Ömürlü kitab

 

İntiqam Mehdizadə kommunist düşüncəsinə milli ictimai düşüncəni qarşı qoyan və son 40-50 illik prosesdə bu düşüncənin oturuşub məfkurəyə, əməli fəaliyyətə çevrilməsi uğrunda mücadilə aparan ziyalı nəslinə mənsubdur. Özünəxas dəsti-xətti və nəcib şəxsiyyəti ilə Azərbaycan jurnalistikasına mötəbərlik gətirən bu aydının imzası oxucu kütləsinə 60-cı illərin sonlarından tanışdır. 70-ci illərdən isə dinləyici auditoriyasına da nüfuz etməyə başlayır. Musiqidə, təsviri sənətdə, teatr və ədəbiyyatda sürətli yeniləşmə prosesi getdiyi, müxtəlif yaradıcılıq sahələrinin, orada çalışan parlaq simaların bir-biri ilə səsləşərək ümummilli mədəniyyətimizin intibahını gəliştirdiyi belə bir tarixi dövrdə hər hansı şəkildə mühitdə olmaq böyük şans idi. O zamanlar üçün milli efir məkanında şəriksiz lider olan Dövlət Radio-Televiziya Komitəsində yaradıcı işdə çalışmaq bütün mühitlərdə təmsil olunmağa bərabərdi. Çünki dövrün şərtləri daxilində olsa belə, bu qurum ümumi mədəni-ictimai ab-havanı ehtiva edirdi. Elmimizə, sənətimizə möhürlərini vuran böyük şəxsiyyətlər burdan gəlib keçirdi. Müxtəlif yaradıcılıq təmayüllərinin təqdimatı bu məkanda gerçəkləşirdi. Fitrətən universal təfəkkürə malik olan İntiqam Mehdizadə belə bir mühitdə daha da cilalanaraq özündə jurnalist, publisist, sənətşünas, yazıçı, şair imkanlarını birləşdirən mütəhərrik bir qələmə sahibləndi. Yaxınlarda "Qarabağ" nəşriyyatında işığa çıxan "Karvanın sarvanı" kitabı da özünü sadəcə, jurnalist adlandıran bu mütəvazi sənət adamının plastik qələm məhsuludur.

"Karvanın sarvanı" və "Duyğular" adlı iki bölümdən ibarət olan kitab janrca sintetik olduğu kimi, predmeti də müxtəlifdir. Sənədli hekayə, portret oçerk, esse, publisistik qeydlər, müsahibə kimi rəngarəng janrlarda qələmə alınan yazıların əhatə dairəsi geniş, zamanı hüdudsuzdur.

Məhəmmədəmin Rəsulzadə, Heydər Əliyev, Ziya Bünyadov, Xudu Məmmədov, Şəfayət Mehdiyev, Şirməmməd Hüseynov, Əkrəm Cəfər, Əli Fəhmi, Soltan Hacıbəyov, Bəhram Mansurov, Qədir Rüstəmov, Şövkət Ələkbərova, Rübabə Muradova, Flora Kərimova, Barat Şəkinskaya, Əliağa Ağayev, Nəsibə Zeynalova, Səməndər Rzayev, Lətif Kərimov, Tofiq Cavadov, Mir Cəlal, İlyas Əfəndiyev, Əkrəm Əylisli, Rəsul Rza, Əli Kərim, Məmməd Araz, Fikrət Qoca, Ramiz Rövşən... Bir sözlə, xalqımızın son yüzildəki mədəni, ictimai- siyasi inkişafında böyük xidmətləri olan, fəaliyyətləri ilə gələcəyimizin təməllərini, yollarını müəyyənləşdirən görkəmli siyasi şəxsiyyətlər, elm fədailəri, aparıcı ədəbiyyat adamları, mədəniyyətimizin sönməz ulduzları. Bir qismi dünyalarını dəyişib tarixə çevrilən, bir qismi çağdaş tariximizi yaratmaqda davam edən bu müqtədir insanları bizlərdən uzun zamanlar ayırmadığı üçün gözümüzdə-könlümüzdədirlər. Fəqət, hər birimiz onları öz baxdığımız yerdən görürük. Bəs "Karvanın sarvanı"nın görümü necədir, mövcud təsəvvürlərimizə nələri əlavə edib, nələri dəyişdirib? Bu sualın cavabı hər kəsə, yəqin ki, kitabı oxuyanda bəlli olacaq və mən təəssürat fürsətini oxucuya buraxaraq olduqca həssas bir məqam üzərində dayanmaq istəyirəm.

Birisi Buddanın yanına məsləhətə gəlir: "Bir işə başlamaq istəyirəm, öncə nədən başlayım?" Budda deyir: "Ən zəruri olandan."

Bəs ən zəruri olan nədir? Məqsəd fərdi olanda cavab da fərdiləşir, yəni hər kəs istək və arzusundan asılı olaraq özü üçün ən zəruri olanı müəyyənləşdirə bilər. Cəmiyyətin, qövmün, dünyanın hüzur və nizamı üçün hər kəsin ayrılıqda və hamının birgə görməli olduğu ən zəruri iş isə ilk növbədə Həqiqət və Ədalətə tapınmaqdır.

Hesab edirəm ki, İntiqam Mehdizadənin yazıçı kimi gördüyü ən zəruri işlərdən biri məhz budur; karvanın sarvanı vəzifəsini (bu bir iddia deyil, sadəcə, bir bələdçi olduğunu göstərməkdir) üzərinə götürərkən mümkün qədər Həqiqət və Ədaləti başının üstündə görməsidir.

Bunlar fəlsəfənin və gerçəkliyin elə mühüm kateqoriyalarıdır ki, bütün insani duyğular onların varlığından doğulur.

"Duyğu insana xas olan, onu digər canlı varlıqlardan fərqləndirən, uca Allahın insana rəva bildiyi ali nemətdir. Onun gücünə kamilləşir, sərraf olur, yaxşının yaxşı, yamanın yaman yerini bilirik... Gözəllik duyğusu var, ağrı-əzab duyğusu var, ölüm duyğusu var. Bir də HƏQİQƏT duyğusu... Yaradıcı insanda həqiqət duyğusunun olması vacib şərtdir. "

"Duyğular" bölümünə girişdən gətirdiyimiz bu iqtibasda yazıçının mənəvi Konstitusiyasının ali meyarlara söykəndiyi bir daha təsbit olunur. Həqiqət duyğusu reallığı görməkdirsə, ədalət duyğusu reallıq içində doğrunu, haqlını görməkdir. Qarşıdakının sənə münasibətindən, uzaq-doğmalığından, ictimai-siyasi mövqeyindən asılı olmadan onun fəaliyyətini, cəmiyyətdəki, xalqın tarixindəki yerini dəyərləndirmək həm də böyük bir etiraf mədəniyyətidir. Normal cəmiyyətlərdə etiraf adi bir norma olduğu halda, təəssüf ki, bizlərdə mətahdır. Cəmiyyət qütbləşdiyinə, yox, qütbləşmək böyük sözdür, maraqlar üzrə qruplaşdığına görə, şəxsiyyətlərimizin dəyərləndirilməsi bir yana, adicə adlarının bir sırada çəkilməsi bəzən cəsarət kimi qəbul olunur. Bu böyük ağrıdır və mən bu ağrını xırdalamaq istəmirəm. Sadəcə, məmnunluq və ehtiram hissiylə demək istəyirəm ki, İntiqam Mehdizadə hər cür bölücülüyün fövqündə duran bütöv ziyalılarımızdandır. Zamanın səmt küləkləri onun Həqiqət və Ədalət tərəzisini əyə bilmədiyindən xalqımızın bütün böyüklərinə eyni sevgiylə yanaşır, onların hər birini öz tarixi, mənəvi statuslarında görür.Və bu Bütövlük, Duyğularına xəyanət etməmək, Haqqı Mövqenin ayağına verməmək qeyrəti təkcə "Karvanın sarvanı" üçün deyil, ümumiyyətlə, bu ziyalının bütün jurnalistlik, yazıçılıq fəaliyyəti üçün bariz göstəricidir.

On ikinci əsr Azərbaycan mədəni mühitindən bəhs edən "Odlu diyar" romanı çoxumuza tanış olsa da, 80-ci illərə qədər əsərin müəllifi haqqında məlumat yox dərəcəsində idi. Ədəbiyyatımızda ilk tarixi romanlardan olmaqla, həm də Azərbaycan haqqında rusca yazılan, 1945-ci ildə A. Fadeyevin "Drujba narodov" jurnalında çap etdirdiyi bu qiymətli əsərin müəllifi Anatoli Zöhrabbəyov 37 yaşında dünyadan getdiyinə görə, üstəlik, onu tanıyanların az olması və biganəliyi səbəbindən məchul qalmışdı. Bu fəci taleli yazıçı haqqında mötəbər məlumatlar İntiqam Mehdizadənin apardığı israrlı araşdırmalardan sonra məlum oldu. Həmin araşdırmaların bəhrəsi kimi bu kitabda yer alan "Odlu diyarın Anatolisi" adlı yazı oxucuları məlumat qıtlığından çıxarmaqla yanaşı, müəllifin bir yazıçı kimi ən savab işlərindəndir.

Mən yalnız bir faktı misal gətirdim. Ümumiyyətlə, peşəkar jurnalist qələminin məhsulu olan "Karvanın sarvanı" informasiya yüküylə, enerji hissiyyatla zəngindir. Fikrimcə, bunun əsas səbəbi müəllifin kənar müşahidəçi qismində deyil, iştirakçı, hətta tərəf müqabili statusunda olmasıdır. Bəlkə bu kənardan "eqo" nümayişi, məncillik kimi görünə bilər. Əslində isə müəllifin bəzən müsahib, bəzən təhkiyəçi, şərhçi qismində qəhrəmanlarının yanında olması, onlara məhrəmliyi içəridən baxması ədəbi-bədii ştrixlər verdiyi portretlərin real fakturasını yaxın məsafədən işıqlandırmaqla yanaşı, yaradıcılıqda vacib olan energetik amili gücləndirir. bütün bunlar "Karvanın sarvanı"nın ömürlü bir kitab olacağına dəlalət edir. Min yaşasın!

 

 

Bəsti ƏLİBƏYLİ

 

525-ci qəzet.- 2009.- 18 aprel.- S.25.