Sabir
Əhmədli Cəbrayıla
həsrət qaldı
Sabir Əhmədli
öldü!
Nədənsə
əvəzsiz, böyük insanlar, müqəddəs insanlar
öləndə yadıma həmişə Vaqif Bayatlı Odərin
Səttar Bəhlulzadənin ölümünə
yazdığı bir şeir yadıma düşür.
Çox
Ölüm-ölüm
deməyin
Ölsəydi,
Bu
dünyanın qara torpaqları
Doldurammazdı
Qocanın
üz qırışlarını...
Çox ölüm-ölüm
deməyin...
Su kimi çəkilib torpağa getdi...
İndi Sabir Əhmədlinin də nə üz qırışlarını,
nə tale qırışlarını
bu dünyanın qara torpaqları doldurammaz. O da Səttar Bəhlulzadə kimi suya dönüb
çəkilib torpağa
getdi.
Sabir Əhmədli
XX əsrdə Azərbaycan xalqının ən əjdaha
yazıçılarından biridi. Biriydi yox, biridi.
Çünki şairlər, yazıçılar, sənətkarlar,
sərkərdələr cismən ölə bilərlər,
amma onları doğuran xalq nə qədər var olduqca, onlar
da var olacaqlar. Belə şəxslər ailələri,
övladları, nəvələri üçün
ölürlər, millət üçün ölmürlər.
Tanrı Əhmədliləri
bu torpağa qurban göndərib. Sabir müəllimin
qardaşı Cəmil Əhmədli 19 yaşında bu
torpağa qurban gedib və azərbaycanlılara son dərəcə
qısqanclıqla verilən Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb. Az-çox
araşdırmışam və görmüşəm ki, Sovet
İttifaqı dönəmində bir azərbaycanlı
general-mayor rütbəsi almaq üçün gərək
general-polkovnik səviyyəsində olaydı ki, heç olmasa
ona general-mayor rütbəsi verəydilər. Müharibədə
də. Gürcülərə, ermənilərə Sovet
İttifaqı Qəhrəmanı adını xəlbirlə
paylayanda bizimkilərə cirəylə verirdilər. Gərək
iki Sovet İttifaqı Qəhrəmanı adına layiq qəhrəmanlıq
göstərəydin ki, bəlkə birini sənə verəydilər.
Məsələn, Mehdi Hüseynzadəyə
ölümündən 13 il sonra verdilər, Həzi Aslanova
ikinci Sovet İttifaqı Qəhrəmanı adını 50 ildən
çox gizlətdilər. Cəmil Əhmədli bu adı bax, beləcə
qazanmışdı.
Sabir Əhmədlinin
oğlu Məhəmməd də bu torpağa qurban getdi. Qarabağ
savaşında əmisi kimi Vətən torpağı
uğrunda şəhid oldu. Qəribə bir mənzərəni
deyim. Məhəmməd Toğanadan yuxarıda (taleyə bax,
Sabir Əhmədlinin ən möhtəşəm əsərlərindən
birinin adı "Toğana"dı) qızğın
döyüşlərdə şəhid olarkən
yazıçı özü həmin döyüş bölgəsində
əsgərlərə həm yardım aparmışdı, həm
də onlara mənəvi dayaq üçün özü səngərdəydi.
Bakıya qayıtdıqdan sonra bilmişdi oğlu şəhid
olub. Yardımı da oğlunun qulluq etdiyi hərbi hissəyə
utandığından aparmayıb ki, deyərlər oğlu
burdadı deyin yardım gətirib.
Bəli,
Allah Məhəmmədi də bu torpağa, bu millətə
qurban göndəribmiş.
Sabir Əhmədli
də bu torpağa, bu millətə Allah tərəfindən
qurban göndərilmişdi. Və qurbanı olduğu bu millətə,
bu torpağa da elə qardaşı kimi, elə övladı
kimi qurban da getdi.
Yox, ona
güllə dəymədi, döyüşdə ölmədi.
Bu millət üçün, bu torpaq üçün şam
kimi əridi, əridi, əridi və Vaqifin dediyi kimi, su kimi
çəkilib torpağa getdi.
Dünən
səhər gördüm Sabir Rüstəmxanlı
başı alovlu ora-bura qaçır. Sordum Sabir müəllim,
nə olub, bu nə haldı? Dedi ki, Sabir Əhmədlini dəfn
eləməyə qəbiristanlıq tapa bilmirik.
Bu da xalq
yazıçısına xalqının sevgisi!
Mən də
dedim ki, Sabir Əhmədliyə torpaq darlıq eləyər,
o, 300 milyonluq bir xalqın ürəyinə həkk olunub, bu
azdırmı?!
Aqil ABBAS
525-ci qəzet.- 2009.- 18
aprel.- S.8.