"Aşıq
Şəmşirin poetik
aləminə səyahət"
təqdim olundu
Ötən gün
Atatürk Mərkəzində professor Sədnik Paşa
Pirsultanlının "Aşıq Şəmşirin poetik aləminə
səyahət" kitabının təqdimat mərasimi
keçirilib. Tədbiri giriş sözü ilə açan
Aşıqlar Birliyinin sədri, şair Zəlimxan Yaqub
Aşıq Şəmşiri "əhli-ürfan
dünyasının ən böyük şəxsiyyətlərindən
biri" kimi dəyərləndirdi: "Aşıq Şəmşir
hələ sağlığında klassikləşən sənətkarlardandır.
Onun şeiriyyətində xalqımızın milliadət-ənənələri
o qədər gözəl əks olunub ki, əsrlər ötsə
də, yaşayacaq. Azərbaycanın, demək olar ki,
bütün coğrafi məkanlarını onun poeziyasında
tapmaq mümkündür. Məhz bu canlı və gözəl
lövhələr onun poeziyasının uzunömürlü
olmasını şərtləndirir". Z.Yaqub professor
S.P.Pirsultanlının ustad sənətkar haqqında yazdığı
kitabı həm bədii, həm də mənəvi cəhətdən
yüksək dəyərləndirdi, alimin folklorumuzun
araşdırılması istiqamətindəki xidmətlərini
misilsizliyini vurğuladı.
Professor, millət vəkili
Nizami Cəfərov Azərbaycan
folklorşünaslığına töhfələr vermiş
alimləri təsnifləndirərək bildirdi ki,
S.P.Pirsultanlı həm nəzəriyyəyə, həm də
canlı xalq ədəbiyyatına dərindən bələd
olan araşdırmaçıdır.
Şair İlyas
Tapdıq S.P.Pirsultanlının aşıq ədəbiyyatı
və folklorumuzun tədqiqi yönündə
gördüyü işlərdən söz açdı, onun
ustad sənətkara həsr olunmuş kitabının
böyük elmi-ədəbi və mənəvi əhəmiyyət
daşıdığını dilə gətirdi. İ.Tapdıq
Aşıq Şəmşirlə bağlı xatirələrini
tədbir iştirakçıları ilə
bölüşdü.
Aşıq Ulduz
S.P.Pirsultanlının ustad aşığın həyat və
yaradıcılığı ilə bağlı geniş
araşdırma aparmasını, bu haqda kitab yazmasını təqdirəlayiq
iş kimi qiymətləndirdi.
Şair Adil Cəmil
S.P.Pirsultanlının Aşıq Şəmşirin həyat
və yaradıcılığı, poeziyası barədə
yazarkən, digər müəlliflərdən fərqli olaraq,
daha dərinliklərə nüfuz etdiyini və sanballı bir
tədqiqat işi ortaya qoyduğunu diqqətə
çatdırdı.
Tədbirin sonunda
çıxış edən müəllif tədqiqləri və
kitabı haqqında səslənən müsbət fikirlərə
görə minnətdarlığını bildirdi.
Qeyd edək ki,
sözügedən kitabda alimin eyniadlı elmi monoqrafiyası
dörd bölmə və nəticə halında təqdim
olunur. Əsərdə Aşıq Şəmşirin on
altıncı əsrdə ulu babası Miskin Abdaldan başlayan
aşıq-şairlik nəsil şəcərəsi, XX əsrdə
sənətin fövqünə yüksəlməsi diqqət
mərkəzindədir. Kitabda Aşıq Şəmşirin
dağlar, Səməd Vurğun, sələfləri və xələfləri
ilə bağlı yazdıqları fərqli bölmələrdə
ətraflı nəzərdən keçirilir. Bu yeni nəşrdə
Aşıq Şəmşirlə bağlı xatirələr
və maraqlı fotolar da yer alıb.
Sevinc MÜRVƏTQIZI