"Yaşmaq"
dərgisinin yeni sayı Ramiz Rövşənə həsr
olunub
İRANDA ÇIXAN DƏRGİNİN
YARADICI HEYƏTİ GƏLƏCƏKDƏ AZƏRBAYCAN
YAZIÇILARININ ƏSƏRLƏRİNƏ DAHA GENİŞ
YER AYIRMAQ NİYYƏTİNDƏDİR
Qonşu İran
İslam respublikasında Azərbaycan dilində işıq
üzü görən "Yaşmaq" ədəbi dərgisinin
əsas yazarlarından biri - Həmid Asəfi ötən
gün redaksiyamızın qonağı oldu. H.Asəfi söhbət
zamanı Bakıya səfərinin məqsədini
açıqladı, dərgi ilə bağlı görülən
son yeniliklər haqqında danışdı. "Yaşmaq"ın
artıq dörd ildir nəşr olunduğunu, üç aydan
bir çıxan dərginin çapının hərdən
maliyə problemləri səbəbindən gecikdiyini qeyd etdi. Öyrəndik
ki, dərginin Novruz bayramından təxminən bir həftə
sonra buraxılan sonuncu sayı şair Ramiz Rövşənə
həsr olunub: "Böyük şairimiz Ramiz Rövşənin
"Göy üzü daş saxlamaz" kitabını bir
müddət əvvəl İranda çap edib, oxucuların
ixtiyarına vermişik. Bundan başqa, Güneydəki
soydaşlarımız buradakı şairlərdən Səlim
Babullaoğlu və Qəşəm Nəcəfzadənin
kitabları ilə də tanış olublar. Dərgimizin son
sayında Ramiz Rövşənin şeirləri ilə
yanaşı, onun baş redaktorumuz Səid Muğanlı ilə
müsahibəsi və şair haqqında
başqalarının fikirləri, yazıları yer
alıb". H.Asəfi jurnalın bundan əvvəlki
sayında isə xalq yazıçısı Anarın
yaradıcılığına yer verildiyini bildirdi.
Jurnalda həm Azərbaycan,
həm də dünya ədəbiyyatı nümunələri
nəşr etdiklərini diqqətə çatdıran həmkarımız,
dərginin əlavəsi olaraq, kitab da buraxdıqlarını
vurğuladı: "İndiyədək Aytmatov, Markes, Folkner,
Borxes və başqalarının tərcümə olunmuş əsərlərini,
həmçinin "Yaşmaq"ın kitab əlavəsi
halında Şekspirin "Hamlet" faciəsini dərc
etmişik. Düşünürük ki, jurnalın gələn
saylarından biri bütövlükdə dünya ədəbiyyatına
həsr olunsun". H.Asəfi indiyədək jurnalın 50-dən
artıq kitab əlavəsinin işıq üzü
gördüyünü və bu kitablarda şeirin,
poeziyanın daha artıq yer aldığını əsas gətirərək,
dərginin növbəti nömrələrində nəsrə
daha artıq diqqət ayıracaqlarını
açıqladı: "Azərbaycana gəlişimizin məqsədi
buradakı yazıçıların
yaradıcılığı ilə daha yaxından maraqlanmaq,
nəsr nümunələrini əldə etmək,
özümüzlə aparmaq və gələcəkdə
jurnalda çap etməkdir. Mənim zənnimcə, Güneydə
şeir, burada isə nəsr daha artıq inkişaf edib. Amma
bununla belə, Güneydə də maraqlı nəsr
yazanlarımız var. Onlardan xüsusilə Səid
Muğanlı, Hadı Qaraçay, Eyvaz Tahanı qeyd etmək
olar".
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 23 aprel.-S.7.