Əli Əmirlinin yeni əsəri tamaşaya qoyulur

 

Akademik Milli Dram Teatrı yenidən yazıçı-dramaturq Əli Əmirlinin yaradıcılığına müraciət edib. Teatrın son illərdə tamaşaçılara təqdim etdiyi ən uğurlu tamaşalarından biri olan "Mesenat" tarixi dramından sonra bu dəfə dramaturqun müasir mövzuda yazdığı "Sevən qadın" melodramatik komediyası sənətsevərlərin ixtiyarına veriləcək. Pulun, var-dövlətin, zəngin maddi həyatın gözqamaşdırıcı işığında çaşan, məşhur, daima mətbuat diqqətində olan aktrisanın ikicə saatlıq səhnə həyatı, onun iztirabları, həyəcan dolu qəlb çırpıntıları, nəyin yaxşı, nəyin pis olmasını ayırd edə bilməməsi və bu mənəvi labirintlər içərisində, nəhayət, həyat məhvərini itirməsi pyesin əsasını təşkil edir. Əsərdə gərgin melodramatik, bəzən də dramatik həddə çatdırılan hadisələrlə yanaşı, komik məqamlara da geniş yer verilib.

Mayın ikinci yarısında təqdim ediləcək tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. "Sevən qadın" tamaşası rejissorun Akademik Milli Dram Teatrında səhnəsində Əli Əmirli ilə birgə beşinci işbirliyidir.

Yeni tamaşada baş rollar əməkdar artistlər Sənubər İsgəndərli və Füzuli Hüseynova tapşırılıb. Digər iki rolu isə xalq artisti Laləzar Mustafayeva və əməkdar artist Mehriban Xanlarova ifa edəcək.

 

 

S.MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 18 aprel.- S.21.