Elçin İsgəndərzadəyə
Çingiz Aytmatov Mükafatı təqdim edilib
Dünya ədəbiyyatının
görkəmli simalarından olan Çingiz Aytmatovun xatirəsini
əbədiləşdirmək naminə Atatürk Tarix, Dil və
Kültür Yüksək Kurumunun rəhbəri professor
Sadık Kemal Turalın təşəbbüsü ilə
Qaziantep Sənət Topluluğu tərəfindən Beynəlxalq
Aytmatov Ədəbiyyat Mükafatı təsis edilib. Mükafatın
hər il türk dünyası ədəbiyyatına
böyük xidmətlər göstərən şəxsə
təqdim edilməsi nəzərdə tutulub. Bu il martın
6-da Atatürk Tarix, Dil və Kültür Yüksək Kurumunun
toplantı salonunda keçirilən ilk təqdimat mərasimində
Türkiyənin tanınmış ziyalıları, elm və
mədəniyyət xadimləri, yazarları iştirak ediblər.
Mükafat komissiyasının sədri
şair-araşdırmaçı Əminə Sevinc
Öksüzoğlu böyük yazarın adını
daşıyan beynəlxalq mükafata birinci olaraq azərbaycanlı
şair, "Vektor" Beynəlxalq Elm Mərkəzinin
prezidenti professor Elçin İsgəndərzadənin layiq
görüldüyünü açıqlayıb. Ə.S.Öksüzoğlu
E.İsgəndərzadənin geniş miqyaslı, elmi-ədəbi-mədəni
fəaliyyət göstərən ziyalı kimi dəyərləndirərək,
laureatın mərhum Ç.Aytmatovla yaxın ünsiyyətdə
olduğunu önə çəkib. Mükafat
komissiyasının sədr müavini İsmət Bora
Binatlı və komissiyanın üzvü Mehmet Nuri
Barmaksız, digər çıxış edənlər - Nail
Tan, İsa Kayacan, Vali Halil Nemətoğlu, Oktay
Öksüzoğlu E.İsgəndərzadənin bu mükafata
layiqli namizəd olduğunu vurğulayıblar.
Qeyd edək ki, E.İsgəndərzadə
bu yaxınlarda daha iki xarici ölkədə yeni uğurlara
imza atıb. Aprelin 14-də Moskvada, Rusiya Yazıçılar
Birliyinin (RYB) konfrans salonunda E.İsgəndərzadənin
yaradıcılıq gecəsi keçirilib. Gecədə
şairin RYB tərəfindən Moskvadakı "AST" nəşriyyatında
çap edilən "Krılatıe etyudı"
kitabının təqdimatı olub. Yaradıcılıq gecəsini
RYB-nin katibi, Moskva təşkilatının icraçı
direktoru şair Vladimir Boyarinov açaraq müəllifin
şeirlərini rus dilinə tərcümə edərkən
çox böyük məmnunluq hissi duyduğunu dilə gətirib,
azərbaycanlı şairin həyat və
yaradıcılığı haqqında geniş məruzə
edib. Sonra V.Boyarinov E.İsgəndərzadənin Rusiya-Azərbaycan-Türkiyə
ədəbi əlaqələrindəki xidmətlərini
yüksək dəyərləndirərək, RYB idarə heyətinin
qərarı ilə onun Vladimir Mayakovski Ordeni ilə təltif
olunduğunu və sözügedən birliyə üzv
seçildiyini bildirib.
Rusiya Ali Akademik
Attestasiya Komissiyasının (AAK) sədri Andrey Li
çıxışında E.İsgəndərzadənin
texnika elmləri üzrə doktor və professorluğu ilə
yanaşı, filoloji sahədə də çoxdan bu
ünvanlara layiq olduğunu əsas gətirərək, AAK tərəfindən
alimin filologiya elmləri doktoru dərəcəsinə və
professor adına layiq görüldüyünü söyləyib.
Xatırladaq ki, eyni alimin müxtəlif profilli elm sahələri
üzrə doktorluq dərəcəsi daşıması
ölkəmizdə ilk hadisədir.
Sonra tədbir
iştirakçılarından RYB katibləri İvan
Qolubniçiy və Maksim Zamşev, Ümumrusiya Azərbaycanlıları
Konqresinin icraçı direktoru Eldar Quliyev, şairlərdən
Svetlana Şimanskaya, Valeri İvanov-Taqanski, Vladimir Nikitin,
professorlar Mehdi Şərifov, Altay Mikayılzadə, Moskvada
yaşayan azərbaycanlı şairlər Nəsib Nəbioğlu,
Sultan Mərzili və Sabir Abdulla çıxış edərək
kitab haqqında fikirlərini bildiriblər. Mərasimdə
ölkəmizin Rusiyadakı səfiri Polad
Bülbüloğlunun E.İsgəndərzadəyə
ünvanladığı təbrik məktubu da oxunub.
Kitabdakı şeir və
poemaları rus dilinə V.Boyarinov, M.Zamşev, M.Vəkilov,
S.Heydərova və İ.Lovkova tərcümə ediblər.
Bu yaxınlarda şairin
"Bir ümid Xarıbülbül" kitabı Makedoniya
Yazarlar Birliyi tərəfindən "Makavey" nəşriyyatında
çap olunub. Kitabı makedon dilinə tanınmış
türk şairi Əsəd Bayram və Branko Svetkoski
çeviriblər.
Sevinc MÜRVƏTQIZI