(Şairin 50 yaşına) Uşaq İlham

 

Elə bu məqamda fikrimdən məşhur İsveçrə psixoloqu Karl Qustav Yunqun "İnananlar uşaq kimi yox, uşaq olaraq qalmaq istəyirlər" sözləri keçdi; inananlar, inanclılar sırasına şairləri də qatmaq olar. Şairlər böyümürlər; böyük şairlər tamam başqa adamlardı; özgə qitələrə, yad yerlərə gedib çıxmış səyyahlardı.

Mənim qəhrəmanımsa nə qədər uzaqlara baş vursa da, əlçatandı, yaxındı, doğmadı. Şair İlhamdı, İlham Qəhrəmandı.

Həmişə düşünmüşəm ki, İlhamın Qəhrəman təxəllüsü onun uşaqlıq arzularına, canatımlarına bağlıdı. Uşaqlıqda hansımız qəhrəman olmaq, uca dağları aşırtmaq istəmirdik ki? Şairin, yazıçının, yaradıcı adamın təxəllüsü çox zaman "qeyri-formal" olur, onu "ayama" adlandırmaq da mümkün deyil. Təxəllüs nəsə ciddi bir "təzahürdü", yenidən doğuluşa cəhddi.

Zira onu da bilirəm ki, bu Qəhrəman onun familindən "ov" hissəciyinin atılmasıyla yaranıb. Şair təzədən bax beləcə doğulub.

 

   Əldə tüfəng getdim

   özümü atam,

   Dedilər: İlhamdı,

   gör ova gedir?!

 

 İlham Qəhrəmandan oxuduğum və sehrinə düşdüyüm ilk misralar bunlardı. Nə var bu misralarda? - yəqin axmaq sualdı... Məna, gözəllik bir stəkan su deyil, alıb başına çəkəsən. Şeir özü səni başına çəkir, udur, balıq qarnındakı Yunus peyğəmbər kimi başlayırsan tövbəyə, daxili qapanmadan göyüzünə cığır salmağa.

Həmin misraları ilk dəfə oxuyandan sonra - səhv eləmirəmsə, 98-ci ilidi - dərhal ürəyimə Qəhrəmanla görüşmək duyğusu calandı. Bu, bulağın qaynadığı nöqtəyə, su çıxan quyuya baxmaq-boylanmaq hissi kimi bir şeydi. Doğrusu, İlhamla ilk görüş məni çaşdırdı, ola bilsin, şeirlərini oxuyub sonra onunla görüşən hər adam mən düşən günə düşür.

Şeirlərindəki qəmdən, ağrıdan fərqli onun üzündə elə həmin qəmin-kədərin axıb süzüldüyü yerdən boylanmış uşaq təbəssümü, gülümsərliyi vardı. Kostyumu da qəttəzəydi; yəni şair kimi yox, "minstr" sayağı geyinmişdi. Bəlkə təzəcə dəlləkdən çıxmışdı - saçları, lənət şeytana, əməlli-başlı sahmanlıydı. Bütün bunların davamı kimi o, məni və mənimlə olan dostumuzu fasilə vermədən, tələsgən bir tövrlə kabab qonaqlığına dəvət edirdi. Kabablamağa getdik, amma şeirin yanında qalmaq olardı.

Əlbəttə, bu, şeirdən-şairdən getmək deyildi, Şeirdən Şairə qonaq getməyidi. Oxucu, yaxud naşir olsan belə, neynəyəsən ki, Şairin və Şeirin yolu bu cür tüstülü ünvanlardan adlayır.

Doğrusu, İlham Qəhrəmanı tanıyanlar onunla ünsiyyətin məxsusi gözəlliyini yaxşı bilirlər. Mənə dost şairlər içərisində o, yeganə adamdı, rastlaşanda şeir deməsini xahiş eləyirəm. Onun şeirləri yalnız kağız ucunda yayılanlardan deyil; onun şeirlərinin emosiyasına şifahi - "hava və damcı" vasitəsilə daha tez, daha asan yoluxmaq olur.

Bu şeirlər elə bil, sən demək istədiyini danışır, ifadə eləməkdə çətinlik çəkdiklərini oxuyur. Nə qədər kədərli olsa, hansı qəmin siminə köklənsə də, həm də özündə az qala dodaq qaçıran, heyrətli bir əlac gəzdirir. İlham bəzən öz dərdinə, dərd elədiyi problemə, fakta uşaq sadəlövhlüyülə fərqli bir çarə yazır. Yaxud dərdin rişələrini sadəlövh və ağlagəlməz bir səbəbə bağlayır. Böyük bir elin haqsız yerə yurd-yuvasından didərgin düşməsi şairin ifadəsində belə bir səbəblə simvollaşır:

 

    günah elədik

   Allahın altda?!

   Kimlər üstümüzə

   əsnədi bizim?!

 

Obasının, elinin həsrətinə ağı deyən nənə təəccüblənir ki: "Məni qoymadılar gedəm, Bəs niyə Laçın gəlmədi?!"

Ağlasığmaz dərdin ağlasığmaz dərmanı olar - bu, bəlli... Ancaq mənə elə gəlir, İlhamın yanaşmasından həm də uşaq təmizliyi süzülür. O öz dərdilə bu sayaq paklanır, belə vidalaşır.

İlhamın şeirləri El, Oba fonundadı. Daha doğrusu, El, Xalq onun üçün fon kimi donuq deyil, dad-tamdı; yazdığı şeirlərə daim ordan - el-oba dərinliyindən ovqat, şəhdi-şəkər, dil qonur. O, elə-beləcə yaşayır - eldən-obadan arı kimi söz, kef, hal daşıya-daşıya...

...Bu yerdə yuxarı boylanıram - yazımın sərlövhəsinə, alt başlığa. Şair 50-yə çatıb. 50 yaş rəqəmdən özgə bir şey deyil, çünki heç bir qüvvə, heç illər də onu uzağa apara bilmir. O, həmişə uşaq kimi bizim yanımızdadı...

 

 

Qurban Yaquboğlu

 

525-ci qəzet.- 2009.- 25 aprel.- S.25.