Könüllər dərvişi ya Ürəyindən göylərə yol açan şair

 

Hər bir insanın öz daxili aləmi, dünyaya baxış prizması olduğu kimi, hər bir yazıçı və şairin də öz yaradıcılıq üslubu və düşüncələrinin poetik ifadə tərzi var. İndi şairlərimiz çoxdur, ənənəvi qaydada yazanlar da var, yenilikçi olmağa çalışanlar da. Şair Elxan Zal Qaraxanlının özünəməxsus yenilikləri ilə zəngin olan poeziyası da öz polifonikliyi və unikallığı ilə seçilir. Elə bu səbəbdən mən onu kimlərləsə müqayisə etmək istəmirəm. Elxanın da poeziyasında dağ, daş, gül, çiçək, günəş, ay kimi ənənəvi ifadələr işlənir, ancaq tamam yeni və xüsusu bir tərzdə.

 

   Kabriolet, ya limuzin

   qasid kimi aramızda

   ikimizin, sənə aldım bu gülləri,

    görürsənmi

   qönçədirlər, açılanda necə

   gözəl olacaqlar, sənin kimi,

 

Qədim qam-şamanlardan qalma ənənəyə görə qoşmaların sonuncu bəndində müəllifin adı çəkilir. Müəllifi bilinməyən bir şeirin isə bir neçə şairin adına çıxıldığının dəfələrlə şahidi olmuşuq. Ancaq şairin öz yazı üslubu olduqda belə hallar baş vermir, şeirdəki üslub və ya onun manerası müəllifin adı çəkilməsə belə kimə məxsus olduğunu bildirir. Elxanın da üslubu bu silsilədəndir. Bir şair kimi düşüncələrini, fikirlərini, eləcə də həyatda rastlaşdığımız problemlərə, reallıqlara münasibətini bəlağətsiz, qısa və konkret misralarla ifadə etməkdə ustadır. Konkretlik, duruluq onun ifadə tərzinin və ya poeziyasının saflığının təcəssümü olduğu kimi, həm də cəmiyyətin şüurunda inkişafın stimuludur.

Elxan Zal Qaraxanlı çağdaş poeziyamızın məhsuldar şairlərindəndir. Şeirləri və esseləri vaxtaşırı mətbuatda yayımlanır, beş kitab müəllifidir. O, yaradıcılığı ilə oxucunun diqqətini özünə çəkə bilir, zövqünü oxşayır, onu düşündürməyi bacarır.

Elxanı postmodernist şair kimi təqdim edənlərin sayı az deyil. Lakin mənim düşüncəmə görə, bu təqdimat yanlışdır, çünki postmodernizm ədəbi cərəyan yox, ədəbi mühit ola bilər. Əgər doğrudan da bu mühit yaranmaqdadırsa, ora kimlərin daxil olduğunu gələcək göstərəcək. Ancaq Elxanın müasir bədii təfəkkürə köklənmiş poeziyasının fərqli xüsusiyyətlərə malik olması istisnasızdır.

Onun şeirləriylə başbaşa qalıb pıçıldaşmaq, dərdləşmək, söhbətləşmək insana mənəvi rahatlıq gətirir, çünki onun şeirlərində isti bir doğmalıq, sərbəstlik var. Bu şairin səmimiyyətindən, insanpərvərliyindən, Allahın yaratdıqlarına olan sevgisindən doğur.

 

  Tanrının yaratdığına

   baxmaq həmişə xoşdur,

   Tanrının yaratdığını

   danışdırmaq ondan da xoş.

   Və ya həmin şeirdə

   Sən mənə xoş sözlər pıçılda ki,

   Ürəyimdən göyə yol açılsın.

 

Elxanın şeirlərində bir-birinə zəncirvari bağlı olan hər misranın öz əzəməti var. Belə ki, ayrılıqda öz məna kəsəri ilə seçilən bir misrasının itməsi, bir kərpicin uçması ilə bütöv bir binanın yerlə yeksan olması qədər faciədir.

 O, aşağıdakı bəndlə "maddə yaranmır və ölmür, o, bir haldan başqa hala keçir" aksiomunu yada salır. Bugünkü ocağın dünənki kül üstündə alışdığına ustalıqla eyham vuraraq sevgisini dilə gətirir və bu deyimi şeirində öz üsulu ilə ifadə edir:

 

   Yalnız səni istəyirəm,

   Burası işvəli mərcanların

   Məzarlığından doğan bir ada,

   Qayğısızlıq ətri gəlir havadan.

 

Elxan Zal Qaraxanlı şairlik ənənəsinə yaradıcı yanaşır. Onun duyğularında məhdudluq da hiss olunmur. Əlbəttə, bulaq qurusa ona "bulaq" deməzlər ki.

Poeziyada baharın gəlişi ənənəvi olaraq güllərin açması, qaranquşların gəlməsi və digər bu kimi stereotip təbiət əlamətləri ilə ifadə olunur. Elxan isə şeirində baharın gəlişini indi artıq kəndlərə də yayılmış şəhər əlamətləri ilə müjdələyir:

 

   Müştəri çağırır kafelər və köşklər,

   İndi bahardı

   Doğrudan da biz baharın bu əlamətini qışda görmürük.

 

Türkçü şair Elxan Zal Qaraxanlı təkcə Azərbaycanın yox, həm də Türk dünyasının şairidir. O, "Türk əsrinin türküləri" kitabında oxucunu yenidən tarixə qaytarır, ulu keçmişini xatırladır, ona nostalji hisslər yaşadır. Elxanın əsərlərində Türk dünyasının az qala dünya boyda olan miqyasının bir daha şahidi oluruq.

Şair bu kitabında həm də millətimizin böyük oğullarını özünəxas məftunluqla mədh edir. Saltuq Buğra, Temuçin, Bəybars, Artıq xan, Çağrı bəy, Atilla, Gürşad, Fateh Sultan Mehmet kimi yenilməz türk hökmdarlarını, sərkərdələrini da unutmur, misralarında ulu babalarımızı qürur hissi ilə anır, onların xatirəsini əziz tutmağı tövsiyə edir və xalqımızı özünüdərkə, özünəqayıdışa səsləyir:

Elxanın Türk sufiliyinin mədəniyyətimizin inkişafında rolunun böyük olduğunu bir daha göstərdiyini onun Yunis Əmrə, Əhməd əl Yasəvi, Mövlana Cəlaləddin Rumi kimi mürşidlərimizi xatırladan sufisayağı yazdığı şeirlərində oxuyuruq:

 

   Mən könüllər dərvişiyəm,

   Sufilərin ermişiyəm,

   Haqqa yol varan kişiyəm,

   Yahu, Yahu, hu söylə, hu.

 

Elxan Zal Qaraxanlının üstün cəhətlərindən biri də mütaliəni sevməsi, gündəlik mətbuatı izləməsi və tariximizi dərindən bilməsidir ki, bu əlamətlər əsərlərində aydın görünür. Aşağıdakı bəndləri ilə dediklərimi təsdiqləyən şair, eyni zamanda türk xalqının gözəl yaddaşa malik olduğunu, onların bəşəriyyətə şölə saçan zəngin mədəniyyətini daha çox qədim şamanlar və qamlar, ozanlar və aşıqlar vasitəsilə şifahi ədəbiyyatda yaşatdıqlarını vurğulayır:

 

   Kitablar itdi getdi,

   Kitab bildik ozanı.

   Türkülər qanadında,

   Yaydıq ulu azanı.

  

Və ya

 

   Biz yüz adla qayıtdıq,

   Hun olduq, xəzər olduq,

   Dünyanı başdan-başa

   Atüstü gəzər olduq.

 

Qədim türkcədə işlədilən sözləri də ara-sıra misralarına gətirən Elxan türkcü şair olduğundan yaradıcılığında ortaq türkcənin təzahürləri duyulur. Bu səbəbdən onun şeirlərinin bütün türkcələrdə daha asan anlanılmasının mümkün olduğunu düşünürəm.

 

  Türklüyə çəp baxanın

  Güzgüsünə çat gələcək.

 

deyərək keçmişilə qürurlanan, gələcəyinə ümidlə baxan şair Amerikanın İraqı bombalamasına, eləcə də digər güclü dövlətlərin bir qədər zəifləri hədələməsinə öz etirazını qətiyyətlə bildirir, insana yaranışların ən alisi kimi baxır, Allahın yaratdıqlarına sevgiylə yanaşır:

 

   Ölmək yaxşıdırsa, öl,

   Yaxmaq yaxşıdırsa, yaxıl,

   Babil Allahın qapısıdır,

   Amerika,

   Allahın öz cəza günü var.

 

Beləliklə, Elxanın yaradıcılığı zəngin, şeirləri məna çalarlarıyla dolu və şəffaf, dəyər nisbətiylə bir-birindən gözəldir. Olduqca səxavətli, geniş ürəkli, dostlarına sədaqətli və etibarlı yol yoldaşı olan Elxanın bu keyfiyyətləri əsərlərinə hoparaq misralarında apaydın görünür.

Elxan təkcə bədii yaradıcılıqla kifayətlənmir, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən Mahmud Kaşqari Fonduna rəhbərlik edir. Qeyd edim ki, o Fondun rəhbəri kimi kifayət qədər məsuliyyətli işlərə baş vurmaqla xalqa xidmət edir.

Şair dostuma cansağlığı və yaradıcılığında uğurlar arzulayıram.

 

 

Elbəyi CƏLALOĞLU

 

525-ci qəzet.- 2009.- 25 aprel.- S.25.