O qatarın səsi...

 

Son zamanların ədəbiyyatında, xüsusən şeir mətnlərində cisim (rusların təbirincə: telesnıy)?metaforası üstünlük təşkil edir, bir sözlə insan cisimlə ruhun "suayrıcında" qərar tutur.

Beləliklə, müasir fəlsəfədə insan bədəninin sirrinə meyl artıb. Bunu bizdə 2000-ci illərdə ədəbiyyata gələn nəslin yaradıcılığında da müşahidə etmək olar. Necə deyərlər, ruhdan bədənə dönüş bu cismin üzvi və qeyri-üzvi duallığı ilə bağlıdır. Yəni həm də: insanın varlığı (mahiyyəti) onun orqanizminin içində deyil, ondan xaricdədir, Karl Marks demişkən, "ictimai münasibətlərin məcmusundadır" (ictimailiyin özü də insanın qeyri-üzvü cismidir və mahiyyət səciyyəlidir).

Bir sözlə, klassik fəlsəfədəki "ruh-bədən" elementləri indi yerini dəyişib. Bu, hər şeydən öncə sövq-təbii baş vermiş "dekonstruksiyadır".

Çingiz Göytürkün "Üzüm bağı" şeiri həmin "kortəbii" dekonstruksiyanın qabarıq nümunəsidir. Burda açıq-aşkar planda heç bir "bədən elementi" nümayiş etdirilmir, insan özündən kənardakı əşyalara əli, barmaqları, kirpikləri, gözləri... bir sözlə, müxtəlif cismani elementlərlə nüfuz edir, özünü həmin əşyaların üzərinə "köçürür", bir kətanın üstündə, bir səthdə ən müxtəlif fikir və mülahizələri, yaxud onların ixtiyarı seçilən hissələrini yerləşdirir, köçürülən hissələr arasında münasibətlər qəribədir ki, dəqiq və konkret düzüm daxilində yaranır. Kənardakı cisimlər həmişə "zərbə", təmas gözləyir, canındakı ağrını, min illər boyu içinə yığdığı həyəcanı ifadə etmək, göstərmək istəyir. Zərbə, təmas "görünən" kimi, ağrının, həyəcanın yerləri ekranda, iri planda peyda olur.

 

   Gecə,

   Göylər üzüm bağı.

   Pozun gecənin tağını

   Salxım-salxım ulduz dərin budağından...

 

Ancaq bu hadisələr xaotik şəkildə baş verdiyindən, sözdən obrazın, obrazdan detalların, ştrixlərin, ən kiçik "məna vahidlərinin" ayrılıb şaxələnməsinin sonda necə başa verması gözlənilmir, daha doğrusu, sonluğun nə olması sual kimi qoyulmur.

 

  Çaxır çəkin dəniz-dəniz

  Sal söyüdlər sağlığına

  İçin, için?

   İçin

   Ancaq

   Haram olsun qızıl lalə çanağında

  içməsəniz...

 

Şeir bitmir, tamamlanmır, konkret əşyaların sırası genişlənir, zaman keçdikcə, sözlər, əşyalar, obraz və detallar ən kiçik məna vahidlərinə qədər bölünür, parçalanır və bir şeirin ən müxtəlif variantları meydana gəlir. Çingiz Göytürkün bu şeirini dəfələrlə oxumuşam, həmişə Derridanın "Poeziya nədir?" məqaləsindən bir fikrini xatırlamışam: şeir yaralayır və yaranın üstünə məlhəm kimi sarılır. Yəni, elə bil ki, bu şeirdə hər şey şəffaf və aydındır: göylər üzüm bağı, gecənin tağı...salxım-salxım üzüm dərin budağından, çaxır çəkin dəniz-dəniz... ancaq...

Haram olsun qızıl lalə çanağında içməsəniz...Burda yuxarıda deyilən "Suqovuşan" məsələsi meydana çıxır. Ən kiçik məna vahidi nöqtə kimi gah görünür, gah gözdən itir, onun hansı məqamda olması bilinmir, yaxud dəqiq bir ünvan, dəqiq bir ayrıntı göstərilmir.

Süleyman Məhəmmədinin "O qatarın səsi" şeirində poetik vurğu ayrı-ayrı misraların və əşyaların üzərində hərəkət edir, ən müxtəlif olaylardan keçir, yanır, susur, dayanır, parçalanır, bir anda yanğından, səsdən, səsin daha parçalana bilməyən küy tonallığından keçir. Bu becid yerdəyişmələr həm maddi, həm qeyri-maddi, həm üzvi, həm də qeyri-üzvi nəsnələrin içində bir xaotiklik yaradır.

 

   O Qatarin səsi gəlmir daha?

 Arazın otayından?

  Meşə yandı?

   Meşə bilir görən??

   Araz susdu?

   Araz bilir görən??

   o qatar harda durdu?

   yandi?

   susdu

   ürəyimin çırpıntı səsi

   o qatar səsi?

   sən gərək dayanmayaydın...!

 

Təsvir momento elə seçilib ki, hərəkət edən əşyanın sürət anlayışı eyni anda iki zidd durumun içindədir. Uzaqdan gələn bir mahnı səsi... o qatarın səsi. Qulaq asmadım doyunca səsinə mən... Mahnının da, qatarın da səsi, sürəti, axışı zamanın o tayında dayanıb bizə baxır, iki sahil arasında şaffaf şüşənin (mahnının, ya qatarın səsi - nə fərqi var-!) üzəri ilə qan qırmızı su axır...

 

  O qatardakılar?

   tanımadılar heç məni?

   uzaqdan gələn bir mahni səsi?

   o qatar səsi?

   qulaq asmadım?

   doyunca səsinə mən?

   o qatarin səsi gəlmir daha?

   Arazın otayından...

   Gözləyirdim baharda?

   Bəlkə dondu bir gün?

    yurdumuza?

   gözləyirdim sərhəd boyunca?

   bəlkə döndü?

   tellərdən buyana

   o qatar boğuldumu??

   qızıl səsli yolçular?

   dəmir yolda?

   sarı vaqonlarda?

   sabahını itirdimi??

   mənim kimi...

   Seyid Heydər Bayat Bəy

 

Bu kiçik yazını düşünərkən ad axtarmalı olmadım, Seyid Heydər Bayat ismi o qədər tutumludur ki, hər hansı addan vaz keçdim. Niyəsini izah etməli olsam gərək, zarafatla desəm, "Kultaz"a bir məqalə yazmış olam. Seyid Heydər Bayat bu gün güneydə yazıb-yaradan ən istedadlı şairlərdən biridir və onun ortaya qoyduğu nəsnələr şeirlə, ədəbiyyatla, dünyanı anlamaqdan çox, onunla bəhsləşməklə doludu.

Seyid Heydər Bayatı tanıtdırmaq üçün nə tərcümeyi-halından rəqəmlər vermək, nə yaxınlarda çap edilən "Alma yolu" kitabını sərgiləmək, nə də başqa bir ayrıntını qabartmağa ehtiyac var. Sadəcə bir, ya iki şeirini oxumaq lazımdı.

 

  Qarğanı duymaq

  fəlsəfə sona yetdi

   qarğa qanadlanırdı

  zili

  Əsfar kitabının üstündə

  Kəhəkdən daha oyanlıq bir çayda

    Bəlxə baxdı

    Söhrəvərdə

   qar, qar, qar!

    daşlara bir söz dedi

    kollara

  hamısı da eşitdilər

   mən

   mən fikrə getdim qarğa nə deyir?

   daş, daş idi

   kol, kol

   amma mən

   mən deyildim

   bəzənmiş duyğumda

   yerin

   boş görünürkən

   duyğum gücənməkdəydi

   qarğanı duymağa

 

Bu şeir bir qayda olaraq Bayat bəyin ən yaxşı mətni kimi nümunə gətirilir. Və bir çox qələm əhli, o sıradan Hadi Qaraçay şairin kitabı və şeirləri üstünə çox maraqlı bir yazı yazmışdı və xüsusən bu məqalədə bu mətnlərin özəlliyi haqqında çox dəqiq mülahizələr söylənmişdi. Ancaq mən o dəqiq fikirlərin fonunda bir neçə ştrixi qeyd etmək istərdim. Bu mətnlərdə hamının bildiyi, amma olsun ki, heç kəsin görmədiyi bir nöqtə var, ona toxunan kimi sistem açılır, göz önündə gözləmədiyin halda ən müxtəlif duyumlar, deyimlər və ən əsası mətləblər peyda olur. "Qarğanı anmaq" şeirində bu məqamın, yaxud nöqtənin işartısı bir az zəifdi, üzdə deyil, mətnə eyham, ironiya, dünyanı anmağın metafizik-fəlsəfi müşkülləri sıralanır. Şeiri ayrı-ayrı semantik seqmentlərə bölməli olsaq (şərti olartaq-!) ilk misra (...fəlsəfə sona yetdi) bır məna vahidinin bətnində iştirak edəcək, açıq və gizli (latent) formada. Ancaq bütün seqmentlərdə dominantlıq təşkil edən anlamamaqdı. Seyid Heydər Bayatın mətnləri normal oxucunu və tənqidçini (-!) izaha varmaqdan uzaqlaşdırır, ona işarə kimi heç bir tutalqac da vermir, sadəcə qarşısında bir-birini tamamlayan, çarpaz kəsən və bu halında da qovuşma yerləri görünən mənzərələr açır. Bu "kəsiklərdən" hansı modeli yaratmaq artıq sənlikdir. Fikrimizcə, dünya ədəbiyyatının ən kamil nümunələrinin mayasında məhz belə bir poetik prinsip dayanır.??Belə mükəmməl nümunələrdə bütün təsadüflərdə əslində "olmayan işlər oluşur", baş verir, ağlın dirəndiyi məntiqin köynəyini cırır, elə bir aura yaradır ki, cisimlərin, əşyaların, insanların... doğmalığı və yadlığı, onların ən müxtəlif keyfiyyətləri bir xəttin üstünə yığılır, oxuya bildinsə, bu xətt zaman içində formasını tapır, sənə qaibdən dürlü-dürlü mətləblər söyləyir.?Bildiyimə görə Bayat bəy qədim mətnlərin bilicisidir, onların bərpası, yazıya alınması və sair işlərlə məşğul olur. Bəlkə buna görədir ki, şeirində bir obrazın - meraforanın bətnində oxuyanın açmalı, düşünməli olduğu çoxlu qatlar, nüanslar var. Yuxarıda nişan verilən məqam - nöqtə eynən bu mətləbin içindədi- qarğa, Əfsar kitabı, Kəhəkdən daha o yanlıq bir çay... yay dartıldıqca metafornaı bəlləyən pərdələr gəlir, ancaq bunlar sadəcə paralel cərgələrdə sıralanır, belə deyək, "uzaq" anlayışı sadəcə bildiyimiz uzaqları yox, bəlkə onun "sərhədlərindən" o yanı (Kəhəkdən daha o yanlıq bir çay..., səfərdən daha o yanlıq bir səfər...) göstərir, inadla təsəvvürlərimizin "bitdiyi" yeri, bir sözlə bu dünyada mövcud olan hər şeyin sınırlarını genişləndirməyə cəhd göstərir. Elə hadisələr baş verir ki, deməklə deməmək, eşitməklə eşitməmək arasında sərhəd itir, bütün nəsnələr "süd yolundan" - təxəyyül kəhkəşanının sərhədindən keçir.??

 

  Seyid Heydər Bayat bəyin ikinci şeirinə baxaq.

  Bu ölkə

   Boynumu qucaqlamağa

  Bilirəm

  Boyun çatmaz

  Bu ölkənin dar ağacları

  Ucadır

   Belə ki darları uca qururlar

  Son görüşdə

   Boyunumu qucaqlamağa

  Bilirəm

   Boyun çatmaz

 

Hadi Qaraçay yuxarıda adı çəkilən məqaləsində yazmışdı: "...Şair xitabəçi deyil, kəsinliklə deyil. Siyasətçi deyil, profesjonell?olaraq deyil, psycholog deyil, filosof deyil, boyaçı deyil, heykəlyonan deyil...ancaq bunların hamısıdır. Şeiri amaclayıb gedən şair, yolunun sonunda arabasının qızıl pedalına şeir yazar, olanları olmuş, ?keçənləri keçmiş tutar, "özüm" deyə-deyə gəlib, qarnının qurultusuna da bir şeir ithaf edər, uzağa gedəni Ultraist?olar, qurtarıb gedər. Yazın, ədəbiyyat daha geniş bir dünya olsa gərək. İşlətdiyin metod nə olur olsun, qurduğun qurğu, teknik nə olur olsun, deməyə sözün varsa varsan, yoxdursa, nə metod, nə teknik səni yaşatmayacaq."

Bəli, yolun sonunda arabasının qızıl pedalına şeir yazan şair, əslində heç nə "yazmır", o yalnız nəyisə, yaxud bəxti gətirərsə, nələrisə qeydə alır, "sadə katiblik edər" (Əli Kərim), millərin qulağının dibində pıçıltıyla deyilən sözdən yapışar, ona heç bir rəng qatmadan min bir rəngin içində cilvləndirər. Bizdə "Dədə Qorqud Kitabı"ndan üzü bəri "dar ağacı" adıyla nə qədər şeirlər yazılıb. Bu şeirlərin demək olar əksərini oxumuşam, xüsusən çağdaş poeziyada bu nəsnə ilə bağlı yersiz bir patetika diqqətimi çəkib. Patetikanın "xüsusi çəkisi" çox olduğundan həmişə dar ağacının mətndə ləngər vurduğunu görmüşəm. Amma Seyid Heydər Bayatda yuxarıda dediyim kimi, əsas olan məqam tutulub - elə bir məqam ki, ordan bütün məmləkət görünür, quzeyli, güneyli bütün Azərbaycan.

 

 

Cavanşir Yusifli

 

525-ci qəzet.- 2009.- 25 aprel.- S.24.