Avropa Azərbaycanlıları Konqresinə yeni prezident seçildi

 

KONQRESİN NÖVBƏTİ QURULTAYI 2011-ci İLDƏ KEÇİRİLƏCƏK

 

Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin (AAK) III qurultayı keçirilib. Qurultaya Avropanın 25 ölkəsindən nümayəndə və qonaqlar qatılıb. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının deputatı Haqqı Kəskin, millət vəkili, DAK həmsədri Sabir Rüstəmxanlı, AAK-ın üzvü olan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. AAK prezidenti Natiq Ağamirov qurultay iştirakçılarını və qonaqları salamlayıb. O deyib ki, AAK təsis edilərkən Avropada yaşayan soydaşlarımız arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, onların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin görülməsi qarşıya əsas məqsəd kimi qoyulub. Ötən dövr ərzində AAK öz imkanları daxilində Avropada güclü Azərbaycan diasporunun formalaşdırılmasına səy göstərib, soydaşlarımızın təşkilatlanması istiqamətində tədbirlər görməyə çalışıb. AAK Avropadakı Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi, onların ictimai-siyasi proseslərə təsir imkanlarının artırılması, azərbaycanlıların hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra işlər görüb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultay iştirakçılarına prezident İlham Əliyevin salamlarını çatdırıb. Azərbaycan dövlətinin diaspor siyasətindən ərtaflı danışan Dövlət Komitəsinin sədri AAK-ın fəaliyyətini yüksək qiymətləndirib və bundan sonrakı işində quruma uğurlar arzu edib. Komitə sədri bu qurultayın çox önəmli dövrə təsadüf etdiyini də vurğulayıb. Deyib ki, Azərbaycan ətrafında və ümumiyyətlə dünya siyasətində baş verən bugünkü hadisələr diasporumuzun bundan da sıx birləşməsini və daha da güclənməsini zəruri edir.

Sonra "Biz 50 milyonluq xalqıq" sənədli filmi göstərilib. Filmin nümayişindən sonra AAK prezidenti Natiq Ağamirov II qurultaydan ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə görülmüş işləri barədə hesabat məruzəsini təqdim edib. O bildirib ki, 2007-ci ilin mart-may aylarında AAK-ın II qurultayının qətnaməsinə uyğun olaraq Konqresin 2007-2009-cu illəri əhatə edən fəaliyyət proqramının layihəsi hazırlanıb və təsdiq edilib. Qərara alınıb ki, bu sənəddən irəli gələn tədbirlər planı hazırlansın. O, sənədə uyğun həyata keçirilən işlərdən danışıb. N.Ağamirovun sözlərinə görə, 2007-ci il ərzində Avropa ölkələrində yaşayan azərbaycanlı qadınları öz ətrafında birləşdirən bir neçə təşkilat yaradılıb. Sentyabr ayında Danimarkada "Azərbaycan qadını Danimarkada" adlı yeni təşkilat təsis edilib. Noyabr ayında Londonda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Klubunun təsis etdiyi "Sara Xatun" Qadın Cəmiyyəti fəaliyyətə başlayıb. 2007-ci ilin mühüm hadisələrindən biri Azərbaycanlı Tələbələrin Avropa Forumu (ATAF) lobbi təşkilatı kimi Avropa Parlamentində rəsmi qeydiyyatdan keçməsi olub. Bundan başqa AAK Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası layihəsinə dair təkliflərini təqdim edib bu təkliflərin böyük əksəriyyəti nəzərə alınıb. Ötən il Konqres Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək, mədəni dəyərlərimizin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaq məqsədilə "Sarı gəlin" xalq mahnısının tarixi haqqında bütün materialları özündə əks etdirən (Azərbaycan, alman, fransız, rus, ingilis dillərində), mahnının Azərbaycan türk dillərində bütün ifa variantlarının toplandığı audio-diskin hazırlanması təmin olunub.

AAK prezidenti Avropada diaspor təşkilatlarının keçirdiyi bir çox tədbirlərin Dövlət Komitəsinin hərtərəfli dəstəyi ilə reallaşdığını da deyib. "İndiki mərhələdə diaspor işi könüllülüklə yanaşı, peşəkarlıq tələb edir. Bu peşəkarlığın ortaya qoyulmasında isə ən böyük ümidimiz gənclərədir. Sevindirici haldır ki, belə bir nəsil artıq yetişib onların peşəkar kimi formalaşması üçün hər cür şərait, imkan var". N.Ağamirov təklif edib ki, Dövlət Komitəsinin, BDU-nun, yaxud da XİN-in Diplomatiya Akademiyasının nəzdində bu peşəkarların hazırlanması məqsədilə təhsil mərkəzi yaradılsın.

Almaniya Bundestaqının türk deputatı Haqqı Kəskin, AAK-ın vitse prezidenti Başar Kömür, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və başqa çıxış edənlər Azərbaycan və Türkiyənin tarix boyu sevincinin, kədərinin bərabər olduğunu vurğulayıblar.Daha sonra çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov bu yaxınlarda II qurultayını keçirmiş qurumun fəaliyyəti, gördüyü işlər barədə danışıb.

"Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Gülşən Kazımova bildirib ki, Avropaya nə qədər sürətlə inteqrasiya etmək istəyiriksə, qadınlara bir o qədər işləmək və öz imkanlarını reallaşdırmaq fürsəti vermək lazımdır. O təklif edib ki, AAK üzvü olan təşkilatlarda təmsil olunan qadınların forumu keçirilsin.

Çıxışlardan sonra qurultayın qətnaməsi qəbul olunub. AAK-ın sıralarına yeni üzvlər daxil olub. Təkliflər nəzərə alınmaqla Konqresin növbəti qurultaya qədər fəaliyyət proqramının tərtib edilməsi qərara alınıb. AAK-ın strukturunda da dəyişiklik edilib. Konqresinin fəaliyyətinin operativliyini, qəbul ediləcək qərarların icrasını təmin etmək məqsədilə iki birinci vitse-prezident beş vitse-prezident vəzifələri təsis edilib. TADEF sədri Bilal Dündar BAK-ın fəxri prezidenti Sahil Qasımov I vitse-prezidentlər, Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Estoniya Parlamentinin üzvü Eldar Əfəndiyev, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Srtasburq Azərbaycan Evinin rəhbəri Mustafa Alınca, Almaniyadakı Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova isə vitse-prezidentlər seçiliblər. Sonra 27 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi təsdiqlənib.

Mayns-Azərbaycan Cəmiyyətinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini, əvvəlki tərkibdə AAK-ın I vitse-prezidenti olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçilib.

DİDK sədri Nazim İbrahimov AAK-ın gənclər qolunun gücləndirilməsi, konqresdə təmsil olunan təşkilatların ətrafınfakı gənclərin potensialından, imkanlarından səmərəli istifadə məqsədilə təşkilat komitəsi yaradılması təklifini irəli sürüb. Qurultay bu təklifi qəbul edib. Sonda prezidentə müraciət səsləndirilib.

Qeyd edək ki, AAK-ın IV Qurultayı 2011-ci ildə Şərqi Avropa ölkələrinin birində keçiriləcək.

 

  

P.SULTANOVA

 

525-ci qəzet.- 2009.- 16 aprel.- S.2.