Xəlil Rza Ulutürk xalq yazıçısı Elçin haqqında

 

   İstiqlal şairimiz Xəlil Rza Ulutürkün bizə miras qoyub getdiyi ədəbi irs olduqca zəngindir. Onun özünün orijinal şeir və poemalarından, tərcümələrindən, elmi monoqrafiyalarından, məqalələrindən başqa, demək olar ki, yaradıcılığa başladığı dövrdən etibarən yazdığı gündəlikləri neçə-neçə cild təşkil edir. Müasir dövrümüzdə bu gündəliklər böyük əhəmiyyətə malikdir. Xəlil Rza iştirak etdiyi bütün ədəbi məclisləri, mədəni tədbirləri, görüşlərini təfərrüatı ilə gündəliyində yazıb. Bu gündəliklər, eyni zamanda, qiymətli ədəbi, mədəni və tarixi mənbədir. Tədqiqatçılar arxivlərdə tapa bilmədikləri faktları X.R.Ulutürkün gündəliklərindən öyrənmək imkanına malikdirlər.

   X.R.Ulutürk öz gündəliklərində hörmət və məhəbbət bəslədiyi qələm yoldaşları haqqında ürək dolusu danışır. Onların müvəffəqiyyətinə ürəkdən sevinir.

   Xalq yazıçısı Elçinin yaradıcılığı və şəxsiyyəti daima Xəlil Rzanın diqqət mərkəzində olub. O, Elçinin hələ gənc yaşlarından başlayaraq əldə etdiyi yaradıcılıq uğurlarını diqqət və maraqla izləyib. İllər keçdikcə, Elçinin hekayə, povest və romanları keçmiş SSRİ-nin "Literaturnaya qazeta", "Yunost", "Drujba narodov", "Voprosı literaturı", "Teatr", "Smena", "Literaturnoye obozreniye" və bu kimi ən nüfuzlu mətbuat orqanlarında çap olunduqca, yaradıcılığı yalnız Azərbaycan deyil, bütün sovet ədəbi tənqidinin yüksək qiymətini qazandıqca, əsərləri artıq dünya səviyyəsində nəşr edildikcə, Xəlil Rza Ulutürk yazıçının bu böyük uğurlarını ürəkdən alqışlayıb.

   Oxuculara təqdim olunan bu iki yazı da Xəlil Rzanın gündəliklərindən götürülüb. Onlardan biri 25 fevral 1970-ci ildə qələmə alınıb. Həmin gün gənc yazıçı və ədəbiyyatşünas Elçin ədəbi ictimaiyyət arasında geniş əks-səda doğuran bir müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib. Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasının iclasında iştirak edən Xəlil Rza müdafiənin gedişatını gündəliyinə yazıb.

   İkinci yazı isə 13 il sonranın, artıq Elçinin yaradıcılığı geniş şöhrət qazandığı vaxtın yadigarıdır. Bu, Elçinə ünvanlanmış və gündəlikdə yazılmış məktubdur. Məktubu oxuyarkən Xəlil Rza Ulutürkün ürək genişliyinin və böyük səmimiliyinin şahidi oluruq. O, Elçinin müvəffəqiyyətlərinə qəlbən sevinir, onunla fəxr etdiyini bildirir. Bu, Xəlil Rza Ulutürk şəxsiyyətinin aliliyini göstərir.

   Bu yazılar sovet zamanında yazılıb. Lakin biz burada bir sıra türk sözlərinin işləndiyini görürük (şubad, günaydın, Doğu, Batı, Güney, çağdaş, yapılmış, ilişgilər və s.). Digər maraqlı bir cəhət budur ki, Xəlil Rza tanınmış şəxsiyyətlərin soyadlarını da öz gündəliyində milliləşdirib (Mir Cəlal Paşayev - Paşalı, Mehdi Məmmədov - Məmmədli, Bəkir Nəbiyev - Nəbi, Kamal Talıbzadə - Talıb, Abbas Zamanov - Zaman, Yaşar Qarayev - Qara, Tofiq Əfəndiyev - Əfəndi, Gülrux Əlibəyova - Əlibəyli və s.). Eyni zamanda biz bu yazılarda yeni söz və ifadələrlə rastlaşırıq ("rəhbər" əvəzinə "yolbaşçı", "ənənə və novatorluq" əvəzinə "gələnək və yenilikçilik", "cavab" əvəzinə "qayıdış", "tərcümə" əvəzinə "çevrili", "daimi" əvəzinə "duraqsız" və s.).

   Nəhayət, qeyd etmək istərdik ki, Xəlil Rza Ulutürkün gündəliklərinin üzə çıxmasında, əsərlərinin nəşrində onun vəfalı və zəhmətkeş həyat yoldaşı Firəngiz xanım Ulutürkün böyük xidmətləri var.

   Əkrəm QAFLANOĞLU 

   25 şubad 1970

   "Azərbaycan bədii nəsri ədəbi tənqiddə (1945-1965)" mövzusunda dissertasiya müdafiə edən Elçin İlyas oğlunun bayramına toplaşırıq. Yanımda Əliağa Kürçaylı əyləşmişdir.

   Bəkir Nəbi dissertant barədə məlumat verir:

   "1943-cü ildə doğulub. Universiteti bitirib. Ədəbiyyat İnstitutunun aspirantı olub. İndi əməkdaşıdır. Subaydır.

   "İnstitutumuzda ən gözəl oğlan Elçin bəy" (Gülruh Əlibəylinin ifadəsidir) söz kürsüsündədir.

   "Qəribə sürətlə yürüyür həyat. Elçinin uşaqlığı, Şuşada erməni kilsəsindəki lağıma gedib girməsi, atası İlyasın həyəcanı, az qala dəli olması, elə bil, dünənin söhbətidir..." - deyən od yanaqlı Əliağa Kürçaylı diqqətimi natiqdən yayındırır.

   Dissertantın elmi yolbaşçısı (rəhbəri) Mir Cəlal Paşalı Elçini yüksək zövqlü nasir, yetkin gənc alim kimi dəyərləndirir:

   - Elçin 1000-ə qədər məqaləni araşdırıb. Elçin ədəbiyyata peşə üçün yox, amal üçün gəlib. Ehtiraslı və cəsurdur, obyektivdir. 50-60 aspirant yola salmışam. Məni ən az incidənlərdən biri Elçindir.

  Professor Mirzəağa Quluzadə rəsmi opponent sifətilə danışır:

   - Elçinin bu əsəri çox ciddi, maraqlı əsərdir. Dissertant haqlı olaraq belə sayır ki, ədəbi tənqid ədəbi təcrübədən geri qalır. Bu əsər həmin geriliyi aradan qaldırmaq yolunda ciddi addımdır.

   Qüsuru budur ki, Elçin çox problemlər qoyub: tipiklik, gələnək və yenilikçilik, çağdaş roman, sənətçilik, müsbət qəhrəman.

   Dissertant hansı əsasla iddia edir ki, Sevil tipik surət deyil, simvolikdir?!

   Cavab-qayıdış nitqində Elçin bəy ustada təşəkkür edir və qayıdış verir. Çox problem qoymağını gərəkli sayır. Elçinin cavabı elmi, dərin və yığcamdır.

   İkinci rəsmi opponent Mehdi Məmmədli deyir ki, bu iş məni aldı, tutdu. Son dərəcə maraqlı problemlər qoyulduğuna və düzgün açıldığına sevindim. 20 illik ədəbi tənqidin mənzərəsi, nəsrin artım budaqları bu əsərdə aydın görünür. Dissertasiyasını oxuyanda opponent olduğumu unutdum. Az sitat gətirməsini bəyənirəm. Qorki sitatbaz tənqidçiləri haqlı olaraq lağa qoyur. Axı Engels özü deyir ki, bizim fikrimiz ehkam deyil, irəliləmək üçündür.

   Elçinin əsərinin ləyaqəti çoxdur: 1.Tənqidin düzgün tənqidini verir;

   2.Ədəbi təcrübəni bugünkü bədii yüksəliş baxımından işıqlandırır. Xarakter, müasirlik, sənətkarlıq haqqında fəsillər güclüdür. Elçin ehtiraslı, cəsur tənqidçidir, yaramaz əsərləri ehtirasla tənqid edir. Bununla belə, etika və təvazö cızığından çıxmır. Bildirir ki, tənqidçi dərin biliyə, fəlsəfi dünyagörüşə malik olmalıdır. Özü bu keyfiyyətlərə malikdir. Ancaq bəzən gərəksiz çəkişmələrə uyur. Mehdi Hüseynə, Məmməd Cəfərə qarşı fikirləri inandırıcı deyil. Mehdi Hüseyn deyir ki, mənfi obrazı orta istedad da yarada bilər. Lakin müsbət surət yaratmaq daha çətindir. Bunun üçün ədib özü şəxsi yetkinliyə, təcrübəyə, dərin biliyə malik olmalıdır.

   Yalnız Mehdi Hüseyndə deyil, Qorkidə, Belinskidə də buna oxşar fikirlərə tuş gəlmək olar.

   ...Yaxud obrazı şüurlu surətdə böyütmək nə vaxtdan bəri yaramaz elmi kriteriya olub. Məmməd Cəfər bu fikrini, zənnimcə, indi də qoruyur.

   "...Sevil tipikdən çox simvoldur" - fikri ilə də razılaşmaq olmaz.

   "Köhnəlmiş doğu gələnəkləri hansılardır?" - deyə Elçin tez-tez polemikaya girişir. Bu köhnə gələnəkləri vaxtilə Səbuhi də göstərib: qəzəlçilik, mədhiyyə!..

   Qayıdış nitqində Elçin deyir ki, mənfi surət yaratmaq üçün də çox istedad gərəkdir. Mehdi Hüseyn özü də Cavanşirlə yanaşı Bəhram kimi rəzil surəti işlərkən az istedad sərf etməyib. Partiyanın XIX qurultayından sonra tipikliyə dair yanlış təsəvvür yaranmışdır.

   Kamal Talıblı deyir ki, ədəbi proses yalnız bədii yaradıcılıqdan ibarət deyil, ədəbi tənqid də bura girir. Elçin qüdrətli nəzəriyyəçidir. Öz sözü var!

   ...Sevil, əlbəttə, həm tipik, həm də simvolik obrazdır, rəmzi surətdir.

   Ağ saçlı Abbas Zaman səmimi danışır, yazılı rəyini təqdim etdiyini bildirir.

   - Vaxtilə bizim çox yanlış addımlarımız olub. Moskvada kimsə tənqid olunub deyə, biz də burada antipatriotik ədiblər axtarmış, onlara ləkə atmışıq. Elçin sayıq oğuldur, gözü açıq igiddir. Azərbaycan ədəbiyyatını yalnız respublika ölçüsündə deyil, dünya ölçüsündə araşdırır.

   Əziz Mirəhməd deyir ki, tənqidçilikdən çoxdan ayrılmışam. Ancaq Elçinin əsəri məni o qədər həyəcanlandırdı ki, danışmaya bilmirəm. Elçin Əfəndi bilikli, qələmli və cəsurdur. Onun şəxsində yetkin bir alim görürük.

   Mehdi Hüseyn, əlbəttə, yanılıb. Məgər "Müfəttiş"i, "Ölülər"i yaratmaq üçün az istedad gərəkdir? Elçin müəllim, əsərinizi oxuyanda sizi adil hakim gördüm. Ancaq iki məsləhətim var:

   1.Ədəbi tənqidimizi geniş ürəklə qiymətləndirin.

   2.Oçerklərə dair mülahizələrə yenidən baxmaq gərəkdir.

   Yaşar Qara deyir ki, bu əsər bizim nəzəriyyə şöbəsinin iftixarıdır.

   Səsvermənin sonucunu gözləmədən Elçinin əlini sıxırıq.

   Atası İlyası, əmiləri Tofiq Əfəndini və Mustafanı təbrik edənlər çoxdur.

   Dənizə!

   ƏZİZ ELÇİNİMİZ!

   Günaydın!

   12, 13 və 14 sentyabr 1983-cü il tarixli "Bakı" qəzetində basılmış "Qabrovo görüşləri" oçerkini oxudum və açığını deyim ki, böyük həzz aldım, doymadım.

   Görünür, yazıçının qüdrəti onun yalnız irihəcmli əsərlərində deyil, yol qeydlərində, ən adi yazılarında belə üzə çıxır. Qabrovo mükafatı çələngdarı yazıçı Leonid Lençin tez-tez itib-tapılan və sonda Çarli Çaplinin oğlunun papağı kimi ispan turistləri tərəfindən yəğma edilən ağ parusin kepkası ilə bağlı söhbətlər "Qabrovo görüşləri"nə xüsusi bir estetik hüsn gətirir, süjet zəncirini çəkib aparır və yol qeydlərini bədii əsər səviyyəsinə qaldırır.

   Fransada yaşayan Güney Azərbaycan rəssamı Mustafa bəylə görüşlərinizin təsviri xüsusilə təsirli və unudulmazdır.

   "Əlbəttə, Bakıda da Mustafanın əsərlərinin sərgisini təşkil etmək olar (və təşkil etmək lazımdır!). Amma məsələ təkcə bu sərgidə deyil. Ürəyin dərinliyində hərdən közərən o ağrı təkcə bir sərgi ilə özünə əlac tapan deyil". Aydındır ki, bu misralar (sətirlər yox, məhz misralar!), yıpranmış ifadə ilə desəm, böyük vətəndaş sənətkarın qələmindən çıxa bilər.

   Çağırdığınız bayatılar oçerkə xüsusi bir gözəllik gətirir:

 

   Əziziyəm mərd çəkər,

   Sənsiz könül dərd çəkər.

   Vətənin qeyrətini

   Namərd çəkməz, mərd çəkər.

   Dəryada dəryalıqlar,

  Oynar suda balıqlar.

   Nə belə dostluq olsun,

   Nə belə ayrılıqlar.

 

   Sən, əziz Elçinimiz, Almaniyada və Fransada, ümumən Qərbi Avropada yaşayan və yaradan azərbaycanlı sənətçilərin, yadların milli fondunu zənginləşdirən istedadlar haqqında nə qədər ürək ağrısı ilə danışırsan. Eynəlqüzzat, Qətran Təbrizi, Xaqani və Nizami kimi yaddilli doğma dahilər ilə bağlı dərdləri bizə bir daha xatırladırsan. Sənin Parisdə yaşayıb yaradan Bəhram Əmioğlu, Nasir Dirəxşani, Daryuş, Xaqani, Əli Sərmədi kimi rəssamlar haqqında misralarını həyəcansız oxumaq olmur.

   Açığını deyim ki, mən nəsr oxumağa o qədər də mayil deyiləm.

 

  Ariflərin töhfəsidir əzəl gündən bizə şeir,

   Çünki şeir uzun sürən mətləbləri qısa deyir,

   Ruhu yüksək oxucular dinlədikcə nəşələnir.

 

   (S.Vurğun çevirisində Şota Rustaveli)

 

   Bununla belə, Covanoli, Antuan de Sent-Ekzüperi, Çingiz Aytmatov, Səbətçioğlu, Yuri Bondarev, Mövlud Süleymanlı, İsmayıl Şıxlı, İsa Hüseyn Anadil, Sabir Əhməd, Anar və Elçin qəbilindən olan nasirləri oxumaq həvəsindən özümü saxlaya bilmirəm.

   Fürsətdən istifadə edib deyim ki, "Azərbaycan" dərgisində basılmış "Mahmud və Məryəm" romanınız çağdaş nəsrimizin qızıl fonduna daxil olan nadir əsərlərdəndir.

   Çaldıran düzündə insan kəllələrindən yapılmış qanlı minarənin, qarğa, quzğun tərəfindən didişdirilən bəbəklərin təsvirini hələ də unuda bilmirəm. Sənin nəsr fırçan çox dəhşətli, sərt, unudulmaz rəsmlər çəkir. Folklor sərvətlərindən, mühüm tarixi qaynaqlardan, şair, alim fantaziyasından, qərb mədəniyyəti ilə şərq uyğarlığını birləşdirmək ehtirasından yaranmış bu roman, abidə ciddi elmi araşdırmaya möhtacdır və bunu yalnız Elçinin özü təkin qüdrətli tənqidçi-təhlilçi bacarar.

   Vaxtilə mənə bağışladığın "Tənqid və ədəbiyyatımızın problemləri" ("Yazıçı", 1981) kitabınız mizüstü kitablarımdandır. Bu cür cəsur elmi siqlətə, sanbala malik kitablar yalnız çağdaş bədii tərəqqi uğrunda duraqsız mübarizə aparan sənətçinin və alimin qələmindən çıxa bilər.

   Bu kitabı oxuduqca ürəyimdən keçən bircə fikir vardı: Elçinimiz necə sürətlə boy atdı, Doğunu və Batını mənimsəyən parlaq bir ədəbiyyat bilicisinə, filosof qüdrətli nəzəriyyəçiyə çevrildi. Buradakı məqalələrin çoxu, xüsusilə "Poeziyamızın bəzi yaradıcılıq problemləri" qəbilindən olan əsərləriniz incə şeirşünas qələmindən saçılıb.    Təxminən iki il öncə "Azərbaycan" jurnalındakı Türkiyəyə səfəriniz ilə bağlı əsəriniz bütöv bir xəzinədir. Azərbaycan-Türkiyə ədəbi-mədəni ilişgilərinin yeni və ləkəsiz aynasıdır. Bu əsər bütöv bir dissertasi hökmündədir və yenidən oxumağa, öyrənilməyə layiqdir.

   Mirzə Fətəli Səbuhi üstünə məruzənizi bizim qüdrətli şairimiz Qabil ilə birlikdə oxuyub müzakirə etmişik. Qabilimizin Sizinlə fəxr etdiyini bildirməsi mənim üçün unudulmazdır.

Bu yaxınlarda "Azərbaycan" dərgisində basılmış hekayələrinizdən birini ("Ayaqqabı") oxumağa macal tapdım. Yalnız ayağını sıxan ayaqqabıdan deyil, ümumən ictimai sıxıntıdan qurtulmaq uğrunda mübarizə aparan mətin bir gəncin parlaq surəti yaradılıb bu zəngin, çoxqalereyalı hekayədə.

   Sənin oxucun olmaq çətindir, əziz Elçinimiz! Çünki Sosialist Əməyi Qəhrəmanı hökmü ilə qələm çalırsan və saçdığın inciləri yığıb-yığışdırmaq olmur. Hələ Afrika yazıçısı və bolqar tənqidçisi ilə görüşlərindən, dartışmalarından doğan sənədli povestləri, esseləri demirəm.

   Gözəl yaşayırsan!

   Qanadlı və cəsur yaşayırsan.

   Bircə saniyəni belə itirmədən böyük poeziya yaradıcısı kimi qələm çalır və can yandırırsan.

   Aldığın Bütünittifaq Komsomol çələngi sənə halal olsun. Bundan da şöhrətli çələng aldığı halda adicə oxucu təşəkkürünə layiq olmayanlar var.

   Qorxma, qiymətini ala bilməsən,

   Ömrünü məşəltək tulla zülmətə.

   Qorx, haram şöhrətə başın qarışa,

   Tamarzı qalasan halal şöhrətə!

   Yaxşı ki, sən, əziz Elçinimiz, belələrinə - haram şöhrət düşkünlərinə qarşı mübarizədə yetişirsən, boy atırsan.

   Bu yolda sənə daha cürətli, daha qüdrətli döyüş qanadları arzulayan qardaşın –

 

   Xəlil Rza.

 

 

   Türkan, 4 oktyabr 1983-cü il

 

   Xəlil RZA

 

   525-ci qəzet.- 2009.- 25 aprel.- S.26-27.