Əmir Pəhləvanın yeni romanı Berlində nəşr edilib

 

Tanınmış yazıçı-dramaturq Əmir Pəhləvanın dördüncü romanı Almaniyanın paytaxtı Berlin şəhərində, ingilis dilində çap olunub. Əsər bir mühacirin taleyilə bağlı məhəbbət motivləri üzərində qurulub.

İşgəncəli həyat tərzi keçirən balaca İsanın başına gələn hadisələr əsərin ana xəttini təşkil edir. İsa Təbriz şəhərindəki yoxsul və çoxuşaqlı bir ailənin oğludur. O, atası və ögey anası tərəfindən nə qədər əzab və işgəncələrə məruz qalsa da, doğma, isti ocağından qovulub küçələrə atılsa da, məğrurluğunu itirmir, hər bir çətinliyə dözür. Yeganə arxası olan nənəsinin isti nəfəsinə sığınır. Doğma bacılarının ac-susuz qalmasına, ögey anası və doğma atası tərəfindən döyülüb təhqir olunmasına dözə bilməyəndə özünü məhv eləmək niyyətinə düşür. Lakin mərhum anası gözlərinin önünə gəlir. Anası deyir ki. sən özünü məhv eləmə, bacı və qardaşlarına yiyə dur, mənim ruhum həmişə səni qoruyacaq!

İrandakı həyat onu bezdirir, böyüdükcə əzabları və problemləri də çoxalır. Axırda vətəni tərk etmək qərarına gəlir. Amerika səfirliyinə gedir. Konsul Amerikaya getməyinin səbəbini soruşanda o deyir:

- Kosmonavt Nil Armstronqun əllərini sıxmağa, üzündən öpməyə gedirəm, çünki o, Allaha yaxın yerə, göyün lap yeddinci qatına gedib çıxıb. Odur ki, onu ziyarət etməliyəm.

Konsulun İsanın hərəkətlərindən xoşu gəlir. Amerikaya getmək üçün icazə (viza) verib, onu yola salır.

İsa Amerikaya gedir. Çətin günlər yaşayır. Başına yenidən çoxlu macəralar gəlir. O, 70 yaşında da qayğılar içərisində yaşayır.

Nil Armstronqla görüşmək ona nəsib olmasa da, həmişə başında dolaşan bu fikirlə ömür sürür. Ona həmişə amerikalı Məryəm yardımçı olur. Sonda İsa Sana ilə evlənir. Övladları olur. Amma Allaha Nil Armstronqa yaxın ola bilmir. Axırda Londona - Toni adlı ilk sevgilisinin yanına dönür...

"İsa, Məryəm və Sana" romanını Avropa və Amerikanın kitab satışı mərkəzlərindən əldə etmək mümkündür. Qeyd edək ki, əsərdəki hadisələrin axarı ilə romanın ikinci hissəsində ətraflı tanış olmaq olar. İkinci hissənin isə 2010- cu ildə nəşr olunması nəzərdə tutulub.

Biz də ədəbiyyatsevərləri öz dramları, ssenariləri, romanları ilə sevindirən dəyərli yazıçı-dramaturqumuz Əmir Pəhləvanı uğurları münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür arzulayırıq.

   

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 16 aprel.- S.7.