Beynimizi xarab eləməyək!
İNSAN ORQANİZMİNİN
ŞAH ÜZVÜNÜ NECƏ QORUMALI?
İnsanların
bütün fəaliyyəti, işgüzarlığı,
istedadı, dünya görüşü, ağlı,
düşüncəsi, yaradıcılıq qabiliyyəti
bilavasitə beyinlə bağlıdır. Orqanizmi təşkil
edən milyonlarla hüceyrə, toxuma və üzvlərin -
sistemlərin qarşılıqlı əlaqələri və
yararlı iş əmsalları beyin vasitəsilə tənzim
olunur. Görmə, eşitmə, qoxu, dad bilmə və digər
vacib hissiyyatların dərk edilib, müvafiq cavab
reaksiyalarının verilməsi də beyinin fəaliyyətindən
asılıdır. O, özünün ali mənsəbinə
və vəzifəsinə uyğun olaraq orqanizmin ən uca
nöqtəsində - başda yerləşir, kəllə
sümükləri ilə hər tərəfdən əhatə
olunub, möhkəm qorunur.
Beyindən
aşağıda onun hər əmrinə müntəzir olan
bütöv orqanizm, beyindən yuxarıda isə bütünlükdə
dünyanı idarə edən qadir Allah qərarlaşıb. Beyin
hüceyrələrinin oksigenə və qana olan ehtiyacı,
başqa hüceyrələrə nisbətən, azı on qat
artıqdır. Özü orqanizmin ümumi çəkisinin cəmi
iki faizini təşkil etdiyi halda, orqanizmin enerji
potensialının 25 faizini istəyir. Beyin malik olduğu bu
enerjinin əsas hissəsini yaddaşın, düşüncənin,
müxtəlif emosiyaların tənzim olunmasına sərf
edir. Onun fəaliyyətinin pozulmalarının əsas səbəbi
beyin hüceyrələrinin - toxumalarının oksigen
çatışmazlığıdır. Oradakı oksigen
çatışmazlığının əsas səbəbləri
isə beyin damarlarının pazmaları
(sıxılmaları), sklerozu (kirəcləşməsi) və
hipertoniya xəstəliyi ilə bağlıdır.
Beyin damarlarının
divarlarına yağlı və yağabənzər maddələrin,
xüsusən xolesterinin yığılıb-toplanıb
çökməsi nəticəsində ateroskleroz xəstəliyi
baş verir. Nəticədə beyin damarlarının
divarları qalınlaşır, daralır, beyin hüceyrələri
kifayət qədər qanla və oksigenlə təmin olunmur. Bu
baxımdan bir sıra qabaqcıl Avropa ölkələrində
kərə yağı almırlar. Xüsusən Amerikada kərə
yağını evə buraxmırlar. Bizdə isə səhərlər
süfrələrə ilk növbədə kərə
yağı qoyulur və onu çox iştahayla yeyirik. Beyin
hüceyrələrində oksigen
çatışmazlığı onun normal fəaliyyətini
pozur, yaddaşı, yuxunu, düşünüb nəticə
çıxarmaq və yaradıcılıq qabiliyyətini
xeyli azaldır.
Hüceyrələr uzun
müddət oksigen çatışmazlığına məruz
qaldıqda isə bir sıra təhlükəli xəstəliklərə
- ürəyin işemiki xəstəliklərinə, infarkta,
insulta (beyinə qan sızması) əlverişli zəmin
yaranır.
Vaxtaşırı
baş ağrıları, baş gicəllənmələri, əsəbi
gərginliklər, yaddaşın, yuxunun pozulmaları beyində
oksigen çatışmazlığının ilkin əlamətləridir.
Ahıl və qoca yaşlarda beyin damarlarının sklerozu daha
bariz şəkildə təzahür edir. İnsanların
qocalması ilk növbədə beyin damarlarının aterosklerozu
nəticəsində yaranan oksigen
çatışmazlığı ilə bilavasitə
bağlıdır. Orqanizmi təşkil edən bütün
sistemlərin beyinin müvafiq nahiyələrində xüsusi
mərkəzləri mövcuddur. Bütün fəaliyyətlərimiz
bu mərkəzlər vasitəsilə idarə və tənzim
olunur.
Beyin mərkəzləri,
müxtəlif məqsədlərə xidmət etmələrindən
asılı olmayaraq, bir-birilə qarşılıqlı əlaqədə
fəaliyyət göstərirlər.
Müxtəlif səbəblərdən
bir sistemi idarə edən beyin mərkəzinin zəifləməsi
zamanı, başqa müvafiq mərkəz ona
yardımçı olur. Belə qarşılıqlı əlaqələr
çoxşaxəli, mürəkkəb və bəzən
izahedilməz amillərlə bağlıdır. Ümumiyyətlə,
beyinin quruluşu, çoxşaxəli fəaliyyəti, mərkəzlərin
qarşılıqlı əlaqələri tam izah edilməsi
mümkün olmayan, bəlkə də xüsusi magik qüvvə
ilə bağlı olan sirli - sehrli məsələdir. Beyinin
sinir mərkəzləri müəyyən məqamlarda
avtomatik və kompensator olaraq bir-birinə yardım etməyə,
hətta bir-birini əvəzləyə bilir ki, bunun da səbəbi
hələlik elmi yolla tam izah edilməyib.
Amerika alimləri son
vaxtlar beyindəki düşüncələrin 80 faizini
düzgün oxuyub-yoza bilən xüsusi skayner (aparat-qurğu)
yaradıblar. Elm aləminin səbirsizliklə gözlədiyi
bu kəşf təcrübədə müvəffəqiyyətlə
sınaqdan çıxıb. Bu aparatın köməyilə
insanların ağlından keçənləri oxumaq,
danışıqları, əməlləri ilə beyinlərindən
keçirdiklərinin fərqini aydınlaşdırmaq
mümkün olacaq.
İnsanların
keçirdikləri şadlıq-sevinc, qəm-kədər,
sevgi-nifrət və digər hisslər müxtəlif emosional
reaksiyalara səbəb olur və bu, beyin fəaliyyətilə
bağlıdır. Emosiyalar əsasən üç növdə
təzahür edir:
Xoşa gələn,
razılıq yaradan emosiyalar; xoşa gəlməyən,
narahatlıq yaradan emosiyalar; ciddi təsir göstərməyən
neytral emosiyalar.
Bəzən
qarışıq hisslər yaradan, mürəkkəb emosiyalar
da olur.
Emosiyaların təsiri
çox vaxt insanların həmin andakı ovqatlarından
asılıdır. Onlar insan ovqatının tənzimləyicisidir.
İnsan fərddir, özünəməxsus, spesifik
xüsusiyyətlərə malikdir. Bu baxımdan müxtəlif
hadisələrə reaksiyalar da müxtəlif olur. Emosiyalar bəzi
hallarda insanları müəyyən təhlükələrdən
qoruya bilir. Ekstremal vəziyyətlərdə qaçmaqla,
mübarizə aparmaqla vəziyyətdən çıxmaq
mümkün olur. Heyvanlarda emosiyalar fiziki tələbatlarını
ödəmək üçündür.
İnsanlarda isə bir
sıra mənəvi keyfiyyətlər - dostluq vətənpərvərlik,
qarşılıqlı yardımlar və güzəştlər
emosiyalarla bağlıdır. Çox vaxt vicdanlılıq,
günahkarlıq, peşmançılıq kimi hisslər
emosiyalarla əlaqədar təzahür edir. Sağlam-düzgün
emosiya baş verən hadisəyə adekvat olandır.
Emosiyanın adekvatlığı beyinin fəaliyyətilə
tənzim olunur. Sinir sisteminin vəziyyətindən
asılı olaraq emosiyalar həddən artıq güclü və
zəif ola bilər. Yetkin, ziyalı və aqil insan
emosiyalarını cilovlamağa qadir olmalıdır. Alimlər
xüsusi tədqiqatlarla - maqnit rezonans tomoqrafiya aparatı vasitəsilə
aşkar ediblər ki, beyində ətrafda baş verənləri
optimist ruhda görməyə imkan yaradan - hissləri bu istiqamətə
yönəldən xüsusi zona mövcuddur. Araşdırmalar
nəticəsində müəyyən edilib ki, müsbət
fikirlərə, xoşagələn emosiyalara beyinin alın
nahiyəsində yerləşən toxumalar cavab reaksiyası
verirlər. Göz boşluğunun arxasında yerləşən
həmin nahiyədəki hüceyrə və toxumalar insanlar
işıqlı, xoşbəxt gələcək haqda
düşünərkən xeyli aktivləşirlər. Elmi tədqiqatların
nəticələri eyni zamanda göstərib ki, insanlar xoş
gözəl gələcək haqda düşündükdə
optimist zona toxumaları fəallaşır, beyinin emosiyalara
cavab verən badamvari kütləsi aktivləşir. Deməli,
yaxşı işlər görmək, xeyirxahlıq, xoş gələcək
haqda düşünmək və bu yöndə
çalışmaq beyində öz əksini tapır, onu fəallaşdırır.
Əksinə pessimistlik, pis ovqat, bədgümanlıq insanlarda
depressiya halları yaradır, beyinin normal fəaliyyətini
pozur. Gülüş, yüksək ovqat gərginliyə yol
açan, xəstəlik törətməyə meylli bir
sıra hormonların, xüsusən adrenalinin azalmasına səbəb
olur. Orta əsrlərdə tanınmış həkim Əli
Veysəl ağır qızılca xəstəliyinə
yoluxan, həyatı təhlükədə olan uşaqları
güldürməklə müalicə edərmiş.
Beyin fəaliyyətinin ən
vacibi ağıl və yaddaşla bağlıdır. Kimliyindən,
nəçiliyindən asılı olmayaraq, demək olar ki,
bütün insanlar ağıllarından razıdırlar. Hamı
elə bilir ki, hamıdan ağıllıdır. Heç kəs
öz ağlından şikayətçi deyil. Bu da insan xislətinin
qəribəliklərilə bağlıdır. Lakin
insanların böyük əksəriyyəti, bəlkə də
hamısı yaddaşından razı deyil. Onlar
yaddaşlarının daha yaxşı olmasını arzulayırlar.
İnsan həyatında yaddaşın rolu böyükdür.
Dünyada insan fəaliyyəti sayəsində
yaradılan və mövcud olan hər nə varsa, fikrin və
yaddaşın sayəsində əmələ gəlib. Həyatda
baş verən müxtəlif və mürəkkəb hadisələri
düzgün dərk edib, yadda saxlamaq baxımından insan
beyini çox böyük, bəzi hallarda hüdudsuz imkanlara
malikdir. Bəzi yaradıcı insanlar (rəssamlar,
heykəltəraşlar, yazıçılar) öz
yaddaşlarına güvənərək yaxından bələd
olmadan, bəzən üzünü görmədən bir
çox insan haqda maraqlı və heyrətamiz əsərlər
yarada bilirlər. Böyük ağıl həm də
böyük yaddaşdır. Yaddaş beyin
yaradıcılığında ən vacib rol oynayır. Bəzi
hallarda isə ağıllı, talantla, istedadla yaddaş
arasında müəyyən uyğunsuzluqlar, hətta
böyük ziddiyyət ola bilər. Elə hal olur ki,
yaradıcı insan özü yaratdığı əsəri
unudur. Dahi Lev Tolstoy "Hərb və sülh" əsərinin
radioda oxunmasına böyük maraqla qulaq asar, əsərin
özü tərəfdən yazıldığını
unudarmış.
Dünya şöhrətli
Valter Skot bir poemanın oxunuşunda iştirak edib, çox
xoşuna gəlib. Həmin əsərin özünün
yazdığı "Pirat" poeması olduğunu öyrənəndə
təəccüblənib. Belə misallar yüzlərlədir.
Hamı möhkəm
yaddaşa malik ola bilməz. Lakin
daima, ardıcıl olaraq öz üzərində işləməklə,
oxumaqla düşünüb nəticə çıxarmaq tələb
edən məsələlərlə məşğul olmaqla,
onların dərinliklərinə varmaqla, yaddaşı
cilalamaq, onun gizli qatlarının açılmasına nail
olmaq mümkündür. Dəmir uzun
müddət işlənmədikdə pas atır, korroziyaya
uğrayıb, çürüyür, dağılır.
Beyin də belədir, uzun müddət ciddi
şəkildə işlətmədikdə zəifləyib
atrofiyaya uğrayır, ağlın, yaddaşın
korlanmasına zəmin yaradır.
Beyinin çoxşaxəli
mürəkkəb və bəzən izahı mümkün
olmayan fəaliyyət növləri var. Lakin beyinin ən əsas
fəaliyyəti, beyin qabığında gedən oyanma və
tormozlanma proseslərilə əlaqədardır. İnsanların
bütün davranışları -
çılğınlıqları, laqeydlikləri, təvazökarlıqları,
simasızlıqları, mənəviyyatları, şəxsiyyətləri
oyanma və tormozlanma proseslərinin qarşılıqlı
nisbətindən asılıdır. Beynində oyanma prosesi
üstünlük təşkil edən, hadisələrə
tez və çılğın reaksiya verən, tələskən,
ölçüb-biçmədən qərar qəbul edən,
xislətini tez-tez dəyişənlər də var, sakit, təvazökar,
sözünün-hərəkətinin yerini bilən, şəxsiyyətini,
mənliyini hər şeydən uca tutan, ən ağır
anlarda belə, əqidəsinə sadiq qalanlar da. Şəxsiyyətsiz,
mənəviyyatsız, əqidəsiz, yalnız öz xeyrini
güdən, bütün fəaliyyətini buna sərf edənlər
əsil insan sayıla bilməzlər. Tibbi baxımdan belələrini
parazit insan hesab edirlər.
İnsan həyatı
üçün son dərəcə vacib olan bir üzvü -
beyini necə qorumalı? Beyini qorumaq üçün ilk
növbədə xarici mühit - torpaq, hava, su
qorunmalıdır. İnsan onu əhatə edən xarici
mühitin bir hissəsidir. Xəstə mühitdə sağlam
insan ola bilməz! Beyinin normal fəaliyyəti əzələ
işi ilə də sıx bağlıdır. Dünyanın
məşhur alimləri, yazıçıları
bütün ömrü boyu əqli-yaradıcılıq
işlərini fiziki-əzələ işlərilə
növbələşdiriblər. Əzələ işi, fəal
hərəkət beyin fəaliyyətini tənzim edir. Dahi Lev
Tolstoy ciddi yaradıcılıqla məşğul olarkən hər
hansı çətinliklə üzləşdikdə, beyinin
yorğunluğu ilə əlaqədar yazısı istədiyi
kimi alınmayanda açıq havaya çıxar, idmanla məşğul
olar, qaçar, at çapar, velosiped sürər, yaxud hovuzda
üzərmiş. Sonra çox asan və səmərəli
işləyərmiş.
Beyinin
qidalandırıcı maddələrlə - arterial qanla və
oksigenlə təmin olunması üçün normal və
ciddi rejimlə (hər gün eyni saatda) qidalanmaq vacib şərtdir.
Tez həzm olan, yaxşı-yumşaq bişən, vitaminlərlə
zəngin qidalara üstünlük verilməlidir. Yağlı,
şəkərli, duzlu, ədvalı,
qızardılmış yeməklərdən çəkinmək
vacibdir. Yapon alimləri isbat ediblər ki,
sağlamlığın qorunması və beyin fəaliyyətinin
tənzimlənməsi üçün balıqdan, xususən
dəniz və okean balıqlarından maksimum istifadə edilməlidir.
Təmiz bal beyinin normal işləməsi üçün
vacibdir. Mütaliə ilə daima və ardıcıl məşğul
olmaq, şeir əzbərləmək, düşünüb-nəticə
çıxarmaq tələb edən məsələləri
araşdırmaq, beyin hüceyrələrini hər an intensiv
işləməyə yönəltmək beyini daima lazımi
formada saxlayır.
Beyinin fəaliyyəti
beş yaşa qədər 90 faiz formalaşır. Bu
baxımdan uşaqlarla ardıcıl məşğul olmaq,
onların diqqətinin güclənməsinə
çalışmaq vacibdir. Xoş rəftar,
qayğıkeşlik, ədalətlilik, humanistlik uşaqlarda
beyin fəaliyyətinin düzgün formalaşmasına əlverişli
mühit yaradır.
Yerli-yersiz, uşaqlara
irad tutmaq, onları danlamaq, alçaltmaq, təhqir etmək,
döymək narahat, əsəbi, aqressiv böyümələrinə,
beyin fəaliyyətinin pozulmasına səbəb olur. Yaponlar
uşaqları ciddi günah işlətdikdə də onlara
xoş üz göstərib, qayğıkeşlik edirlər. Bəlkə
buna görə də dünyanın ən ağıllı,
düşüncəli adamları yaponlar sayılır, ən
parlaq müasir texniki kəşflər onların adları ilə
bağlıdır. Ardıcıl olaraq spirtli içkilərin
qəbulu, siqaret çəkmək, narkotiklərə aludəçilik
beyinin normal fəaliyyətini pozur, müxtəlif
sarsıntılara zəmin yaradır. Həddən artıq
yorğunluq, yuxusuzluq, emosional gərginliklər beyin qan
dövranının və yaddaşın pozulmasına
aparıb çıxarır. İnsan yaşa dolduqca beyin
damarlarında skleroz prosesi artır, beyin hüceyrələri
kifayət qədər qan və oksigen ala bilmir. Bu da öz
növbəsində yaddaşın, yuxunun pozulmasına, baş
ağrılarına, baş gicəllənmələrinə gətirib
çıxarır. Beyinin vaxtından əvvəl
qocalmasının qarşısını almaq
üçün peşəkar həkimlərin məsləhətilə,
tarixin sınaqlarından çıxıb, özünü
doğrultmuş dərmanlar vaxtaşırı qəbul edilməlidir.
Belələrindən "Kavinton-forte" (və əvəzediciləri),
"nootropil", "stugeron" ("sinnarizin"),
"aspirin", "S vitamini", "nikotin turşusu" və
digərlərini göstərmək olar. İnsan yaşa
dolduqca ağırlaşır, tənbəlləşir,
istirahətə, uzanıb dincəlməyə meylli olur. Belə
passiv vəziyyət beyinin qocalmasını tezləşdirir.
Ahıl və qoca yaşlarda hər gün ardıcıl olaraq
açıq havada kifayət qədər (azı bir saat) piyada
gəzmək, yaşa və sağlamlıq durumuna uyğun
olan idman hərəkətləri etmək beyinin
"qocalmasını" ləngidir.
Beynimizi - orqanizmi təşkil
edən bütün üzvlərin şahını, idarəedicisini
qoruyaq!
Hacıbala BƏDƏLLİ
525-ci qəzet.- 2009.- 18 aprel.- S.26.