"Ədəbiyyat naminə" - yeni bir nəşr

 

KƏRAMƏT: "AZƏRBAYCANDA SAĞLAM ƏDƏBİ MÜHİTİN FORMALAŞMASINA ÇALIŞACAĞIQ"

 

Bugünlərdə "Ədəbiyyat naminə" adlı ədəbi-publisistik qəzetin ilk sayı çap olunub. Qəzetin təsisçisi və baş redaktoru şair Kəramətdir. "Fərqli, çox fərqli" devizi ilə işıq üzü görən qəzetin ədəbiyyata yer ayıran digər nəşrlərdən nə ilə fərqlənəcəyini öyrənmək məqsədilə baş redaktorla söhbətləşdik. Hələlik aylıq çap olunan qəzetin gələcəkdə iki həftədən bir nəşrini nəzərdə tutduqlarını deyən Kəramət bu mətbu orqanın hansı zərurətdən meydana çıxdığını belə açıqladı: "İctimai-siyasi qəzetlərdən fərqli olaraq, ədəbiyyat qəzetlərini mütləq bu sahədə istedadlı adam çap eləməlidir. Şəxsən mən bu qəzetə yaradıcılığımın bir parçası kimi baxıram. Fəaliyyətim dövründə təsisçi və baş redaktor olaraq oturub gözləməyəcəyəm ki, kimsə gətirib mənə, şeir, hekayə, ədəbi material versin. Müxtəlif meylli, əks cəbhədən çıxış edən, eyni masa ətrafında oturmayan, bir-birini qəbul etməyən, hətta təhqir edən yazarları bir araya, ortaq məxrəcə gətirməyə, onların ünsiyyətini, polemikasını təşkil etməyə, müştərək məcraya yönəltməyə, Azərbaycanda sağlam ədəbi mühitin formalaşmasına çalışacağıq. Zənnimcə, yalnız bu zaman gənclərin də həqiqi istedadı üzə çıxar, əsl ədəbiyyat yaranar. Bu şəkildə milli ədəbiyyatımız inkişaf edər, ədəbiyyatətrafı, təsərrüfat söhbətlərinə bənzəyən dartışmalar ortadan yığışılar. Nəticədə ədalət prinsipi gözlənilər, yazıçı və şairlərimiz bir-birinin haqqını tanıyarlar".

Kəramət qəzetin ədəbi-maarifçilik istiqamətini əsas götürərək nəşrini davam etdirməyi planlaşdırdığını dilə gətirdi. Baş redaktorun sözlərinə görə, müasir ədəbiyyatımızda təmsil olunan bəzi yazıçı və şairlərin, ciddi ədəbiyyatla məşğul olan və olmaq istəyən bir çoxlarının əsaslı şəkildə ədəbi yöndə maariflənməsinə ehtiyac var: "Ədəbiyyatla məşğul olmaq üçün orada baş verən prosesləri öyrənmək, təkcə öz ədəbiyyatımızda deyil, dünya ədəbi müstəvisində də nələr baş verdiyindən xəbərdar olmaq lazımdır. Biz redaksiya heyəti olaraq çalışacağıq ki, bu prosesləri qəzetin səhifələrində müntəzəm və geniş işıqlandıraq.

Ədəbi mühitdə tanınan şair və yazıçılarımız var ki, bir qədər inandırıcı görünməsə də, hələ "Dədə-Qorqud" dastanını oxumayıb, Füzulidən bixəbərdir, Dostoyevskinin romanlarını indi mütaliə etməyə başlayıb. Çox acınacaqlıdır ki, bu şair və yazıçıların bəzilərinin yaşı artıq əllini haqlayıb. Belə yazarlarla hansı ədəbiyyatı yaratmaq, yaxud dünyaya tanıtmaq olar? Mütaliəsiz birisınin səviyyəli əsər yaradacağına inanmaq çətindir".

Kəramət qəzetdə çap ediləcək səviyyəli materiallarla tanış olan gənc yazarların maariflənəcəyinə, ədəbi savadının artacağına, dünyagörüşünün genişlənəcəyinə və bunun sayəsində daha maraqlı əsərlər yaradacağına inamını ifadə etdi: "Ədəbiyyat naminə"nin səhifələrində lazımlı ədəbi materiallarla tanış olan hansısa istedadlı gənc artıq ədəbiyyata bir təsərrüfat sahəsi kimi baxmaqdan vaz keçib, onu ciddi fəaliyyət sahəsi kimi qiymətləndirəcək". Baş redaktorun bildirdiyinə görə, ədəbiyyata töhfələr verməkdən daha çox ondan imtiyaz umanlar normal ədəbi tənqidi də yoxa çıxarıblar: "İndi təəssüf ki, imzaya baxıb yazını oxuyur, tənqid və tərif edirlər. Bu da bizdə ədəbi tənqidin inkişafını ləngidir. Çünki ədəbiyyatımızdakı müasir tənqidçilərin əksəriyyəti təhlil etdiyi kitabın, mətnin yox, özünün obrazını yaratmaqla məşğuldur. Amma bu biabırçlığa son verib imzanı yox, ortada olan mətni təhlil etmək, araşdırmaq gərəkdir. Artıq imza sahibini tərifləyib, tənqid edib, bəzən də təhqir etməkdən əl çəkib mətnə enməliyik. Tarixdə də adı saxlayan mətndir. Bütün bunları nəzərə alıb düşünürəm ki, bizdə ciddi şəkildə maariflənməyə, normal ədəbi mühitin yaranmasına ehtiyac var. Biz bu ehtiyacı qəzetimiz vasitəsilə ödəməyə, bu boşluğu doldurmağa çalışacağıq. Qəzetimiz milli və dünya ədəbiyyatında gedən ədəbi proseslərə bir üst baxış nümayiş etdirməklə məşğul olacaq".

Qeyd edək ki, qəzetin ilk nömrəsində dünya ədəbiyyatında gedən prosesləri işıqlandıran yazılar, bütün dünyada tanınmış görkəmli ədəbiyyat adamlarının həyat və yaradıcılığı haqqında maraqlı materiallar, müxtəlif ədəbi nəsillərin və eləcə də Gənc Ədiblər Məktəbi üzvlərinin yaradıcılıq nümunələri yer alıb.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 18 aprel.- S.27.