Bəxtiyar Vahabzadə Ankarada yad edilib

 

Ankara Dövlət Rəsm və Heykəl Muzeyində xalq şairi Bəxtiyar Vahabzadənin anım mərasimi keçirilib. Bu barədə Türkiyənin ölkəmizdəki səfirliyindən məlumat verilib. Mərasimi giriş sözü ilə açan Türkiyə mədəniyyət və turizm naziri Ertuğrul Günay B.Vahabzadəni bəşəriyyətin böyük övladı kimi səciyyələndirib: "İnsanların təbii haqlarını müdafiə edən, hüquqları uğrunda çarpışan, bütün millətlərin və xalqların azadlığına hörmətlə yanaşan şair və yazıçılar sadəcə bir topluma deyil, insanlığa xidmət göstərən böyük bəşər övladlarıdır. Bəxtiyar Vahabzadə yalnız şair deyil, həm də görkəmli dövlət, siyasət və fikir adamı idi".

B.Vahabzadənin "Dinimiz bir, dilimiz bir, ayımız bir, ilimiz bir, fikrimiz bir, yolumuz bir, Azərbaycan-Türkiyə" misralarını dilə gətirən nazir bu böyük şəxsiyyətin əməllərinin və əsərlərinin yaddaşlarda əbədi yaşayacağına inamını ifadə edib.

Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşı Rəşad Vahabzadə çıxışında ikili hisslər keçirdiyini vurğulayıb: "Qəlbimdən iki fərqli hiss keçir. Biri əzizini itirmiş bir şəxsin çəkdiyi acıdır. Digəri isə azərbaycanlı olmağımdan duyduğum qürur və iftixar hissidir".

Tədbirdə Mustafa Şerif Onaran və Rüştü Asyalı şairin şeirlərindən nümunələr səsləndiriblər. Mərasim Ankara Dövlət Türk Dünyası Müzik Topluluğunun konsert proqramı ilə yekunlaşıb.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 22 aprel.- S.7.