Yəhudi əlifbası
Nəvəm
Həmidə və onun dünyadakı bütün
yaşıdlarına
Hörmətli
Adam!
Nə vaxt
yeməkdən doyub pəndam olsan, başın açılsa,
gəl mənim yanıma, ərinmə, bir az da mən baxan tərəfdən
bax Dünyaya - özü də qorxma, mən adamyeyən deyiləm.
Diqqətlə baxsan görəcəksən ki, mən də sənə
oxşayıram - gözlərim var, ağız-burnum,
qulaqlarım, ayaqlarım, əllərim var.
Gəl.
Qorxma. Mən adam əti yemirəm. Orasını da bəri
başdan deyirəm ki, mənim yanımda dayansan peşman
olacaqsan, fikirləş.
Gözləyirəm.
Mən elə
həmişəki yerimdəyəm...
Ancaq əsnəmə,
əsnəsən səni qovacam!
Müəllifdən
-
Qalxın, Gələn gəlir!!!
Bütün
bəşəriyyət dik qalxdı.
Qəbirlər
də dikəldi, baş daşları ilə üzbəüz
dayandı.
Zaman da dikəlib
dayanan kimi Gələn gəldi, Yer kürəsi sətəlcəm
olmuş adam kimi ölü sükuta büründü, bu
sükut ağappaq idi, kəfənə oxşayırdı. Bu
ölü sükutu Gələndən başqa bir kimsə
dirildə bilməzdi və O da diriltdi:
- İnsan
Adəm və Həvva deyilən saatdan sizlərin dik
qalxdığınız saata qədər çooox uzun bir yol
keçib və Sizin qiymət almaq saatınız yetişib,
qulaq asıııınn...
- Sülh,
iki.
-
Müharibə, beş.
-
Gözütoxluq, iki.
- Nəfs, beş.
- Allah xofu, iki.
-
Allahsızlıq, beş.
- Həqiqət,
iki.
- Yalan, beş.
-
Könüllülük, iki.
- Zor, beş.
- Hippokrata sədaqət,
iki.
- Terror, beş.
-
Əl tutmaq, iki.
- Əl kəsmək,
beş.
- Vətənpərvərlik,
iki.
-
Özünüsevərlik, beş.
- Halal, iki.
- Haram, beş.
- Təbiətə
sevgi, iki.
- Təbiəti
xaraba qoymaq, beş.
- Səmavi ləzzət,
iki.
- Narkoləzzət,
beş.
-
Alnıaçıqlıq, iki.
-
Üzüqaralıq, beş.
- Sivilizasiya,
iki.
- Yerində
saymaq, beş.
- Mərdlik,
iki.
- Yaltaqlıq, beş.
- Mərhəmət,
iki.
- Qaniçmə,
beş.
- Mənəvi
quraqlıq, iki.
- Zina,
beş.
- Söz,
iki.
-
Boşboğazlıq, beş.
- Səs,
iki.
- Həvəs,
beş.
Sükut
yenə çabalaya-çabalaya Öldü və Gələn
bu ölünü təzədən diriltdi:
-
Bütün bunları əsas götürərək qərara
alıram: - Bütün Bəşəriyyət haqqında həbs
qətimkan tədbiri seçilsin və haqqında cinayət
işi qaldırılsın. Bu hökmdən bir ay müddətində
Allahdan yuxarı bir kimsə tapsanız, quşların vasitəsilə
ona şikayət edə bilərsiniz...
Sükut təzədən
partdam-partdama düşdü, çabaladı,
çabaladı və öldü - bu dəfə onu dirildən
olmadı.
Gələn
necə gəlmişdisə, eləcə də getdi - nə gələndə
görən olmuşdu, nə də gedəndə görən
oldu.
Bəşəriyyət
ayaq üstə donmuşdu, heykələ
dönmüşdü - axır ki, Bəşəriyyətə
də heykəl qoyan tapıldı...
Dünyanın
bütün saatları çıqqıldaya-çıqqıldaya,
taqqıldaya-taqqıldaya, şaqqıldaya-şaqqıldaya və
nəhayət hıqqıldaya-hıqqıldaya dayandı -
Zaman dayanmışdı...
Dünyanın
insan əli, ayağı, nəfəsi dəyməyən cənnət
bir guşəsində mələklər körpələri əmizdirirdilər
- doğum evinə oxşayırdı buralar, uşaqları da
nömrələmişdilər, adları yox idi...
Uşaqlar harda
olduqlarını bilmirdilər, elə mələklər də.
Onları Allah yerbəyer eləmişdi. Bu məkanda demək
olmazdı ki, Zaman dayanmışdı və yaxud
dayanmamışdı, bu məkanda Zaman yox idi.
Bu uşaqlar nə
heykəlləşmiş valideynlərin balaları idilər,
nə də Zamanın - bu uşaqlar Allahın balaları idilər.
Allahın
körpələrə bir az rəhmi gəlmişdi, elə
körpələr də Allahı bir az rəhmə gətirmişdilər.
Və bu rəhm Allahın nə zamansa adamlara elədiyi rəhmə
oxşamırdı və bu rəhmin özü də körpə
idi, sanki körpələr üçün idi...
Mələklərdən
biri necə qışqırdısa şeytanlar dünyanın
hər yerindən tökülüb gəldilər, bu məkanı
mühasirəyə alıb təəccüblə bir-birlərini
süzəndən sonra pıqhapıq başlandı, davam elədi
və sonda xorla yer üzünü başına götürən
uzun-uzadı bir qəhqəhə çəkdilər və
çıxıb getdilər. Məlum oldu ki, mələklərdən
biri körpəni əmizdirərkən uşaq onun
döşünü dişləyib və onun
döşündən süd əvəzinə ağappaq qan
tökülüb...
Şeytanların
qəhqəhəsi mələklərin qulaq pərdəsinə
tərəf sürünməkdə idi...
Şeytanlar
çıxıb getsələr də nəfəsləri bu məkana
toxunmuşdu, indi bu məkan toxuntulu idi. Bu toxuntunu isə
Allahdan başqa heç kəs götürə bilməz.
Özünü
Axtaran Adam rast gəldiyindən soruşdu:
- Məni
görməmisən, ay Adam?
- Dəlisən?
- Hə...
-
Çoxdan dəli olmusan?
-
Yadıma gəlmir...
- Sən
özünü çoxdan axtarırsan?
-
Doğulduğum gündən.
- Kimlərdənsən?
-
Tanımazsan...
-
Tanış gəlirsən eee... gözümə şirin dəyirsən...
- Sən
gözünün dadını bilmirsən, mən zəhər
tuluğuyam... zəhər tuluğu...
- Sən
İlansan?
- Vallah,
yox. İlanın zəhəri dişinin dibində olur.
- Bəs sənin
zəhərin hardadı?
- Dilimin
altındadı deyillər.
- Sən
Adamı da zəhərləyirsən?
- Ancaq
adamları... Heyvanlarnan, quşlarnan işim yoxdu.
- Bəs
yaxşı, elə sən özün də Adamsan, niyə zəhərləyirsən
adamı?
- Zəhərləmirəm
ee... Bax o adamlar bir də görürsən ki, məni də
Adam hesab eləyib, soruşurlar ki, qatıq nə rəngdədi...
- Həəə...
hə... başa düşdüm.
-
Sözümü kəsmə də - sözümü kəsəndə
elə bilirəm başımı kəsirlər.
- Axı,
çox uzadırsan ee... Ay Adam, ay kişi, demirlər ki,
qatıq qaradı, lap yaxşı, sən də yerini şirin
salmaq üçün deginən ki, qatıq qara deyil eee,
qapqaradı.
- Axı,
ağdı...
- Sən
kimdən eşitmisən ki, qatıq ağdı?
- Ata-babamdan... Ata-babam da
öz ata-babasından... Onlar da öz ata...
- Deməli, siz
nəsillikcən, - şəhadət barmağını
gicgahına dirədi, - o söz...
- O söz nədi?
- Qısa desək
dəli, ipləmə.
- Dəli-ipləmə
Sənsən, sənin ata-babandı, ata-babanın
ata-babasıdı, ulu babanın ulu babasıdı, bildiiiiin?! -
Gözləri az qalırdı hədəqəsindən
çıxsın.
- Bildim...
bildim... - dedi və qaçdı, yüz, yüz əlli metr
aralanandan sonra dayandı, çevrilib arxaya baxanda gördü
ki, Özünü Axtaran Adam əllərini göyə
qaldırıb Allaha nə isə deyir. Nə qədər
qulaq kəsilsə də onun dediklərini eşitmədi.
Özünü Axtaran Adamın Allahla söhbəti xeyli
çəkdi və onu darıxdırdı, o bir az da aralanıb dayandı, üzünü
Özünü Axtaran Adama tutub ucadan dedi:
- Eybi yoxdu, bir
də əlimə düşərsən, - dedi. Onun dediyini özündən və Özünü
Axtaran Adamdan başqa heç kəs eşitmədi,
çünki bu düzəngahda onlardan başqa heç kəs
yox idi.
Bir az da yoluna davam eliyəndən sonra dayandı,
irəliyə baxa-baxa dedi:
- Oğraş,
- Özü dedi, özü də eşitdi.
Arxadan kiminsə
ona tərəf qaçdığını hiss eliyən kimi
geri çöndü, Özünü Axtaran Adam sürətlə
ona tərəf qaçırdı. Bərk
qorxdu, qorxudan qanad taxdı, qaçdıqca qaçdı və
taqətdən düşdü, yıxıldı və
yıxılmaq ona ləzzət elədi - dincəlirdi. Uzandığı yerdə başını
qaldırıb qoltuğunun altından geri baxdı ki,
görsün Özünü Axtaran Adam onu nə vaxt
tapdalayacaq, ancaq onu görmədi. İki əlini yerə
dirəyib bir az qalxdı və
böyrü üstə çönüb başını
qaldırdı: Özünü Axtaran Adam yox idi;
başını silkələyib gözlərini bir neçə
dəfə döyəndən sonra yenə o səmtə
baxdı: Özünü Axtaran Adam təxminən yüz,
yüz əlli metr ondan aralı üzü üstə
düşüb qalmışdı. Ürəyində
onu da hesabladı ki, eyni sürətlə
qaçırmışlar, çünki aralarındakı məsafə
elə əvvəlki qədər olardı. Ancaq mübahisə elədikləri yerdən xeyli
uzaqlaşmışdılar.
O
uzandığı yerdə geriyə çevrildi, bir az dincini almışdı. Başını
qaldırıb Özünü Axtaran Adama baxanda gördü
ki, o da buna baxır. Bu ayağa durub
üst-başını çırpdı. Özünü Axtaran Adam da onu təkrar elədi.
Özünü Axtaran Adam sağ əlini göyə
qaldırıb silkələdi, üzünə təbəssüm
qondu. Bu da onun hərəkətini təkrar elədi
və Özünü Axtaran Adamın üzündəki təbəssüm
qanadlandı və uça-uça gəlib bunun üzünə
qondu. Onlar bir-birinə tərəf
ağır-ağır addımlamağa başladılar.
Aralarında əlli metrə qədər yer
qalmışdı. Əvvəlcədən
danışmış adamlar kimi ikisi də birdən
dayanıb durduqları yerə mıxlandılar, sanki onları
dizə qədər torpağa basdırmışdılar, elə
bil ağac kimi yerə əkmişdilər ki, burdan tərpənə
bilməzsiniz. Xeyli bir-birinə baxandan sonra
Özünü Axtaran Adam dedi:
- Füsunkar.
Nə?! - Birinci dəfə belə adam adı eşidirdi. Sənin
adın nədi?
Füsunkar! - O bir az da ucadan dedi.
- Bu adı kim
qoyub sənə? - İstehza üz-gözündən
tökülürdü.
- Anam.
- Bəs
ananın adı nədi?
- Qələmkar.
- Nə?!
- Qələmkar!
- O bir az da ucadan dedi.
- Anana bu
adı kim qoyub?
- Babam...
- Babanın
adı nədi?
- Səhlənkar...
- Babana bu
adı kim qoyub?
- Atası, - təəccübünü
azacıq da olsa gizlətmədi.
- Babanın
atasının adı nədi?
- Minnətdar.
Özünü
Axtaran Adam qəşş elədi, o qədər güldü
ki, gülüşü tükəndi, bir azca
qalmışdı, o da gözlərinin bulağından
damcıladı yaxasına və sakitləşdi.
Aralığa çökən sükut hər ikisini qorxutdu.
Bu sükut xeyli davam elədi və ikisi də bərk qorxdu. O,
boğazını artlayıb Özünü Axtaran Adama dedi:
- Bəs sənin
adın nədi?
- Mənim
adım yoxdu.
- Necə yəni,
bəs səni necə çağırıllar?
- Məni
heç kəs, heç vaxt, heç hara
çağırmır.
- Sənin
heç əvvəldən adın olmayıb?!
- Adım
olub... Məni, dedim ki, çağıran yoxdu... ona görə
də adım yadımdan çıxıb.
-
İndi sənin adını heç kəs bilmir.
- Mən
özüm bilməyəndən sonra... kimin nəyinə
lazımdı.
Füsunkarın
sağ əlinin barmaqları daraqlanıb qalın
saçlarına keçdi, bu daraqla bir neçə dəfə
saçını arxaya daradı, qeyri-iradi Özünü
Axtaran Adama tərəf bir addım atan kimi
qarşısındakı bir addım geriyə çəkildi
və aralarındakı məsafə yenidən bərabərləşdi.
Özünü
Axtaran Adam bir addımın törədə biləcəyi təhlükəni
aradan qaldıran kimi dedi:
- Nəslinizdə-kökünüzdə
şairdən-zaddan olmayıb ki?
- Bu hardan gəldi
ağlına? - Onun sualını bir az da
suallandırdı.
- Elə belə...
Füsunkar, Qələmkar, Səhlənkar, Minnətdar...
Hamınız qafiyələnmisiniz, ona görə... Babalarından şair olanı var?
- Allah eləməsin,
nə danışırsan, bircə elə şairimiz kəmdi.
Mənim babalarım hamısı tacir olub, elə bu gün də
hamımız tacirik, biznesmen...
- Nə
alıb-satırsınız?
- Hər
şey...
- Hər
şey?
- Hər
şey...
- Hər
şeyi alıb satanlar, axırda, sən deyən kimi, elə hər
şeyi satırlar... Əllərinə bir şey keçməyəndə
satqınlıq eliyirlər, bu da bir növ elə sən deyən
kimi tacirlikdi, biznesdi. Dünyada bir bazar var... orda
hər şey satmaq olar; dostu, torpağı, əqidəni,
namus-qeyrəti... ölkələri...
- Sizinkilərin
o bazarla əlaqəsi var? - Bu dəfə qeyri-iradi
Özünü Axtaran Adam irəli bir addım atıb dayanan
kimi Füsunkar bir addım gerilədi və məsafə yenidən
əvvəlki həddinə yetişdi.
- Sən nə
danışırsan... O bazar dünyanın böyük
dövlətlərinin başçılarının nəzarətindədi.
Ora girərsən... ancaq çıxa bilməzsən... - Bir an fikrə dalıb soruşdu: - Bəri bax, -
Özünü Axtaran Adam elə onsuz da ona baxırdı, - bəri
bax, elə o qədər də alçaq adama
oxşamırsan... Niyə palaza bürünüb elinən
sürünmürsən? Hə? Atalar misalı
var, də... o misalı sənin kimilər üçün
deyiblər...
- Nə deyiblər?
- Hövsələsi daraldı.
- Deyiblər
ki, palaza bürün elinən sürün.
- Sən bu misalı kimdən eşitmisən?
- Ata-babamdan...
Ata-babam da öz ata-babasından... onlar da öz
ata-babasından... Onlar da...
Füsunkar iki
addım irəlilədi, Özünü Axtaran Adam yerindən
tərpənmədən dedi: - Deməli, siz nəsillikcən,
- şəhadət barmağını gicgahına dirədi, -
o məsələ... o söz...
- O söz nədi?
- Qısa desək,
deməli, siz nəsillikcən oğraşsınız.
- Mənnənsən?
- Füsunkar yersiz təmkinlə soruşub sağ əlini
göydə oynatdı.
- Burda sənnən
başqa adam var?
- Yox...
- Deməli,
burdan belə çıxır ki, mən bu sözləri sənə
deyirəm, bir də təkrar eliyirəm, - səsini
ucaltdı, - nəsillikcən oğraşsınız! - dedi və
Füsunkara tərəf cumdu. Füsunkar da öz növbəsində
ona tərəf cumanda necə bağırdısa
Özünü Axtaran Adam vahiməyə düşdü və
qayıdıb var gücü ilə geriyə qaçmağa
başladı. İndi hər şey tərsinə idi;
Özünü Axtaran Adam qaçırdı, Füsunkar
qovurdu. Qaçan qovandan bərk qaçar deyiblər. O,
Füsunkardan xeyli aralanmışdı. Füsunkar ona
çata bilmirdi, hərdən bağırtısı
çatırdı Özünü Axtaran Adama və onu
çox qorxudurdu. Birdən Özünü Axtaran Adam
dayanıb geri çöndü. Füsunkar başını
aşağı salıb gəlirdi; başını
qaldıranda isə onun dayanıb gözlədiyini görən
kimi özü də dayandı. Qanlı-qanlı
bir-birlərinə baxdılar, baxdılar; burda
qanlı-qanlı baxmaqdan daha çox bir dincəlmək məsələsi
vardı.
- Bəlkə
oturaq dincimizi alaq? - Özünü Axtaran Adam
soruşdu.
- Oturaq...
- Otur də...
- Qabaqca sən
otur.
- Yox, sən
otur.
- Yox, sən...
- Sən...
- Sən...
Özünü
Axtaran Adam səmərəli bir təklif irəli
sürdü:
- Gəl belə
eliyək... Mən sayacam; bir... iki... üç
deyəndə ikimiz də oturaq, oldu?
- Oldu... di
başla...
Özünü
Axtaran Adam bu düzəngahda onlardan başqa bir kimsənin
olmadığını dəqiq bilsə də, ətrafı
özünməxsus olan bir sayıqlıqla nəzərdən
keçirdi, belə deyək də, tam arxayın olandan sonra
gözünü Füsunkara zillədi:
-
Hazırlaş!
- Hazıram!
- Bir! İki!
Üç!
İkisi
də çökdü, əllərini müvafiq olaraq yerə
dirəyib, ayaqlarını uzatdılar, dincəlmək
üçün bundan ideal şəkil almaq qeyri-mümkün
idi.
Xeyli
dincəldilər. Sükut onların arasına
girmişdi, harayçılıq eləyirdi ki,
dalaşmasınlar. Sükutdan və aralarındakı əlli
metr məsafədən başqa onların arasına girəcək
bir zad yox idi. Gözləri danışırdı,
qulaqları gözlərinin səsini eşitmirdi, ancaq gözləri
bir-birini eşidirdi. Füsunkarın gözləri deyirdi:
- Əlimdə
əlacım olsaydı səni dəli inək balasını
tapdalayan kimi tapdalayardım...
Özünü
Axtaran Adamın gözləri deyirdi:
-
Əlacım olsaydı balaca tikəni qulağın boyda eliyərdim.
Bunların
ikisi də əlacsızdılar ki...
Füsunkarın
gözləri deyirdi:
- Yoox... məndən
it kimi qorxur...
Özünü
Axtaran Adamın gözləri deyirdi:
- Nə döyərdim
səni... Kasıb itini döyən kimi.
Füsunkarın
gözləri deyirdi:
- Sən öləsən,
o dəli-ipləmə nəslinin başı haqqı sənnən
qorxmuram.
Özünü
Axtaran Adamın gözləri deyirdi:
- Sən öləsən,
o oğraş nəslinin canına and olsun ki, səndən
qorxub eləmirəm.
Füsunkarın
gözləri deyirdi:
- Ancaq ipləmə
kopoyoğlu heyvərədi ha...
Özünü
Axtaran Adamın gözləri deyirdi:
- Pəzəvəng
oğlu pəzəvəng...
Onların
dili gözlərinin sözünü kəsdi. Birinci
Füsunkar dilləndi:
- Sən öl
sənin başını kəsəcəm, - dedi və
ehtiyatla dik qalxdı. Özünü Axtaran Adam da dikəldi,
bu qəfil "qərar"dan bərk qorxdu və elə
qorxa-qorxa da dedi: - Nəyinən?
Füsunkar
cibindən bıçaq çıxardı:
- Baax, bunnan, -
dedi.
- Nə vaxt?
- Qoy
qaranlıq düşsün.
Özünü
Axtaran Adam başını qaldırıb göyə
baxdı, gün günortadan əyilmişdi, təsəllisi
bu oldu ki, hələ qaranlıq düşməyə çox
var, bir az toxdayıb dedi:
- Heç
ömründə bir toyuq başı kəsmisən, sən o
ulu babanın ruhu.
- Mən?
- Hə, sən...
- Toyuq nədi ələ,
mən fil başı da kəsmişəm.
Özünü
Axtaran Adam yalandan qəhqəhə çəkdi:
- Sənin əslin
Hindistannandı ki... Mera Cuppa hi copana... - oxudu və
Hind kinofilmindən eşitdiyi bu mahnının sözlərini
bir neçə dəfə təkrar elədi, qollarını
göyə qaldırıb rəqs elədi də; onu qorxu beləcə
oynadırdı.
Füsunkar
müəyyən üstünlüyə malik idi, özü də
bunu hiss elədi və hiss eliyən kimi dedi:
- Sənin
başın yeddinci olacaq.
-
İndiyənəcən altı baş kəsmisən ki?
- Bəli, - ədəb-ərkanda
cavab verdi və Özünü Axtaran Adam
bu ədəb-ərkanı qətiyyən başa düşmədi
və indiki halda bunu başa düşmək doğurdan da
çətin idi. O, dedi:
- Nə üstə
kəsmisən o adamların başını?
-
Şərəf və ləyaqətimi təhqir etdiklərinə
görə.
Özünü
Axtaran Adamın varlığına gözlənilməz və
qəribə bir arxayınlıq hopan kimi dedi:
- Sən
onların başını nahaq kəsmisən...
- Bəs neyləyəydim...
şərəf, ləyaqət...
- Məhkəməyə
verəydin.
- Bizim nəsildə
heç kəs hökumətə, polisə şikayət eləməyib...
Bir şey olanda məsələmizi özümüz həll
eləmişik, şikayət eləmək bizə
yaraşmaz...
- Mənim
başımı kəsmə də... - Özünü Axtaran
Adam süni yalvarışla dedi.
- Bəs neyləyim?
- Qoy sənnən
üzr istəyim...
- Yoox, sən nə
danışırsan, bu şərəf və ləyaqət məsələsidi,
üzr istəməklə başa gələn şey deyil.
- Yaxşı,
onda məni məhkəməyə ver.
- Nə?
- Məhkəməyə...
Füsunkar
yarırazılaşan kimi oldu və soruşdu:
- Yaxşı,
tutaq ki, mən səni verdim məhkəməyə, məhkəmə
də sənnən soruşdu ki, bu kişinin şərəf
və ləyaqətini niyə təhqir eləmisən, nə
cavab verəcəksən?
- Ona kimi bir
şey fikirləşərəm... Doğurdan ee, nə deyəcəm?
Bəlkə boynuma almayım, hə?
- Boynuna
almazsan, qoyallar boynuna.
- Həəə...
- Sənin vəziyyətin
çətindi...
- Çox
çətindi...
Elə
bil Füsunkar rəhmə gəlmişdi, hər halda
Özünü Axtaran Adama elə gəldi.
- Mən sənə
kömək eləyə bilərəm. - Füsunkar dedi.
- Necə?
- Mənə
elə gəlir ki, sənin bir çıxış yolun var, məhkəməyə
get-gəl, şahid-sübut, uzun məsələdi... Gəl
razılaşaq, elə başını kəsim, sənin də
canın qurtarsın, mənim də... - Füsunkar öz
humanist təklifini verdi... Əlavə
də elədi, - sənin xətrini istədiyimdən deyirəm.
- Razıyam, -
dedi Özünü Axtaran Adam, - ancaq bir xahişim var, kinolarda
da görmüşəm ki, adamı dar ağacından asanda
onun son xahişinə əməl edirlər.
- Eşidirəm,
utanma, de...
Özünü
Axtaran Adamın belə gözlənilmədən
razılaşması Füsunkarı
çaşdırmışdı: "Birdən o axıracan
sözünün üstündə durdu, onda mən neyləyəcəm,
hə, mənnən baş kəsən olar? Ancaq söz də
ağızdan çıxıb axı... İşə
saldım də özümü..."
Özünü
Axtaran Adam kədərli və bu dünya ilə
vidalaşmağa hazır olan adam görkəmi
almışdı - güzgüyə baxsaydı özü
özündən qorxardı. "Doğurdan yəni bu oğraş
altı adamın başını kəsib?! Hə?! Olmadı
elə, oldu belə... Hə?! Əşi, o məni tuta bilər?
Heç yanımdan yel də olub ötə bilməz..."
Füsunkar
özünü sındırmadı, deyəsən heç
sındırmaq fikri də yox idi, dedi:
- Nə
xahiş eləmək istəyirdin, de, utanma, kişi
deyilik...
- Bəlkə
arvad-uşağa nəsə çatdırmaq lazımdı.
- Arvad-uşaq
var ki... hamısı atıb məni...
- Niyə?
- Məni
dünyanın ən fərsiz kişisi hesab eliyirlər, ona
görə...
- Niyə fərsiz?..
Bu, çoox
uzun bir məsələdi, sənə baş ağrısı
verməyəcəm.
- Onda
xahişini elə, bizim də özümüzə görə
nəslimiz-kökümüz var, biz də...
Özünü
Axtaran Adam özünü güclə saxladı, gülmək
onun boğazında tıxanıb qalmışdı.
- Xahişin nədi?
- Füsunkar təkid elədi.
- Xahişim
odur ki...
- Hə... de...
- Xahişim
odur ki... Mən bir qaşıq qandan qorxmuram.
(Ardı
30-cu səh.)
(Əvvəli
29-cu səh.)
- Səndə
bir qaşıq yox, aşağısı vedrə yarım qan
var, təcrübəmdən bilirəm... Sözünü
de...
- Xahişim
odur ki, başımı kəsəndə üzü qibləyə
kəsərsən, İsmayıl qurbanı kimi...
Füsunkar
öz aləmində ona elədiyi bir belə
yaxşılığın qabağında elə bil bir balaca
əsəbiləşdi:
-
İndi mən nə bilim bu düzün ortasında qiblə
hardadı?
- A qibləsiz!
- Nə?
- Heç nə...
- Bax, ona
söz vermirəm, çünki qibləni gərək düz
tapasan, səhv eləsən günahdı, mən günaha
batmaq istəmirəm, əgər sən qibləni tapa bilərsənsə,
gözüm üstə...
- Gözün
var olsun...
- Sən qibləni
göstərə bilərsən?
- Sən bilməyəndən
sonra mən hardan bilim... - Özünü Axtaran Adam
Füsunkarın qoltuğuna verdi və deyəsən
onun qoltuğu bir az da şişdi və bunu Özünü
Axtaran Adam da hiss eləyib zəhmətinin itmədiyindən məmnun
oldu.
- Yox, mən
qibləsiz başımın kəsilməyinə razı ola bilmərəm, günaha batmaq istəmirəm.
Özünü
Axtaran Adamın qəfil qərarı Füsunkarın ürəyindən
olsa da, o özünü o yerə qoymadı:
- Bax,
gördün ki, sən kişi deyilsən!
- Vallah,
heç səndə də kişiyə oxşayan sifət
yoxdu.
Füsunkarın
üstündən dağ boyda yük
götürülmüşdü...
Özünü
Axtaran Adam deyəsən bunu bir balaca hiss eləmişdi:
- Gəl məhkəmədə
ayırd eliyək məsələni.
- Olsun. -
Füsunkar daxilən rahatlıq tapsa da, özünü
narazı kimi göstərdi, ancaq Özünü Axtaran Adam bu
narazılığı görmədi və nəticədə
Füsunkarın "özünü başqa cür göstərmə"
hikkəsi məğlubiyyətə uğradı.
- Deyəsən,
məni dolamısan. - Füsunkar səsinin yoğun yerini
işə saldı.
- Kompasın
vaaar?
- Yox.
- Onda bəs nə
deyirsən... Mən sənin yerinə
olsaydım bilirsən neylərdim?
- Neylərdin?
- Rast ki, belə
işinən məşğulsan... yəqin ki, nəslinin
şərəf və ləyaqətini qoruyursan, cibinə
kompas qoy də... Bıçağın var, kompasın yoxdu...
- Yaxşı
məhkəmədə danışarıq. - Ucadan və əsəbi
dedi.
-
Danışarıq. - Özünü Axtaran Adam də eynən
onun kimi cavab verdi.
Füsunkar
bir-iki addım ona tərəf gəldi, o bir-iki addım arxaya
çəkildi. Füsunkar dedi:
- Yaxşı,
məhkəmə soruşsa ki, bu kişinin şərəf və
ləyaqətini niyə təhqir etmisən, nə cavab verəcəksən?
- Ona kimi bir
şey fikirləşərəm... Doğurdan
ee, nə deyəcəm? Bəlkə boynuma almayım, hə?..
- Boynuna alsan cəzan
yüngül olar, almazsan qoyallar boynuna...
- Yaxşı,
- Özünü Axtaran Adam dedi, - şərəf və ləyaqətinizi
təhqir etdiyimə görə məndən nə qədər
pul tələb edəcəksən?
- Əgər sən
tək məni təhqir etsəydin bu sənə ucuz başa gələrdi,
- ani fikir onu çəkib harasa apardı və qaytarıb
öz yerinə qoyandan sonra dedi: - Sən bizim bütün nəslimizin,
şəcərəmizin şərəf və ləyaqətini
təhqir etmisən, - səsini bir az da
ucaltdı, - bəli, bütün şəcərəmizi...
- Yaxşı,
tək səni təhqir etsəydim, bu mənə neçəyə
başa gələrdi.
- Əgər mən
tək olsaydım, - fikirləşdi, fikirləşdi, - əgər
mən tək olsaydım təxminən min dollara.
- Min?
- Min... Çoxdu ki?
- Yoox, bir
söz demirəm... İndi Sizin o şəcərənizdə
neçə adam olar?
- Ulu babamdan bu yana şəcərimizdə sayılan, hörmətli-izzətli
qırx yeddi adam var, hamısı da say-seçmə...
- Qırx yeddi?
- Bəli...
çoxdu ki?
- Yox, yox... yəni
demək istəyirəm ki, böyük nəsilsiniz...
- Böyük
nəsilik, özü də çox böyük.
- Qırx
yeddini minə vuranda neçə eləyir, - özü bu
vurmanın cavabını dürüst bilsə də,
Füsunkardan soruşdu. O da öz növbəsində yalandan
fikirləşib dedi:
- Qırx yeddi
min, o qədər də böyük pul deyil...
- Əvvəla
mənim bütün şəcərəm
yığışa, qırx yeddi il gecə-gündüz
işləyə o pulu yığa bilmərik, bu, bir; ikinci, de
görüm sizin nəslin, şəcərənin qırx
yeddi min dollar dəyərində olduğun kimi təyin eliyib,
maliyyə nazirliyi, yoxsa hesablama palatası, hə?!
- Mən təyin
eləmişəm!..
- Sən kimsən
axı?!
- Mən o
şəcərənin ən şərəfli və ləyaqətli
nümayəndələrindən biriyəm.
- Mənim buna
heç bir şübhəm-filanım yoxdu, ancaq
yaxşısı budur ki, sabah bax elə bu
vaxtdan bir az sonra, qaranlıq düşəndə gəl bura,
kompas da götür gəl bura, başımı kəs
qurtarsın getsin... Vəssalam.
- Bu, sənin
axırıncı sözündü?
-
Axırıncıdan da axırıncı.
- Bəlkə
məbləği azaldım?
- Məsələn,
nə qədər?
-
Əlli faiz. - Füsunkar uzaqdan gözlərini
qıyıb ümidlə ona baxdı, əməlli-başlı
alver gedirdi.
-
Əlli faiz nə qədər eləyir?
- İyirmi
üç min beş yüz dollar...
- Yox,
gücüm çatmaz.
Füsunkar lap əsəbləşsə
də, özünü o yerə qoymurdu:
- Yaxşı əlli
faiz də keçirəm...
-
Əllisi nə qədər eləyir?
- On bir min yeddi
yüz əlli dollar.
- Gücüm
çatmaz...
- Onbir min...
- Gücüm
çatmaz.
- Altı min beş yüz...
- Vallah
gücüm çatmaz.
- Üç
min iki yüz əlli.
- Gücüm
çatmaz ee... Min dollar düzəldə bilərəm...
- İki
yüz də qoy üstünə...
- Billah
mümkün deyil...
- Yaxşı əlli
də...
- Min dollar!!!
Min! Onu da görüm hardan tapıram hələ...
Şərəf
və ləyaqət alveri təzəcə sona yetmişdi ki,
Özünü Axtaran Adam dedi:
- Bax tutaq ki, bu
min dollardı, ala, ala qoy cibinə... verdim sənə, hə?
- Bəli...
- Qurtardıq
bu məsələni?
- Bəli.
Özünü
Axtaran Adam tələsə-tələsə dedi:
- Min dolları
verdim, sən də aldın qurtardıq, heləmi? - Cavab
gözləmədən əlavə etdi, - sonra da əlimi
atdım qoltuq cibimə, min dollar da ordan çıxartdım,
bax, görürsən əlimdədi, görürsən də
məsəl üçün deyirəm.
- Hə,
görürəm.
- Bax, əgər
sizin nəsl-kökün, şəcərənin qiymətini
min dollara razılaşmışıqsa, söz
danışıqdan keçər də, mə
Füsunkar
xeyli fikirləşdikdən sonra şəhadət
barmağını alnının ortasından çəkdi,
üzünü ona tutub dedi:
- Mən bu məsələni
təkbaşına həll edə bilmərəm, gərək
məsləhətləşim, mənim də ləyaqətli
ağsaqqallarım var... məsləhətləşib
bir söz deyərəm.
- Tapdım!
Tapdım! Tapdım! - Özünü Axtaran Adam
çırtıq çala-çala yerində
fırlandı, - tapdım, tapdım!
Füsunkar təəccübləndi:
- Nəyi tapdın?
- Tapdım,
tapdım...
- De, biz də
bilək də nəyi tapdın?
- Məhkəməyə
verəcəyim cavabı, cavabı tapdım... Məhkəmə
məndən soruşanda ki, sən bu kişinin
özünün və nəsl-kökünün, şəcərəsinin
şərəf və ləyaqətini niyə təhqir eləmisən,
bilirsən nə deyəcəm?
- Nə?
- Deyəcəm
ki, möhtərəm hakim, bu suala cavab verməzdən qabaq
arzu edərdim ki, bu kişinin nəsli-kökü özü də
başda olmaqla yığışsın gəlsin bu məhkəmə
salonuna, qoy əvvəlcə mənə və sizə
sübut eləsinlər ki, onların doğurdan şərəf
və ləyaqətləri var, bax, ondan sonra mən sizin
sualınıza cavab verərəm - olmayan şeyi mən necə
təhqir eliyə bilərəm, ay möhtərəm hakim, necə?!
Möhtərəm hakim də görəcək əə, sən
öləsən burda fil kimi güclü, pələng kimi
çevik bir məntiq var, bunu görəndən sonra məhkəməni
təxirə salacaq, sabah saat onikiyəcən.
- Sən necə
sübut eliyə bilərsən ki, bu tayfanın şərəf
və ləyaqəti yoxdur.
- Eliyərəm
möhtərəm hakim, eliyərəm. İcazə
versəniz on dəqiqəyə sübut edərəm, istəyirsiniz
lap saata baxın. İcazə verirsiniz?
- Buyur, buyur.
- Möhtərəm
hakim, bu yaxınlarda mən zərərçəkən
İnadkarov Füsunkarla bir çölün düzündə,
duelə çıxan adamlar kimi əlli metr məsafədə
üz-üzə, göz-gözə dayanıb bu məsələ
ilə bağlı söhbət elədik. O, qırx yeddi min
dollar pul istədi məndən. Mən beş
dəqiqənin içində o məbləği min dollara qədər
yendirdim... Eşidirsən əəə, Füsunkar...
- Eşidirəm...
- Füsunkar yerində donmuşdu...
- Sonra
hamısını danışaram bitdə-bitdə... Bundan sonra bilirsən səni nə gözləyir?
- Nə?
- Bundan sonra
bütün qohum-əqrəban sənin cəmdəyinə
tüpürəcək, səni mal kimi döyüb,
çıxıb gedəcəklər, ay şərəfsiz.
Füsunkar
necə bağırdısa, bu düzəngahın sağ tərəfindən,
xeyli aralıda bir dəstə quzğun diksinib havaya qalxdı.
- Sən məni
rüsvay eləmək istəyirsən, oğraş... Aaaaaa!!!
- Bağıra-bağıra onun dalınca qaçırdı.
Özünü Axtaran Adam ondan bərk qaçırdı və
bu qaçışla Füsunkar yüz il
də ona çata bilməzdi. Bunu onun özü bilsə də
qaçırdı, bəlkə ona belə sərf eliyirdi, -
Dayan başını kəsəcəm, şərəfsiz, dayan!
Özünü
Axtaran Adam ondan xeyli aralandığına görə
arxayın dayandı, dərindən bir nəfəs aldı,
bir nəfəsalma müddəti dincələndən sonra ona
tərəf qaçan Füsunkara dedi:
-
Başımı kəsəssən?!
- Hə, şərəfsiz.
- Qibləni
tapdın?
- Sənin
başını erməni qibləsinə kəsəcəm.
- Erməni qibləsinin
yerini bilərsən.
- Həəə!
- Füsunkar dedi və üzü üstə
yıxıldı.
- Ha! Ha! Ha!
Haaa! - Bunu da Özünü Axtaran Adam dedi.
- Aaaaaa!!! - Bunu
da üzü üstə yerə uzanmış Füsunkar
sağ əlini yerə çırpa-çırpa dedi. -
Şərəfsiz!
- Mənə
deyirsən şərəfsiz, - Özünü Axtaran Adam
Füsunkara tərəf cumdu. Füsunkar yerindən
dik qalxıb qaçmağa başladı.
Özünü Axtaran Adam onu qovurdu - bu dəfə də,
qovulan qovandan bərk qaçırdı; həmişə belədi...
Bunlar
ikisi də haqq-hesab çürüdən adamlara
oxşamırdı, ancaq bir-birindən əl də çəkmirdilər.
Onların arasında əməlli-başlı
bir cığır doğulmuşdu, bu cığır
onların ikisininkidi, şərikdilər. Bu
cığırın uzunluğu iki yüz əlli-üç
yüz metr olar. Cığırın nə o
başı, nə də bu başı heç bir yerə
gedib çıxmırdı - o baş o başda
qırılırdı, bu başı da bu başda; elə bil
bu cığırı göydən yerə
atmışdılar...
Qovanın
ayaqları bir-birinə dolaşdı və bu dolaşıq
vaxtında açılmadığından bədən
üzü üstə yerə çırpıldı.
Qaçanın isə qorxudan ayaqları bir-birinə dolaşa
bilmirdi, dolaşmadı da, o arxadan tappıltı eşitdi,
artıq o bu tappıltını yaxşı tanıyırdı,
ona görə də dayandı, geriyə çönmədən
xeyli irəli baxdı, əvvəlcə yavaş-yavaş
oturdu, sonra isə ədəb-ərkanla arxası üstə
uzandı, yorğunluq onun da, elə o birisinin də bədənindən
buxar kimi çıxırdı - onlar buxarlanırdılar,
ancaq tükənən deyildilər...
Torpağın
üstündə uzanmaq ikisinə də ləzzət verirdi -
elə bil qu tükünün üstündə
uzanmışdılar, bircə yorğanları
çatmırdı. Hava yavaş-yavaş
qaraldıqca dünyada yeganə olan, heç bir ünvana
tuşlanmayan bu ikibaşlı cığır
yavaş-yavaş öləziməkdə idi.
Səxavət Seyran
525-ci qəzet.- 2009.- 25 aprel.- S.28-30