"İş rejimimi görənlər düşünürlər ki, əslində məhsuldar deyiləm"

 

YAZIÇI-DRAMATURQ ELÇİN HÜSEYNBƏYLİ: "KİTAB GÜNDƏLİK TƏLƏBAT MALLARI KİMİ HƏMİŞƏ GÖZ ÖNÜNDƏ OLMALIDIR"

 

- Bu yaxınlarda kitabınızla bağlı İmza günü keçirildi və bununla da ədəbi mühitimizdə yeni bir ənənənin əsası qoyuldu. Bu barədə fikirlərinizi bilmək istərdik.

- Təklif Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anardan gəldi. Sədr bildirdi ki, Avropa ölkələrinin əksəriyyətində belə bir ənənə var, biz də tətbiq edək. Anar müəllimin təklifi ilə ilk addımı yeni çapdan çıxmış "Şah Abbas" romanımla mən atdım. Bəzi yazıçılar İmza günü keçirməyə çəkinirlər. Düşünürlər ki, oxucu gəlməz, pərt olarlar. Amma kimsə ilk addımı atmalıdır. Pərt olmaqdan da qorxmaq lazım deyil. Yazıçı ortada əsəri yoxdursa, pərt olmalıdır. Əsər yazırsa, özünə inanırsa, ciddi ədəbiyyata ciddi maraq yaratmaq istəyirsə, belə layihələrdən çəkinməməlidir. Keçirilən ilk İmza gününü başlanğıc üçün uğurlu hesab edirəm. Bir gündə 43 kitabım satıldı. Burada söhbət təkcə maddi qazancdan getmir, həm də kitabı əsasən hədiyyə almağa öyrəşmiş oxucunu kitabı pulla almağa sövq eləməkdən gedir. Məsələ burasındadır ki, imkanı çatan da yazıçıdan kitabı hədiyyə kimi umur. Yaxşı kitab oxumaq istəyirlər, amma ona pul verib əldə etmək istəmirlər. Belə adamların yeyib-içməyə, taksiyə verməyə, müxtəlif əyləncələrə, yaxşı geyinməyə pulları var, amma yaxşı kitaba pul verməyə qıymırlar.

- Bunda yəqin ki, bəzi qələm sahiblərinin də "günah"ı var. Yazdıqları kitabı hədiyyə kimi paylayaraq, oxucunu "pis öyrədiblər".

- Razıyam. Bəzi yazıçıları qınayıram. Deyirəm, bir neçə kitabınız çıxıb, hədiyyə eləmisiniz, daha belə eləməyin. Ya da özünüzə inanmırsınızsa, kitab buraxdırmayın. Yazıçının kitabını axtarıb tapanda, əldə edəndə o öz yazıçı eqosunu təmin etmiş olur, mənəvi rahatlıq tapır. Yazıçı qapı-qapı düşüb kitabını hədiyyə eləməli deyil. Onu da deyim ki, kitabımı hədiyyə eləmək baxımından ən xəsis yazıçı mənəm. Bunu hamı bilir. Bu addımı da qazanc üçün deyil, yazıçı eqomu təmin eləmək üçün atıram. Qeyd edim ki, mən ilk addımı atandan sonra İmza günü keçirmək üçün böyük bir yazıçı siyahısı yaranıb.

- Yazıçı kitabını satmaq üçün əsasən hansı işləri görməlidir?

- Bunu yazıçı etməli deyil. Kitabı reklam eləmək üçün yazıçının bazarı təşkil olunmalıdır. Kitab satışı şəbəkəsi bərpa olunmalıdır, böyük ticarət mərkəzlərində kitab bölmələri, kitab köşkü vergi vermədən fəaliyyət göstərməlidir ki, oxucu gəlib oxusun, yeni kitablarla tanış olsun. Kitab bazarı olmasa, reklam mənasız işdir. Bu işə də mütləq dövlət müdaxilə eləməlidir. İndi bizdə kitab satışı əsl problemdir. Bakı kimi böyük bir şəhərdə cəmi bir neçə kitab mağazası var. Bu çox azdır. Düşünürəm ki, kitab gündəlik tələbat malları kimi həmişə göz önündə olmalıdır ki, alıcıları cəlb etsin.

- Bu yaxınlarda Rusiya mətbuatında bir neçə hekayəniz və "Balıq-adam" romanınız çap olunub. Sizcə, yazıçılarımız dünyada, geniş miqyasda oxucu tapmaq üçün nə etməlidir?

- Burada əsas dil faktoru rol oynayır. Dünyanın aparıcı dillərində yazan yazıçıların oxucu auditoriyası qazanması, məşhurlaşması daha asandır. Dünya miqyasına çıxmaq üçün böyük məbləğdə yatırım olmalıdır. Buraya Azərbaycanda bəyənilən yazıçının sistemli tərcümə işi, yaxşı təqdimat yaxşı piarının təşkili məsələləri aiddir. Bu da zənnimcə, dövlətin nəzarəti köməyilə həyata keçirilməlidir. Moskvada bir neçə nəşriyyat var ki, "Don Juan" kitabımı nəşr etmək istəyir. Təbii ki, mən daha nüfuzlu nəşriyyata üstünlük verərdim. Yaxud fikirləşirəm ki, niyə bu əsər ispancaya tərcümə olunmasın? Bir ispana maraqlı olmazmı bir şərqli yazıçı onun ölkəsi haqqında hansı fikirdədir? Bunun üçün, əlbəttə ki, yaxşı ispandilli tərcüməçiyə ehtiyac var. Bütün bunlar hamısı yenə böyük maddi vəsait istəyir. Düşünürəm ki, bu işlər ən azı yaxın on il üçün real görünmür.

- Bu yaxınlarda Gənc Ədiblər Məktəbinin qonağı oldunuz. Bu məktəb, onun üzvü olan gənclər sizdə hansı təəssüratı oyatdı?

- Bu Məktəbin təşkili çox yaxşı addımdır. Gənc Ədiblər Məktəbi bugünkü ədəbiyyatımızın mənzərəsilə adekvatdır. Həmin gənclərin içərisində də istedadlısı, istedadsızı, orta səviyyəlisi var. Elə iddialıları da var ki, səs-küy salırlar, amma içində heç nə yoxdur, danqıldayırlar. Onların arasında cümlə qura bilməyənlərlə yanaşı çox istedadlılarına da rast gəlinir. Ancaq hələ istedad da hər şeyi həll eləmir. Onlar gələcəkdə imzalarını təsdiq etmək üçün çalışmalı, oxumalı, öz üzərlərində işləməlidirlər. Həm də başqa yazarların da haqqını tanımalıdırlar, qələm yoldaşlarına qısqanclıqla yanaşmamalıdırlar. Bu zaman onlar inkişaf və özlərini ədəbiyyatda təsdiq edəcəklər, sıralarından maraqlı şair və yazıçılar yetişəcək. "Ulduz" jurnalının aprel sayını bütünlüklə Gənc Ədiblər Məktəbi üzvlərinin ixtiyarına verdik ki, əsərlərini nəşr etdirsinlər. Həmçinin düşünürük ki, jurnalın nəşrindən sonra həmin nömrədəki materiallar haqqında tanınmış tənqidçilərin rəylərini, fikirlərini də gələcək saylarımızda dərc edək.

- Bu il ədəbi yaradıcılıqla məşğul olmağınızın 25 ili tamamlanır. Yazıçı kimi bu 25 il sizi qane edirmi?

- İlk hekayəm olan "Abunə pulu"nu 1984-cü ildə yazmışam. İlk kitabım isə xeyli gec çap olunub - 2001-ci ildə. Ümumilikdə, 25 il ərzində 9 kitabım işıq üzü görüb. Onlardan altısı roman, digərləri dramaturgiya və publisistika sahəsini əhatə edir. Ona yaxın dram əsərim səhnələşdirilib, bir o qədəri də səhnə həllini gözləyir. İlk hekayələrimin yer aldığı kitabımı bu il çap etdirməyi düşünürəm. Bu günlərdə "Metro vadisi" romanım ayrıca kitab halında işıq üzü görəcək. Məni məhsuldar yazıçı adlandırsalar da, özümü bu cür qiymətləndirmirəm. Mənim yaradıcılıq intizamımı, iş rejimimi görənlər düşünürlər ki, əslində məhsuldar deyiləm.

- Bəs indi hansı əsərlər üzərində işləyirsiniz?

- Hazırda əsas diqqətimi "Adım Mameddir, çünki..." adlı müzikl cəhdinə yönəltmişəm. Bu bir cəhddir. Necə alınacaq, gələcək göstərər. Eyni zamanda "Don Juan" əsərini də gələcəkdə müzikl şəklində səhnələşdirmək arzusundayam. Bundan sonra İstanbul həyatından bəhs edən "Ağ yelkənli günəş" romanım üzərində işləri yekunlaşdıracağam. Türkiyədə olanda bu roman əsasında film çəkmək istəyən televiziya kanallarının birindən təklif almışam. Bir sözlə, gələcək üçün planlarım yalnız yazıb-yaratmaqdan ibarətdir.
   

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 18 aprel.- S.27.