Ağ Səsin
şair oğlu
Qulu Ağsəs də qırxıncı otağın
qapısını döydü. Bəlkə də
qırxbirincinin. Döydü
deyəndə ki, ömrün qırxla başlayan otağı qapısını taybatay açıb özü ona "xoş gəldin" dedi. Bəlkə şeirləri
ilə baş-başa
qalanda, qırx illik yol yoldaşına
"xoş günün,
xoş üzün olsun" pıçıldadı,
bilmirəm...
Onun haqqında yazı
yazmaq istəyimin dörd yaşı tamam olur. Çox olmasa da az vaxt da deyil.
Tələbəliyimin ikinci ilində,
sıxıla-sıxıla, qorxa-qorxa Yazıçılar
Birliyinə gəlib-getdiyim
vaxtlarda balaca bir şeir kitabı
keçmişdi əlimə.
Daha doğrusu, kitabı dostum Əsəd Cahangirin stolunun üstündə görəndə
"Ağsəs" təxəllüsünə
rast gəlmədiyimdən
maraqlı, həm də qəribə görünmüşdü mənə.
İsa Muğannanın "İdeal"
romanını xatırlayıb
SafAğ elmi haqqında fikirləşmişdim
və mənə elə gəlmişdi ki, bu təxəllüsü
Qulu müəllimə
İsa Muğanna verib. Kitabın arxasındakı tərcümeyi-halı
oxuyandan sonra gördüm ki,yoxAğsəs
şair dostumun atasının adıdır.
"Atam Ağsəs
Cəfərqulu oğlunun
əcəl elçisi
kimi bu dünyaya
təşrif buyurdum.
Rəşad Məcid deyəndə
ki,Qulu Ağsəsin qırx yaşı tamam olur, inanmadım. Amma
üstünü də vurmadım. "Quludan bir yazı yaza
bilərsənmi?" deyəndə ürəyimdən oldu,
sinəmi qabağa verib özümdən razı halda dilləndim
ki, niyə yaza bilmirəm, yazaram. Və qismətə bax
ki,dörd il əvvəl onun haqqında yazmaq istədiyim
sözlərimi taleyi qırx yaşında qarşıma
çıxardı.
Yolumu "Ulduz"
jurnalının redaksiyasından salıb qapısını
döydüm. Telefonla danışırdı. Gülümsəyib
başı ilə salamımı aldı. Mane olmaq istəmədim,
aprel sayı Gənc Ədiblər Məktəbi üzvlərinin
ixtiyarına verilən "Ulduz" jurnalının
materiallarını təhvil vermək üçün gətirəcəyinə
söz verən dostumuz Qisməti gözlədim.
Həmin gün Qulu
Ağsəslə üç saatdan çox söhbətimiz
oldu. Həyatdan, gün-güzərandan, bəxtdən, taledən...
hər şeydən danışdıq. Ədəbiyyata gəlişini
xatırladı, o vaxtlar yığışdıqları ədəbi
məclisi, qazandığı dostları gözünün
qabağına gətirdi. Ölümdən-itimdən
yazdığına, həyatın hamının görə
bilmədiyi qaranlıq künc-bucağını şeirə
gətirdiyinə görə töhmətin,
qınağın, tənqidin birinin bir qəpikdən
üstünə gəldiyini, yox, hücüm çəkdiyini
etiraf etdi. Hamının tanıdığı məşhur
bir şairin qəbuluna düşüb "şeir gətirmişəm"
demək üçün saatlarla qapı dalında gözlədiyini,
sonra şeirlərini oxuyub rəy gözləyəndə
redaktor şairin özündən çıxıb onu
şeir gətirdiyinə peşman etməsini
gözünün qabağına gətirəndə
acı-acı gülümsəməsini gizlədə bilmədi.
Ev-eşik, maşın,
təqaüd dərdində olan şairin "mən
ölümə gedən oldum" yazan gəncə qəzəblənib
güldən-bülbüldən, çəmənzardan,
sentimental sevgidən və başqa belə-belə şeylərdən
yazmamasına görə ona az qala öz əlləri ilə
"ölüm hökmü" kəsməsinin
acılığını itirmək üçün yumorla
danışdı. Bəlkə də bizi yormamaq, qorxutmamaq
üçün...
Qulu Ağsəsin
şeirləri haqqında danışmaq vaxtı gəldi. Əlbəttə,
hər birində həyat, insanlıq fəlsəfəsi gizlənən
şeirlərində sufi psixologiyası, Şərqdə təsəvvüf,
Qərbdə ekzistensializim adlanan baxışların hər
hansı elementini axtarıb-aramaq niyyətində deyiləm. Nədənsə,onun
şeirlərini oxuyanda bir anlıq düşündüm ki,
poeziyamızı yaxşı və pis dəyərlərə
bölüb qəliblənmiş mövzulardan o yana adlaya bilməyən
şairlərin yaratdığı "təmiz" və
"murdar" obrazları dağıtdı. Ürəyini,
canını, qanını və Allahdan gizli olmayan sirlərini
şeirdən gizlətmədi, oxucuya çox görmədi. Və
onun bütün yaradıcılığındakı səmimiyyət,
şıltaqlıq, təmizlik oxucu üçün yad,
göydəndüşmə olmadı.
Axırı
xeyir olsun,
qaşınır
ovcum yenə.
Tanrıya
diləyim var –
Bəndəyə
borcum yenə.
Tanımıram
heç kəsi,
Heç nəyə
qarışmaram.
Küsmüşəm
bu dünyadan,
Ölsəm də,
barışmaram.
Qulu Ağsəs
şeirlərində az sözlə çox şey deyir və
bəzən adamın ağlına gəlir ki, insanın
gözə görünməyən, ölmüş hisslərini,
duyğularını oyadan bu sözləri
şıltaqlığına, ipə-sapa yatmadığına
görə Allahın özü pıçıldayıb, ona
nəsihət edir.
Çıxamaq
istəyirəm üzü qüruba-
Apar dərgahına
məni,Yaradan,
Kimsəni
yarıdammadım,
Bəlkə
səni yarıdam...
Yaxud:
Nə
boydasan görən heylə?
Bir
ölçüyə gəlmirsən.
Baş
çəkmirsən qullarına
Bizə
niyə gəlmirsən?
...
Üzünü görməsək də
Xofun
yamandı,Allah!
Bizi
qırıb qurtarmamış
"Ölmə"
, amandı, Allah!...
Aprelin 20-də Qulu
Ağsəsin 40 yaşı tamam olur. "Mən doğulan
gün" adlı şeiri onun ad gününə hədiyyə
olan bu yazının ruhuyla səsləşməsə də,
hər halda, gözəl şeirdi.
Anama: "Sevin"-
dedilər,
"Bu oğlun, evin", - dedilər.
Mən doğulan gün dedilər
Aprelin 20- nə
İstədim öləm,
qoymadı,
Lap nahaq yerə
qoymadı.
Tanrım bir daşı qıymadı
Aprelin 20-nə.
Deyəsən, Qulu Ağsəsdən inciməyin
də, gileylənməyin
də yeri görünür axı...
Təki, Tanrı o daşı ömrü boyu qıymasın, çox görsün aprelin 20-sinə, Qulu Ağsəs...
525-ci qəzet.- 2009.- 18 aprel.- S.25.