Azərbaycan təhsili: yaxın keçmişə,
bu günə və gələcəyə
bir baxış
(əvvəli ötən şənbə
sayımızda)
Ötən məqalələrdə
ölkəmizdə ali təhsil sahəsində mövcud olan
problemlərlə bağlı bəzi fikirlərimi
bildirmişdim, bu məqalədə də qalan problemlər barədə
mülahizələrimi yekunlaşdırmaq istəyirəm.
Ali məktəblərimizdə
dərs yükünün optimal müəyyənləşdirilməməsi,
azsaylı qrup və birləşmələrin
yaradılması, dərs yükünün minimal hədlə
müəyyən edilməsi tələbə-müəllim
nisbətinin dünyadakı göstəricilərə
uyğunlaşdırılmasına imkan vermir. Belə ki, ikinci
məqalədə qeyd etdiyim kimi, ali təhsil müəssisələrində
bir müəllimə düşən tələbələrin
sayı hələ də aşağı səviyyədə
qalmaqdadır (7,4 nəfər). Bəzi ali məktəblərdə
isə həmin göstərici daha aşağıdır. Belə
ki, bu nisbət BSU-da 4,3, ADU-da 5,2, GDU-da 5,7, ADİA-da 6,8,
ADAU-da 4,9, ADA-da 6,2 təşkil edir.
Cədvəldən
göründüyü kimi, ali məktəblərdə
professor-müəllim heyəti və digər işçilərin
ümumi sayı 24133 nəfərdir ki, bu da işçi-tələbə
nisbətinin müəllim-tələbə nisbətindən
iki dəfə aşağı enməsinə gətirib
çıxarmışdır. Bu barədə də
düşünməyə dəyər.
Bununla yanaşı, ali
məktəblərdə elmlər doktorlarının sayı
az olduğundan (müəllimlərin ümumi sayının
9,6%) onların hər birinə düşən tələbələrin
sayı 76,4 nəfər təşkil edir ki, bu da beynəlxalq
göstəricilərə uyğun deyildir (cədvəl 1).
Başqa bir ciddi problem də
ali məktəblərin kadr istehlakçıları ilə əlaqələrinin
zəif olmasıdır. Bazar iqtisadiyyatı şəraitində
ali məktəb məzunlarının işlə təmin
olunması məsələsi uzun illər tərkibində olduğumuz
sovet təhsil sistemindən xeyli fərqlidir. Sovet
dövründə həm ali məktəblərə tələbə
qəbulu, həm də onların işlə təmin
olunması məsələsi əvvəlcədən
planlaşdırılırdı. Bu baxımdan həmin
dövrdə ali məktəblər öz məzunlarının
harada işləməsində o qədər də maraqlı
deyildilər. İndi isə zaman dəyişib, məzunlarının
işlə təmin olunması ali məktəbin nüfuzuna
birbaşa təsir göstərən amillərdəndir. Dünya
səviyyəli universitetlərin reytinqi müəyyənləşdirilərkən
məzunların hansı müəssisələrdə işləməsi,
onların əmək haqqı və işəgötürənlərin
məzunların bilik və bacarığı haqqında rəyi
əsas amil kimi nəzərə alınır. Ölkəmizdə
isə, təəssüf ki, müəllim, həkim
hazırlayan və xüsusi təyinatlı ali məktəblər
istisna olmaqla, digər ali məktəblərimiz məzunlarının
işlə təmin olunması ilə az maraqlanırlar, əslində,
məzunların harada işləməsi barədə
onların heç bir dəqiq məlumatı da olmur.
Təcrübə
göstərir ki, ali məktəblərin
istehlakçılardan təcrid olunmuş formada fəaliyyəti
nəticə etibarilə yüksək ixtisaslı mütəxəssis
hazırlığını təmin edə bilməz. Bu, ilk
növbədə, ali məktəblərə ona görə
lazımdır ki, onlar məzunlarının rəqabətqabiliyyətliliyini
təhlil etməli və mütəxəssis
hazırlığında olan
çatışmazlıqları aradan qaldırmaq
üçün təhsilin məzmununda müvafiq dəyişikliklər
aparmalıdırlar. Əslində isə, ali məktəb rəhbərləri,
fakültə dekanları, kafedra müdirləri bu vacib məsələ
ilə tələbənin təhsil aldığı
bütün müddət ərzində ciddi məşğul
olmalı, gələcək məzunların potensial iş yerləri
ilə birbaşa əlaqə saxlamalı, onların arzu, istək,
rəy və təkliflərini nəzərə
almalıdırlar. Elə bu səbəblərdən də
apardığımız təhlil göstərir ki, 2008-ci ildə
ali məktəbləri bitirən 16203 nəfər məzundan
cəmi 4396 nəfəri (27%) iş yerlərinə göndəriş
almışdır. Əslində, onların da iş yerinə
çatıb-çatmaması barədə dəqiq məlumatlar
yoxdur (cədvəl 2).
Pedaqoji profilli ali məktəblərin
məzunlarının işlə təmin olunmasını izləmək
müəyyən mənada mümkündürsə, digər
ali məktəblərimizdə bu məsələyə
ümumiyyətlə diqqət yetirilmir. Bu gün ADNA, AzTU,
AMİU, BMA, ADMİU, ATexU, MPİ, AMK, ADRA, ADİA, ATİ,
ADAU məzunlarının işlə təmin
olunub-olunmaması barədə nəinki ictimaiyyətdə,
heç həmin ali məktəblərin özlərində
belə məlumatlar yoxdur. Əlbəttə,
mümkünsüzdür ki, ADNA, AzTU, AMİU və cədvəldə
göstərilən digər universitetlərin məzunları
işlə təmin olunmurlar. Düşünürəm ki, bu
sahədə problemləri aradan qaldırmaq üçün
beynəlxalq təcrübədən istifadə edərək
ali məktəblərdə karyera mərkəzlərinin
yaradılması vaxtı çatmışdır.
Ali təhsil müəssisələrinə
qəbul və buraxılışın təhlili göstərir
ki, bu sahədə də narahatlıq doğuran problemlər
çoxdur. Yaxın keçmişdə, mənim ali təhsil
aldığım dövrdə, ali məktəblərdə
semestr və dövlət imtahanlarına çox ciddi
yanaşılırdı. Yaxşı xatırlayıram, o
zamankı Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat
fakültəsinin əyani şöbəsinə 75 nəfər
qəbul olunmuşduq. Birinci semestrdən başlayaraq ilbəil
müxtəlif fənlərdən müsbət qiymət ala
bilməyən tələbələr olurdu, onların bəzilərini
kursda saxlayır, digərlərini axşam şöbələrinə
keçirirdilər. Bundan əlavə həmin dövrdə
ali məktəblərin əyani şöbəsində təhsil
alan tələbələri ordu sıralarına
çağırırdılar və hərbi xidmətini
başa çatdıranlar müvafiq kursa bərpa olunurdular. Qeyd
edim ki, Universitetin əyani şöbəsinə qəbul
olunan 75 nəfərdən cəmi 60 nəfəri əyani şöbəni
bitirə bildi. Başqa fakültələrdə də vəziyyət
təxminən belə idi.
Təhlillər göstərir
ki, dünyanın ən nüfuzlu ali məktəblərində
belə qəbul olunanların ən yaxşı halda 70 faizi
ali təhsil haqqında sənəd alır. Məni
düşündürən və təəssüfləndirən
bir də odur ki, ölkəmizdə 70-ci illərdə qüvvədə
olmuş qaydalarda elə bir ciddi dəyişiklik
olmadığı halda, bu gün az qala ali təhsilimiz də
icbariləşib, ali məktəbə daxil olanların
hamısı, bir qayda olaraq, "müvəffəqiyyətlə"
məzun olurlar. Keçmişdə bizdə və indi dünyada
yalnız o şəxslərə ali təhsil haqqında sənəd
verilir ki, nəzərdə tutulmuş proqramı müvəffəqiyyətlə
yerinə yetirsin. Təbii olaraq belə bir sual meydana
çıxır, vəziyyəti dəyişmək
üçün nə etmək lazımdır? Hesab edirəm
ki, Təhsil Nazirliyinin bu sahəyə cavabdeh olan əməkdaşları,
ali məktəblərin rəhbərləri, fakültələrin
dekanları, kafedra müdirləri, hər bir ali məktəb
müəllimi və əlbəttə, dövlət imtahan
komissiyalarının sədrləri və üzvləri bu
vacib məsələyə daha məsuliyyətlə
yanaşmalı, dünya təcrübəsində uğurla tətbiq
olunan attestasiya mexanizmlərinin tətbiqi üzrə tədbirlər
görməlidirlər.
Məni düşündürən daha
bir problem barədə. Ölkəmizin
ali məktəblərinin
beynəlxalq əlaqələrinin
genişləndirilməsi, beynəlxalq
layihə və proqramlarda iştirakı, müəllim və tələbə mübadiləsinin
həyata keçirilməsi
xarici dilləri bilən müəllim və tələbələrin
sayı ilə birbaşa bağlıdır.
Xarici dil dedikdə, ilk növbədə, ingilis, rus, alman, fransız,
ərəb və başqa dilləri başa düşmək olar. Açığını deyim ki, bu sahədə yaxın və uzaq qonşularımızla
müqayisədə xeyli
geridə qalmışıq.
Rus dili yaxın keçmişdə bizim ikinci ana dilimiz
idi və ölkədə rus dillilərin sayı kifayət qədərdir.
Hazırda təlim rus dilində aparılan məktəblərdə
təhsil alan
alanların sayı şagirdlərin ümumi sayının 7 faizini təşkil edir. Bu sahədə bu
gün problemimiz ondan ibarətdir ki, rus dilinin
xarici dil statusunda olmasını ictimaiyyət və bu dili vaxtilə
ikinci ana dili kimi tədris
edən müəllimlər
qəbul edə bilmirlər. Fikrimcə, əsrlərlə
qonşu olduğumuz böyük rus xalqı ilə əlaqələrimiz, postsovet
ölkələrinə çıxış
və dünya mədəniyyəti ilə
əlaqələrin davam
etdirilməsi üçün
bu dili bilmək
çox vacibdir.
Bununla yanaşı, o da
həqiqətdir ki, ingilis dili bu gün dünyanın hər
yerində beynəlxalq ünsiyyət vasitəsi kimi qəbul
olunur və bu dilin öyrənilməsi inkişaf
üçün zəruri şərtlərdən biridir. Təəssüflə
qeyd etmək istərdim ki, sovet dövründəki təlim ənənəsinə
uyğun olaraq müstəqillik illərində də xarici dillərin
tədrisi şagirdlərdə nitq bacarıqlarının
formalaşdırılmasından çox qrammatik qaydaların
mənimsədilməsinə xidmət etmişdir. Bu səbəbdən
də şagirdlər xarici dili məktəbdə yox, daha
çox həmin dilin daşıyıcıları olan
insanlarla ünsiyyətdə öyrənirlər.
Təhlil göstərir
ki, ölkəmizin ümumtəhsil məktəblərində
xarici dillərin tədrisi sahəsində mövcud olan problemlər,
əsasən, proqram və dərsliklərin, tədris
metodikasının müasir tələbləri ödəməməsi
və sagirdyönümlü olmaması, bir çox müəllimlərin
peşəkarlıq səviyyəsinin, mövcud
ixtisasartırma sisteminin müasir tələblərə cavab
verməməsi ilə bağlıdır. Mövcud problemlərin
aradan qaldırılması üçün xarici dillər
intensiv tədris edilməli, bunun üçün ünsiyyət
əsaslı (kommunikativ) yanaşma metodikasına
üstünlük verilməsi, müəllimlərin peşəkarlıq
səviyyəsinin artırılması sahəsində
müasir və effektiv ixtisasartırma/təkmilləşdirmə
sistemi tətbiq edilməlidir. Bu istiqamətdə Britaniya
Şurası ilə ingilis dilinin intensiv tədrisi üzrə
birgə layihə artıq Bakı şəhərinin 7 məktəbində
həyata keçirilməkdədir.
Təsadüfi deyil ki,
2008-ci ilin mayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
Bakı şəhərində 30 ölkənin 200-ədək
təhsil ekspertinin iştirak etdiyi "Dünyada
savadlılığın dəstəklənməsi"
mövzusunda UNESCO-nun regional konfransı keçirildi. Bu
konfrans təhsil tariximizdə mühüm hadisə olmaqla bərabər,
müasir dövrdə savadlılıq anlayışına
yeni yanaşmalarla yadda qaldı. Belə ki, bu mötəbər
tədbirdə iştirak edən dünya səviyyəli
ekspertlər qeyd etdilər ki, hazırda savadlılıq dedikdə
ana dili ilə yanaşı, minimum bir xarici dildə
danışa bilmək bacarığı nəzərdə
tutulur. Hazırda, o kurikulum uğurlu hesab olunur ki, digər əsas
kompetensiyalarla yanaşı, insanda ana dili və xarici dildə
kommunikasiya bacarıqlarını da formalaşdırır.
Bizim ali məktəblərmizdə
isə xarici dilin öyrənilməsinə 4 il ərzində
150-160 saat vaxt ayrılır. Onu da qeyd etmək lazımdır
ki, ali məktəbdə həftədə 2 saat tədris
olunmaqla xarici dili öyrənmək mümkün deyildir və
bu, yanlış ideyadır. Xarici dil vərdişlərinə
orta məktəbdə yiyələnmək lazımdır. Bu məsələ
indi daha da aktuallaşmışdır. Azərbaycan müstəqillik
əldə etdikdən sonra dünya birliyinə inteqrasiya meyillərinin
artması, beynəlxalq əməkdaşlığın
genişlənməsi xarici dillər sahəsində müvafiq
kompetensiyalara malik gənc nəslin
formalaşdırılmasını daha da zəruri etdi. Bu amil
isə xarici dillərin tədrisinin təkmilləşdirilməsini,
beynəlxalq təcrübədə uğurla istifadə olunan
metodikaların ölkəmizdə də tətbiqini xeyli
aktuallaşdırdı. İndiki zamanda bir və ya bir neçə
xarici dil bilmək artıq həyati tələbat hesab olunur.
Ali təhsil sahəsində
mövcud olan ən ciddi problemlərdən biri də istehsalat
təcrübəsinin təşkilidir. Hazırda
ixtisasını mükəmməl bilən, bazar
iqtisadiyyatının tələblərinə cavab verən, rəqabətqabiliyyətli
mütəxəssis hazırlığı ali təhsil müəssisələri
qarşısında təxirəsalınmaz bir vəzifə
kimi qoyulmuşdur. Bununla əlaqədar ölkəmizin kadr
hazırlığını təmin edən ali təhsil
müəssisələrinin əsas məqsədi və vəzifəsi
yüksək peşəkarlığa malik, müstəqil əmək
fəaliyyətinə hazır olan mütəxəssis
yetişdirməkdir. Bu isə təhsilalanlara həm nəzəri
biliklərin, həm də praktik vərdişlərin
aşılanması vasitəsilə həyata keçirilir. Sirr
deyil ki, qazanılan nəzəri biliklər praktik vərdişlərlə
möhkəmləndirilməsə, yüksək səviyyəli
mütəxəssis hazırlamaq mümkün olmaz. İlkin
praktik vərdişlər isə təlim dövründə
istehsalat təcrübəsi zamanı aşılanır. İxtisas
üzrə təcrübə tələbələri mütəxəssis
kimi formalaşdırır, innovasiyaların incəliklərinə
yiyələndirir, istehsalatda tətbiq olunan yeni texnologiyalar və
çevik əməliyyatlarla tanış edir. Lakin təəssüflər
olsun ki, ali təhsil müəssisələrimiz tərəfindən
mütəxəssis hazırlığında müstəsna
rolu olan təcrübələrin əhəmiyyəti kifayət
qədər nəzərə alınmır, onun təşkilində
bir sıra nöqsanlara yol verilir, ciddi problemlər
müşahidə olunur.
Həmin problemlərdən
bəziləri barədə fikirlərimi bildirmək istərdim.
Bazar iqtisadiyyatı şəraitində dövlət və
özəl sektor arasında mütənasibliyin dəyişməsi,
təhsil və istehsalat müəssisələrinin
bağladıqları ikitərəfli müqavilələrin
hüquqi cəhətdən yetkin olmaması, təcrübəni
keçirmək üçün təkmil maliyyələşdirmə
mexanizminin yaradılmaması, dövlət müəssisələrində
təcrübəni təşkil edən müvafiq struktur
bölmələrin fəaliyyətinin demək olar ki,
dayandırılması, özəl strukturlarda belə bölmələrin
ümumiyyətlə olmaması, təcrübəyə
ayrılan müddətin azlığı və sair bu kimi
problemlərin mövcudluğu şəraitində, təbii
ki, rəqabətqabiliyyətli, yüksək səviyyəli
mütəxəssis hazırlığından söhbət
gedə bilməz.
İstehsalat təcrübəsi
ilə əlaqədar mövcud vəziyyəti təhlil etmək,
problemləri və onları doğuran səbəbləri
aşkar etmək, həlli yollarını müəyyənləşdirmək,
bu sahədə hüquqi-normativ bazanı təkmilləşdirmək
məqsədilə Təhsil Nazirliyi tərəfindən son
iki dərs ilində ali məktəblərin bu sahədə fəaliyyətinin
monitorinqini aparmışdır.
Monitorinqin nəticələri
göstərmişdir ki, mütəxəssis
hazırlığında istehsalat təcrübəsinin təşkili
və keçirilməsinə bir sıra ali təhsil müəssisələrində
kifayət qədər diqqət yetirilmir. Belə ki, tədris
müəssisələri tərəfindən pedaqoji təcrübənin
təşkili, müəssisə, idarə və təşkilatlarla
müqavilələrin bağlanması və onların həyata
keçirilməsi məsələləri tələb olunan səviyyədə
qurulmur, bağlanan müqavilələrdə təcrübə
keçənlərin ümumi sayı qeyd olunmur, müəssisənin
nə qədər təcrübəçi qəbul edə
bilmə imkanları haqqında məlumat verilmir, tərəflərin
öhdəlikləri ətraflı şərh edilmir, təcrübə
zamanı təcrübəçilərin işə
götürülmə, vakant yerlərin tələbələrə
iş yeri kimi müəyyən edilməsi barədə
heç bir məlumat göstərilmir. Bu da onu göstərir
ki, bir çox hallarda təcrübənin təşkili və
keçirilməsi formal xarakter daşıyır.
Müasir Təhsil və
Tədrisə Yardım Mərkəzi tərəfindən
"Təhsil siyasəti forumu" layihəsi çərçivəsində
keçirilən sorğunun nəticələri də bu sahədə
ciddi problemlərin olduğunu aşkar etmişdir. Ali məktəblərdə
sorğu aparılan 548 respondentdən 20,8%-i təcrübədə
hərdənbir iştirak etdiyini, 38,9%-i isə heç
iştirak etmədiyini qeyd etmişlər. 9 ali təhsil və
11 ümumtəhsil məktəblərində 900 tələbə
və 10 ilə qədər iş stajına malik olan 245
ümumtəhsil məktəb müəllimləri arasında
Nazirlik tərəfindən aparılan sorğunun nəticələri
göstərmişdir ki, respondentlərin 18,6% təcrübədə
hərdənbir iştirak etmiş, 16,1% təcrübə
keçmədən müsbət qiymət almışdır.
Pedaqoji təcrübə
pedaqoji kadr hazırlığı aparılan ali təhsil məktəbləri
məzunlarının müəllim kimi formalaşmasında və
metodik ustalıqlarının qazanılmasında
başlıca təlim vasitəsidir. Pedaqoji təcrübənin
təşkili, keçirilməsi və qarşıya
çıxan problemlərin həlli pedaqoji kadr hazırlayan təhsil
müəssisəsi ilə yanaşı, həm də orta məktəblərin
məsuliyyəti və cavabdehliyi əsasında yerinə
yetirilməlidir. Həmin təhsil müəssisələrinin
Təhsil Nazirliyi tabeliyində olmalarına baxmayaraq bu sahədə
də müəyyən nöqsanlar mövcuddur. Belə ki, ali
təhsil müəssisələri üçün baza
ümumtəhsil məktəbləri müəyyənləşdirilmədiyindən
bir ümumtəhsil məktəbinə eyni zamanda bir neçə
ali (orta ixtisas) təhsil müəssisəsindən təcrübə
keçmək üçün çoxlu sayda tələbələr
göndərilir. Təbiidir ki, belə bir şərait
müvafiq müzakirələrin keçirilməsinə,
siniflərdə nəzəri biliklərin təcrübəyə
tətbiq edilməsinə, təcrübə keçənlərə
lazımi metodiki yardım göstərməyə imkan vermir və
son nəticədə təcrübənin formal keçirilməsinə
səbəb olur.
Qeyd etmək
lazımdır ki, ali təhsil müəssisələrində
bütün növ təcrübələrin keçirilməsində
problemlərin yaranması səbəblərindən biri də
mövcud hüquqi-normativ sənədlərin müasir
dövrün tələbləri ilə uzlaşmaması idi. Bunu
nəzərə alaraq, "Ali (orta ixtisas) təhsil müəssisələri
tələbələrinin ixtisas üzrə təcrübələrinin
keçirilməsi haqqında Əsasnamə"
hazırlandı və Nazirlər Kabinetinin 19.09.2008-ci il tarixli
221 nömrəli qərarı ilə təsdiq olundu. Əsasnamədə
təcrübə ilə bağlı tərəflərin məsuliyyət
və öhdəlikləri, təcrübə keçən tələbələrin
və ona rəhbərlik edən müəllimlərin vəzifələri,
təcrübənin keçirilməsi üçün maliyyə
mexanizminin müəyyənləşdirilməsi, pedaqoji təcrübəyə
ayrılan saatların həcmi və sair bu kimi müddəalar
öz əksini tapmışdır.
Bir məqamı da qeyd
etmək istərdim ki, hər bir təcrübənin təşkili
və keçirilməsinin ixtisasdan asılı olaraq
özünəməxsus xüsusiyyətləri mövcuddur. Bu
mənada hər bir ali məktəb mütəxəssis
hazırlığı aparılan ixtisasların xüsusiyyətləri
və bu sahədə beynəlxalq təcrübəni nəzərə
almaqla öz qaydalarını hazırlamalıdır.
Yeri gəlmişkən,
ixtisas üzrə təcrübələrin təşkili və
keçirilməsi sahəsində beynəlxalq təcrübə
haqqında bəzi məlumatları diqqətinizə
çatdırmaq istərdim. Avropanın əksər ali məktəblərində
texniki ixtisaslar üzrə təcrübəyə ayrılan
saatlar ümumi saatların 18-20%-ni, pedaqoji ixtisaslar üzrə
isə 1/3 hissəsini təşkil edir. Müqayisə
üçün qeyd edim ki, respublikamızda həmin göstəricilər
texniki profilli ixtisaslar üzrə 8-10%, pedaqoji ixtisaslar üzrə
isə 15%-dir.
ABŞ-ın əksər
ali məktəblərində pedaqoji təcrübə əsasən
sonuncu kurslarda il boyu iki formada həyata keçirilir. Bir
sıra ali məktəblərdə təcrübə keçən
tələbələr müəllimlər üçün nəzərdə
tutulan maaşın 1/3 hissəsini almaqla ümumtəhsil məktəblərində
müəllim kimi fəaliyyətə cəlb olunurlar, bəzi
ali məktəblərdə isə tələbələrin təcrübəsinin
təşkili demək olar ki, bizim qaydalarda nəzərdə
tutulan formada həyata keçirilir. Türkiyənin bir
çox ali məktəblərində pedaqoji ixtisaslar üzrə
təcrübə əsasən III kursun II semestrində
başlayır və təcrübəyə ayrılan
saatların miqdarı orta hesabla həftədə 7 saat müəyyənləşdirilir.
Kanadada ali məktəb tələbələri pedaqoji təcrübəni
bütün təlim boyu keçirlər. Lakin tədqiqatçıların
özləri də etiraf edirlər ki, belə bir qaydanın
müsbət cəhətləri ilə yanaşı, mənfi
cəhətləri də vardır. Burada mənfi cəhət
ondan ibarətdir ki, tələbələr lazımi nəzəri
bilikləri tam almadan təcrübə keçməli olurlar. Avstraliyanın
əksər universitetlərində pedaqoji təcrübə
buraxılış kurslarda il boyu həftədə iki gün ərzində
həyata keçirilir. İsveçrədə isə belə
bir maraqlı təcrübə vardır ki, pedaqoji təcrübəyə
rəhbərlik edən müəllimlər xüsusi proqramlar
üzrə mütəmadi olaraq ixtisasartırma kurslarından
keçirlər.
Təcrübələrin
təşkilindəki mövcud problemlərin aradan
qaldırılması istiqamətində
aşağıdakıları təklif edirik:
hər bir ali təhsil müəssisəsi
tərəfindən təsdiq olunmuş Əsasnaməyə və
təhsil müəssisəsinin profilinə uyğun təcrübələrin
keçirilməsinə dair qaydaların hazırlanması;
müvafiq istiqamətlər
(ixtisaslar) üzrə mütəxəssis
hazırlığını təmin edən dövlət təhsil
standartlarında beynəlxalq təcrübə
baxımından ixtisas təcrübələrinə
ayrılan saatların artırılması;
bir çox istehsal sahələrinin
regionlarda yerləşdiyini nəzərə alaraq və
hazırlanan mütəxəssislərin həmin istehsal sahələrinə
istiqamətləndirilməsi məqsədilə təcrübənin
bu regionlarda keçirilməsi və onun maliyyə dəstəyini
yaradan mexanizmin hazırlanması;
orta ümumtəhsil məktəblərində
tələbələrin təcrübə keçmələrini
tənzimləmək məqsədilə pedaqoji kadr
hazırlayan hər bir ali təhsil müəssisələri
üçün yerləşdiyi əraziyə yaxın baza
ümumtəhsil məktəbinin müəyyənləşdirilməsi;
tələbələrin
təcrübə keçdikləri müəssisə və təşkilatlarda
vakant iş yerlərinə müvəqqəti işə
götürülməsi və onlara əmək
haqqının verilməsi imkanlarının nəzərdən
keçirilməsi;
Hazırda narahatlıq
doğuran problemlərdən biri də ali məktəb tələbələrinin
yataqxana təminatı məsələsidir. Göründüyü
kimi bir neçə ali məktəb (ADU, ADDA) istisna olmaqla, ali
məktəblərin əksəriyyətinin yataqxanalarında
məcburi köçkünlər yerləşmişlər. Məsələn,
AMİU-nun 6 yataqxana binasının 5-də, BSU-nun 4 yataqxana
binasından 3-də, ADİU-nun bütün yataqxanalarında
vəziyyət belədir.
Belə vəziyyətin
mövcudluğu təhsilin keyfiyyətinə mənfi təsir
göstərməyə bilməz. Çünki tələbələrin
bir şəhərcikdə yaşamaları onların dərsdən
sonra da birgə ünsiyyətinə, təhsillə
bağlı birgə fikir mübadiləsi və müzakirələrin
aparılmasına, asudə vaxtın səmərəli
keçirilməsinə, mövcud tədris vəsaitlərindən
birgə istifadəyə, mədəni-kütləvi tədbirlərin
təşkilinə imkan verir. Digər tərəfdən ali məktəblərin
yataqxana şəraitinin olması daha çox əcnəbi tələbənin
və beləliklə də daha çox maliyyə vəsaitinin
cəlb olunmasına imkan yaradır. Bununla əlaqədar ali məktəblər
üçün yataqxana imkanlarının genişləndirilməsi,
tələbə şəhərciklərinin yaradılması
sahəsində dövlət proqramının hazırlanıb
həyata keçirilməsi məqsədəmüvafiqdir.
Bütün deyilənləri
müqayisəli təhlil edərək bu qənaətə gəlmək
olar ki, sadalanan çatışmazlıqların çoxu
yalnız bizim ölkəmizin ali təhsil sisteminə xas
olmayıb, həm də bir çox Avropa ölkələrinin
və xüsusilə postsovet məkanındakı ölkələrin
də problemləridir. Buna görə də ali təhsil
sisteminin qarşılıqlı inteqrasiyasının təmin
edilməsi üçün bu sahənin istalahatının
davam etdirilməsi aktual olaraq qalır və daha sistemli
yanaşma tələb edir.
(ardı var)
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri,
fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 2009.- 25 aprel.- S.10-12.