Savab sahibi
Ədliyyə
generalı Bəhruz Mahmudov mənə telefon açaraq deyəndə
ki, atası - yəni unudulmaz Rəşid Mahmudov haqqında
xatirələr kitabı hazırlayır və xahiş edəndə
ki, mən də bir neçə söz yazım, doğrusu,
bu, mənim üçün çox xoş bir xəbər
oldu, çünki Rəşid müəllim mənim həyatda
rast gəldiyim və ünsiyyətdə olduğum o insanlardan
biridir ki, onun xatirəsi nəinki yaxınlarının ürəyində
yaşamalıdır; bu xatirələr qələmə
alınmalıdır ki, onların şəxsiyyəti və
gördüyü işlər haqqında onları şəxsən
tanımayanlarda da bir təsəvvür yaratsın.
Söhbət ləyaqətlə
yaşanmış ömürdən gedir.
Ləyaqətlə
yaşanmış bir ömrün izi-sorağı isə bizim
bu fani dünyamızdan öz sahibi ilə bərabər getməməlidir,
çünki ləyaqətli hər bir ömür ləyaqətin
çatışmadığı çağdaş
dünyamızda hər dəfə bir örnək
olmalıdır.
Mən Rəşid
müəllimlə nə vaxt tanış olmuşam?-bu
sualın cavabını dəqiq xatırlaya bilmirəm, amma
onunla ilk ünsiyyətimiz, sonrakı uzun illər davam edən
və qarşılıqlı hörmətə, etibara
söykənən münasibətimizin başlanğıc
nöqtəsi aradan 36 il (!) keçməsinə və o
"başlanğıc nöqtəsi"nin tamam sadəliyinə
və iddiasızlığına baxmayaraq, təfərrüatı
ilə mənim yadımdadır.
Məsələ
burasındadır ki, söhbət hafizəmə hopmuş kədərli
bir gündən - Məsud Əlioğlunun vəfat etdiyi
1973-cü il iyunun 23- dən gedir...
Hamının nikbin,
gülərüz, şövqlü, duzlu bir söz demək,
zarafat etmək ehtirası heç zaman əskik olmayan, həyat
eşqi ilə yaşayan istedadlı bir qələm sahibi kimi
tanıdığı Məsud Əlioğlunun faciəli
ölümü onu tanıyanların, yəqin, hamısı
kimi, məni də qəlbən sarsıtmışdı. Mən
lap uşaq çağlarımdan etibarən - hələ 50-ci
illərin əvvəllərində gənc Məsud yenicə
ailə həyatı qurduğu Rəna xanımla birlikdə
Şuşa Yaradıcılıq Evinə istirahətə gəldiyi
zamanlardan - onu tanıyırdım, sonralar - 1957-ci ildən onun
ömrünün sonuna qədər Bakının
keçmiş Hüsü Hacıyev küçəsindəki
eyni binada (məşhur Yazıçılar Evində)
qonşu olduq, 1965-ci ildən - mən aspiranturaya daxil olduqdan
sonra isə eyni institutda - Nizami adına Ədəbiyyat
İnstitutunda birgə çalışdıq - mən gənc
bir ədəbiyyat adamı, o isə yaşının
azlığına baxmayaraq artıq məşhur olan görkəmli
bir tənqidçi və ədəbiyyatşünas kimi.
Həmin tragik 23 iyunda, o
bürkülü yay gecəsi İlyas Əfəndiyev də,
mən də Əli Vəliyevin çəkdiyi
ağrıların ağrısına-acısına dözməyərək,
Məsudgilin axın-axın insanlarla dolub boşalan və son dərəcə
ağırlaşmış bir aura altında olan mənzilindən
çıxdıq, İlyas Əfəndiyev evə getdi, mən
isə Məsudgilin blokunun həyət qapısı
ağzında dayanıb, siqaret çəkirdim və bir azdan
Rəşid müəllim də yas yerindən
çıxıb, pilləkanları aşağı düşdü,
məni görüb dayandı, cibindən siqaret
çıxarıb:
- Kibritini ver...- dedi və
siqaretini yandırdı.
Biz siqaret çəkə-çəkə
bir müddət üzbəüz dayandıq və qəribədir,
bir kəlmə kəsməsək də, o dəqiqələrdə,
elə bil ki, bizim aramızda, əgər belə demək
mümkünsə, telepatik bir doğmalıq
yaranmışdı - həm də kədərli
düşüncələr içində olan bir
doğmalıq.
Mənim bildiyim dərəcədə
Rəşid müəllimin Məsud Əlioğlu ilə
xüsusi bir dostluğu yox idi, amma onun o dəqiqələrdə
elə bir sarsıntı içində olması, əlbəttə,
ürəyinin həssaslığından, təbiətinin
kövrəkliyindən, düşüncələrinin zənginliyindən
xəbər verirdi.
Həmin gündən
sonra Rəşid müəllimlə harda
rastlaşırdıqsa, yaxın adamlar kimi mehriban
görüşürdük, hal-əhval tuturduq,
yaşımız arasındakı fərqə baxmayaraq, get-gedə,
deyə bilərəm ki, bir-birimizə bir dost münasibəti
bəsləyirdik.
O vaxt Rəşid müəllim
ölkənin hakimi-mütləqi olan Mərkəzi Komitənin
ideoloji şöbəsində bölmə müdiri vəzifəsində
çalışırdı və dövrün kontekstində
o vəzifənin nüfuzu müqabilində bir çox
başqalarından fərqli olaraq sadə və təvazökar
bir adam idi və mən sonrakı illərdə böyük vəzifələrdə
çalışdığı vaxtlarda da onu beləcə sadə
və təvazökar gördüm, indicə dediyim o həssaslıq,
o kövrəklik, daxili aləminin zənginliyi, eləcə də
xüsusi qeyd etmək istədiyim xeyirxahlığı həmişə
onunla birlikdə idi. Eyni zamanda, gözəl yumor hissinə
malik səmimi bir insan idi və hərdən ürəkdən
də gülməyi var idi.
"Gülməyi var
idi"- dedim, tragi-komik bir əhvalat yadıma
düşdü.
1970-ci illərin
sonları idi, Rəşid müəllim Zaqatala Rayon Partiya
Komitəsinin birinci katibi vəzifəsində işləyirdi
və biz - bir dəstə ədəbiyyat və incəsənət
xadimi Yaradıcı Gənclərin Ümumrespublika
Seminarını keçirmək üçün Zaqatalaya
getmişdik. Seminar Rəşid müəllimin şəxsi
nüfuzuna görə Zaqatalada keçirilirdi.
Yazıçı Anarla
mən o zaman Zaqatalanın prokuroru vəzifəsində işləyən
(sonralar o da general rütbəsi aldı) və çox
hörmətcil ev sahibi olan Akif Rəfiyevgildə
qalırdıq. Seminarı keçirdik və Bakıya
qayıtmazdan əvvəl rayonun milis rəisi və mehriban, son
dərəcə koloritli bir adam olan rəhmətlik Kamandar Qəhrəmanov
bizi, yəni məni, bəstəkar Xəyyam Mirzəzadəni
və Anarı Katex sahilində, dağların qoynundakı
gözəl Şəlaləyə qonaq apardı.
Yayın
cırhacırında yaz çəməni kimi
yamyaşıl, güllü-çiçəkli çöldə
ocaq qalayıb, kabab çəkib, gözəl bir məclis
qurduq, geri qayıdanda isə Katex çayını keçərkən
qəflətən selə düşdük və əsil
möcüzə nəticəsində - bu möcüzənin
də əsas qəhrəmanı boylu-buxunlu, pəhləvan
cüssəli Kamandar Qəhrəmanov oldu - xilas ola bildik. Mən
bu macəra haqqında əvvəllər də hardasa
yazdığım üçün, təfərrüatına
varmıram, təkcə elə onu deyim ki, bizim mindiyimiz
"Villis" maşınını selə
düşdüyümüz o yerdən yeddi-səkkiz kilometr
aralıqda dəmir yumağına çevrilmiş bir vəziyyətdə
tapmışdılar.
Bu xəbəri, yəni
bizim selə düşməyimizi eşidən Rəşid
müəllim, xilas olmağımıza baxmayaraq, həddən
artıq həyəcan keçirdi və mənə:
- Katexin seli bilirsən nə
deməkdir?!- deyə-deyə bir müddət həyəcanını
boğa bilmədi, sonralar isə - artıq Bakıda - hərdən
görüşəndə, daha həyəcanla yox, dediyim kimi,
ürəkdən gülə-gülə: - Yaman xatadan
qurtardıq!- deyirdi.
Rəşid müəllimin
xeyirxahlığını xüsusi qeyd etdim, çünki bu
xeyirxahlığın mən, nəinki başqaları ilə,
özümlə də bağlı şahidi olmuşam.
Mənim "Mahmud və
Məryəm" romanım "Azərbaycan" jurnalında
çap olunandan (1982, ? 7-8) sonra oxucular arasında da, ədəbi
ictimaiyyətdə də böyük maraqla
qarşılandı, bir çox məqalələr
yazıldı, amma əsərin kitab kimi nəşri gecikirdi,
daha doğrusu, gecikdirilirdi.
Məsələ
burasında idi ki, Mərkəzi Komitədə şöbə
müdiri işləyən bir yoldaş - onun adını
çəkmirəm, çünki bu gün çox da gözəl
olmayan bir həyat sürməkdədir - romandakı orta əsr
səfillərinin və ümumiyyətlə, cəmiyyətinin
təsvirində sovet cəmiyyətinə "mənfi"
işarələr, əsərdə cərəyan edən
hadisələrlə müasir sovet dövrü arasında
"ezop dilli" paralellər axtarıb tapmışdı və
məsələ get-gedə yoğunlamağa
başlayırdı.
Məni o
"yoğunlama" yox, "Mahmud və Məryəm"in
tezliklə nəşri narahat edirdi və həmin günlərdən
birində dənizkənarı bulvarda təsadüfən Rəşid
müəllimlə rastlaşdım, bərabər gəzişməyə
başladıq. O zaman Rəşid müəllim
respublikanın ən yüksək mətbu tribunası olan
"Kommunist" qəzetinin baş redaktoru vəzifəsində
işləyirdi, mən isə Yazıçılar
İttifaqının katibi idim. Qayğılı olduğumu
görüb, səbəbini soruşdu, mən də "Mahmud
və Məryəm"in nəşri ilə bağlı
nigarançılığımı, həmin şöbə
müdiri ilə münasibətlərimizin gərginliyini dedim.
Sonra başqa söhbətlərə keçdik, amma
ayrılarkən Rəşid müəllim:
- Birisi gün martın
8-dir.- dedi.- Bu münasibətlə "Kommunist"ə bir məqalə
yaz.- Və mənim təəccübümü görüb,
xoş və məhrəm bir təbəssümlə
gülümsəyərək:- Səhər məqaləni mənə
çatdır.- dedi.- Sonrası ilə işin yoxdur.
Üç-dörd gündən sonra MK Bürosunda bizim
hasabatımızdır. - Xasiyyətimin bir az cod olduğunu
bildiyi üçün (Yazıçılar İttifaqındakı
bəzi müşavirə və müzakirələrdə
iştirak edirdi), həmin başabəla şöbə
müdirinin adını çəkdi: - Onunla dava-dalaş eləmək
lazım deyil. Sən məqaləni mənə
çatdır.
Həmin gecə 8 martla
bağlı bir yazı yazıb, səhər Rəşid
müəllimə göndərdim və dörd-beş
gündən sonra eşitdim ki, MK Bürosunun iclasında
"Kommunist"in hesabatı zamanı Rəşid Mahmudov mənim
o yazımın üstündə xüsusi dayanıb, sonra
fürsətdən istifadə edərək "Mahmud və Məryəm"lə
bağlı redaksiyaya çoxlu oxucu məktubları gəldiyini
deyib, romanı tərifləyib və şöbə müdiri
dostumuzun da iştirak etdiyi o iclasda Büro üzvlərindən
Ramiz Mehdiyev və Həsən Həsənov da roman haqqında
müsbət fikir söyləyiblər.
Çox keçmədi
ki, güclü və zəhmli Mərkəzi Komitə
Bürosunda beləcə "bəraət" qazanmış
"Mahmud və Məryəm" kitab halında 40 min tiirajla
nəşr edildi, qısa bir müddətdə satılıb
qurtardıqdan sonra yenidən 40 min tirajla təkrar nəşr
olundu.
Sonralar Rəşid
müəllim Mətbuat Komitəsinin sədri vəzifəsinə
təyin edildi və onunla görüşlərimiz, telefon
söhbətlərimiz daha da intensivləşdi. Bu
görüşlərin, telefon söhbətlərinin tam əksəriyyəti
özümlə yox, başqa istedadlı
yazıçıların, xüsusən cavanların
kitablarının nəşri, onların işə
götürülmələri (ya da işdən azad
olunmamaqları!) ilə bağlı xahişlərim idi və
bu gün, Rəşid müəllim Haqq dünyasında
olduğu bir vaxtda, deməliyəm ki, mənim o xahişlərimin
heç biri (!) göydən asılı qalmadı: kitablar nəşr
olundu, istedadlı cavanlar işə götürüldü, təsadüfən
şuluqluq etmiş bəzi cavanlar da işdən azad
olunmadı...
O zaman nəşriyyatların
planları Yazıçılar İttifaqında müzakirə
olunurdu, bu planlar tutularkən çox zaman cavanların - yeni nəfəslə,
həvəslə ədəbiyyata gələn,
yaradıcılıqlarının mahiyyətini kiflənmiş
sosializm realizminə qarşı bədii-estetik protest təşkil
edən istedadlı yazıçıların, şairlərin,
tənqidçilərin əsərləri kənarda
qalırdı və Rəşid müəllimin iştirak
etdiyi həmin müzakirələrdə də mən bu məsələləri
qaldıranda daima onun xeyirxah münasibətinin şahidi
olmuşam. Rəşid müəllimin bilavasitə və aktiv
müdaxiləsi nəticəsində dediyim həmin cavanların
kitabları nəşriyyatların planına daxil edildi və
bir çoxu da mənim ön sözüm, redaktəm ilə nəşr
olundu.
Nəşr olunan o
kitabların, mənim də o dövrdə çıxan
kitablarım daxil olmaqla və ümumiyyətlə, yüzlərlə
digər kitabların hamısında Rəşid müəllimin
adı olmasa da, qayğısı, təəssübkeşliyi,
təşəbbüsü, zəhməti,
xeyirxahlığı var.
Savab qazanmaq
üçün bundan gözəl nə ola bilər?
Rəşid Mahmudov bu
dünyadakı missiyasını şərəflə yerinə
yetirib haqq dünyasına köçdü.
14 aprel 2009.
Bakı.
ELÇİN
525-ci qəzet.- 2009.- 18 aprel.- S.19.