Kazımbəy nəsli: iki yüz il Rusiya ilə birlikdə

 

ZƏRURİ SÖZ ÖNÜ

 

2001-ci ildə rus dilində "Rusiya şərqşünaslığında Azərbaycan məktəbi" adlı monoqrafiyam çap olunmuşdu. Onun bir nüsxəsini mərhum dövlət başçısı Heydər Əliyevə təqdim etmək qərarına gəldim. Prezident kitabı götürüb yarıciddi-yarızarafat tərzdə: "Biz sənə məsul vəzifə tapşırmışıq. Belə işlərlə pensiyaya çıxandan sonra məşğul olarsan!" - dedi.

Kitabın çoxdan yazıldığını, 11 il əvvəl müdafiə etdiyim doktorluq dissertasiyası əsasında hazırlandığını bildirdim. Prezident mündəricata və şəkillərə baxdı. Sonra: "Sən bilirsənmi ki, bu Kazımbəylərin biri Rusiyanın mühüm keşişlərindən olub?" - deyə soruşdu.

Mən şərqşünas-alim Mirzə Kazımbəyin Rusiya Sinodu yanında müqəddəs kitabların tatar dilinə tərcüməsi üzrə komissiyanın üzvü kimi fəaliyyətindən danışmağa başladım. Dövlət başçısı sözümü kəsib: "Yox, yox, mən bu yaxın vaxtları, 1970-ci illəri nəzərdə tuturam. O vaxt Kazım bəy soyadlı bir nəfər Moskva Patriarxatlığında işləyirdi. Yəqin eyni nəsildən olarlar. Sən bir maraqlan!" - dedi.

Aradan illər keçəndən sonra maraqlandım və nəticədə bu yazı meydana çıxdı.

Azərbaycanəsilli ziyalılar, elm və sənət adamları, ictimai-siyasi və hərbi xadimlər yüz illər boyu dünyanın müxtəlif ölkələrində yaşayıb fəaliyyət göstərmiş, fərqli xalqların mədəniyyətinə və dövlətçilik institutlarına xidmət etmişdilər. Tarixi zərurət nəticəsində elmi-ədəbi fəaliyyət sahəsini seçən soydaşlarımız əsərlərini yaşadıqları ölkələrin dillərində yaratmış, bir sıra hallarda isə mənsub olduqları xalq və doğma vətənləri ilə əlaqələrini tamam itirmişdilər. Təəssüf doğuran haldır ki, həmvətənlərimizin bəziləri zaman keçdikcə hər bir insan üçün ən böyük sərvət olan ana dilini unutmuş, övladlarını milli ruhda tərbiyə edib böyütməyin qayğısına yetərincə qalmamışdılar. Onların arasında dini və milli mənsubiyyətlərini xüsusi nəzərə çarpdırmamağa çalışanlara, ad və soyadlarını, hətta dinlərini dəyişənlərə də təsadüf olunur.

Başqa xalqların eyni tale yaşayan, lakin milli köklərindən, din və dilindən ayrılmayan, hətta ayrılsa belə genetik cəhətdən bağlı olduğu etnosla əlaqələrini üzməyən insanları ilə müqayisədə, bu təbii ki, son dərəcə hüznlü və kədərverici haldır. Və belə hallarda mən həmişə böyük Cavidin Topal Teymurun dili ilə azərbaycanlılar haqqında dediyi çox da xoş səslənməyən sözlərin sənətkarın qəlb ağrısından və ürək yanğısından başqa bir şey olmadığı həqiqətinə bir daha inanıram...

Amma nə etmək olar? Necə deyərlər, tarix heç zaman şərt şəklini qəbul etmir. Görünür, bu da bir tale yazısıdır.

Belə şəxsiyyətlərin-yəni, mühacirətin milli köklərdən uzaqlaşmış ayrı-ayrı nümayəndələrinin Azərbaycan xalqının, onun tarix, ədəbiyyat, elm və mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi öyrənilməsi nə dərəcədə zəruri və məqsədəuyğundur? Bizim buna çoxmu ehtiyacımız var? Millətin bu cür "yolunu azmış oğulları"nı Rembrandtın məşhur tablosundakı şəfqətli ata kimi qəbul edib bağrımıza basmağımız nə dərəcədə məntiqidir?

Milli mədəniyyətimiz adlar, şəxsiyyətlər, hadisələr baxımından yetərincə zəngin və rəngarəngdir. Bəlkə də bu zənginlik fonunda Azərbaycana bağlılıqları sadəcə etnik mənsubiyyətdən ibarət olan, müəyyən səbəblər üzündən milli-mənəvi duyğuları öz xalqı ilə bölüşməyən, onun yaşantı və mübarizələrinə qatılmayan, yaxud bunu istəməyənləri "özümüzünkü" saymaq bir qədər qeyri-vətənpərvər təsir bağışlaya bilər.

Amma belə yanaşma tərzi əslində daha çox ilk baxışdan meydaha çıxan emosional qənaətdir. Ani hisslər isə heç də həmişə ən yaxşı bələdçi və yolgöstərən sayıla bilməzlər.

Bu yaxınlarda professor Rudolf İvanovun bütün həyatı boyu Rusiya imperiyasına sədaqətlə xidmət etmiş azərbaycanəsilli sərkərdə, çarın çoxmilyonlu müsəlman təbəələri içərisindən yetişən yeganə general-adyudantı (doğrudur, daha əvvəllər Tarkovsk şamxalı və Buxara əmiri də bu rütbəyə layiq görülmüşdülər. Lakin rus ordusu və çar sarayı ilə birbaşa bağlılıqları olmadığından onların təyinatı daha çox simvolik mahiyyət daşıyırdı) Hüseyn xan Naxçıvanski (1863-1919) haqqında kitabını oxudum. Heydər Əliyev Fondu rus tarixçisinin diqqətini bu mövzuya cəlb etməklə həqiqətən də xeyirxah iş görmüş, keçmiş Rusiya imperiyasının hərb tarixində mühüm yer tutan parlaq simalardan birini layiqincə tanıtmağa imkan yaratmışdır.

Obıvatel nöqteyi-nəzərindən Hüseyn xanın Azərbaycan qarşısında hər hansı xidməti olmayıb. Hətta Rusiya imperiyasının süqutundan sonra tarixi vətəni müstəmləkə asılılığından xilas olub müvəqqəti müstəqillik qazananda digər hərbçi həmvətənləri - generallar Mehmandarov, yaxud Şıxlinski kimi nüfuz, bilik və təcrübəsinə böyük ehtiyac duyan xalqının yanına qayıtmayıb, torpağının yardımına tələsməyib. Buna zərurət hiss etməyib. (Amma tarixi ədalət naminə generalın Azərbaycanın dövlət müstəqilliyi elanından on gün əvvəl - 1918-ci il mayın 18-də Peterburqda həbs edildiyi də qeyd olunmalıdır-V.Q.) Əksinə, çarizmin süqutu ərəfəsində son ana qədər öz suvereninə - II Nikolaya sədaqətini mühafizə edib, onu hər vasitə ilə taxt-tacdan imtina fikrindən daşındırmağa çalışıb. Və bütün bunların müqabilində ikinci vətəni saydığı uzaq, soyuq Peterburqda ÇK tərəfindən 1919-cu ilin yanvar ayında məhkəməsiz, mühakiməsiz güllələnib.

Nəslinin davamçıları generalın sədaqətlə xidmət etdiyi və həyatını qurban verdiyi Rusiyada özlərinə yer tapa bilməyiblər. İndi ABŞ-da, Fransada və digər ölkələrdə yaşayırlar.

Lakin istənilən halda Hüseyn xan bir sıra görkəmli şəxsiyyətlər yetirmiş Naxçıvan torpağının övladıdır, ilk baxışdan bizə bir az ögey görünsə də, böyük və keşməkeşli Azərbaycan tarixinin ayrılmaz hissəsidir. Çünki ən azı fərdi insani keyfiyyətləri, hərbi məharəti sayəsində Azərbaycan türkünün kim olduğunu, hansı dəyərləri yaşatdığını öz şəxsi nümunəsi və yüksək ləyaqəti ilə imperiyanın ən yuxarı dairələrində yüzlərlə, bəlkə də minlərlə insana nümayiş etdirmişdi.

Monarxiyaya Hüseyn xan Naxçıvanskidən az sədaqətli olmayan və az xidmət göstərməyən başqa bir azərbaycanlı - Rusiyada şərqşünaslıq elminin yaradıcılarından biri kimi tanınan Mirzə Məhəmmədəli Hacı Qasim oğlu Kazımbəy - Aleksandr Qasımoviç Kazımbəy (1802-1870) də öz taleyini bu şimal ölkəsi ilə gənc yaşlarında bağlamışdı. 1826-cı ildən başlayaraq bütün şüurlu həyatını Rusiya elminə xidmət etmiş, Qazan və Peterburqda dünya miqyasında tanınan şərqşünaslıq mərkəzləri yaratmışdı.

Əslində Dərbənd şeyxülislamının oğlu Rusiyaya deyil, daha uzaqlara-Britaniyaya getmək istəyirdi. Şotland missionerlərinin təlqinləri ilə böyük tərəddüd və daxili sarsıntılardan sonra xristianlığın presvetrian məzhəbini qəbul edən Mirzə Kazımbəy özünü pravoslav Rusiyasında deyil, Avropada görürdü. Çar hökuməti isə gələcəkdə hər hansı bir şəkildə Rusiya əleyhinə istifadə olunmasının qarşısını almaq üçün onu Sibirin dərinliklərinə göndərməyi - Omsk Asiya məktəbinə Şərq dilləri müəllimi təyin etməyi daha məqsədəuyğun saymışdı. Taleyin qəribə gərdişi- yolüstü məntəqələrdən biri olan Qazanda xəstələnməsi və yerli universitet rektorunun hüsn-təvəccöhünü qazanması onun həyatını kökündən dəyişmişdi.

Mirzə Kazımbəy Rusiyada təkcə elmi məktəbin yaradıcısı və dünya şöhrətli şərqşünas deyil, həm də imperiyanın zadəgan ailələri sırasında özünə yer tutan qollu-budaqlı bir nəslin banisi oldu. Azərbaycanla bağlılıqları daha çox rusiyalı və qərbli üçün ekzotik səslənən soyadlarında, bir də iki yüz ilə yaxın vaxt keçməsinə baxmayaraq dəyişməyən şərqli görkəmlərində mühafizə olunan bu nəslin nümayəndələri ikinci vətənlərinin-Rusiyanın elmi və ictimai-siyasi həyatında mühüm pol oynamışdılar.

Nəslin Rusiyadakı banisinin - Aleksandr (Mirzə Məhəmmədəli) Kazımbəyin şərqşünaslıq irsi və pedaqoji fəaliyyəti haqqında indiyə qədər həm Azərbaycanda, həm də Rusiya, Tatarıstan və Dağıstanda az yazılmamışdır. Onun bir sıra mühüm tədqiqatlarını əhatə edən "Seçilmiş əsərləri" 1985-ci ildə Bakıda akademik Ziya Bünyadovun və professor Ağababa Rzayevin redaktorluğu ilə çap olunmuşdur. Mən isə bu yazıda daha çox alimin özünün, habelə övladlarının, yaxınlarının, ümumilikdə Kazımbəy nəslinin həyatı ilə bağlı şəxsi səciyyəli, mövcud tədqiqatlarda öz əksini tapmayan məqamlara toxunmağı daha məqsədəuyğun saydım. Maraq doğuran cəhət Hüseyn xan Naxçıvanski ailəsi kimi Kazımbəylər ailəsinin də Rusiya hakimiyyət dairələrinin ən yüksək təbəqəsi ilə kifayət qədər yaxın münasbətlərə malik olmasıdır, Rusiya cəmiyyətində silinməz və yaddaqalan izlər buraxmasıdır.

Təbii ki, onlar təkcə əsl-nəsəbləri ilə deyil, həm də şəxsi keyfiyyətləri, bilik və bacarıqları ilə fərqlənmiş, eyni zamanda tamamilə fərqli və özünəməxsus mədəniyyətin daşıyıcıları kimi rus ictimai-mədəni fikrinin diqqətini cəlb etmişdilər. Rus aristokratiyası bu insanların simasında Şərqi və Azərbaycanı daha yaxından tanımaq imkanı qazanmışdı.

Müqayisə üçün qeyd edim ki, ilk gəncliyindən başlayaraq bütün şüurlu həyatını Rusiyada keçirən Hüseyn xan Naxçıvanski xüsusi mömünlüyü ilə seçilməsə də ömrünün sonuna qədər islama etiqadını qoruyub saxlamışdı. Amma onun baronessa Sofiya Traube ilə nikahdan doğulan oğulları - xan Nikolay və xan Georgi (Yuri) Naxçıvanskilər, habelə qızı, xanım Tatyana Naxçıvanskaya atalarının razılığı ilə xristianlığın pravoslav (anaları lüteran idi-V.Q.) məzhəbini qəbul etmişdilər.

Xristianlığa öz istəyi ilə 21 yaşında keçən Mirzə Kazımbəy nisbətən gec- 1842-ci ildə Qazan quberniyasının yoxsullaşmış zadəgan ailəsinin qızı Praskovya Kostlivseva ilə evlənmişdi. Bu nikahdan onların Olqa (1843-1918) adlı qızı, Aleksandr (1844-1894), Boris (1846-1854) və Nikolay (1854-1854) adlı oğulları doğulmuşdu. 1854-cü il Mirzə Kazımbəy üçün faciəli olmuşdu. Həmin il o, xanımını və iki azyaşlı oğlunu itirmişdi.

Mənbələrdə alimin bir dəfə rəsmən evlənənə qədər, bir dəfə isə həyat yoldaşının vəfatından sonra vətəndaş nikahı əsasında ailə qurması haqqında məlumatlara təsadüf olunur. Qazanda Natalya Molostvova ilə izdivacdan təxminən 1840-cı ildə qızı Olqa (ərə gedəndən sonra Bolıqina soyadını almışdı), doğulmuşdu. Peterburqda 1861-ci ildə vətəndaş nikahına girdiyi Yekaterina Muravyova ilə birgəyaşayışdan isə qızı Mariya Yefremova (1863-1939) və oğlu Nikolay Kazımbəy (1865-1918) dünyaya gəlmişdilər. Nikolay ailənin rəsmi varisləri - atabir bacısı ilə qardaşı tərəfindən tanındığı və qəbul edildiyi üçün onun Kazımbəy soyadını daşımasına razılıq verilmişdi. O, Qazan quberniyasında taxılçılıq və otçuluq təsərrüfatlarının sahibi olmuş, iflasa uğradıqdan sonra isə 1907-ci ildə Qazanda "Müflisləşməyimin səbəbləri" adlı kitabça çap etdirərək imperiyanın aqrar siyasətinə qarşı çıxmışdı. Vəfat tarixi (1918) Nikolay Kazımbəyin də bolşevik terrorunun qurbanı olduğunu düşünməyə əsas verir.

Nəhayət, Mariya Yefremovanın Qazanın Arsk qəbiristanlığındakı məzar daşının üzərindəki "Mariya Yefremova-Kazımbəy" yazısı alimin nikahdankənar qızının da nəsil soyadına bağlılığının göstəricisi sayılmalıdır. Ailə şəcərəsinin rəngarəngliyindən göründüyü kimi, Mirzə Kazımbəy din dəyişimindən sonra inanclı xristiana çevrilsə də, bəzi məsələlərdə səciyyəvi müsəlman mentalitetindən çox da uzaqlaşa bilməmişdi.

Alimin rəsmi nikahdan doğulan qızı Olqa Kazımbəy ənənəvi ev təhsili almış, rus və fransız dillərini öyrənmişdi. Sonralar o, həm də atasının ilk bioqraflarından biri kimi tanınmışdı. XIX əsrin 90-cı illərində Kazımbəylər nəsli ilə bağlı bir sıra tarixi sənəd və materialları "Russkiy arxiv", "Russkiy invalid" kimi jurnallarda dərc etdirmişdi. Olqa Aleksandrovna atasının xeyir-duası ilə 1866-cı ildə məşhur rus şairi, Puşkinin gənclik dostu Yevgeni Boratınskinin oğlu Nikolay Boratınski ilə ailə qurmuşdu. Bu izdivacdan onların babasının şərəfinə Aleksandr adı verdikləri oğulları, Olqa, Yekaterina və Kseniya adlı qızları doğulmuşdu. Yeri gəlmişkən, Yekaterina Boratınskaya anasının söhbətlərinə əsasən onun gənclik həyatı ilə bağlı xatirələrini qələmə almışdır. Burada Mirzə Kazımbəyin Peterburqdakı azsaylı müsəlman icmasının nümayəndələri, ilk növbədə isə İran səfiri ilə ailəvi dostluq əlaqələrini, yaxud Şimal paytaxtına gəlmiş Buxara əmiri ilə görüş və münasibətlərini işıqlandıran maraqlı səhifələr var.

Yevgeni Boratınski və Mirzə Kazımbəyin nəvəsi olan A.N.Boratınski (1867-1918) XX əsrin əvvəllərində Rusiyanın siyasi həyatında müəyyən iz buraxmışdı. O, Birinci rus inqilabının fəal iştirakçılarından biri olmuşdu. 1907-ci ildə oktyabristlər partiyasından III Dövlət Dumasına deputat seçilmişdi. Duma çarın əmri ilə dağıdıldıqdan sonra Qazan yaxınlığındakı ailə mülklərində yaşamış və öz təsərrüfatını idarə etmişdi. 1918-ci ildə bolşeviklər Mirzə Kazımbəy ailəsinin digər yaxınları kimi A.Boratınskini də güllələmişdilər. Dmitri adlı oğlu və Olqa adlı qızının olduğu mənbələrdə öz əksini tapmışdır. Çox güman ki, onlardan biri, yaxud da hər ikisi bolşevik cəhənnəmindən xilas ola bilmişdilər. Çünki Boratınski-Kazımbəy nəslinin davamçılarının ABŞ-da yaşadıqları haqqında məlumatlar mövcuddur.

Mirzə Kazımbəyin öz adını verdiyi oğlu Aleksandr Aleksandroviç Kazımbəy Paj korpusunda oxumuş, habelə Peterburq universitetində ali hüquq təhsili almışdı. Mənsəb pillələri ilə sürətlə irəliləyərək nisbətən gənc yaşlarında Ədliyyə Nazirliyində idarə rəisi vəzifəsinə yüksəlmiş, eyni zamanda imperator sarayının qofmeysteri və senator təyin olunmuşdu. Onun məşhur rus hüquqşünası F.Koninin gənclik dostu olması və birlikdə hüquqi islahatlar layihələri üzərində çalışmaları məlumdur.

A.A.Kazımbəy 1867-ci ildə qraf Tolstoyların nəslindən olan Mariya Lvovna Tolstaya ilə evlənmşdi. Mariyanın atası, böyük rus yazıçısının adaşı Lev Tolstoy Qazan ətrafında geniş torpaq sahələrinin sahibi idi. Onun qızına cehiz kimi verdiyi 3 min desyatinə yaxın əkinə yararlı torpaq və meşəlik senator A.Kazımbəyi həm də Qazan quberniyasının iri mülk sahiblərindən birinə çevirmişdi. Lakin pis idarəçilik ucbatından bu torpaq sahələri bir müddət sonra ailə üçün əlavə başağrısına çevrilmişdi.

Mariya Lvovnanın Qazan Universitetinin nadir kitablar və əlyazmalar fondunda saxlanan "Gündəliklər"ində Kazımbəylər ailəsinin artıq tamam ruslaşmış ikinci nəslinin yaşam tərzi və yüksək cəmiyyətdəki əlaqələri üzərinə yetərincə işıq salınır. 1894-cü ildə imperator III Aleksandrla eyni vaxtda xərçəng xəstəliyindən vəfat edən A.Kazımbəyin Lev ("Lolya") adlı oğlu və Praskovya ("Patya") adlı qızı olmuşdur.

Maraqlıdır ki, Mirzə Kazımbəyin yardımı ilə Peterburq Universitetinə Şərq dilləri mühazirəçisi vəzifəsinə təyin olunan və erkən yaşlarında həyatdan köçən tatar maarifçisi Hüseyn Feyzxanovun (1821-1865) qızı Əminə də bir müddət bu ailənin himayəsində yaşamışdı. Başqa bir diqqəti çəkən cəhət isə həmin Əminə Feyzxanovanın Peterburqda Azərbaycan əsilli rus senatorunun şəxsində özünə himayəçi tapdığı halda radikal inqilabçılara- "Narodnaya volya"nın üzvlərinə rəğbət bəsləməsi idi.

O, hətta daha uzağa gedərək himayəsinə sığındığı qatı monarxist ailənin uşaqlarını da mütləqiyyətə qarşı mübarizə və xalqçılıq ideyaları ilə maraqlandırmaq fikrinə düşmüşdü. Mariya Lvovnanın gündəliklərində bu məsələ ilə bağlı xof və qorxu ifadə edən sətirlər az deyil. Lakin bir müddət sonra Əminə yaşamaq üçün özünə başqa yer tapmış, beləliklə də yalnız yaxşılıqlarını gördüyü ailənin narahatlıqlarına son qoyulmuşdu. İnsafən təpədən dırnağa qədər zadəgan bir xanım olan Mariya Lvovna da əndişəsini yalnız kağıza etibar etmiş, gənc tatar qızının qəlbinə dəyən, qüruruna toxunan hər hansı sözə, yaxud hərəkətə yol verməmişdi.

A.A.Kazımbəyin vaxtsız vəfatından sonra özünün daimi gəlir mənbələrinin çoxundan məhrum olan ailə, təbii ki, maddi çətinliklərlə üzləşmişdi. Lakin bu, Mariya Lvovnanın uşaqlarına yaxşı təhsil verməsinə mane ola bilməmişdi.

Mirzə Kazımbəyin qız nəvəsi Praskovya Kazımbəy (1873-1943) Smolnı Nəcib Qızlar İnstitutunu bitirərək sonuncu rus imperatrçəsi Aleksandra Fyodrovnanın freylinaları sırasında yer almışdı. Praskovya sarayda və aristokrat dairələrdə həm də gözəl rəsm əsərlərinin müəllifi və mahir fortopiano ifaçısı kimi tanınmışdı.

İlk gənclik illərində Praskovya Kazımbəylə Rusiyada hüquq təhsili alan bolqar əsilli tələbə, sonralar üç dəfə Bolqarıstanın baş naziri, habelə xarici işlər və iqtisadiyyat naziri vəzifələrini tutan Aleksandr Malinov (1867-1938) arasında bir eşq macərası yaşanmış, hətta onlar rəsmən nişanlanmışdılar. Yaxınlarının intizarla gözləmələrinə baxmayaraq izdivac baş tutmamışdı. Ailə qaynaqlarından gələn xəbərlərə görə burada ananın - Mariya Lvovnanın müəyyən təsiri, bəlkə də günahı olmuşdu. Nikah pozulsa da, Praskovya ilə Aleksandr Malinov arasındakı səmimi münasibətlər sonralar da davam etdirilmişdi. Mirzə Kazımbəyin yeganə qız nəvəsi isə həyatının sonuna kimi ailə qura bilməmişdi.

Həm 1904-1905-ci illərdəki rus-yapon savaşı zamanı, həm də Birinci Dünya müharibəsi dövründə bir sıra digər freylinalar kimi Praskovya Kazımbəy də imperatriçə Aleksandra Fyodrovna və böyük knyaginalarla birlikdə şəfqət bacısı qismində hərbi qospital və lazaretlərdə yaralılara tibbi yardım göstərmişdi.

Bəlli səbəblər üzündən Praskovya bolşevik hakimiyyətini qəbul etməmişdi. Hətta daha irəli gedərək fəal mübarizə yolunu seçmiş və öz yerini Ağ ordu sıralarında tapmışdı. İnqilab burulğanları bu tənha qadını Sibirə, admiral Kolçakın yanına gətirib çıxarmışdı. Hərbi qatarın sanitarı olmuş, qırmızılara qarşı döyüşlərdə iştirak etmişdi. Lakin digər çar generalları kimi Ali Baş Komandan Kolçak da məğlubiyyətə uğradıqdan sonra ayrı çıxış yolu tapa bilməyən Praskovya Kazımbəy Sibirdən ailəsinin vətəni sayılan Qazana qayıtmaq məcburiyyəti qarşısında qalmışdı. Və bir vaxtlar babasının alim kimi şöhrət qazandığı bu şəhərdə həyatını digər bir müharibə - İkinci Dünya savaşı illərində yoxsulluq, ehtiyac, tənhalıq içərisində başa vurmuşdu. Yəqin ki, gizli dövlət müşavirinin qızı, çariçənin freylinası, Kolçakın əsgəri və bolqar nazirin keçmiş nişanlısı olmuş bu tənha qadının sovet xüsusi xidmət orqanlarının diqqətini cəlb etmədən, dünyadan öz əcəli ilə köçməsi Stalin rejiminin nadir istisnalarından biri sayıla bilər.

Mirzə Kazımbəyin oğlan nəvəsi Lev Aleksandroviçə (1876-1952) gəldiksə isə o da ailə ənənələrini davam etdirərək Rusiyanın nüfuzlu təhsil müəssisəsini-Paj korpusunu bitirmişdi. Təhsilini başa vurduğu 1898-ci ildə həm də ailə həyatı qurmuşdu. Xanımı Nadejda Gennadiyevna Şpigelberq rus-alman mənşəli idi. Mənsub olduğu ailə imperiyanın hərb və diplomatiya tarixində müəyyən izlər qoymuşdu. Xanımının ana tərəfdən babası polkovnik Aleksey Zubin imperatorun şəxsi qvardiyasının zabiti olmuşdu. Alman əsilli atası Gennadi Şpigelberq isə rus diplomatı idi. Nadeşda Şpigelberq 1881-ci ildə Misirdə doğulmuş, yeddi yaşına kimi İskəndəriyyədə yaşamışdı. Bir sözlə, onun da Şərqə, islam dünyasına virtual da olsa, müəyyən bağlılığı vardı.

Lev Kazımbəy mənsəb pillələri ilə sürətlə irəliləmişdi. O, qvardiya zabiti kimi elitar hərbi hissələrdə xidmət etmişdi. Qazan Zadəganlar məclisinin sədri və fəxri hakim, habelə Vilnodakı (indiki Vilnüs-V.Q.) Zadəgan Bankının və Kəndli Bankının direktoru olmuşdu. Cəmiyyətdə böyük nüfuza və geniş əlaqələrə malik idi.

Şöhrətli ulu babasından düz yüz il sonra - 1902-ci ilin fevralında Qazanda Lev və Nadejda Kazımbəylərin ailəsində nəslin banisinin adını daşıyan Aleksandr Kazımbəy dünyaya gəldi. (Ümumiyyətlə, bu ailədə yeni doğulan körpələrə baba və nənənin adını vermək ənənəsi özünə möhkəm kök salmış və nəsilbənəsil təkrarlanmışdı). Bir vaxtlar "rus şərqşünaslığının patriarxı" (N.Berezin) zirvəsinə yüksələn Mirzə Kazımbəy kimi nəticəsi də öz adını Rusiya tarixinin səhifələrinə həkk edə bilmişdi.

 

 

(Ardı var)

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2009.- 18 aprel.- S.22-23