Azərbaycan təhsili: yaxın keçmişə, bu günə gələcəyə bir baxış

 

  (əvvəli ötən şənbə sayımızda)

 

   Hörmətli oxucular, ötən məqalədə ali təhsilin cəmiyyətin və şəxsiyyətin inkişafında rolu, ölkəmizdə ali təhsil sahəsində mövcud olan bir sıra problemlər barədə məlumat vermişdim. Bu məqalədə digər problemlərlə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm.

   Təhlil göstərir ki, ali məktəblərimizin kadr potensialının inkişafına, istedadlı gənclərin bu vacib sahəyə cəlb olunmasına kifayət qədər diqqət yetirilmir. Bu səbəbdəndir ki, hazırda ali məktəblərdə çalışan müəllimlərin 31,2 faizini 60-70 və daha çox yaşlılar təşkil edir. Bir sıra ali məktəblərdə isə bu göstərici daha yüksəkdir. Belə ki, Azərbaycan Dəniz Akademiyasında (ADA) müəllimlərin 60,7, Azərbaycan Dövlət Neft Aakdemiyasında (ADNA) 51, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 45, Azərbaycan Texniki Universitetində (AzTU) 44, Lənkəran Dövlət Universitetində (LDU) 43,6, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 42,7, Azərbaycan Texnologiya Universiteti (ATexU) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) 39,8, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) 39,7, Azərbaycan Dövlət İdarəçilik Akademiyasında (ADİA) 37,5, Bakı Dövlət Universitetində (BDU) 34,9, Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Dillər Universiteti (ADU), Bakı Musiqi Akademiyası (BMA), Sumqayıt Dövlət Universiteti (SDU), Gəncə Dövlət Universiteti (GDU), Mingəçevir Politexnik İnstitutu (MPİ), Naxçıvan Müəllimlər İnstitutu (NMİ), Azərbaycan Müəllimlər İnstitutu (AMİ), Azərbaycan Tibb Universiteti (ATU), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) 23-30 faizini yaşlı müəllimlər təşkil edir.

   Ali məktəblərdə çalışan və 60-dan yuxarı yaşı olan müəllimlərin yalnız 46,5 faizi elmlər namizədidir, 37,1 faizinin isə elmi dərəcəsi yoxdur. Bəzi ali məktəblərdə isə elmi dərəcəsi olmayan yaşlı müəllimlərin sayı daha çoxdur. Məsələn, belə müəllimlər BDU-da 70,5, ADU-da 54,8, AMİ-də 50, ADBTİA-da 47,7, AzTU-da 42,9, ADA-da 41,6 faiz təşkil edir.

   Ali məktəblərdə idarəetmə strukturlarında fəaliyyət göstərənlərin yaş tərkibinin təhlili göstərir ki, bu sahədə də ciddi problemlər mövcuddur. Belə ki, bəzi ali təhsil müəssisələrində prorektorlar, dekanlar və kafedra müdirlərinin əksəriyyəti pensiya yaşını ötmüşdür və müasir dövrdə ali təhsil qarşısında duran vəzifələrin yerinə yetirilməsi prosesinə rəhbərlik edə bilmirlər. Hazırda ali məktəblərdə çalışan 27 rektordan 6-sı (34%), 110 prorektordan 21-i (19%), 144 dekandan 28-i (19,4%), 844 kafedra müdirindən 328-i (38,8%) 65 və daha çox yaşlılardır. Ayrı-ayrı universitetlərdə bu vəziyyət daha acınacaqlıdır. Belə ki, kafedra müdirlərinin BSU-da 26, ATexU-da 26,3, ADMİU-da 26,6, LDU-da 27, ADU-da 30, GDU-da 39, ADİU-da 42, BDU-da 45, ADAU, ADPU və ATU-da 50, ADBTİA-da 52,6, AMİU-da 55,3, ADNA-da 57, ADA-da 63,6, BMA-da 64,2, AzTU-da 67,3 faizinin yaşı 65-dən yüksəkdir. Kafedra müdirlərindən BDU-da 7 nəfərin, ATU-da 3 nəfərin, AAU, GDU və ADU-nun hər birində 2 nəfərin, ADPU, AzTU və BMA-nın hər birində 1 nəfərin yaşı isə hətta 80-dən yuxarıdır.

   Bununla yanaşı, ADPU-da 2 prorektor və 2 dekanın, ADİU-də 2 dekanın, BDU-da 6 dekanın, ADBDİA-da 2 prorektor və 1 dekanın, AMİU-da 4 dekanın, AMK-da 2 prorektorun, ADRA-da 2 prorektorun, NDU-da 2 dekanın, ATexU-da 1 prorektorun və 1 dekanın, AMİ-də 2 prorektorun, AMİU-da 2 dekanın, ATU-da 2 dekanın, ADNA-da 3 prorektorun və 2 dekanın da yaşı 65-dən çoxdur.

   Ali təhsil müəssisələrində gənc və perspektivli kadrların inkişafı və irəli çəkilməsi, kadr tərkibinin yaxşılaşdırılması, müasir təfəkkürlü gənc mütəxəssislərin idarəetmə strukturlarına cəlb edilməsi sahəsində zəif iş aparılır. Universitetlərin inkişaf proqramları, strateji planları olmadığı kimi, kadr siyasəti sahəsində də aydın planları mövcud deyildir. Nəzərə alsaq ki, ümumilikdə təhsilin keyfiyyəti bilavasitə peşəkar və müasir düşüncəli kadrlardan asılıdır, onda bu sahədə görülməli işlərin miqyasının nə qədər geniş olduğunu dərk edərik. Fikrimcə, ali məktəblərdə çevik və müasir idarəetmənin olmaması da bilavasitə idarəetmə strukturlarında fəaliyyət göstərənlərin mühafizəkarlığı, yeniliyi qəbul etməməsi, müasir tələblərlə ayaqlaşa bilməməsi ilə birbaşa bağlıdır.

   Azərbaycan Respublikası Prezidentinin "Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 08.09.2008-ci il tarixli sərəncamı və onun icrası ilə bağlı Nazirlər Kabinetinin "Dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" 12.09.2008-ci il tarixli 210 nömrəli qərarı ilə ali məktəblərdə rektor, prorektor, dekan, kafedra müdiri ştatları vəzifə statusu qazanmış və əvvəlki dövrlərdən fərqli olaraq, həmin vəzifələrdə işləyənlər üçün yüksək vəzifə maaşı və ona əlavələr müəyyən olunmuşdur. Buna baxmayaraq bir çox ali məktəblərdə hələ də prorektorlar, dekanlar paralel olaraq kafedra müdiri vəzifəsini də daşıyırlar ki, bu da mövcud qaydalara ziddir. Prorektorun da, dekanın da, kafedra müdirinin də kifayət qədər vəzifə funksiyaları və öhdəlikləri vardır ki, onların yerinə yetirilməsi elə də asan deyildir. İki vəzifə daşımaq, əlbəttə, fəaliyyətin səmərə və keyfiyyətinə də mənfi təsir göstərir. Konkret misallara müraciət edək. NMİ, LDU və ADİU-da rektorlar, ADAU-da 1 prorektor, ADPU-da 2 prorektor və 5 dekan, BDU-da 8 dekan, AzTU-da rektor, 5 prorektor və 9 dekan, ADA-da rektor və 1 prorektor, ATexU-da rektor və 1 prorektor həm də kafedra müdiri vəzifəsini daşıyırlar.

   Uzun müddət ali məktəbdə çalışan şəxs kimi düşünürəm ki, kafedra müdiri və dekan vəzifəsi ali məktəbdə ən məsul vəzifələrdəndir. İndiki vəziyyətdə fakültə dekanı və kafedra müdiri fakültədə və kafedrada işlərin təşkili, tədris planı və proqramlarının, cədvəllərin tərtibi, müəllimlərin işə qəbulu, semestr və dövlət imitahanlarının təşkili və onlara nəzarətin həyata keçirilməsi, bütövlükdə təhsilin keyfiyyətinin idarə olunması məsələlərinə cavabdeh olan şəxslərdir və onlar yalnız 0,5 ştat hesabı ilə müvafiq kafedralarda müəllim kimi çalışa bilərlər. Fikrimcə, universitetlərdən kənarda fəaliyyət göstərən millət vəkillərinin, nazirlərin və digər vəzifə sahiblərinin kafedra müdiri kimi fəaliyyət göstərməsi də, əslində, ali məktəbin inkişafına mane olmaqdan başqa bir şey deyildir. Hesab edirəm ki, belə hallar təxirəsalınmadan aradan qaldırılmalı, həmin vəzifələr gənc və perspektivli kadrlara həvalə olunmalıdır.

   İndi isə məni daha çox düşündürən əlavə təhsil barədə. Etiraf edim ki, müəllimlərin bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən ixtisasartırma təhsili üzrə beynəlxalq təşkilatlarla birlikdə müəyyən işlər görsək də, problemlərimiz daha ciddidir. Fasiləsiz təhsilin mühüm tərkib hissəsi olan bu sahədə dünya təcrübəsinə uyğun müasir model və mexanizmlər hazırlasaq da, praktikada səmərəli tətbiq edə bilməmişik. Təhlil göstərir ki, "öyrədənlər" özləri kifayət qədər peşəkar və səriştəli deyildir, müəllimlərin ehtiyacları lazımi səviyyədə qiymətləndirilmir, mövcud ixtisasartırma proqramları müəllimlərin ehtiyaclarını təmin etmir, fəal təlim texnologiyalarının tətbiqinə diqqət yetirilmir, ixtisasartırmanın nəticələrinə görə müəllim fəaliyyəti stimullaşdırılmır.

   İxtisasartırma təhsili müəssisələrində müəllimlərin ixtisasları üzrə lazımi bilik və bacarıqlara yiyələnməməsi cəmiyyətdə həmin təhsil müəssisələrinə inamın azalmasına və haqlı narazılıqlara səbəb olur. İxtisasartırma təhsilinə hər il on minlərlə müəllim cəlb olunur, xeyli dövlət vəsaiti sərf edilir, lakin bunun müqabilində müəllimlər lazımi bacarıqlar əldə etmirlər, bu kursların formal olduğunu bilərək ümumiyyətlə ixtisasartırma tədbirlərinə həvəslə gəlmirlər.

   Bu sahədə mövcud problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən "Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası" sənədi hazırlandı və 2007-ci ildə Hökumət tərəfindən təsdiq olundu. Bu sənədlə gələcək üçün müəyyən etdiyimiz perspektivlər, əsasən, təkmil normativ-hüquqi bazanın yaradılması, bu sistemdə zəruri struktur dəyişikliklərinin aparılması, yeni kurikulumların hazırlanıb təsdiq edilməsi, müasir monitorinq və qiymətləndirmə sisteminin tətbiqindən ibarətdir.

   Hazırda əlavə təhsil konsepsiyası haqlı olaraq təhsil ictimaiyyəti tərəfindən geniş müzakirə olunan məsələlərdən biridir. Konsepsiyanın yeniliyini və hazırda təhsil sistemimiz üçün əhəmiyyətini nəzərə alaraq, əlavə təhsil barədə bir qədər ətraflı məlumat vermək istərdim.

   Müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Bu, bir tərəfdən müəllimin yaradıcı potensialının inkişaf etdirilməsinə, digər tərəfdən təhsilin və onun idarə edilməsinin müasirləşdirilməsi məqsədilə pedaqoji işçilərin və rəhbər pedaqoji kadrların peşə hazırlığının, elmi-pedaqoji qabiliyyətlərinin və peşəkarlıq səviyyəsinin müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət edir.

  Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi pedaqoji kadrların, cəmiyyətin və dövlətin təhsil tələbatlarının hərtərəfli ödənilməsi məqsədilə peşə-ixtisas təhsilinə əlavə olaraq təhsil proqramları və xidmətləri vasitəsilə həyata keçirilir. Fasiləsiz təhsilin hər bir mərhələsində əlavə təhsilin əsas məqsədi şəxsiyyətin inkişafından, intellektual və peşə baxımından onun fasiləsiz təkmilləşdirilməsindən ibarətdir. Əlavə təhsil proqramlarına ümumtəhsil, peşə-ixtisas və əlavə təhsil müəssisələrində, dayaq məntəqələrində və ümumiyyətlə, müvafiq lisenziyası olan digər müəssisələrdə həyata keçirilən müxtəlif yönümlü təhsil proqramları daxildir.

  Müasir dövrdə əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili və sair kimi istiqamətləri müyəyyənləşdirilmişdir. Əlbəttə, bu istiqamətlərin hamısı barədə bir məqalədə məlumat vermək çətin olardı, onlardan yalnız bəzilərinə toxunmaq istəyirəm.

   İxtisasartırma təhsili dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji işçilərin öz peşə fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq peşəkarlıq səviyyəsini, peşə ustalığını, elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi ehtiyac və tələbatlarına uyğun gələn, o cümlədən yenilikləri və dəyişiklikləri əks etdirən tədris plan və proqramları üzrə təhsil almaları nəzərdə tutulur.

  Stajkeçmə xüsusi ayrılmış müəssisələrdə yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi altında nəzəri biliklərin təsrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini nəzərdə tutur. Peşə-ixtisas müəssisələri üzrə pedaqoji heyətin ixtisasının artırılması üçün nəzərdə tutulan tədris plan və proqramlarına, lazım gəldikdə, stajkeçməyə dair ayrıca blok əlavə olunur. Bununla belə, nəzəri hazırlıq planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya ilə tanış olmaq məqsədilə? elmi laboratoriya və emalatxanalarda stajkeçmə tədbirləri təşkil edilə bilər. Pedaqoji işçilərin stajkeçməsi pedaqogika, psixologiya və metodika sahələri üzrə bilik və bacarıqların artırılması ilə tamamlanaraq, həmin kateqoriyadan olan müəllimlərin tam əlavə təhsilini təmin edir.

 Stajkeçmə ikimərhələli proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim kimi kateqoriyalı işçilərin əlavə təhsilidir. Bu cür təhsil şəbəkəsinə ali məktəblərin baza kafedraları, müvafiq ixtisasartırma müəssisələri və fakültələri, ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri, təcrübə-sınaq stansiyaları aiddir.

   Kadrların təkmilləşdirilməsi prosesi əlavə təhsildə gedən bir proses olmaqla, tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır və aşağıdakı proseslərin və ya tədbirlərin vəhdətini özündə ehtiva edir:

 pedaqoji, psixoloji, metodiki sahədə, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan və proqramlarında, təlim və informasiya texnologiyalarında olan yeniliklərlə operativ tanışlıq, öz həmkarları ilə təcrübə mübadiləsi;

  distant ötürmə vasitəsilə yeni materialların əldə olunması, bu istiqamətdə fikir mübadilələrinin aparılması; aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövzular ətrafında təhlillərin təşkili; dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nəticələrin təhlili; kadr hazırlığı, əlavə təhsil sahəsində tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik və dərs vəsaitlərinə dair əsaslandırılmış təkliflərin verilməsi; "öyrədənləri öyrədən" statuslu müəllim və metodistlərlə diskussiyaların keçirilməsi; daimi özünütəhsil.

   Təkmilləşdirmə daha geniş anlayış olmaqla, əlavə təhsilin yuxarıda göstərilən digər tərkib hissələrinə təkanverisi proses xarakteri daşıyır, özünütəhsil formasında müəllim hazırlığının fasiləsizliyini təmin edir. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi gələsək ixtisasartırma və yenidənhazırlanma təhsilini formalaşdırır, müəllimlərin ilkin hazırlığı prosesində mövcud olan çatışmazlıqların aradan qaldırılmasını və onların? hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir.

   Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi müəllimlərin və pedaqoji prosesin digər subyektlərinin dörd səviyyədə hazırlanması şəklində həyata keçirilir:

   1)?müəllimlərin, metodistlərin, rəhbər işçilərin və digər pedaqoji kadrların praktiki fəaliyyət istiqaməti üzrə ixtisasının artırılması və təkmilləşdirilməsi;

   2)?pedaqoji kadrların elmi tədqiqatçılıq fəaliyyəti sahəsində ixtisasının artırılması və təkmilləşdirilməsi;

   3)?pedaqoji və qeyri-pedaqoji ixtisaslı kadrların pedaqoji ixtisaslar üzrə yenidən hazırlanması;

   4)?qısamüddətli təhsil proqramları üzrə təhsil səviyyəsinin və dərəcənin yüksəldilməsi.

  Əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi aşağıdakı modellər üzrə həyata keçirilir:

   -ixtisasartırma və ya baza peşə-ixtisas təhsili müəssisələrində treninqlər;

   -təhsil müəssisəsi şəraitində treninqlər;

   -kaskad modeli üzrə treninqlər ("öyrədən"lərin öyrədilməsi və müəllimlərin dayaq məntəqələri vasitəsilə ixtisasartırma və təkmilləşmə proseslərinə cəlb edilməsi);

   -texnologiyalara əsaslanan treninqlər;

   -distant təhsil;

   -mentorluq;

   -şəxsi tədqiqata əsaslanan ixtisasartırma və təkmilləşmə;

   -müxtəlif təşkilatlar tərəfindən ixtisasartırma sistemindən kənar keçirilən kurslar və treninqlər.

   Qeyd etmək lazımdır ki, əlavə təhsilin əsas istiqamətlərindən biri olan ixtisasartırma təhsilinin beynəlxalq təcrübəyə uyğun təşkili üçün bir sıra problemlərin həlli vacibdir. Həmin problemlərdən biri məhz bu təhsilin strukturunun müasir tələbləri ödəməməsi ilə bağlıdır. Belə ki, ixtisasartırma təhsili müəssisələri tərəfindən təklif edilən proqramlar bu təhsilə cəlb olunan müəllimlərin ehtiyaclarına uyğun hazırlanmır, ümumiyyətlə bu ehtiyacların dəqiq müəyyənləşdirilməsi sahəsində etibarlı mexanizmlər işlənməmişdir.

   Etiraf etmək lazımdır ki, bu sahədə sovet dövründəki təcrübədən çox da uzağa gedə bilməmişik. O zaman da hər 5 ildən bir müəllimlər məcburi şəkildə ixtisasartırma kurslarına göndərilirdilər, formal olaraq kursdan keçmələri barədə sənəd alırdılar. Xatırlayıram ki, həmin dövrdə Bakı Dövlət Universitetində işləyərkən mən özüm də belə kurslardan keçmişəm, hətta Moskvada stajkeçmə tədbirlərində də iştirak etmişəm. Lakin bu kurslar müddətindən asılı olmayaraq, müəllimlərə praktik vərdişlər aşılamırdı, bir çox hallarda o zamankı SSRİ-nin müxtəlif şəhərlərinə ixtisasartırma kurslarına və stajkeçməyə göndərilənlər şəxsi karyerası, elmi-tədqiqat işləri ilə əlaqədar problemlərinin həllinə daha çox səy göstərirdilər.

   İxtisasartırma təhsili sahəsində beynəlxalq təcrübə ilə tanışlıq göstərir ki, dünyada bu sahədə fərqli mexanizmlər tətbiq olunur, ixtisasartırma təhsili modul-kredit sisteminə əsaslanaraq 3 moduldan ibarət təşkil olunur. Hər modul üzrə kreditin həcmi müəyyənləşdirilir, məsələn hər modul üçün 30 kredit. Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri, ikinci modul tədris metodikası və təlim strategiyalarını, üçüncü modul isə sərbəst modul adlanır və seçmə kursları, yəni müəllimin arzusuna uyğun təşkil ediləcək kursları əhatə edir. Xüsusi vurğulamaq lazımdır ki, ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl hər bir müəllimin bacarıqlarının ilkin diaqnostikası aparılır (giriş qiymətləndirilməsi), treninq proqramları da qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılır. Sonda isə yekun monitorinq aparılır (çıxış qiymətləndirilməsi). Modullar üzrə zəruri kreditləri toplayan müəllimlər sertifikat alır, bu sertifikatlarda kursun adı, müəllimin əldə etdiyi bacarıqların səviyyəsi, saatların miqdarı, toplanan kreditlərin sayı qeyd edilir. Bu sənəd müəllimin karyerasının inkişafı və əməyinin stimullaşdırılmasında mühüm rol oynayır ki, bu da ixtisasartırma təhsilinin statusunu yüksəldir və ona marağı artırır. Burada bir əhəmiyyətli cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri və ictimaiyyət müəllimlərə verilən sertifikatlara inanır və onu qəbul edirlər. Çünki bu sənədi almamışdan əvvəl kursun, treninqin monitorinqi aparılır, həm "öyrədən"lərin, həm də "öyrənən"lərin fəaliyyəti dəqiq qiymətləndirilir. Eyni zamanda bu monitorinq və qiymətləndirmə mexanizmi işin daha da təkmilləşdirilməsi üçün təkliflərin hazırlanmasına imkan verir.

   Beynəlxalq təcrübədə ixtisasartırma təhsilinin maliyyələşdirilməsi də bizdə olduğundan tam fərqlidir. Azərbaycanda ixtisasartırma təhsili üçün vəsait əsasən bu təhsili həyata keçirən müəssisələrə verilir. Yəni həmin müəssisənin təqdim etdiyi xidmətin səviyyəsindən asılı olmayaraq, büdcə vəsaiti ixtisasartırma təhsili müəssisəsinə yönəldilir.

   Dünya təcrübəsində isə belə təhsil müəssisələri vəsaiti özləri qazanırlar, yəni öz proqramlarını elan edirlər, bu proqramlar akkreditasiyadan keçirilib müsbət rəy aldıqdan sonra müəllimlərin seçimi əsasında kurslar təşkil edilir və ixtisasartırma üçün nəzərdə tutulmuş vəsait həmin müəssisəyə yönəldilir. Əgər müəssisənin təklif etdiyi proqramlar müəllimlər tərəfindən seçilməzsə, onda həmin müəssisə vəsait əldə edə bilmir. Bir fərq də ondan ibarətdir ki, ölkəmizdə ixtisasartırma təhsili yalnız dövlət təhsil müəssisələrində həyata keçirilir, beynəlxalq təcrübədə isə dövlət müəssisələri ilə yanaşı, bu fəaliyyətlə daha çox özəl qurumlar, QHT-lər məşğul olurlar ki, bu da rəqabət mühitinin formalaşmasına gətirib çıxarır.    Bir maraqlı məqamı da hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm. Ölkəmizin 7 məktəbində İngilis dilinin intensiv tədrisi üzrə layihəni başlayarkən bu dili tədris edəcək müəllimlərin müasir metodlarla hazırlanması məsələsini həll etmək istəyirdik, bu məqsədlə British Council təşkilatına müraciət etməli olduq. Çünki bizim ixtisasartırma təhsili müəssisələrində onları istədiyimiz səviyyədə hazırlaya bilməyəcəkdik. Həmin təşkilat qısa müddətdə treninq proqramını hazırladı, Böyük Britaniyadan məsləhətçi də dəvət edərək bu treninqləri keçirdi və Təhsil Nazirliyi bunun üçün təşkilata maliyyə vəsaiti köçürməli oldu. Maliyyə vəsaitinin beynəlxalq təşkilata köçürülməsində qarşımızda bir sıra problemlər yarandı, çünki Təhsil Nazirliyi heç zaman ölkə daxilində ixtisasartırma tədbiri üçün beynəlxalq təşkilatla müqavilə bağlayıb maliyyə vəsaiti ödəməmişdi. Əlbəttə, hesab edirəm ki, bu sahədə yeni mexanizmlərin tətbiqi Azərbaycanda da özəl qurumların, QHT-lərin və beynəlxalq təşkilatların ixtisasartırma tədbirlərində iştirakına şərait yaradacaq.

   Bu sahədə ən ciddi problemlərdən biri də "öyrədən"lərin hazırlıq səviyyəsinin müasir tələbləri ödəməməsi ilə bağlıdır. Gələcəkdə diqqət yetirəcəyimiz əsas məsələlərdən biri də məhz daha çox sayda peşəkar və səriştəli "trener"lərin hazırlanmasıdır.

   Daha bir maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirəm. Cari dərs ilindən ümumtəhsil məktəblərinin I siniflərində yeni fənn kurikulumlarının tətbiqinə başlamışıq. Yeni kurikulum tətbiq edilən siniflərdə işləyən 9 minədək müəllim üçün treninqlər keçirmişik. Ötən müddətdə aparılan monitorinqlər göstərdi ki, heç də bütün müəllimlər həmin treninqlərdə lazımi bacarıqlara yiyələnməmişlər. Bunun əsas səbəblərindən biri məhz kifayət qədər peşəkar trenerlərin olmaması idi. Hazırda növbəti dərs ilində I siniflərdə işləyəcək müəllimlər üçün trenerlərin hazırlanması və müəllimlərin bu treninqlərdən keçirilməsi sahəsində iş aparırıq. Nazirlikdə mənim iştirakımla bir neçə dəfə bu məqsədlə müzakirələr aparmışıq. Məni düşündürən və narahat edən odur ki, treninq materialları müəllim üçün zəruri olan məlumatları özündə əks etdirsin, anlaşıqlı dildə olsun və müəllimə elə formada təqdim edilsin ki, o, praktikada qazandığı bacarıqları tətbiq edə bilsin. Təsəvvür edin ki, müəllimlər tam yeni məlumatları - fənn kurikulumlarının strukturu və məzmunu, yeni təlim strategiyaları, təlimin planlaşdırılması, yeni qiymətləndirmə mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin xüsusiyyətlərini mənimsəməli, həm də praktik bacarıqlar əldə etməlidirlər. Bu səbəbdən hətta təklif etdim ki, mənim iştirakımla trenerlərdən biri canlı bir treninq təşkil etsin və biz qiymətləndirmə aparaq, özümüz üçün aydınlaşdıraq ki, ölkəmizin ucqar bir kənd məktəbində işləyən müəllim keçiriləcək treninqdən lazımi bacarıqları əldə edə biləcəkmi.

  Onu da qeyd etmək istəyirəm ki, əslində, bütün bu treninqlər ixtisasartırma təhsili müəssisələrində bu müəssisələrin əməkdaşları tərəfindən keçirilməlidir, lakin təəssüflər olsun ki, həmin müəssisələrdə kifayət qədər səriştəli və bu məsuliyyətli işi çiyinlərində apara biləcək əməkdaşların sayı çox azdır.

  Digər bir çətinlik onunla bağlıdır ki, istər orta məktəb, istərsə də ali məktəb müəllimləri köhnə üsullarla işləməyi daha asan yol kimi seçirlər, yeniliyə, yeni metodların tətbiqinə səy göstərmirlər. Təhsil Nazirliyi 10 ildir ki, fəal/interaktiv təlim metodlarının tətbiqi sahəsində iş aparır. Beynəlxalq təşkilatlarla birlikdə çoxlu layihələr də həyata keçirmişik, minlərlə müəllimlər hazırlamışıq. Lakin narahatlıq doğuran haldır ki, hələ də fəal/interaktiv təlim ixtisasartırma təhsili müəssisələrinin fəaliyyətinin əsas istiqamətinə çevrilməyib, bir sıra hallarda bu sahədə pərakəndə iş aparılır, lakin müasir dövrdə fəali təlim texnologiyalarının keyfiyyətli təhsilin əsası olması hamı tərəfindən dərk edilmir.

   Doğrudur, son illərdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində müsbət addımlar atılıb, bir sıra məzmun dəyişiklikləri edilib, proqramlar yeniləşdirilib, təlimlərin keçirilməsi üçün lazımi infrastruktur formalaşdırılıb. Lakin hesab edirəm ki, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində AMİ və onun filiallarının səyləri daha da artırılmalıdır. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu bu proseslərə daha fəal cəlb olunmalı, təşəbbüskarlığı artırmalıdır. İxtisasartırma təhsili müəssisələrində "öyrədənlər"in tərkibinin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməlidir.

  Eyni zamanda ölkə təhsili üçün belə həlledici məqamda müəllim hazırlığı ilə məşğul olan ali məktəblərin seyrçi mövqe tutması daha narahatedici haldır. Son illərdə yeni kurikulumun tətbiqi ilə əlaqədar ümumi təhsil məktəblərində bu istiqamətdə müəyyən addımlar atılsa da ali pedaqoji profilli ali məktəblərdə elə bir iş görülməmişdir.

  On ildir ki, Təhsil Nazirliyinin fəal təlim üzrə strategiyası həyata keçirilir, ali məktəblərimizin proqramlarında bununla əlaqədar dəyişikliklər aparılmır, professor - müəllim heyətinin heç özlərinin müasir təlim strategiyaları barədə məlumatı yoxdur. Sual yaranır, onların hazırladıqları müəllimlər bu bacarıqlara necə yiyələnməlidirlər. Hesab edirəm ki, pedaqoji profilli ali təhsil müəssisələri bu sahədəki fəaliyyətlərini təkmilləşdirməli, təsirli tədbirlər görməlidirlər.

  Ali məktəblərdə kadr hazırlığında informasiya-kommunikasiya texnologiyalarından, fəal interaktiv təlim metodlarından kifayət qədər istifadə edilmir. Təlimdə İKT-nin tətbiqinin artıq zərurətə çevrildiyi bir vaxtda ali məktəblərimizin əksəriyyətində bu vacib məsələyə yetərincə diqqət yetirilmir, universitetlərin İKT ilə təchizatı çox ləng həyata keçirilir. Müasir tələbə yalnız mühazirələri dinləməklə, seminarlarda iştirak etməklə savadlı mütəxəssis kimi yetişə bilməz. Tələbələrin geniş informasiya məkanına daxil olmasına şərait yaradılmaqla bərabər, onlarda İKT-dən istifadəyə marağın oyadılması çox vacibdir. Boloniya Bəyannaməsinin zəruri müddəalarından biri də məhz bundan ibarətdir. Təəssüflə deməliyəm ki, hazırda dövlət ali məktəblərində hər 100 tələbəyə cəmi 7 kompyuter düşür. Bəzi ali məktəblərdə isə bu göstərici daha aşağıdır. Belə ki, ADBTİA-da hər 100 tələbəyə 1, ADA və BMA-da 2, ADMİU, GDU və ATexU-da 3 kompyuter düşür.

   Əlbəttə, hesab edirəm ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "Təhsil sisteminin informasiyalaşdırılması Proqramı (2008-2012-ci illər)" çərçivəsində ali təhsil müəssisələrində İKT-nin tətbiqi imkanlarının genişləndirilməsi sahəsində iş aparılacaq. Lakin bu sahədə universitetlərin özü də ciddi tədbirlər həyata keçirməli, həm tədris, həm də idarəetmə prosesində İKT-nin tətbiqi işində dönüş yaratmalıdır.

 

 

   (ardı var)

 

   Misir MƏRDANOV,

   Azərbaycan Respublikasının təhsil naziri,

   fizika-riyaziyyat elmləri doktoru,

   professor

 

  525-ci qəzet.- 2009.- 18 aprel.- S.10-11.