"Qoca qartal" deyəndə...

 

Elə sənətkar var ki, bircə şeiri, bircə bəstəsi, bircə rəsmiylə sənət aləmində iz buraxıb. Həmin sənətkarın başqa əsərləri də olub, o əsərlər də ona az şöhrət gətirməyib, amma həmin o bircə əsər daha çox xatırlanıb və o sənətkardan söz düşəndə də, ilk növbədə, həmin əsərin adı birinci sırada çəkilib. Bizim XX əsrdə çox istedadlı, satirik şeirlərində Sabir yolunu davam etdirən, lirik şeirlər müəllifi kimi də tanınan, həm də teatr fədailərindən olan Səməd Mənsur adlı şairimiz olub. Həmişə ondan söz düşəndə bütün yaradıcılığı bir yanda qalır, "Rəngdir" şeiri yada düşür. "Uyma, ey dil, xəlqidə yoxdur sədaqət, rəngdir, Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir..." Və bu şeirlə Səməd Mənsur Azərbaycan poeziyasında öz adını əbədiləşdirdi. İndi isə başqa bir ədəbi nümunəyə müraciət etmək istəyirəm:

 

   Qoca qartal, nə gəzirsən,

   Dağlar qoynunda, qoynunda.

   Bala gördüm anasının

   Ağlar qoynunda, qoynunda.

 

   Niyə qəlbin qaralıbdı,

   Gül üstünü xar alıbdı.

   Şamamalar saralıbdı,

   Tağlar qoynunda, qoynunda.

 

   Bir həkim yara bağlayır,

   Bir həkim sinə dağlayır.

   Bağban gördüm, gül ağlayır

   Bağlar qoynunda, qoynunda.

 

   Azaflı, yaz, dilə gəlməz,

   Uçdu sonan, gölə gəlməz.

   Keçən keçdi ələgəlməz

   Çağlar qoynunda, qoynunda.

 

Azərbaycan aşıq şeirinin ən parlaq incilərindən olan bu gəraylının müəllifi Mikayıl Azaflıdır (1924-1990). Qartal bizim bədii təfəkkürümüzdə həmişə ucalıq, vüqar, məğrurluq rəmzi olub və şeirimizdə məhz belə inikas olunub. Amma bu gəraylıda Qoca Qartala müraciət olunsa da, əslində, sözbətin məğzi insan ömrünün bir daha ələkeçməz anları barədədir. Elə anları ki, şamamalar saralıb, bağban qan ağlayır, sonalar daha gölə gəlməz. Poeziyada həmişə təbiətin solan vaxtı ilə insan ömrü arasında assosiasiya ilə qarşılaşmışıq. Təbii ki, bu gəraylıda Azaflının ifadə etdiyi fikir parlaq şəkildə də öz inikasını tapıb. Belə nadir poetik incilərə biz klassik aşıq şeirində az rast gəlməmişik. Şeirin gözəlliyi öz yerində..Burada klassikaya bağlılıqla (müticəsinə yox, yaradıcılıqla!) yanaşı, həm də XX əsrin poetik təfəkkürünün izləri, cizgiləri duyulmaqdadır. Nəhayət, QOCA QARTAL... Bu şeirin nə vaxt yazıldığını deyə bilmərəm, amma o şeirin doğulduğu gündən Mikayıl Azaflı QOCA QARTAL kimi aşıq şeirimizin daha bir zirvəsini fəth etdi.

Hörmətli professor Qəzənfər Paşayev və aşığın qızı Maral Azaflının tərtibi ilə Mikayıl Azaflının bütün şeir yaradıcılığını əhatə edən "Qoca Azaflıyam..." kitabı işıq üzü görüb. Elə bilirəm, XX əsrin ustad sənətkarlarından olan Mikayıl Azaflıya, onun ruhuna, ölməyən sənətinə ədəbi və əbədi abidədir bu. Məlumdur ki, Mikayıl Azaflı təkcə Azərbaycanda deyil, ondan kənarda da tanınırdı, sevilirdi. Sovet dövründə dəfələrlə Moskvada konsertləri olmuşdu, Azərbaycan aşıq sənətini layiqincə təmsil etmişdi. Elə sovet dövründə - 1989-cu ilin oktyabrındaTürkiyəni ziyarət etmişdi.

Kitaba yazdığı geniş ön sözdə Qəzənfər müəllim qeyd edir ki: "Aşığın şeir bağçasında yer alan bir-birindən gözəl gəraylılar, təsniflər, qoşmalar, müxəmməslər, divanilər, vücudnamələr, cahannamələr, sicilləmələr, ustadnamələr, ithaflar, nəzirələr, bağlama-qıfılbənd deyişmələr, deyişmələr, şeirlə məktublaşmalar, bayatılar, hətta rübai və qəzəllər, poema və dastanlar saz-söz pərəstişkarlarını məftun edir. Bu, onun həm klassik aşıq sənətinə dərindən bələd olması, həm də yazılı ədəbiyyatımızı yaxşı bilməsi ilə bağlı idi". Bu informasiya Mikayıl Azaflı yaradıcılığının janrca rəngarəng olduğunu sübut edir. Deməli, ustad aşıq ömrü boyu yaradıcılığının təkamülünə çalışıb, bu sənətə möhkəm bağlı olduğundan onu öz istedadı müqabilində son nöqtəsinə kimi fəth etməyə can atıb. Deyim ki, Mikayıl Azaflı da əksər klassik aşıqlarda olduğu kimi acı tale ilə üzləşib. Onun sevgilisi əlindən alınmayıb, necə deyərlər, Məcnun kimi çöllərə düşməyib, amma "xoşbəxt sovet quruluşunun" haqsızlığına məruz qalıb. Şöhrətinin ən parlaq bir çağında Dövlət Təhlükəsizlik Komitəsinin qara siyahısına düşüb, dörd il azadlıqdan məhrum edilib. Amma onu susdura bilməyiblər, sürgündə olanda da yaşadığı cəmiyyətin qüsurlarına tənqidi münasibətini dəyişməyib. Azaflının "Zindan şeirləri" özü də ayrıca bir söhbətin mövzusu ola bilər. Bu şeirlər Azərbaycan aşıq poeziyasında yenidir. Azaflıdan öncə də 1937-ci ildə Şirvan aşıq sənətinin görkəmli nümayəndəsi Mirzə Bilal həbs olunmuşdu, amma onun sürgündə şeir yazıb-yazmadığı məlum deyil.El şairi Məzahir Daşqının da həbsdə şeirlər yazdığı məlumdur. Azaflı isə "Zindan şeirləri" ilə gəmidə oturub gəmiçi ilə mübarizə aparan bir mücahidə çevrildi.O, aşıq poeziyasının ənənəvi obraz və rəmzlərini "Zindan şeirləri"nə qatdı, amma həmin obraz və rəmzlər qəm tülünə büründü:

 

   Mən dustağa bir xəbər ver,

   Açılıbmı yaz, ay bülbül?

   Dərdim çoxdu, sənə deyim,

   Qələm götür, yaz, ay bülbül.

 

   Qızılgüllər yetişirmi,

   Göldə sona ürküşürmü?

   Səmalarda ötüşürmü,

   Ördək, durna, qaz, ay bülbül?

 

   El köçürmü dağ sərinə,

   Dönürmü aran yerinə?

   Bənövşələr bir-birinə,

   Eyləyirmi naz, ay bülbül?

 

   Azaflı tək yanma odda,

   Nəşə çoxdu bu həyatda.

   O çəkdiyin nalə altda,

   Yandım, oldum köz, ay bülbül.

 

Mikayıl Azaflının yaradıcılığı barədə bir çox görkəmli tədqiqatçılar, xüsusilə folklorşünas-alimlər dəyərli fikirlər söyləyiblər. Hətta türkiyəli tədqiqatçı Əli Kafqazyalı onun yaradıcılığından namizədlik dissertasiyası qələmə alıb. O, məhz ustad aşıq yolu keçib, gözəl səsi olub, saz ifaçılığında da həmçinin. Qəzənfər müəllim yazır: "Onun yaratdığı "Azaflı dübeyti", "Azaflı gözəlləməsi", "Azaflı gəraylısı", "Azaflı dağları", "Azaflı sənəti", "Azaflı dünyası", "Azaflı bəhri", "Azaflı müxəmməsi", "Məzahiri", "Şah sarayı" kimi saz havaları dillər əzbəri olmuşdur".

Azaflının şeir yaradıcılığında aşıq poeziyasının həm qədim, həm də digər ustad aşıqlar tərəfindən çox az işlənən şəkillərinə rast gəlirik. Məsələn, hər bəndi dörd misradan, hər misrası beş, yeddi hecadan ibarət, əvvəlinci üç misrası həmqafiyə olan şeir şəklidir. Düzünü desəm, mən buna aşıq poeziyasında nadir hallarda təsadüf etmişəm. Azaflı aşıq poeziyasında nisbətən az işlənən şeir şəkillərinə müraciət edəndə də bunu dəb xatirinə həyata keçirməmişdir. Sadəcə, ustad olduğu üçün USTAD YOLUNU axıracan başa vurmağa can atmışdır. Götürək "Sicilləmə" şeir şəklini. Bunlar tədqiqatçıların qeyd etdiyi kimi, sicilləmələr əsasən ya divani, ya da müxəmməs şeir şəklinə uyğun yazılır. Daha çox ustadnamələrə oxşayır. Həm də misraların əvvəlində söz təkrarı ilə diqqəti cəlb edir.

 

  Vaxt olar ki, nahaq durar, haqq yanar,

   Vaxt olar ki, şeytan pirə lağ eylər.

   Vaxt olar ki, şahdan gedər ixtiyar,

   Vaxt olar ki, dinsiz mirə lağ eylər.

 

   Vaxt olar ki, ömür gedər talanda,

   Vaxt olar ki, tez boşalar dolan da.

   Vaxt olar ki, sultan yatar palanda,

   Vaxt olar ki, arvad ərə lağ eylər.

 

   Vaxt olar ki, ilan yıxar pələngi,

   Vaxt olar ki, keçi yeyər çələngi,

   Vaxt olar ki, tülkü döyər pələngi,

   Vaxt olar ki, çaqqal şirə lağ eylər.

 

Kitabda oxucular üçün çox maraqlı bir bölmə də təqdim edilib: "Bənzərsiz şeirlər". Bu bölmədə aşığın qoşma-təcnisləri, ayaqlı qoşması, hərfüstü çarpaz gəraylısı, təkərləmələri, yeddilik təsniflərindən nümunələr verilir və doğrudan da, bunları oxuduqca heyrətlənirsən. Düşünürsən ki, Azaflı üçün standartlar, şablonlar mövcud olmamışdır. O, qoşmanı qoşma, gəraylını gəraylı, təcnisi təcnis kimi yazsa da, bu şeir şəkillərinin hər birində öz ustalığını nümayiş etdirsə də, bəzən yaradıcı şəkildə özü də təzə şeir şəkilləri yaratmaqdan yaxud çox az, nadir hallarda işlənən şeir şəkillərinə müraciət etməkdən çəkinməmişdir. Məsələn, onun "Aman, gəlmədi" adlı bir qoşmasına müraciət edək:

 

   Vəfadarım, şəfadarım odlara,

   Atdı, atdı, atdı, aman gəlmədi.

   Şah nigarım, mah nigarım yadlara,

   Satdı, satdı, satdı, aman gəlmədi.

 

   Hara baxdım, hara baxdım harada,

   Yara baxdım, yara baxdım yarada.

   Qara baxdım, qara baxdım qarada,

   Yatdı, yatdı, yatdı, aman gəlmədi.

 

   Azaflıyam, dərdim, qəmim ziyada,

   Yoxdur əhli-kefim, dəmim dünyada.

   Həyat gəmim, o həmdəmim dəryada,

   Batdı, batdı, batdı aman gəlmədi.

 

Zahirən adi qoşmadır, amma diqqətlə nəzər yetirdikdə,bu qoşmanın heç də adi olmadığının fərqinə varırsan. Misralararası qafiyələr, hər misranın sonundakı sözlərin ritmik təkrarı necə də xoş bir ahəng yaradır. Azaflının belə gözəl "söz oyunları" onun təbirəvan şair olduğundan xəbər verir.

Mikayıl Azaflının şeir yaradıcılığında özündən ustad aşıqlarla səsləşən bir məqamı da qeyd etmək yerinə düşər. Azaflı əksər şeirlərində müdrik pir kimi danışır. Hətta aşiqanə şeirlərində də, o, məcnunluğun aşiqliyindən daha çox, filosof yönünü üstün tutur. Onun fikrincə, aşiq olan kəs təkcə sevgilisinin yox, həm də dünyanın dərdini çəkməlidir. Şeirlərində tez-tez ədalət, ilqar, iman, əhd-peyman və s. sözlər təkrar olunur, bunlar o məqamda səslənir ki, aşıq insanları, həməsrlərini düzlüyə, ədalətə, tərəqqiyə çağırır.

Mən bu yazıda professor Qəzənfər Paşayevin Mikayıl Azaflı yolunda çəkdiyi zəhməti xüsusilə qeyd eləmək istəyirəm. 757 səhifəlik bir kitab yalnız Azaflı dünyasına, həmin o ustad dünyasına hədsiz vurğunluğun nəticəsidir ki, Qəzənfər Paşayev məhəbbəti ilə onu araya-ərsəyə gətirəsən. Elə bu yazını da tərtibçilərə təşəkkürlə, bir də onun bu misralarıyla bitirmək istəyirəm:

 

   Azəri-türk balasıyam,

   Hər dərdinə qalasıyam,

   Yanarsa od alasıyam,

   Söndürməz su, sellər məni,

   

   Sazım, sözüm el eşqinə,

   Bir mehriban gül eşqinə,

   Saf məhəbbət, dil eşqinə.

   Soraqlasın dillər məni,

   Unutmasın ellər məni.

 

 

  Vaqif YUSİFLİ

 

  525-ci qəzet.- 2009.- 16 aprel.- S.6.