"Bayatı"nın növbəti sayı işıq üzü görüb

 

Beynəlxalq sənət dərgisi "Bayatı"nın yeni sayı işıq üzü görüb. Dərgi baş redaktor Elçin İsgəndərzadənin ekslibrisi ilə açılır. "Bayatı"nın bu sayında Qərib Mehdi, Arzu Nehrəmli, Hikmət Babaoğlu, Faruk Anbarcıoğlu, Maksim Zamşev, Şaziye Çelikler, Oraz Yağmur, Emine Sevinç Öksüzoğlu, Özlem Sezer, Vasif Süleyman, Ayhan Can, Vahid Aslan, Rəşid Vəliyev, Hafiz Hacxəlil, Faruk Faik Köprülü, Arslan Bayır, Mustafa Bilir, Hasan Ehmet, Arife Kalender, Zabil Təcnis, Sahib Aslanzadə və başqa müəlliflərin şeirləri yer alıb.

Dərgidə professor İsa Kayacanın "Çingiz Aytmatov da dünyasını dəyişdi" yazısında dahi yazıçının ölümündən kədərlənən müəllifin xatirələri qələmə alınıb. Elçin İsgəndərzadənin "Türk insanlığının və mədəniyyətinin Bahaeddin Güney zirvəsi" yazısında Bahaeddin Güney türk milli mədəniyyətinin bilicisi kimi xarakterizə olunur. Professor Tamilla Abbasxanlının "Şiir söz sanatıdır və ya yürekteki kanın misralara dönüşüdür" məqaləsində türk şairi Burhanəddin Kocamazın şeirləri təhlil edilir.

Dərgidə Təranə Musayevanın "Çarəsizlik", Salidə Şərifovanın "Əriyən şam", Gülafət Bayramovanın "Güldanın göz yaşları", Ayşe Yamacın "Kahve kokusu", "Yaşlı rüzgar" hekayələri nəsrsevərlərin ixtiyarına verilib.

Tanınmış tənqidçi Vaqif Yusiflinin 60 illik yubileyinə həsr olunmuş yazıda müəllif Elçin İsgəndərzadə yubilyarın ömür və fəaliyyət yoluna nəzər salıb.  

 

  

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 23 aprel.- S.7.