Moskva Dövlət Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılış mərasimi keçirilib
Dünən Moskva
Dövlət Dillər Universitetində Azərbaycan Dili və
Mədəniyyəti Mərkəzinin təntənəli
açılış mərasimi keçirilib. APA-nın
Moskva müxbirinin verdiyi məlumata görə, bu mərkəz
Moskva Dövlət Dillər Universiteti və Bakı Slavyan
Universitetinin birgə layihəsi olaraq yaradılıb. Mərasimdə
MDDU-nun rektoru İrina Xaleyeva və BSU-nun rektoru Kamal Abdulla
simvolik lenti kəsiblər. Daha sonra rəsmi açılış mərasimi
universitetin akt zalında davam etdirilib. Mərasimə Moskvadakı Azərbaycan
icmasının nümayəndələri,
Rusiya Xarici İşlər Nazirliyinin,
Dövlət Dumasının,
Rusiya elmi ictimaiyyətinin nümayəndələri
və tələbələr
qatılıblar. Toplantıda
çıxış edən
İrina Xaleyeva bu gün dövlət
başçısı İlham
Əliyevin Moskvaya səfər edəcəyini,
bu aksiyanın həmin səfərə töhfə olduğunu deyib: "Mərkəz bu gün rəsmi
olaraq fəaliyyətə
başlayır, amma qeyri-rəsmi olaraq bir neçə ay fəaliyyət göstərir.
Artıq
üç il sonra Rusiyada ilk dəfə olaraq Azərbaycan dili tərcüməçiləri fəaliyyətə başlayacaq".
Səfir Polad Bülbüloğlu çıxışında
bildirib ki, mərkəzin açılışı
Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin
möhkəmlənməsinə daha bir sübutdur:
"Azərbaycan rus mədəniyyətinə hörmətlə
yanaşılmasına nümunə
rolu oynaya bilər, uğurla fəaliyyət göstərən
Slavyan Universiteti ilə slavyan xalqlarının, əsasən
də rus xalqının mədəniyyət
mərkəzidir. Rusiyanın yüksək
səviyyəli nümayəndə
heyətləri Azərbaycana
səfər zamanı
mütləq bu universitetə baş çəkirlər".
Bakı Slavyan Universitetinin rektoru, professoru Kamal Abdulla mərkəzin fəaliyyətinə
yardım göstərdikləri
üçün MDDU-nun rəhbərliyinə
təşəkkürünü bildirib: "Hələ üç il əvvəl bu nüfuzlu universitetdə Azərbaycan dilinin tədrisinə başlanılıb
və Slavyan Universitetinin yüksək səviyyəli müəllimi
Bella Musayeva burada yüksək səviyyədə
tədris keçir. Bu mərkəzin açılışı
ilə Rusiyada azərbaycanşünasların sayı artmış olacaq".
Rusiya
Xarici İşlər
Nazirliyinin MDB dördüncü
departamentinin direktor müavini Andrey Kryuçko çıxışında
bildirib ki, bu mərkəzin açılışı ikitərəfli
münasibətlərin inkişafına
böyük töhfə
vermiş olacaq: "Azərbaycan çoxmillətli
ölkədir, bu dövlətdə rus dili və mədəniyyətinə
böyük hörmətlə
yanaşılır. Bu mərkəzin açılışı
humanitar əməkdaşlıq
istiqamətində növbəti
hadisədir. Bundan əvvəl
Azərbaycanda Moskva Dövlət Universitetinin filialı açılıb,
Bakıda Rusiya Mədəniyyət Mərkəzi
fəaliyyətə başlayıb".
Rəsmi açılış mərasimindən
sonra tələbələr
Azərbaycan və rus dillərində tərtib olunmuş konsert proqramı ilə çıxış
ediblər.
525-ci qəzet.-
2009.- 16 aprel.- S.3.