Mədəniyyətlə bağlı ən yaxşı jurnalist işləri mükafatlandırıldı

 

Ötən gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyilə "Mədəniyyət" qəzetinin təşkil etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılmasına həsr olunan mərasim keçirilib. Müsabiqədən əsas məqsəd mədəniyyət mövzusunda ən yaxşı jurnalist işlərini müəyyənləşdirmək və qiymətləndirmək olub. Tədbiri giriş sözü ilə açan "Mədəniyyət" qəzetinin baş redaktoru Nigar Mənsimli müsabiqənin məramları barədə ətraflı danışıb: "Məqsədimiz respublikanın kütləvi informasiya vasitələrində mədəniyyət mövzusunun geniş və yüksək peşəkarlıqla işıqlandırılmasına, mədəni sərvətlərin, yaradıcı insanların həyatının və yaradıcılıq prosesinin yeni forma və üslublarla əks etdirilməsinə nail olmaq, ölkə jurnalistlərini bu işə daha məqsədyönlü cəlb etməkdir". N.Mənsimli ötən ilin ikinci yarısından start götürmüş müsabiqəyə respublikanın müxtəlif televiziya və radio, qəzet və jurnallarından 120-ə yaxın iş təqdim olunduğunu qeyd edib. Baş redaktor bildirib ki, tanınmış yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti yazılara son dərəcə həssas və obyektiv yanaşma nümayiş etdirərək, müsabiqənin tələblərinə tam uyğun gələn jurnalist işlərini müvafiq nominasiyalar üzrə fərqləndiriblər. N.Mənsimli seçim zamanı mədəniyyət mövzularının işıqlandırılmasında davamlı və dinamik fəaliyyət nümayiş etdirən müəlliflərə üstünlük verildiyini vurğulayıb.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müsabiqənin ənənə halını almasından məmnun olduğunu nəzərə çatdırıb və "Mədəniyyət" qəzetinin, ümumiyyətlə KİV-in ölkənin mədəni həyatındakı rolundan danışıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov belə müsabiqələrin təşkilinin jurnalistlərin daha da peşəkarlaşmasına və ixtisaslaşmasına əhəmiyyətli təsir göstərdiyini diqqətə çatdırıb. Sədr gələcəkdə belə müsabiqələrin təşkilində Mətbuat Şurasının da yaxından iştirakını təklif kimi irəli sürüb.

Müsabiqədə birinci mükafata mətbuat sahəsi üzrə "525-ci qəzet"in əməkdaşı Sevinc Mürvətqızı və "Qafqaz plyus" jurnalının yazarı Rəhim Hüseynzadə, televiziya və radio üzrə İctimai Televiziyanın "Almanax" verilişinin müəllifi Dürdanə Hacıyeva layiq görülüb. Mətbuatdan "Mədəniyyət" qəzetinin əməkdaşı Həmidə Nizamiqızı, "Füyuzat" jurnalından Elmira Qasımova ikinci, "Mərkəz" qəzetinin müxbiri Cəvahir Səlimqızı, "Kaspi" qəzetindən Təranə Məhərrəmova üçüncü yeri bölüşüblər.

Televiziya və radio sahəsindən isə müvafiq yerləri "Xəzər" televiziyasından Ramil Ələkbərovun "Kinozal" proqramı, Gəncənin "Kəpəz" televiziyasından Vüsal Məmmədov "Mən aktyor olmaq üçün doğulmuşam" sənədli filmi və Azərbaycan radiosundan Əli Əlioğlu "Sözdən səsə" verilişinə görə layiq görülüb. Qaliblərə fəxri diplom və pul mükafatları təqdim olunub.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 16 aprel.- S.7.