Yazıçının ölümü
"Bu sənətdə adam öz bağının bəhrəsini yemir" -
Sabir Əhmədli mənə belə demişdi..
...Əslində bu
yazını Çingiz Aytmatovun vəfatını eşidən
andan yazıram. Böyük bir yazıçı təfəkkürünün
itkisi, əsl yazıçı ürəyinin dayanması ilə
barışa bilmirdim və mənə elə gəlirdi ki, Yer
bu boşluqdan ağlını itirəcək... Ağlı
azan, ipi boşalan Yeri Allahın yadına salıb
yalvarırdım ki, qanadını onun üstündə
saxlasın, balalarımıza, körpələrə rəhm
eləsin...
Çingiz Aytmatovla
vidalaşmaq çətin idi.
O, yaxın dostumun
atası kimi mənə doğma, Yaradan İnsan kimi əlçatmazdı.
Yaradan İnsan sirli bir anlayışdı - ya insanın
tanrıya, ya da tanrının insana sarı yolundakı kəsişmə
nöqtəsidir. Biz bu nöqtəni ona görə
görürük ki, ta inkar edə bilmirik.
O mənim üçün
həm də "Əlvida, Gülsarı" deyib "Qiyamət"ə
qaçdığım, dəniz kənarındakı
alabaşla, ağ buludla, ana maralla, qurd ailəsiylə
oynadığım, bu həyatın "Əsrdən uzun
gün"ündən, "Edam kötüyü"ndən
qorxduğum illərim demək idi. Adam bir ilindən
ayrılanda dözə bilmir, o ki ola ömrünün bir
parçası ilə vidalaşasan...
Onun yubileylərini, bu
yubileylərin təntənəsini gözləyirdim, amma
heç ağlıma da gəlməzdi ki, 80 illiyinin
Bakıdakı təntənəsi bizi görüşdürə
bilər. Biz - jurnalistlər onunla birgə Fəxri Xiyabandan
keçəndə qəbir daşlarına yanındakı
adamlardan daha diqqətlə baxdığını, tez-tez
başını qaldırıb səmaya göz gəzdirməyini
müşahidə etdim. Heydər Əliyevin məzarını
ziyarət edəndən sonra özü bir yer seçib
jurnalistlərə işarə ilə "buyurun" dedi,
suallara qısa, məntiqi cavabını verdi. Səhərisi
gün növbəti toplantıdan sonra qısa müsahibə
istədim, dayandı. Yanındakılar tələsdiklərini,
harasa artıq yubandıqlarını ona xatırlatdılar,
çiynini çəkib bir növ günahkarcasına mənə
dedi: "Devuşka, k sojaleniyu, vremeni tak malo..."
Ortaq türk dili
ideyasına münasibətini, "Qar üstündə Məryəm"in
taleyini bilmək istəyirdim... Bildim də - Azərbaycan
yazıçıları ilə görüşdə Avrasiya
Birliyinə daha çox önəm verdiyini,
yarımçıq romanını hökmən bitirəcəyini
açıqladı. Müasirlərindən çox razı
olduğunu bildirən Aytmatov üzünü auditoriyaya tutub
onu da dedi ki, müasirlərinizdən muğayat olun, bunu sizə
80 yaşlı bir ağsaqqal kimi deyirəm... Və bu səfər
boyu onun çıxışlarını, jestlərini,
görüşlərini izlədikcə məni qəribə
bir hiss bürüdü: o elə bil türk elləri ilə
vidalaşmağa, dostları ilə halallaşmağa gəlmişdi...
Bu fikri o vaxt da dostlara dedim. Niyə elə
düşündüyümü bilmirəm, bəlkə
Çingiz ağanın yorğunluğu, bəlkə də
dönə-dönə sağollaşması, özünü
adlı-sanlı yazıçıdan çox bir ağsaqqal
kimi aparması, bizi bir-birimizə, yəni müasirlərimizə
tapşırması diqqətimi çəkmişdi... Amma əgər
yazıçının intuisiyası nədənsə narahat
olsaydı, heç vaxt söz verməzdi, üstəlik təzə
yazısı da vardı: "Bugünkü insanın mənəviyyatında
bir boşluq var. O boşluq getdikcə böyüyür və
bu, dünyada uzun illər boyu yaranmış harmoniyaların
dağılmasına, parçalanmasına aparır..." Aytmatov
tək-tək insanların həyatından başlanan mənəvi
boşluqların nəticəsindən müasirlərini xəbərdar
etmək, təlaşını,
nigarançılığını yazmağa
hazırlaşırdı...Yazıçını yaşadan
yazıdır, elə öldürən də...
...O gündən bu
günə, bu yazının başladığı vaxtdan bəri
bütün bunları gündə yüz kərə ürəyimdə
dolandırsam da, yazmırdım. Yazıçı Çingiz
Aytmatovun ölümü ilə Yerin ən böyük
dayağını itirdiyinə əminiydim, keçirdiyim
sarsıntının dərinliyinə də əminiydim, amma
elə bil qolumdan tutan kimsə, söykəndiyim nəsə
vardı... YAZIÇI öldü, yaşasın YAZI! Hə, elədir,
"Yazıçının ölümü"nü
yazmırdım, çünki yazının həmişəyaşarlığına
inanırdım və Çingiz Aytmatov imzalı yazılardan
su içə-içə böyüyən körpə-körpə
yazıları, yazılarıyla ölməzliyə, sevgiyə,
bəşəriliyə can atan körpə-körpə
yazıçıları görürdüm...
...Sabir Əhmədlinin vəfatı
aprelin 17-ni tarixləşdirdi.
Azərbaycan üçün
o günün ən vacib xəbəri bu idi, amma
nədənsə televiziyamız,
mətbuatımız susdu...
Azərbaycan xalqının
Nikolay Qoqolu heç vaxt unutmayacağı,
"Məhəmmədi
əsgərlikdən saxlatdıra da bilərdim, cəbhədən
yayındıra da. Amma o boyda oğulu xalqdan gizlədə bilməzdim. Onu nə təhər
gizlədəydim axı?"
Bunu Sabir müəllim bir dəfə müsahibəmizdə
dedi. Biz bu böyük etirafı tarixə çevirə bilmədik, ona görə də Sovet İttifaqı Qəhrəmanının qardaşı,
şəhid atası,
nəhəng yazıçının
itkisinin fərqində
olmadıq...
"O qədər
qanı axan canlıda bu qədər nəfəs, hey, güc
hardandır, ilahi?"- bircə elə bu
"Qanköçürmə stansiyası" bəsiydi, ta
heç nə yazmasa belə... Amma o, Azərbaycan ədəbiyyatında
realist nəsrin ən böyük və ən gözəl
nümunələrini yazdı. Ədəbiyyatımızda
Sabir Əhmədli qədər təpədən
dırnağa kimi realist olan və realizmi ömrünün
sonuna kimi heç bir ədəbi cərəyana dəyişməyən
ikinci yazıçımız yoxdur. 20-yə yaxın roman,
üstəgəl, povest, üstəgəl, hekayə, üstəgəl,
publisistika - ondan məhsuldar ikinci nasirimiz də yoxdur.
"Yeni
romanımın adı
"Ura"dır. Ura - qədim
sözümüzdür, kənddə-kəsəkdə
indi də işlənir. Bostanın son məhsuluna, ən
axıra qalanına deyilir. Axır məhsul şirin
olur, əvəzsiz olur...Bu gün çox işlək olan məşhur "Ura!" - kəlməsi
ilə bir yaxınlığını da
duyuram, o da son, finiş, axır deməkdir, ola
bilər ki, bu söz elə
türk dilindən gəlmədir..." - Sabir
Əhmədli romanının
adını ilk dəfə
"Şans"a demişdi.
Ad qəribəydi, heç
bilmirdik yazaq, yoxsa yox, yadımdadır,
uzun-uzadı müzakirələri,
axır ki, rəhmətlik Hüseyn Əfəndi yekunlaşdırdı:
"Uralamaq feli dilimizdə var -axıra qalanı yığmaq, son məhsulu
toplayıb seçmək,
ayırmaq deməkdir,
onda elə kök də uradır". Sabir müəllim yazdı, mətbuat yazdı, söz işləkliyini qaytardı, indi hamı işlədir, rahat yazır...
Və həmin mətbuat
aprelin 17-si, 18-i, 19-u Nikolay Qoqolun Azərbaycan xalqının
xatirəsində əbədi yaşayacağını, onun
şərəfinə Moskvada, Kiyevdə düzənlənən
tədbirlərin xırda detallarını xatırlatdı,
Sabir Əhmədlini unutdu... Biz Qoqolun Azərbaycan ədəbiyyatına,
mənəviyyatına təsirini desək də, ta ondan
uzağa gedə bilmərik. Sabir Əhmədli Qoqol deyil
axı, o, Azərbaycan xalqının, Azərbaycan dilinin, Azərbaycan
nəsrinin, Azərbaycan təfəkkürünün görkəmli
xadimidir. Yazılarını oxuya-oxuya bu dildə
yazmağı, müsahibələrini izləyə-izləyə
danışmağı, mühakimələrini-müşahidələrini
dinləyə-dinləyə düşünməyi, müasirlərin
daş karxanasına çevirdiyi mətbuatdan bezəndə
susmağı ondan öyrənmişik. Ailə üzvlərini,
yaxın qohumlarını tanıyıram - müəllim, həkim,
alim... onlar Azərbaycan xalqına xidmət edirlər və edəcəklər
də. Qardaşı, 19 yaşlı Sovet İttifaqı Qəhrəmanı
Cəmil Əhmədov "Azərbaycan!" deyib
döyüşə atılmışdı, oğlu Məhəmməd
Azərbaycan uğrunda şirin canından keçdi... Sabir Əhmədliylə
bərabər bütün nəsli-kökü də Azərbaycana
söz atanın qabağına sözlə, Azərbaycan
xalqına "qan-qan"deyənin qabağına canıyla,
qanıyla çıxıb. Bəs onda niyə Azərbaycan
xalqı öz yazıçısının ölüm
gününü qırağa qoyub Qoqolu unutmayacağına
söz verir?!
... Oğlunu itirəndən
sonra bir müddət mətbuata-filana çıxmadı. Onda
Dövlət Radiosunda çalışırdım, 20-21
yaşım vardı, ondan müsahibə almağı mənə
həvalə etdilər. "Ədəbiyyat qəzeti"nin
baş redaktoruydu, zəng elədim, əvvəl razılıq
vermədi. Əsərlərindən, ədəbiyyatımızdan
söz saldım... Dedi, gəl.
Otağa girəndə nəsə
oxuyurdu, salam verib özümü təqdim elədim. Diqqətlə
mənə baxdı. Səsyazma aparatını qurdum, yaxın
gəldi, stulu çəkib oturdu. Ədəbi prosesimizlə
bağlı birinci sualımı verdim... Başını
aşağı salıb oturmuşdu. Sualımı bir də təkrar
elədim... Xeyli sükutdan sonra ayağa qalxıb əvvəlki
yerinə qayıtdı, "danışa bilmirəm,
bala"-dedi. Bu dəfə mən onun yanındakı stulu
çəkib oturdum.
-
Cavanlarımızın üzünə baxa bilmirəm. Mənim balam da bu yaşdaydı...
Elə yaraşıqlı, qanı
elə qaynar idi ... Sən mənim Məhəmmədimi
tanıyırdın? Tanısaydın,
heç vaxt bura müsahibəyə gəlməzdin, elə oğuldan sonra mən nə danışım, axı...
- Sabir müəllim, siz
mənim atamı tanıyırdınız?
- Kimin qızısan?
- Bu dünyada
balalarından başqa heç nəyi olmayan bir atanın... Yaşa
dolan bir ata görəndə sevinirəm, deyirəm, yəqin
onun da üzü, səsi, yerişi indi belə olardı... Hər
dəfə də məəttəl qalıram ki, bütün
atalar niyə bir-birinə belə oxşayır, onlara baxa-baxa
atam yadımdan çıxır, atamı yada saldıqca onlar
mənə doğmalaşır... Belə çıxır
ki, mən səhv eləmişəm, yaşa dolan atanı
görəndə gərək köks ötürüm ki, mənim
atam bu illərin heç birinə qalxammadı...
Onu görəndə
onsuz da kövrəlmişdim, bu söhbətdən sonra
gözüm doldu, ta heç nə demədən aparatı
yığışdırdım. Gəldi, dedi ki,
bağışla məni, qızım, biz
cavanlarımızdan çox şeyi öyrənməliyik, elə
dərd çəkməyi də... Mən hər saat
özünü itirən adam deyiləm, bala dərdi yaman pis
imiş, ona dözəmmədim... Gəl, otur,
yazıçı-jurnalist kimi yox, elə ata-bala kimi
danışaq, nə istəyirsən, soruş, yaz...
Bu ilk
görüşümüzdən sonra dəfələrlə
ondan müsahibə aldım, yaradıcılığıyla
bağlı müxtəlif yazılar hazırladım, bir
sıra məsələlərə münasibətini
soruşdum... Bir dəfə olsun belə, kiminsə, hansı həmkarınınsa
qarasınca kəlməsini eşitmədim... Kiminsə
yaradıcılığına dodaq büzdüyünü də
görmədim, başqasından söz salanda da özünəməxsus
ustalıqla söhbəti öz
yaradıcılığının üstünə gətirirdi.
Əliylə rəfdəki kitablarını göstərib
gülə-gülə deyirdi : "Nəvəm məndən
soruşur ki, baba, sən bu kitablarlın hamısını
oxumusan? Deyirəm, hə, oxumaq bir yana, mən onların
hamısını yazmışam da... İndiki cavanların ən
çox qorxduğu şey kitabdır..."
İtirdiyimiz adam, bax,
belə yazı-pozu adamıydı. Özündən
danışıb-eləməyi də yoxuydu, deyirdi ki, bu sənətdə
adam öz bağının bəhrəsini yemir. Bir dəfə
də soruşdum ki, bu şairlər, yazıçılar
diyarında niyə özünüzə yaxın bir dost, həmdəm
tapmadınız, axı? Belə cavab verdi: "O
qruplaşma-filan məndən uzaq bir şeydir, qaldı ki, dost
məsələsinə... Özümdə də günah var.
Bilirsənmi, daş adamın öz ayağını
yaralamayınca, ağrının nə olduğunu bilmirsən...
Başına gələn başmaqçı olur..."
Bizim
yazıçımız belə adamıydı - dili şirin
deyildi, qılığı yoxuydu, ədəbi tədbirlərdən,
çayxana müzakirələrindən, mühitdaxili
söz-söhbətlərdən uzaqıydı... Gendən
quru adam kimi görünsə də, sadəydi,
simsarıydı...
Yazıçının
sələfi də olmaq gözəldi, xələfi də... Ən
çətini yazıçının müasiri olmaqdır. Mirzə
Fətəli Axundovun müasirləri onun meyitini ortada
qoyduqlarına görə bu gün yada salınır və...
"Müasirlərinizdən
muğayat olun" - 80 yaşlı Aytmatovun ağsaqqal
sözü qulağımda səslənir, "Daş
adamın öz ayağını yaralamayınca
ağrının nə olduğunu bilmirsən" - 79
yaşlı Sabir Əhmədlinin etirafını da elə bil
təzədən eşidirəm və
yazıçının ölümünə müasirlərinin
etinasız münasibətini düşünürəm... "Sizdən
sonra gələn nəsillər bir gün sizin
üzünüzə..." - Mirzə Cəlilin səsini
eşidirəm, qorxuram, utanıram...
YAZIÇI öldü,
yaşasın YAZI - yox, inanmıram. Yazıçıların
ölümü bizi yazının ölümünə
yaxınlaşdırır... Aytmatovun dediyi böyük mənəvi
boşluq bəlkə elə budur?! Böyük
yazıçı deyiləndə onun adını çəkirik,
Nobel mükafatı verəndə başqasının... 80
illiyində namizədliyini türk dünyası irəli sürdü,
axırı nə oldu? Guya dünya Aytmatovu tanımır?
Biri var, müasirini
tanımayasan, bilməyəsən, biri də var, dəyərini
biləsən, onu tanıyasan və yanından ötəsən...
Bu elə Yazının
ölməyi deməkdir ...
Laura CƏBRAYILLI
525-ci qəzet.- 2009.- 23 aprel.- S.7.