir, yeni fənnlər tətbiq edilir, pedaqoji heyətin hazırlığı məsələsi günün aktual mövzusu kimi anlaşılır. 2008-2009 tədris ilində Avropanın 4, Avstraliyanın 1 ali məktəbi arasında əməkdaşlıq, təcrübə mübadiləsi barədə razılıq əldə edilib və universitetimizin rektoru T.Əfəndiyev artıq Fransada, İngiltərədə olub, oranın ali məktəblərində son dərəcə maraqlı görüşlər keçirib, Boloniya prosesinin incəliklərini öyrənib. Rektorun bu görüşləri, heç şübhəsiz ADMİU-nun bu istiqamətdə aparacağı işlərə öz müsbət təsirini göstərəcək. Demək olar ki, ADMİU-nun bəzi nəzəri fakültələri artıq Boloniya sistemi üzrə ilk addımlarını atmaqdadır.

ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğu öz fəaliyyətini əsasən bir neçə prioritet istiqamətdə qurur: xarici ölkə ali məktəbləri, həmçinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarla ünsiyyət yaradır, respublikamızdakı xarici şirkətlərlə sıx əməkdaşlıq edir və s.

Nümunə olaraq bir neçə səfirliklə birgə işimiz haqqında faktları təqdim edə bilirəm. ABŞ səfirliyi ilə universitetimiz 3 layihə hazırlayıb. Bundan başqa Almaniya səfirliyinin "DAAD" proqramı layihəsində ADMİU-nun 18 tələbəsi iştirak edib, onlar Almaniyanın 14 şəhərində bu ölkənin dünyaca məşhur muzeyləri, tarixi abidələrlə tanış olub, Bonn, Düsseldorf, Drezden incəsənət ali məktəblərində maraqlı görüşlər keçiriblər.

Bir neçə il öncə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən İslam Təhsil, Elm və Mədəniyyət (İSESCO) təşkilatına mədəniyyət və kommunikasiya sahəsində ekspertin təyin olunması barədə təşəbbüs və zərurət nəzərə alınaraq İSESCO təşkilatına ADMİU-nun rektoru, professor T.Əfəndiyevin namizədliyi irəli sürüldü və bu təklif yekdilliklə qəbul edildi.

Artıq neçənci ildir ki, Avropa İncəsənət Universitetlər Liqasının üzvü olaraq ADMİU-nun nümayəndələri bu nüfuzlu təşkilatla mütəmadi əməkdaşlıq edir, onların əksər tədbirlərinə qatılırlar. Dublində, Barselonada, Astanada, Parisdə, Tbilisidə keçirilən elmi konfranslar bura daxildir.

ADMİU-nun xarici şirkətlərlə əlaqələri uğurla davam etməkdədir. Universitet Yaponiyanın "Mitsubişi korporeyş" şirkətinin irəli sürdüyü layihədə iştirak edib. Bu layihə Azərbaycan Yaponiya hökumətləri tərəfindən dəstəklənib prioritet layihə kimi qəbul olunub.

Bundan başqa, Azərbaycan-Koreya Mədəniyyət Cəmiyyətinin Seulda keçirdiyi Azərbaycan mədəniyyət günləri çərçivəsində nümayiş olunan sərgidə tələbə-rəssamlar iştirak edərək yüksək yerlər tutub, mükafatlara layiq görülüblər.

Davamlı beynəlxalq əlaqələr sayəsində ADMİU Almaniyanın "Let İnternet" şəbəkəsinə daxil olub, həmçinin YUNESKO-nun "AUŞBERQ", "TEMPUS-TASİS" mədəniyyət proqramlarında və beynəlxalq festivallarda iştirak edib, 2007-2013-cü illər üzrə Erasmus Avropa magistr proqramına qoşulub.

Bu ilin əvvəlindən etibarən 6 layihədə iştirak etmək üçün dəvət almışıq. Parisdə, Kanadada, İspaniyada, Hollandiyada, Norveçdə, İngiltərədə keçiriləcək müsabiqə, festival və konfranslarda istedadlı gənclərimiz ölkəmizin adını ləyaqətlə təmsil edəcəklər.

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 40-a yaxın ixtisas üzrə tələbələr təhsil alır. bu ixtisaslara yiyələnmək üçün təkcə ölkəmizin gəncləri deyil, xarici məmləkətlərin vətəndaşları da can atırlar. Təsadüfi deyil ki, ADMİU-da təhsil alan əcnəbi tələbələrin sayı digər ali məktəblərdəkindən çoxdur. Xarici ölkələrin təhsil mərkəzləriylə ADMİU-nun davamlı surətdə həyata keçirdiyi əlaqələr yaxın illərdə bu sayın dəfələrlə artacağına inam yaradır.

 

   

Çingiz BAĞIROV,

ADMİU-nun Beynəlxalq

əlaqələr üzrə prorektoru,

 kulturologiya elmləri namizədi

 

525-ci qəzet.- 2009.- 16 aprel.- S.7.