Uydurma erməni genosidi
BU İFTİRA 100 YAŞINI HAQLASA
DA, HƏLƏ Kİ, CƏHƏNNƏMƏ VASİL OLMUR
Ermənistan hökuməti
başda olmaqla dünyada fəaliyyət göstərən
millətçi-şovinist erməni təşkilatları, erməni
kilsəsi, erməni lobbisi uydurma "erməni genosidi"nin
94-cü ildönümünü aprelin 24-də qeyd etmək
üçün revanş götürüb. Bu məqsədlə
onlar yalnız mətbuat vasitəsilə beynəlxalq aləmdə
antitürk təbliğatı aparmaqla kifayətlənmir, həm
də bir çox dövlətlərin parlamentlərində
qondarma "erməni genosidi"nin tanınması
üçün fəal iş aparırlar. Hazırda beynəlxalq
aləmdə baş verən prosesləri, habelə regionda
yaranmış vəziyyəti nəzərə alan ermənilərin
əsas hədəfi ABŞ konqresindən "1915-ci ildə
Osmanlı Türkiyəsində ermənilərə
qarşı soyqırım törədilmişdir" qərarını
qəbul etdirmək və prezident Barak Obamaya
çıxışında "erməni genosidi" ifadəsini
işlətməyə nail olmaqdır. Daşnaksütyunun
bayrağı altında birləşən millətçi-şovinist
erməni təşkilatlarının on illərlə davam edən
təxribatlarının əsas məqsədlərindən
biri də dünyanı "türklər tərəfindən
qəsb edilmiş - itirilmiş Ermənistan
torpaqları"nın mövcudluğuna inandırmaqdır.
Təbii ki, uydurma
"erməni genosidi" barədə tarixi həqiqətlər
tamamilə başqa mətləbləri açıqlayır. Bu
barədə onlarla əsər yazılmış, qərəzsiz
salnaməçilər 1915-ci ildə baş verən hadisələri
gələcək nəsillərə olduğu kimi
çatdırmışlar. Lakin nə yazıq ki, beynləri
zəhərləyən və dumanlandıran, reallıqla
heç bir əlaqəsi olmayan "erməni genosidi"
özünə havadarlar da tapmış, bu "əzabkeş"
millətin sağalmaz dərdi beynəlxalq aləmdə ən
mötəbər məclislərin müzakirə mövzusu
olmuşdur. Bu gün də belədir. Nə qədər qəribədir
ki, dünyanın bəzi ölkələrinin parlamentləri
öz dövlətlərinin dərd-sərlərini həll
etmək əvəzinə, "erməni
soyqırımı"na əlac axtarırlar. Beləliklə,
bir tərəfdə böhtan, şər, digər tərəfdə
isə reallıq durur. Tarix sübut edib ki, şər heç
vaxt həqiqəqətə qalib gələ bilməz. Lakin hələ
ki, erməni şərinin əlindən tutub yeritmək istəyənlər
yetərincədir. Onlar ara-sıra öz şər qüvvələrinin
gücü hesabına reallığı küncə
qısnamağı da bacarırlar. Bu daha çox o vaxt baş
verir ki, ədalət öz ədalətliliyinə, haqlı
olduğuna əmin olaraq "abır-həya"sına
qısılır. Ancaq görünür, ədalət öz ədalətliliyinin
arxayınlığında olduqca şər daha çox
hücuma keçir. Elə ona görə də hər bir
jurnalist, tarixçi, etnoqraf, alim, siyasətçi, vicdanlı
şəxs həqiqəti dünya ictimaiyyətinə
çatdırmaq üçün əlindən gələni əsirgəməməlidir.
Bu yazıda uydurma "erməni genosidi" barədə bəzi
həqiqətləri "525-ci qəzet"in oxucularına təqdim
edirəm.
Süni şəkildə
yaradılmış "Şərq məsələsi"
bütövlükdə ciddi tədqiqata ehtiyacı olan bir
problemdir. "Erməni məsələsi" isə
"Şərq məsələsi"nin tərkib hissəsindən
biri kimi 1860-cı ildə ortaya atılmış, Birinci
Dünya müharibəsindən sonra səngisə də onun
haray-həşiri yaşadığımız dövrə qədər
gəlib çıxmışdır.
Gerçəkdə
"erməni məsələsi" Türkiyəyə zorla
calanmış, həm də yabançı güclərin
çəkişməsinin süni məhsulu olaraq meydana gətirilmişdir.
Əsrin əvvələrində yaşamış məşhur
ingilis alimi Edqar Qranvil yazırdı: "Gerçəkdə
erməni-türk ilişkilərinə bir nəzər
salınarsa, bu iki xalqın illər boyunca ən kiçik bir
anlaşılmazlığa düşmədən,
dostcasına yaşadığını görməmək
mümkün deyil". Sonradan bu dostluğun düşmənçiliyə
çevrilməsində, şəksiz, ermənilərin
türklərə qarşı soyqırım siyasətini həyata
keçirmələri səbəb olmuşdur.
İtalyan alimi, şərqşünas,
professor Leon Ceatan bu qənaətə gəlmişdir: "Ermənilər
din və mədəniyyətlərinin inkişafında
türklərə borcludurlar".
1914-1915-ci illərdə
Türkiyədə konsul vəzifəsində
çalışan çar generalı Mayevski öz hökumətinə
göndərdiyi rəsmi təqdimatında
yazmışdır: "Ermənilər tərəfindən
Türkiyədə həyata keçirilən faciənin məsuliyyəti,
əvvəla, erməni komitələri (Rusiyada, Qafqazda və
Türkiyədə fəaliyyət göstərən
bölücü, millətçi-şovinist erməni təşkilatları
nəzərdə tutulur - S.A.) ilə müştərək hərəkət
edənlərin, saniyən onları bu işə təşviq
edən əcnəbi dövlətlərin üzərinə
düşür".
Bu rəy və
sitatların, gerçəkliyi əks etdirən fikirlərin
sayını istənilən qədər artırmaq olar. Bunu
ermənilər də bilməmiş deyillər. Məsələ
ondadır ki, erməni siyasətbazları və millətçiləri
"erməni genosidi" məsələsini XIX əsrin II
yarısından sonra Türkiyədə ermənilərin
"dəhşətli vəziyyətdə"
yaşamaları ilə izah edir (Eyni ssenari 1988-ci ildə
Dağlıq Qarabağda oynanıldı - S.A.) və sübut
etməyə çalışırlar ki, guya türklər
ermənilərin "tarixi ərazilər"ini işğal
etdiklərindən həmin ərazilərin əsl sahiblərinin
hüquqları "dəhşətli dərəcədə
tapdanmış", ermənilərin bir xalq kimi
mövcudluğu sual altına alınmış və
"barbarlar" (türklər nəzərdə tutulur - S.A.)
"dinc erməni xalqı"nı kütləvi surətdə
qırmışlar. Bəs əsl həqiqətdə nə
baş vermişdir?
Həmin dövrdə
Türkiyədə yaşayan ermənilərin nə qədər
irəli getdiklərini bir yazıda oxuculara təqdim etmək
imkan xaricindədir. O səbəbdən də bəzi məqamlara
diqqət çəkməklə kifayətlənəcəyəm.
XIX əsrin sonunda ermənilər Türkiyə senatında 5 nəfərlə
təmsil olunmuşlar. 1876-cı il Birinci Məşrutiyyət
Məclisində erməni millət vəkillərinin sayı
10 nəfər olmuşdur. 1908-ci il İkinci Məşrutiyyət
Məclisində erməni deputatlarının sayı daha 2 nəfər
artaraq 12 nəfərə çatmışdır. 1914-cü
ildə də Məclisdə ermənilərin sayı
azalmamışdır. Birinci Dünya müharibəsi ərəfəsində
Türkiyənin xarici işlər naziri (Qabriel Noradunkyan) erməni
olmuşdur. XİN-in mərkəzi aparatında
çalışan 11 nəfər müstəşardan 5-i milliyyətcə
erməni imiş. Xarici diplomatiya idarəsində məmurların
35 nəfəri də "əzilən milləti" təmsil
edirmiş. Erməni xarici işlər nazirinin dövründə
15 ölkədə Türkiyəni ermənilər təmsil
etmişlər. O vaxt - ermənilərin hüquqlarının
"tapdandığı" dövrdə Türkiyənin
maliyyə naziri də (Akop Kazazyan) erməni olmuşdur. Həmin
nazirlikdə 20 nəfər erməni ən məsul vəzifələrdə
çalışmışlar. Osmanlı imperatorluğunda daha
8 nazir vəzifəsini icra etmək ermənilərə həvalə
olunmuşdur. İmperiyanın süqutuna qədər - son 140
il ərzində silah istehsalına ermənilər rəhbərlik
etmişlər. Hətta baş komandan Ömər
Paşanın (1854-cü il) şəxsi katibi də erməni
Andon Tincir olmşdur.
Araşdırmalar onu
sübut edir ki, ermənilər tərəfindən başlanan
və milyondan çox türkün qətliamı ilə nəticələnən
uydurma "erməni genosidi"nin əsas məqsədi
Türkiyədə bütövlükdə hakimiyyəti ələ
keçirmək, bu mümkün olmadıqda isə bu ölkə
ərazisinin böyük bir hissəsində erməni dövləti
yaratmaq olmuşdur.
"Nyu-York herald" qəzetinin
müxbiri Sidney Vhitman 1920-ci ildə yazırdı: "Əgər
bu hərəkətlərin (ermənilərin Türkiyədə
törətdikləri qətliamların - S.A.) birisi Rusiyada
olsaydı, bir tək erməni sağ buraxılmazdı. Çaxnaşmaya
qədər Türiyədə ermənilər sərvət
toplayar, əsgər verməz, sərbəst yaşayardlar. Əgər
bu məmləkətə (Türkiyəyə - S.A.) heç
bir erməni komitəçisi gəlməmiş olsaydı və
erməniləri üsyana təşviq və təhrik etməsəydilər,
bu qırğınlar da olmazdı".
Çar generalı
Mayevski də bir raportunda təsdiqləyirdi: "Türkiyədə
komitələr (millətçi-şovinist erməni təşkilatları
nəzərdə tutulur - S.A.) girişmədiyi yerlərdə
ermənilər rahatdırlar. Bu komitələr bu gün də
fəaliyyət göstərirlər. Deməli, ermənilər
yenidən səfil vəziyyətinə düşəcəklər.
Tarixdə bir erməni faciəsi olmuşdursa, bunun ən
böyük günahkarı erməni komitələri və
komitəçiləridir".
Osmanlı imperatoru
dövründə onlarla xalq, millət hakimiyyətə tabe
olsa da, dövlətə qarşı çıxan ilk təşkilatlar
erməni komitələri olmuşdur. Bu məqsədlə ilk
təşəbbüs 1860-cı ildə Kilikiyada qurulan erməni
"Xeyirsevər cəmiyyəti" tərəfindən göstərilmişdir.
Daha sonra 1870-1880-ci illərdə fəaliyyət göstərən
"Araratlı" (Van bölgəsi), "Məktəbsevənlər",
"Şərqli" (Kilikiya) cəmiyyətləri də erməniləri
üsyana səsləmiş, bu məqsədlə şovinist əqidəsi
ilə zəhərlənmiş "Silahlılar cəmiyyəti",
"Millliyyətpərvər qadınlar cəmiyyəti",
"Ermənistana doğru cəmiyyəti", "Gənc
Ermənistan cəmiyyəti" və başqa təşkilatlar
yaradılmışdır. Bu cəmiyyətlərdən biri də
"Hnçak" komitəsi olmuşdur. Onun əsası
Rusiya vətəndaşı olan Avetis Nazarberq və arvadı
Maro tərəfindən qoyulmuşdu. Əsas üzvləri
Rusiya erməniləri olmuşdur. Fəaliyyət dairəsi
Güney Türkiyəni əhatə etmişdir. Komitənin əsas
qayəsi "Türkiyə Ermənistanı"nı
qurtarmaq, daha sonra "Rusiya və İran Ermənistanları"nı
da birləşdirərək müstəqil Ermənistan
dövləti yaratmaq olmuşdur. Mübarizə üsulu isə
terror seçilmişdir. Van üsyanından sonra (1902-ci il)
komitə parçalanmış və onun əsasında
Daşnaksütyun təşkilatı
yaradılmışdır ki, artıq 100 ildən çoxdur
ki, fəaliyyət göstərir. Türklərə qənim
kəsilən bu təşkilatın yerli özəklərə
verdiyi əmr belə olmuşdur: "Türkü,
kürdü hər yerdə, hər şəraitdə vur. Mürtəceləri
(türkləri - S.A.), əhdindən dönənləri, xainləri
(daşnaklara qoşulmayan erməniləri - S.A.) öldür,
intiqam al". Məhz həmin təşkilatın törətdiyi
qətliamların nəticəsidir ki, indi də Van. Qars, Ərzurum
və başqa bölgələrdə minlərlə
türkün toplum halında torpaq altında qalan cəsədləri
aşkar edilir. Türkiyə ərazisindən Qərbi Azərbaycan
torpaqlarına da keçən Daşnaksütyun İrəvanda,
Gümrüdə, Zəngəzurda, Vedibsarda, Zəngibasarda,
Ağbabada, Qarakilsədə ağılasığmaz dəhşətlər
törətmiş, qadına, uşağa, qocaya baxmadan
günahsız adamları od vurub yandırmış,
süngülərdən keçirmiş, əsl
soyqırım törətmişdir.
XX əsrin əvvəllərində
bu gün Ermənistan adlandırılan ərazidə
yaşayanların 70 %-dən çoxu bu torpaqların əzəli
sahibləri - azəri türkləri olmuşdur. Hətta
1948-ci ilin hesablarına görə İrəvanda əhalinin
milli tərkibi belə olmuşdur: azərbaycanlılar 51 %, ermənilər
49 %. Bu gün Ermənistan Respublikasında bircə nəfər
də azərbaycanlının yaşamaması nədər xəbər
verir? Ermənistan azərbaycanlılara qarşı
soyqırım siyasətini əvvəlcə çar
Rusiyasının, daha sonra Sovetlər Birliyinin rəhbərlərinin
əli ilə həyata keçirdiyini görməmək
üçün kor olmaq lazımdır. Azərbaycana
qarşı ərazi iddiası ilə
işğalçılıq siyasətinə başlayan Ermənistan
Dağlıq Qarabağ və işğal etdiyi ətraf
rayonlarda kütləvi qırğınlar törətməklə
tam etnik təmizləmə siyasətini də həyata
keçirməyibmi? Bəs nədən dünya birliyi ermənilərin
yalançı göz yaşlarına bu qədər
inanır? İkili standart! Bunun başqa adı yoxdur.
Qayıdaq mövzuya.
Qeyd etmək
lazımdır ki, ermənilər öz siyasətlərini həyata
keçirmək, Türkiyə ərazisində (tarixi Azərbaycan
torpaqlarının böyük bir hissəsi də daxil edilməklə
- S.A.) Böyük Ermənistan ideyasını
reallaşdırmaq üçün Birinci Dünya
savaşından bəhrələnməyə, Osmanlı
ordusuna qarşı vuruşan müttəfiq qoşunlarına
lazımınca yardım etməyə, bununla da Türkiyəni
daxildən və xaricdən çökdürmək
üçün tam güclərini sərf etmişlər. Bunu
"biz müttəfiq davasına xidmət üçün
qan tökdük" - deyə etiraf edən ermənilərin
özləri də təsdiqləmişlər. Osmanlı
ordusu cəbhədə savaşarkən ermənilər
Daşnaksütyun partiyasının rəbhərliyi ilə
yurd içində - Türkiyənin daxilində dövlətlər
hüququna görə xəyanət hesab edilən,
insanlığa yaraşmayan cinayətkarlıqla məşğul
olmuş, müttəfiq orduların cəza dəstələrini
təşkil etmişlər. Məsələn, o dövrdə
rus ordusunun tərkibində türklərə qarşı 180
min erməni əsgəri vuruşmuşdur. Fransızların
Şərq legionlarının tərkibində də minlərlə
erməni olmuşdur. Dünyanın bir çox uzaq ölkələrində
yaşayan ermənilər belə türklərə
qarşı həyata keçirilən soyqırımı
siyasətində fəal iştirak etmək üçün
Türkiyəyə getmişlər. Deyilənləri savaş
zamanı ələ keçən yüzlərlə sənəd,
məktub və başqa materiallar təsdiq edir. Daşnaksütyun
üzvü olan bir nəfər erməninin məktubundan sətirlər:
"Sevimli atam, bu, son məktubumdur.
Zira,
mən də artıq vətəni vəzifəmi yerinə
yetirmək və türkün başını əzmək
üçün erməni könüllülərinə
köməyə gedirəm. Rusiya, İngiltərə
və Fransa Türkiyə və Almaniyadan tam bir intiqam
almağa qərar vermişlər. Əmin
olun ki, xilas çox yaxındadır. 20 oktyabr 1914-cü il. Petros Harotonyan".
Birinci Dünya
müharibəsində Türkiyənin məğlubiyyəti
ermənilərə öz mənfur niyyətlərini
reallaşdırmaq üçün geniş imkanlar
vermişdi. Türkiyəni parçalamaq üçün real
şərait yaranmışdı. İngiltərə, Fransa və
çar Rusiyası digər müsəlman xalqlarına örnək
ola biləcək bir dövlət görmək istəmirdilər.
Türkiyə ərazisi hesabına qondarma bir erməni
dövləti yaratmaq cəhdi də həmin məqsəddən
irəli gəlirdi. Müharibədən sonra ermənilərin
müstəqil Ermənistan dövləti yaratmaq müraciətlərinə
cavab olaraq ingilis, fransız, rus və yunan təmsilçiləri
bir araya gələrək yeni Ermənistan dövlətinin
hüdudlarını müəyyənləşdirməyə
çalışmış, hətta onun gələcək
ərazisinin konturlarını da cızmışlar. Bundan
sonra məqsədə nail olmaq üçün ABŞ
prezidenti Vilsonun qərarına ehtiyac duyulmuşdur. Bu məqsədlə
də prezident Vilson general Harbord başda olmaqla xüsusi
nümayəndə heyətini Türkiyəyə göndərmişdir.
Genaral Harbord 1919-cu ilin iyun-iyul aylarında həyata
keçirdiyi dəqiq incələmələrdən sonra
16.10.1919-cu il tarixdə ABŞ senatına bu məzmunda rəsmi
sənəd təqdim etmişdir: "Ermənilərin iddia
etdikləri soyqırımından kiçik bir iz belə
yoxdur. Bunun əksinə olaraq ermənilər İrəvan və
Qars bölgələrində, Güney Anadoluda türklərə
qarşı soyqırımı və köçürmə
siyasətini həyata keçirmişlər. Qara dənizdən
İrana qədər uzanan türk sərhədlərini gəzdik,
fəqət erməni raportlarını təsdiqləyəcək
heç bir şey bulmadıq".
Beləliklə, hər
şey aydın olur: soyqırımı türklər deyil, ermənilər
törətmişlər.
Birinci Dünya
müharibəsindən sonra Rusiyada baş vermiş 1917-ci il
fevral və oktyabr çevrilişlərindən məharətlə
bəhrələnən ermənilər Azərbaycanda da öz
iddialarını və qatı düşmənçilik siyasətlərini
bolşevik bayrağı altında reallaşdırmağa nail
olmuş, xalqımıza qarşı dəhşətli
soyqırım siyasətini həyata keçirmişlər. 1918-ci
ilin mart ayından etibarən "əksinqilabçı
ünsürlərlə mübarizə" şüarı
altında Şaumyanın rəhbərliyi ilə Bakı
Kommunası (əsasən ermənilərdən təşkil
olunmuş - S.A.) tərəfindən ümumən Bakı
quberniyasını azərbaycanlılardan təmizləmək
üçün mənfur planın həyata keçirilməsinə
başlanmışdır. Bu siyasət həm də
Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur,
Naxçıvan, Lənkəran və başqa bölgələrdə
də xüsusi qəddarlıqla həyata keçirilmişdir.
Ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdiyi soyqırım siyasətinə
məşhur bolşeviklər də haqq qazandırmış,
onların "sudan quru çıxmaları"
üçün əllərindən gələni əsirgəməmişlər.
Məsələn, Orconokidze Leninə vurduğu teleqramda
yazırdı: "Polojenie Armenii traqiçeskoe, na
nebolğşom kloçke dvux uezdov Erivanskoy qubernii
skopilosğ 600 tısəç bejentsev, kotorıe qibnut
massami ot qoloda i xolerı. V zavoevannıx uezdax turki povrezali
polovinu nasleniə. Şuşuniskiy i Zanqezurskiy uezdı - oba
zavoevanı turkami. Armyannskoe naselenie jdet pomohi ot Sovetskoy
Rossii".
Bax, budur tarixi
saxtalaşdırmaq! Budur Azərbaycan xalqına gələcəkdə
də divan tutmaq üçün daşnaqsütyuna qol-qanad
vermək.
Yeri gəlmişkən,
qeyd edim ki, törədilən bütün cinayətlərə,
soyqırımına qiymət vermək üçün Azərbaycan
Xalq Cümhuriyyəti tarixi həqiqəti bərpa etmək
yolunda xeyli iş görmüşdür. Bu məqsədlə
1918-ci ilin mart hadisələrinə xüsusi diqqət
yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də
faciənin tədqiqi məqsədilə Fövqəladə
İstintaq Komissiyasının yaradılması haqqında qərar
qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin
mərhələdə Şamaxıda, İrəvan
quberniyasında ermənilər tərəfindən törədilən
vəhşilikləri araşdırmışdır. Həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq üçün
XİN nəzdində xüsusi qurum yaratmışdır. 1919
və 1920-ci il mart ayının 31-i ilk dəfə Azərbaycan
Xalq Cümhuriyyəti tərəfindən ümumilli matəm
günü kimi qeyd edilmişdir. Əslində bu, Azərbaycana
və Azərbaycan xalqına qarşı törədilən
soyqırımına tarixdə ilk dəfə siyasi qiymət
vermək cəhdi idi. Lakin Cümhuriyyətin süquta yetirilməsi
bu işin başa çatdırılmasına imkan vermədi.
Yalnız 80 ildən
sonra müstəqil Azərbaycan Respublikasının prezidenti,
ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da
"Azərbaycanlıların soyqırımı
haqqında" Fərman imzaladı. Məhz bu fərman həm
Azərbaycan ictimaiyyətinə, həm də dünya birliyinə
təkzibedilməz tarixi faktları özündə əks
etdirərək azərbaycanlılara qarşı ermənilərin
törətdiyi soyqırım siyasətinin iç
üzünü açdı. İndi biz maskası
yırtılmış bu üzün yenisini taxmasına imkan
verməməliyik. Həmin vampir sifətə müasir,
gözlə görünməyən maska taxmaq istəyənlər
isə nə qədər desən var. Biz həm də onlarla
mübarizə aparmalıyıq. Çox çətin
mübarizədir. Lakin həm azərbaycanlılar, həm
türklər nəinki mübarizə aparmağa, həm də
birlikdə vuruşaraq qalib gəlməyə məhkumdurlar.
... Günlərdir ki,
içində bir sonsuz türk, Türkiyə sevgisi olan
jurnalist kimi mənə müraciət edənlərin
"Türkiyə Ermənistanla qapılarını
açacaqmı" sualına cavab vermək məcburiyyətində
qalıram. Hər dəfə də son
sözüm bu olur ki, türk xalqı onu qondarma "erməni
genosidi" törətməkdə suçlayan, ərazilərinə
iddia edən və bunu öz konstitusiyasında yazan, murdar hədəfinə
çatmaq üçün bütün imkanlardan istifadə
edən, Azərbaycan ərazilərinin xeyli hissəsini
işğal altında saxlayan, tarixə Xocalı qətliamı
kimi bir faciəni yazan Ermənistanla sərhədlərin
açılmasına icazə verməz. Yaranmış vəziyyətə
Azərbaycan xalqının, onun ziyalılarının və
yazarlarının narahatlığı yersiz deyil.
Açıq-aydın görünür ki, AKP iqtidarı Ermənistanla
qapıları açmaq ərəfəsində olub.
Yalnız Türkiyə və Azərbaycan ictimaiyyətinin birgə
təzyiqləri Ərdoğan hökumətini bu addımı
atmaqdan çəkindirib. Günlərdir ki, Türkiyədən
yayımlanan televiziya kanallarında AKP yönlü jurnalistlər
və siyasətçilər Azərbaycan iqtidarını bu və
ya başqa formada, özü də çox sərt şəkildə
ittiham etməkdə davam edirlər. Bəzən
elə sərsəm fikirlər söylənilir ki, onları
heç cür həzm etmək mümkün olmur. Ötən
gün Avrasiya telekanalı ilə yayımlanan (AKPyönlü
digər telekanallarda da bənzər verilişlər bu gün
də davam edir - S.A.) verilişdə adını çəkmək
istəmədiyim bir türk siyasətçisi elə belə
də dedi: "Biz sözdə soyqırım məsələsi
ilə bağlı tarixçilərdən və alimlərdən
ibarət ortaq komissiya yaratmaq tərəfdarıyıq. Bu
iş onlara həvalə olunacaq. Sözdə soyqırım məsələsi
gündəlikdən çıxarıldıqdan sonra erməni
lobbisinin anlamı da qalmayacaq. Biz bütün
qonşularımızla, o cümlədən Ermənistanla
münasibətlərin normallaşmasının tərəfdarıyıq".
Doğrusu, həmin
fikirləri eşidərkən Ərdoğan hökumətində
yer alan o siyasətçinin dayaz düşüncəsinə
heyrət etdim. Düşündüm ki, məsələnin
çözülməsi bu qədər bəsit imişsə,
görəsən, təxminən 100 il ərzində bu problem
niyə həll olunmayıb? Düşündüm ki, görəsən,
Türkiyə hökumətinin üzvlərindən biri məgər
bilmirmi Ermənistan dövlətinin və erməni lobbisinin
yaşaması və varlığı üçün
"erməni genosidi" məsələsi həlledicidir? Onlar
məhz bu saziş əsasında bərqərar olublar.
... Aprelin 24-də erməni
lobbisi bütün dünyada, Ermənistan hökuməti isə
Ermənistanda qondarma "erməni
soyqırımı"nı qeyd edəcək. Allah-Təala
özü qıymasın ki, biz yenə də "genosid
günü" qurban kəsilən azərbaycanlılar, yaxud
terrora məruz qalan türk diplomatları haqqında xəbər
eşidək.
"Arena" qəzetinin
baş redaktoru
525-ci qəzet.- 2009.- 23 aprel.- S.7.