Akademik Tofiq
Köçərli haqqında
roman-hekayət
PROFESSOR RAFİQ ƏLİYEV MƏRHUM ALİMLƏ
BAĞLI XATİRƏ VƏ DÜŞÜNCƏLƏRİNİ
QƏLƏMƏ ALIB
Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin "Ruhla söhbət" kitabı rus dilində işıq üzü görüb. Kitab tarixçi-alim,
akademik Tofiq Köçərliyə həsr
olunub. Nəşrdə yer verilən
materiallar əsasən
alimlə dialoq şəklində qələmə
alınıb. Müəllif bunu alimin işıqlı
xatirəsinə dərin
hörmət bəsləməsi
ilə əsaslandıraraq,
həm də oxucunun Tofiq Köçərli şəxsiyyətini
daha yaxından tanımasına yardım etmək istədiyini vurğulayıb. "Giriş"də
müəllif oxuculara
müraciət edərək
kitabın yazılma səbəbini belə açıqlayıb: "Bütün
hadisələrin səbəbi
var. Tofiq Köçərli
haqqında xatirələrin
yazılması da qızı İradə xanımın və akademikin yaxın qohumu, həyat yoldaşım Nüşabə
xanımın arzusu səbəbindən yaranıb.
Mən də bu arzuya
həvəslə qoşularaq
kitabı yazmağa qərar verdim. Necə alınmasından asılı
olmayaraq, artıq qarşınızda akademik
haqqında roman-hekayət
janrında yazılmış
kitab durur. Ciddi mühakimə etməyin.
Bu, sadəcə mənim müdrik adamla söhbətimdi.
Bu müdrik adamın
mənəvi irsinin gələcək nəsillərə
lazım olacağını
düşünərək, bu söhbəti qələmə aldım".
Müəllif Tofiq
Köçərli haqqında xatirələri qələmə
almağın çətinliyindən də bəhs edib:
"Uzun zaman Tofiq Köçərli haqqında xatirələrimi
yaza bilmədim. Çünki onun fiziki yoxluğu ilə
barışmaq mənim üçün asan deyildi. Onun barəsində
keçmiş zamanda danışmaq mənim üçün
çox ağırdır. Amma mən iradəmi toplayaraq
özümə təlqin etməyi bacardım ki, o, yalnız
cismani olaraq aramızda deyil, ancaq onun ruhu bizimlə birgədir".
Roman-hekayət müxtəlif başlıqlar altında toplanan
yazılardan ibarət olsa da, bütövlükdə Tofiq
Köçərli şəxsiyyətinin oxucuya naməlum
qalan cəhətlərini açır. Həmin yazılar
vasitəsilə oxucular Tofiq Köçərlinin həyatı,
yaradıcılığı, düşüncə və
fikirləri, müxtəlif hadisələrə
baxışını öyrənmək imkanı əldə
edə bilərlər. Kitabda həmçinin alimin oxuculara dəyərli
məsləhətləri də təqdim olunub. Bu məsləhətlər,
insanlarla ünsiyyət qurma bacarığı da daxil olmaqla,
müxtəlif məsələləri əhatə edir.
Qeyd edək ki, Rafiq Əliyev
13 kitabın və 250-dən artıq elmi məqalənin
müəllifidir. Ancaq "Ruhla söhbət" müəllifin
publisistik janrda yazdığı ilk kitabdır.
Sevinc MÜRVƏTQIZI