Zülmətə açılan
qapının işığı
FİRUZ MUSTAFANIN NƏSR VƏ
DRAMATURGİYA NÜMUNƏLƏRİ HAQDA DÜŞÜNCƏLƏRİM
Haqqında söhbət
açacağım ədibi, güman edirəm ki,
yaxşı tanıyırsınız. Onun bir çox
teatrlarda nümayiş etdirilən səhnə əsərlərinin
tamaşaçısı olub, bədii, elmi və publisistik
yazılarını oxumusunuz. Bu sətirlərin müəllifinin
sizlərlə bölüşmək istədiyi fikirlər isə,
əsasən onun "...QAPI..." kitabı ilə
bağlıdır. (Əslində həmin kitabda gedən
eyniadlı romanın bütöv adı belədir:
"Zülmətə açılan QAPI sanki həmin anlarda
tanrının göz yaşları ilə islanmış
qurbanları qəbul etməkdən yorulmuşdu").
Firuz Mustafanın
kitabı bu yaxınlarda işıq üzü görüb.
Bundan xeyli əvvəl bir səhnə əsərinə
baxandan sonra müəlliflə görüşüb fikir
mübadiləsi aparmaq istəsəm də, bu, o vaxt
mümkün olmamışdı. Bu yaxınlarda isə məzkur
kitab mənə töhfə edildi. İlk növbədə
kitabın adı məndə maraq oyatdı; xüsusən,
peşə həmkarımın yazıçı kimliyi və
hələ ömür yolunun ortasında acı
keçmişə coşqun meyli!
Kitaba müəllifin
üç nəsr və üç dram nümunəsi daxil
edilib. Nəsr nümunələri müxtəlif
janrlardadır: hekayə, povest və roman. Bir az da dəqiq
desəm, hekayə-triptix,
povest-pritça və
roman-kantata.
Mən indiyədək
Firuzu mehriban, nəzakətli, ağıllı, sakit, təmkinli,
sadə, təvazökar bir oğlan kimi tanıyırdım.
Bu kitabı oxuduqca, gözüm önündə müdrik, həyatın
ağrı-acılarına bələd olan, bu yaşda nəşə-xumarlı
məhəbbət ovqatı ilə yaşamaq əvəzinə
neçə zamanın yamanlıqlarını özünə
dərd eləyib, insanları mənəvi epidemiyalardan qorumaq
naminə ürəyini yeyə-yeyə, zehnini zəhərli
yamanlıqlar arasından çıxararaq, sözün həqiqi
mənasında Sokratsayağı, insanlara şəfa məlhəmi
vermək əqidəsi ilə yaşayan bir yazıçı
canlandı. Məni yeni sözlə, yeni düşüncə
ilə əqrabalaşdırdı Firuz!
Kitabı oxuyuram.
İlk görüşümə gələn "At
günü" hekayə-triptixidir. Qoy müəllif ahıl
nasirdən bu ifadə üçün inciməsin:
filosof-yazıçının təkcə bu əsərini
oxumaq kifayət edərdi ki, müəllifin məslək qayəsini,
yazıçı qüdrətini anlaya biləsən. Triptix
mövcud ədəbi janrın tələbinə uyğun
olaraq üç bölmədən ibarətdir:
"Qaçış"; "İntihar"; "Son".
Nə qədər
düzgün seçilmiş, məharətlə işlənmiş
obrazdır At! İlk növbədə o qənaətə gəlirik
ki, yazıçı qələmə aldığı həyata
dərindən bələddir. Firuz Mustafanın hekayəsi təhkiyə
zənginliyi ilə də məni heyran etdi. Simvollarla zəngin
olan bu əsərdə at müstəqil bədii obraz kimi
götürülüb və onu da deyək ki, Şərq ədəbiyyatında,
o cümlədən, Azərbaycan nəsrində və
poeziyasında məcazlara istinad cəhətdən, bu obrazla
bağlı rəngarəng bir qalereya mövcuddur. Amma belə
hesab edirik ki, indiki dövrdə, ictimai-dünyəvi məzmunlu
əsərlərə daha kəskin ehtiyac duyulduğu bir
vaxtda, "At günü" tamamilə orijinaldır, bənzərsizdir.
"Bahar otları kimi
şirin arzularının arxasınca" qoşan
dayçanın canavara tuş gəlməsi, ilxı
stixiyasına qoşulma cəhdi, onun az qala insan kimi
keçirtdiyi sarsıntılar qeyri-adi bir ustalıqla qələmə
alınıb. Bəlkə də, indiki oxucu, bizim dövrün
kitab mütaliə edənlərdən fərqlidir və ona
görə də hər seyi öz adı ilə demək
lazım gəlir. Qısaca olaraq onu xatırladım ki,
gözü bağlanıb anası ilə cütləşməyə
təhrik edilən dayça az sonra hər şeyi sanki insan
kimi içindən keçirərək sarsılır.
"Dayça yaydan qopmuş ox kimi yuxarıya doğru
atılıb var gücü ilə özünü yerə
çırpdı. Onun başı zərblə kiçik qaya
parçasına dəyib guppuldadı... Dayçanın
ağzından qan gəlirdi".
Baş vermiş
müdhiş hadisə bizi düşünməyə, nəticə
çıxarmağa vadar edir. İndi biz, görünür, təkcə
Aristotellərdən, Tusilərdən deyil, heyvanlardan da
"insanlıq" dərsi öyrənmək zorunda
qalmışıq.
Əsərdə namusunu
satan bir adamla "namuslu" bir atın obrazı paralel olaraq,
böyük ustalıqla təsvir edilib.
Qələm sahibinin səlahiyyəti
sözlərlə yol göstərmək çərçivəsindədir,
dünyanı düzəltmək iqtidarı verilməyib,
axı, ona!..
Firuz Mustafanın "Dəniz
köçü" povest-pritçası mənə Heminqueyin
"Qoca və dəniz"ini xatırlatdı. Amma burada
tamamilə başqa bir məsələ - insanla təbiətin
harmoniyası, birliyi uğurla önə çəkilir.
Ürəyi Tanrı ilə düz olan kəsin hər cür
çətinlikdən xilas olmaq ehtimalı böyükdür.
Əsərin qəhrəmanı gənc Tuqayın
keçirdiyi hisslər, göstərdiyi şücaət və
bütün baş verən hadisələr oxucunu öz təsiri
altında saxlayır.
İçimizi göynədən,
bizi həyəcanlarıdıran hadisələri hikmət
sahibi olan yazıçı realist bir qələmlə təsvir
edir, məlumdan-məchula, sadədən mürəkkəbə
(və gah da əksinə) keçdikdə kitabın
leytmotivinin səfini-sırasını pozmur, əksinə,
daha da dərinliyə varır.
Artıq qeyd etdiyim kimi,
ilk növbədə adı ilə übarə
xatırlatdı. Yox, xatırlatmadı, yenidən
yaşatdı. Mənim həyatımda o illər dəhşətli
- qorxulu yuxu kimi qalıb. "...QAPI..." güclü
obrazları, bədii təfərrüfatları ilə məni
yuxudan ayıltdı. İllərin üstünə çəkdiyi
bər-bəzəkli örtüyü kənarlaşdırdı
və məni onlarla - o qara zülmət qapını
günahsız insanların üzünə açanlarla eyni
bir cinsə məxsus olduğuma görə sanki müttəhimlər
sırasına qoşdu.
Düzü,
ağrı-acılarla dolu olan o illərə bir daha "səfər"
etməyə ürəyim gəlmirdi. Mövzudan agah olandan,
repressiya dəhşətlərini (bu yaxınlarda "Zəmanələrlə
üz-üzə" ömürnaməsini yazarkən) ikinci dəfə
yaşadığımdan üçüncü müdaxilədən
yayınmaq istəyirdim. Bir də ona görə ki,
çağdaş zəmanətdə qiyamətə aparan
yolda onun əlamətlərindən əzablanıram, onlardan
xilas cığırları arayıram. Bu, kifayət deyilmi?!
Ancaq yox! Mən faciələrlə dolu illəri indi ayrı
bir məqamda yaşamalı oldum.
Əgər Firuz Mustafa
"...QAPI..."nın müqəddəməsində
açıqlama verməsəydi, ərknən
yazıçıya acığım da tutardı. Bəlkə
də haqlı olduğumla razılaşardı da! Axı, o
illərin dəhşətini, faciəsini görməyən,
yaşamayan adam oxucuya təzə nə deyə bilər? Mən
və on minlərlə "mən" - otuzuncu illərin zillətini
çəkmişlər (onların arasında məhkumların
qələm sahibi övladları da az deyil) nə qədər
yazsalar da, ekranlarda ürəklərini boşaltmağa
çalışsalar da, nisgilləri-dərdləri tükənmir.
Qoca tarixdə bu qədər günahsız insan
qırğını, bu qədər ölüm düşərgələrinə
sürgünlər, əzablı təqiblər - bu qədər
bənzərsiz faciə olmayıb. Elə ki, bir neçə
cümlə etiraf arayışını
oxudum,"...QAPI..."nı da "At günü" kimi həyəcanla
izləməyə başladım. Etiraf isə bunlardı:
"...mən özümü repressiya "olunanlara",
"dissidentlərə" (axı, indi belələri -
atasını öldürüb, goruna and içənlər də
var - C.Ə.) aid etmirəm (yeri gəlmişkən,
xatırladım ki, 30-cu illərdə onlarca qohumun repressiya
qurbanı olub və indi oxuduğunuz əsərdə təsvir
olunan bəzi epizodlar özündə o dövrün ab-havasını
əks etdirir)". Deməli, yazıçı o illərin əzabını
fiziki cəhətdən olmasa da ruhən, qəlbən
yaşayıb. Lakin bununla yanaşı, o, sənədli yox, bədii
əsər yazıb.
İnam, inanc ilə
romanı oxudum, oxudum yox, hər cümlənin ahəngi, məqamı
ilə yaşadım və bu "məngənədən"
azacıq xilas olanda, baş verənləri yuxuda
görürmüşəm kimi, başımı sirkələyib
oyanmaq istədim. Bu bədii səviyyəni Tanrı bəxşişi
olan qələm sahibliyin, istedadın, intellektin
varlığı ilə bağlamaq da azlıq elədi...
Axı, öz canlı həyat
müşahidələrimiz bir yana, bu mövzuda rus
klassikasının dünya şöhrətli
romanlarını oxumuşuq. (Bulqakov, Rıbakov, Platonov...kimi
yazıçıların əsərlərində o
dövrün ab-havası geniş şəkildə əks
etdirilib. Yeri gəlmişkən, onu da deyim ki, əlli il
öncə tapıb oxuya bilmədiyim Pasternakın "Doktor
Jivaqo" romanını Sovet vətənimizdə yox, Vyanada gənclərin
Dünya festivalında (1958) balışımızın
altına qoyub gizlicə oxuyurduq).
Firuzun kitabı ümumən
repressiyadan bəhs etsə də, forması, fabulası ilə
tamamilə yeni və orijinaldır. Əsərin qəhrəmanının
adı da gizli saxlanılır, romanda həmin obraz O kimi təqdim
edilir. Qəhrəmanın sənəti-peşəsi də
"gizlidir" (O, adamöldürən, daha doğrusu, həbsxana
cəlladı vəzifəsini icra edir). Müəllifin
"roman-kantata" kimi təqdim etdiyi əsər sanki, həqiqətən,
müxtəlif musiqi ladları üzərində qələmə
alınmışdır; belə ki, məsələn,
"Kavatina"da gərginləşən hadisələr,
"Reçitatv"də səngiyir, "Xor"da isə
çoxsəsli vüsət alır. QAPInın "o
üzündə" baş verənlərlə tanış
olduqca istət-istəməz üşənirsən və
fikirləşirsən ki, Allah eləməmiş,
bugünün doqqazında tıxaclananlar birdən güc gəlib
qara qapıdan bu yana keçsələr, insanların taleyi yenə
də zülmün ərşə qalxdığı məramla
nəticələnə bilər. Min şükür, bizim məkanda
zülmətə açılan QAPI yoxdursa da,
haqsızlığa, insanın yaşam hüququna basqılar,
bir çox nakəslərin şəxsiyyətləri
sındırmaq cəhdi, müqəddəs dəyərlərin
alver predmetinə çevrilməsi, çox təəssüf
ki, hələ qalmaqdadır. Və biganəlik olsa, onlar bu
gün də qara qapıya çevrilə bilər.
Nədir doqqazlarda cəm
olunanlar? Şərin-xeyri üstəlməsi, nəinki
yaxın dostların, hətta, ana-balanın, qohum-əqrabanın
yadlaşması, insan təbiətinin ətraf aləmdən-
təbiətdən kənarlaşması və bunlardan
doğan yamanlıqlar...
Bütün bunları
yazıçı dörd gözlə, Tanrı
baxışı və vicdanlı vətəndaş qeyrəti
ilə görüb dərk etmiş və ağlın qüdrətinə
söykənərək həqiqəti bütün
acılığı ilə göstərmək qənaətinə
gəlmişdir.
Kitabın mehrabına -
QAPI məqamına gələk. Ədəbiyyatımızda bu
mövzu - heç bir xalqın taleyində bənzəri
olmayan repressiya qurbanlarının faciəsi, son on illərin
ağrı-acısı, sızıltısı ilə
yaşanmaqdadır.
Yazının bu məqamında
dahi Norveç dramaturqu Henrik İbsenin "Vəhşi
ördək" əsərindən bir görüntü
yadıma düşdü. Ovçunun vurub
yaraladığı ördək uçub başqa bir yerdə
gizlənmir. Suyun dibinə cumur, otdan-yosundan yapışır,
özünü qoruyur. Amma o, canını nə vaxtacan qoruya
biləcək?..
Romanı oxuyanda zəngin
bədii təfərrüatlar, insan sifətinin şəkildən-şəklə
düşməsinin gerçək görüntüləri ilə
özünü onların yerinə qoymaq vadarlığı
yaradır, içini göynədir. Tək kiçik bir
epizod: "Yağışdan əsər-əlamət yoxdur...
Bəs bu qoluzəncirlilərin üz-gözü niyə
islanmışdı?(...) Sallaqxanaya gedən qoyunlar kimi
çiyin-çiyinə, boyun-boyuna verib açıq
qapıdan içəri keçdilər... Bu damcılar haradan
peyda olub bu bədbəxtlərin, zavallıların
üz-gözündə? Bu, bəlkə Allahın göz
yaşları idi?! Axı, ola bilməzdi ki, Allah arabir
insanların halına ağlayıb göz yaşları
tökməsin! İnsanı Allah yaradıbsa, demək, o
özü də elə öz yaratdıqları kimi ağlaya
bilərdi".
Bəndələr
Allahı unudanda, həmişə belə olub - budur
yazıçının xəbərdarlığı. Buna əməl
edilməsə, bu zülm zaman-zaman təkrarlanacaq,
"ölülər dirilərə baxıb qətiyyən
dirilmək istəməyəcək".
Qoy ulu Tanrı öz məxluqunun
halına acı-acı göz yaşı axıtmasın, onu
sevinc yaşına qərq etsin!
Dediyimiz kimi, kitaba müəllifin
üç dram əsəri daxil edilib: "Müqəvva",
"Çardaqda zirzəmi" və "Neytral zona".
Bu gün dram janrına müraciət etmək asan deyil. Bir həqiqət
də var ki, indiki həyatımız
büsbütün dramatik
hadisələrlə zəngindir.
Yolda-izdə, yas yerində, yaxınlarla söhbətdə hər gün elə hadisələr nəql edilir ki, bunları
bədiiləşdirmək, hətta, Şekspir üçün də çətin olardı... Qəzaya düşmüş
insan bütün fikrini bir yerə
cəm edir (başıma gəlib): qəzadan sonra sağ qalacağammı?! Bizlər də bəşəri hissləri
içimizdən keçirməzdən
əvvəl ibtidai insanın qayğıları
ilə əlbəyaxa
qalırıq: necə
eləyək ki, balalarımız (eləcə
də özümüz)
bu müsibətlərdən
xətasız ötüşək...
"Müqəvva" monodramını
oxuyuram. Bu da
rəmzlərlə zəngin
olan əsərdir.
Amma burada rəmz-təmsil üçün heyvanlar aləmindən obraz seçilməyib. Əsərin
qəhrəmanı kişi müqəvvasıdır.
"Müqəvva"
ictimai səciyyəli mövzuda qələmə
alınmış bir əsərdir.
Qadın evinə
kişi müqəvvası gətirib, ona "ərə
gedib". İndi az qala dünyanın bütün kişiləri
onunçün adi bir müqəvvadır. Onun
özünün "həyat fəlsəfəsi" var:
"Hərə bir şey istəyir. Çörək,
iş, pul, azadlıq, həqiqət, düzlük, qanun-qayda...
Budur pəncərədən baxıram, onların
hamısı müqəvvaya, manikenə, yəni sənə
oxşayır". Qadın bu sözləri müqəvvaya
deyir, toplaşanlara isə eyhamla çatdırır: "Bəs
nədən, haradan başlayır bizim
azadlığımız? Öz nəfsimizdən, öz xislətimizdən,
öz daxilimizdən, öz xaricimizdən... başlayır. Əvvəlcə,
ürəyinizi azad edin, sonra ruhunuzu, sonra da bütün bədəninizi".
Müqəvvanı isə buna inandıraraq istəyir: "Sən
tam azadsan. Elə mən özüm də azadam. Biz indi
çox xoşbəxtik".
Ancaq elə bu dəqiqədən
etibarən dramatik kulminasiyada enmə başlayır. Və
sonda qadın müqəvvaya çevrilir, kişi (maniken) isə...
canlı kişiyə! Artıq rollar dəyişir. Bir qədər
əvvəl deyilmiş sözlər öz yerini alır:
"Hər ikimiz sərbəstik, azadıq". "Müqəvva"
oxucunu-tamaşaçını düşünməyə
vadar edir.
"Neytral zona" iki sərhədin
arasında - neytral zolaqda qalan kişinin tragik və komik
situasiyaya düşməsinin ustalıqla təsviridir. Həmin
zonada itən heyvanın - itin sahibi tapılır, insana isə
yiyə çıxan tapılmır. Əsərin qəhrəmanı
haray qoparır: "Bu müsibətə necə dözürsən,
ay Allah?! İtin, pişiyin, toyuğun, cücənin sahibi var!
Bəs mənim?! Bəs bizim? Niyə bizə sahib durmursan, ay
bu dünyanın sahibi?! Oyyy..." Yazıçı fərdi
və bəşəri problemi bir insanın taleyində birləşdirərək
maraqlı fəlsəfi ümumiləşdirmə
aparmışdır.
Firuz Mustafa bu dünya
dolusu dərdlərimizi qələmə alarkən, daxilən
gör nə qədər əzabları yaşayıb və
yaşadıb, ürəyini yeyib, çağdaş
insanın ağrısını dağdan arana, arandan dağa
daşıyıb, ona haqq sözünü demək istəyib
və çox mətləbləri incəliklə, eyhamla,
ustalıqla deyə bilib. Gizlətmirəm ki, neçə
yüz səhifəni oxuyub başa çıxana qədər
yazıçı zillətinin bir qismini mən də
yaşamalı oldum, için-için göz yaşları
axıtdım. Əsəri oxuduqca istər-istəməz
yazıçının yaratdığı obrazların
-insanların, eləcə də bu obrazları yaradan
yazıçının dözümünə heyrətlənməyə
bilmirsən.
Ancaq son səhifəni
nikbin əhvalla çevirdim.
"...QAPI..."
kitabı məni çox nadir istedadla
görüşdürdü. İnandım ki, yeni zəmanənin
ədəbiyyatını, bax, bu cür ayıq, həyati və
cəsarətli, həm də bütün telləri və
rişələrilə xalqa bağlı olan yazarlar yaradacaq. Qələm
əhli Allah dərgahı ilə bizlər arasında merac
yaxınlığı yaradacaq və biz haqqa
qovuşacağıq!
Əgər mən - qoca
nasir bir neçə gündən bəri Firuzun
yazılarının təsiri altından çıxa bilmirəmsə,
deməli, gənclik bu əsərlərdəki insani
çağırışlara səs verəcək, öz həyatını
bu inandırıcı bədii təəssüratlar içərisində
xoş zəmanə üçün hazırlamalı olacaq,
inşallah.
Kitab mənim
üzümə qapı açdı - amma zülmətə
deyil, işığa!
Qətiyyətlə demək
olar ki, yeni kitab həm oxucuya aşıladığı pak
hissələrə və dilimizin qüdrətini dəyərincə
zinətləndirdiyinə görə, həm də nəsrimizə
yeni işıqlı qapı açdığına görə,
nəinki təkcə Firuzun, habelə bütün ədəbiyyatımızın
uğuru hesab olunmalıdır.
Açıq-aşkar
görünür ki, Firuz Mustafa ədəbiyyatımıza
yeni nəfəslə gəlib, yeni nəfəs gətirib.
Bu istedadı, bu qeyrəti,
bu gəlişi alqışlayıram!
525-ci qəzet.- 2009.- 22 aprel.- S.7.