"Metro vadisi" işıq üzü görüb

 

Bu yaxınlarda "Vektor" Beynəlxalq Elm Mərkəzində yazıçı-dramaturq Elçin Hüseynbəylinin "Metro vadisi" kitabı nəşr olunub. Kitabda E.Hüseynbəylinin 2004-05-ci illərdə qələmə aldığı eyniadlı romanı, son hekayələri, pyesləri və publisistik məqalələri toplanıb. Sintez üslubunda yazılmış "Metro vadisi" romanında müəllif "qadın ərini, yoxsa qardaşını çox sevir?" sualına cavab tapmağa çalışıb. Romanın əsas ideyası Şirvanşahlar dövründə baş verən tarixi olay üzərində qurulub. Əsərin qəhrəmanları metroda tunel qazan işçilərin təsadüfən tapdıqları insan skeletinin kimə məxsus olmasını araşdırarkən təhlükələrlə üzləşirlər.

Kitabda E.Hüseynbəylinin müxtəlif vaxtlarda mətbuatda dərc olunmuş "Məzar gəlini", "Dezodorant qız", "Sular Günəşə nəğmə oxuyanda", "Qönçə kimi ürək" və oxuculara tanış olmayan bir sıra hekayələri də yer alıb. Dramaturqun "Adəm və Həvva", "İmperator", "Leyli və Məcnun", "Sezar" pyesləri də bu kitabda oxuculara təqdim olunub.

Kitabın publisistika bölməsində müəllifin "Anarı anlamaq anı", "Ocaq daşını qoruyan", "Cənnətin bağlı qapıları", "Cənab Bartlbi" və digər yazıları var.

"Metro vadisi" bu il ədəbi fəaliyyətinin 25 illiyi tamam olan E.Hüseynbəylinin oxuculara təqdim edilən doqquzuncu kitabıdır.

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 23 aprel.- S.7.