Azərbaycan ərəbşünaslığının
nur mənbəyi
Azərbaycanda ərəbşünaslıq
məktəbi keçən əsrin ortalarından yaranıb. Hazırkı
vaxtda yüksək inkişaf dövrünü yaşayan bu əzəmətli
məktəb istedadlı nümayəndələrilə
respublikanın tərəqqisi yolunda özünəməxsus
şəkildə irəliləyir. İki minə yaxın
mütəxəssis ordusuna malik bu görkəmli məktəb
cəmi əlli iki illik ömrünə baxmayaraq, olduqca şərəfli
yol keçib. Hər zaman qürurla xatırlanan, məzunları
elm, təhsil, diplomatiya və digər sahələrdə
misilsiz nailiyyətlər qazanmış, təxminən
yarım əsrlik tarixi olan ərəbşünaslıq məktəbi
dedikdə ilk öncə onun yaradıcısı Ələsgər
Məmmədovun nurlu siması göz önünə gəlir.
Bu il ustad poliqlot, Azərbaycanda ərəbşünaslıq məktəbinin
banisi Ələsgər Məmmədovun 90 yaşı tamam
olur. Artıq 10 ilə yaxın bir müddətdir ki,
aramızda yoxdur, amma xidmətləri onun adını
yaşadır.
Ələsgər Məmmədov
1919-cu il oktyabrın 10-da anadan olub. 1937-1941-ci illərdə Azərbaycan
Pedaqoji İnstitutunun alman dili şöbəsində,
1941-1944-cü illərdə Moskva Şərqşünaslıq
Universitetinin ərəb dili üzrə hərbi şöbəsində
təhsil alıb. 1945-1947-ci illərdə SSRİ Xarici
İşlər Nazirliyində referent kimi
çalışıb. Alman dilini mükəmməl bildiyi
üçün 1945-ci ilin dekabrından 1946-cı ilin fevral
ayına qədər Nürnberq məhkəmə prosesində
tərcüməçi kimi iştirak edib.
Ələsgər Məmmədov
Azərbaycan radiosunda ərəbdilli verilişlər
redaksiyasını yaradıb və onun ilk redaktoru olub.
Ələsgər Məmmədovun
xidmətləri çoxşaxəlidir. Onun siyasət, elm, təhsil,
jurnalistika sahələrindəki fəaliyyəti
keçmiş SSRİ dövründə təkcə
respublikamızda deyil, bütün ittifaqda məşhur idi. Onu
yaxından tanıyanlara məlumdur ki, özü hər zaman ərəbşünaslıq
sahəsindəki fəaliyyətilə əlaqəli söhbətlər
etməyə üstünlük verərdi.
Ələsgər Məmmədov
1947-ci ildən ömrünün sonlarına qədər
taleyini Bakı Dövlət Universitetinə bağlayıb. Onun
burada ilk uğuru 1957-ci ildə ərəb dili və ədəbiyyatı
şöbəsinin açılması ilə ərəbşünaslıq
məktəbinin əsasını qoymasıdır. Yarandığı
dövrdən məzunlarının nailiyyətləri məktəbin
möhkəm təmələ əsaslandığından xəbər
verirdi. İldən-ilə artan və İttifaq çərçivəsində
xüsusi mövqe qazanan ərəbşünas mütəxəssislər
zaman ötdükcə müəllimlərinin
açdığı cığırı şaxələndirdilər.
İstər elm, təhsil, istərsə də diplomatiya və
ya tərcüməçilik sahələrində ərəbşünaslıq
məktəbinin yüzlərlə məzunu uğurla
çalışır.
Ələsgər Məmmədovun
Azərbaycan təhsilində digər böyük xidməti dərsliklərlə
bağlıdır. Bir məsələni xüsusi qeyd etmək
vacibdir ki, Orta Asiya respublikalarında ərəbşünaslıq
Azərbaycandan çox sonra təşəkkül tapıb və
bu günün özündə orada rus şərqşünaslarının
dərs vəsaitlərindən istifadə olunur. Halbuki Azərbaycanda
ərəb şöbəsinin açılmasından bir il
sonra, yəni 1958-ci ildə ilk "Ərəb dili" dərsliyi
işıq üzü gördü. Ələsgər Məmmədov
orta və ali məktəblər üçün "Ərəb
dili" dərsliklərinin yeganə müəllifi olmaqla
30-dan artıq dərslik yazıb.
Ələsgər Məmmədov
ərəb dilinin tədrisini fərqli bir formada qurub. Onun ərəb
dilini öyrətmək metodunu qeyri-adi bacarıq adlandırmaq
olar. O, ərəb, fars,
alman, ingilis, fransız, rus dillərini mükəmməl
bilirdi. Müsahibələrinin birində ərəb
dilinin tədris metodikasında alman dilinə bələd olmasının mühüm
rolunu və Avropa dilçiliyi əsasında sistemləşdirdiyini
qeyd etmişdi. Çətin qrammatik qaydaların yığcam,
planlı şəkildə
ardıcıl təqdimi
onu iki il müddətinə
öyrənmək imkanı
yaradırdı. Tələbələr oxuduqları dərs vəsaitində siyasi, tarixi, coğrafi və başqa mövzuda mətnlərlə
yanaşı, ərəb
şairlərinin şeirlərindən
nümunələri, hikmətli
atalar sözlərini öyrənməklə təkcə
söz ehtiyatlarını
zənginləşdirmirdilər. Həmçinin dərsliklər onlara
ərəb mədəniyyəti
haqqında ilkin biliklər verirdi.
Bir pedaqoq kimi Ələsgər
Məmmədov əvəzsiz
müəllim idi. O, dərs
prosesində bu çətin dili öyrədərkən ciddi
tələbkarlığı ilə yanaşı, incə yumoru ilə tələbələrində
zehni yüngüllük
yaradardı. Onun metodu bu gün də müəllim işləyən
davamçıları üçün
ənənə şəklini
alıb.
Ələsgər Məmmədov
barədə ilk təsəvvürlər
məndə atamın
- AMEA-nın müxbir
üzvü, fəlsəfə
elmləri doktoru, professor Zakir Məmmədovun sayəsində
formalaşıb. Atamdan hər
zaman müəlliminin
nadir mütəxəssis, əvəzsiz
pedaqoq, nəcib insan olması haqqında maraqlı söhbətlər eşidərdim.
Bütün təəssüratlar ürəyimdə nə zamansa deyilənlərin birbaşa şahidi olmaq arzusunu yaratmışdı. İstəyimi qismən reallaşdırdım.
Bəzən Universitetdə bu
əvəzsiz müəllimlə
qarşılaşanda özümün
də onun tələbəsi olacağıma
ümid edirdim. Təəssüflər olsun ki, o, özü şəxsən
mənə dərs demədi. Lakin müəllimlərimin hamısı onun tələbəsi olub.
Bütün bildiklərimi Ələsgər
Məmmədovun dərsliklərinə
və yetirmələrinə
borcluyam. Bunları nəzərə
alaraq onu öz ustadım sayıram.
Şihabəddin Yəhya Sührəvərdinin
fəlsəfi irsinin Azərbaycanda yeganə tədqiqatçısı olan
atam - AMEA-nın müxbir üzvü Zakir Məmmədovdan hər zaman mütəfəkkirin əsərində
rast gəldiyi bu bənzətməni eşidərdim. Mütəfəkkir
əsərlərinin birində
bildirib ki, bağbandan bir salxım üzüm alan insan
ona təşəkkür
edir. Ancaq heç kəs
bütün aləmi şəfəqə qərq
edən, torpağa bəhər verən Günəşə təşəkkür
etmək barədə
fikirləşmir. Atam bağbanı
onilliklər boyu hazırlanmış ərəbşünas
ordusuna, onların cəmiyyətdə uğurlarını
bəhərə, Ələsgər
Məmmədovu isə
bütün bunların
yaranma səbəbkarı
Günəşə bənzədərdi.
O, hər bir ərəbşünasın cəmiyyət
üçün hazırlanmasının
əsil səbəbkarı,
onların parlaq Günəşidir. Böyük müəllim
ömrünün son gününə
qədər elmi və pedaqoji fəaliyyətlə məşğul
oldu, bundan zövq aldı.
2001-ci ilin ilk ayında biz əvəzsiz müəllimimizi
cismən itirdik. Lakin misilsiz
xidmətləri onun adını əbədiyaşarlar
cərgəsinə yazıb.
Ələsgər Məmmədov ərəbşünaslığın
parlaq Günəşi
və nurlu mənbəyidir.
Ülkər ZAKİRQIZI (MƏMMƏDOVA),
filologiya elmləri namizədi
525-ci qəzet.-
2009.- 16 aprel.- S. 7.