Kazımbəy nəsli: iki yüz
il Rusiya ilə birlikdə
Əvvəli ötən şənbə
sayımızda
ZƏRURİ SÖZ ÖNÜ
2001-ci ildə rus dilində
"Rusiya şərqşünaslığında Azərbaycan
məktəbi" adlı monoqrafiyam çap olunmuşdu. Onun
bir nüsxəsini mərhum dövlət
başçısı Heydər Əliyevə təqdim etmək
qərarına gəldim. Prezident kitabı götürüb
yarıciddi-yarızarafat tərzdə: "Biz sənə məsul
vəzifə tapşırmışıq. Belə işlərlə
pensiyaya çıxandan sonra məşğul olarsan!" -
dedi.
Kitabın çoxdan
yazıldığını, 11 il əvvəl müdafiə
etdiyim doktorluq dissertasiyası əsasında
hazırlandığını bildirdim. Prezident mündəricata
və şəkillərə baxdı. Sonra: "Sən bilirsənmi
ki, bu Kazımbəylərin biri Rusiyanın mühüm
keşişlərindən olub?" - deyə soruşdu.
Mən şərqşünas-alim
Mirzə Kazımbəyin Rusiya Sinodu yanında müqəddəs
kitabların tatar dilinə tərcüməsi üzrə
komissiyanın üzvü kimi fəaliyyətindən
danışmağa başladım. Dövlət
başçısı sözümü kəsib: "Yox, yox,
mən bu yaxın vaxtları, 1970-ci illəri nəzərdə
tuturam. O vaxt Kazım bəy soyadlı bir nəfər Moskva
Patriarxatlığında işləyirdi. Yəqin eyni nəsildən
olarlar. Sən bir maraqlan!" - dedi.
Aradan illər keçəndən
sonra maraqlandım və nəticədə bu yazı meydana
çıxdı.
Müasir dövrdə
Aleksandr Lvoviç Kazımbəyi (1902-1977) yalnız rus
mühacirətinin ictimai-siyasi fəaliyyət tarixi ilə məşğul
olan mütəxəssislər, bir də rus pravoslav kilsəsinin
ayrı-ayrı nümayəndələri tanıya bilərlər.
Ötən əsrin 30-cu illərində isə o, Avropadakı
Rusiya siyasi mühacirətinin kifayət qədər populyar və
parlaq simalarından biri idi. Geniş erudisiyası, natiqlik məharəti,
yüksək təbəqə ilə əlaqələri və
nəhayət, şəxsi xarizması onu yeni Rusiya tərəfdarlarının
- "Mladorossiya" təşkilatının qurucularından
birinə və şəksiz liderinə çevirmişdi.
Atasının işi ilə
əlaqədar Aleksandr hələ kiçik yaşlarında
Rusiyanın müxtəlif bölgələrində (Qazan,
Tula, Kaluqa, Revel, Vilno), həm də Qərbi Avropa ölkələrində
(Fransa, İtaliya, İsveçrə, Almaniya,
Avstriya-Macarıstan və s.) olmuşdu. Mükəmməl ev və
gimnaziya təhsili nəticəsində ingilis, alman və
fransız dillərinə dərindən yiyələnmişdi.
Rusiyanın Birinci
Dünya müharibəsinə qoşulduğu ilk günlərdə
ata - Lev Kazımbəy cəbhəyə yollanmışdı.
Anası isə Sarskoe Selodakı hərbi lazaretlərdən
birinə rəhbərlik edirdi. 13-14 yaşlı Aleksandr
Kazımbəy müharibənin bütün dəhşət
və çıxılmazlıqlarını həmin dövrdə
dərk etmişdi. İkinci Dünya müharibəsinin də
müsibətlərini öz taleyində yaşayandan sonra o,
1949-cu ildə yazırdı: "Dünya müharibəsi
öz xarakter və mahiyyətinə görə əsl
dünya inqilabıdır. Həm də bəşəriyyət
tarixində ağla gətirilməsi mümkün olmayan ən
dəhşətli, ən sarsıdıcı, ən
dağıdıcı inqilab..."
16-17 yaşlı yeniyetmə
ikən Aleksandr Kazımbəy də Ağ Ordunun
sıralarında müharibənin dəhşətlərini
yaşamışdı. Bolşeviklərin qələbəsinin
labüd xarakter aldığı 1920-ci ildə valideynlərilə
birlikdə mühacirətə yollanmışdı.
İstanbulda, Salonikdə (Yunanıstan), Belqradda
yaşamışdılar. Gimnaziya təhsilini Yuqoslaviya
paytaxtında başa vurmuşdu. 1923-cü ildə rus
mühacirətinin əsas mərkəzlərindən
sayılan Münxenə gəlmişdi. Yerli universitetdə təhsil
aldığı dövrdə tələbə hərəkatının
fəallarından biri kimi tanınmış, Münxendəki
Rus Monarxistləri Klubuna rəhbərlik etmişdi. 1925-ci ildə
Parisdə, Sorbonna universiteti yanında Ali siyasi və sosial elmlər
məktəbini bitirmişdi. Eyni ildə Fransa paytaxtında
onun rəhbərliyi altında daha çox Mladorossiya adı ilə
tanınan "Gənc Rusiya İttifaqı"
yaradılmışdı. Həm ideoloji istiqaməti, həm də
təşkilati mükəmməlliyi baxımından bu
İttifaq həmin dövrdə Avropada Rusiyanın
güclü siyasi mühacirət qurumlarından biri idi.
Mühacirət nümayəndələri
arasında ümidsizlik və depressiya əhvali-ruhiyyəsinin
hökm sürdüyü şəraitdə belə inamlı,
nikbin təşkilatın meydana gəlməsi çox önəmli
idi. Bu elə bir dövr idi ki, vətənlərini,
bütün keçmiş və gələcəklərini
itirmiş adamlar hətta Rusiyanın sonraki mövcudluğuna
da inanmaq istəmirdilər. Kütləvi etinasızlıq,
laqeydlik, tale ilə barışmaq əhvali-ruhiyyəsi
mühacirlərin arasında geniş yayılmışdı.
Rus mühacirətinin ilk şairlərindən olan Georgi
İvanov həmvətənlərinin bu düşkün əhvalını
şeirlərinin birində ustalıqla əks etdirmişdi:
Xoroşo, çto net tsarya,
Xoroşo,
çto net Rossii.
Xoroşo,
çto Boqa net
Tolko joltaya
zarya...
Mladorosslar isə mühacir həmvətənlərini
hansı siyasi rejimin və hakimiyyətin idarəçiliyi
altına düşməsindən asılı olmayaraq, Rusiyanı
sevməyə, onun gələcəyinə inanmağa və bu
gələcək uğrunda mübarizə aparmağa səfərbər
edirdilər. Aleksandr Kazımbəy 1928-ci ildə Rusiyadakı
dəyişikliklərdən sarsılanları hər şeyə
ayıq nəzərlərlə baxmağa
çağıraraq yazırdı:
"Dağıdıcı, gözlənilməz, coşqun inqilab
bütün rus axtarışlarının son qayəsidir. Bu
inqilabdan sonra rus həyatının yeni forması öz qəlibinə
düşəcəkdir. Bu artıq başqalarından əxz
edilməyəcək; təbii, Rusiyanın öz məqsəd
və məzmununa uyğun bir forma olacaqdır. İndi dizinə
döymək və ah-vay etmək vaxtı deyil. İşə
başlamaq, zəhmət çəkmək
zamanıdır".
Gənclərin
ittifaqı 1934-cü ildə Aleksandr Kazımbəyin liderliyi
ilə hakimiyyətə iddialı siyasi təşkilata - Gənc
Rusiya Partiyasına (GRP) çevrilmişdi. Siyasi
şüarlarının eklektikliyinə görə ilk vaxtlar
mladorossları o qədər də ciddi qüvvə
saymırdılar. Amma hamının belə
düşündüyünü də söyləmək
düzgün olmazdı. Məsələn, hələ ilkin təşəkkül
mərhələsində məşhur rus filosofu N.Berdyayev
mladorossları Rusiya mühacirətinin mənəvi-siyasi həyatının
diqqətəlayiq və maraqlı hadisələrindən biri
kimi səciyyələndirmişdi.
A.Kazımbəydən
başqa qurumun rəhbərliyinə D.Qoradevski (ideoloq),
N.Arsenyev, G.Butakov, K.Elita-Velçkovski, S.Zenkovski, A.Lvov,
S.Obolenski və başqaları daxil idilər. Partiyanın
Parisdə, Berlində, Praqada, Nyu-Yorkda, hətta Latın
Amerikası və Asiya ölkələrində yerli
şöbələri və tərəfdarları, habelə tələbə-gənclər,
qadınlar, kazaklar, idmançılar qolları da fəaliyyət
göstərirdi.
Mladorosslar ötən əsrin
20-30-cu illərinin dəbdə olan ideologiyaların - faşizm
və bolşevizmin təsirindən kənarda qala bilməmişdilər.
Partiyanın üzvləri tünd göy rəngli yarımhərbi
forma geyinirdilər. Bir-birlərini sağ əllərini
başları üzərinə qaldıraraq teatral isterika ilə
üç dəfə "Qlava! Qlava! Qlava!" (burada
"başçı", "rəhbər",
"lider" mənasında-V.Q.)
çağırışı ilə salamlayırdılar.
Mixail Kellaqın Oksford universitetində yayımlanan
"Faşizmin Rusiya kökləri" ("The Russian roots of
nazism") kitabında "prins Mirzə Kazım Bəyin"
hələ 20-ci illərin sonunda Almaniyada siyasi səhnəyə
can atan faşistlərlə əlaqə yaratdığı
iddia olunur.
Lakin bu bənzərlik
daha çox zahiri xarakter daşıyırdı. Ən azı
faşizmin irqçilik ideyaları A.Kazımbəyə və
həmfikirlərinə tamamilə yad idi. Onlar Rusiyanın gələcəyini
ölkədəki bütün millətlərin
qarşılıqlı anlaşma şəraitindəki birgəyaşayışı
kimi təsəvvür edirdilər. Mladorosslar öz
ideyalarını Parisdə çap etdirdikləri
"Mladorossı", "Mladorosskaya iskra", "K molodoy
Rossii" (ikinci adı "Bodrost" idi-V.Q.) kimi mətbu
orqanlar vasitəsi ilə yayırdılar.
Gənc Rusiya
Partiyası qarşısına əslində yerinə yetirilməsi
mümkün olmayan vəzifə - əkslikləri və
ziddiyyətləri barışdırmaq məqsədi
qoymuşdu. Partiya mütləqiyyət ideyasına əsaslanan
cəmiyyət quruculuğunu, federal imperiya ideyasını və
bütün sahələrdə dövlət nəzarətinin
tətbiqini siyasi sahədə özünün əsas
şüarları elan etmişdi. Qurumun yaydığı ilk bəyannamədə
deyilirdi: "Rus dövlətçiliyinin süqutu, rus
xalqının fəlakətləri müxtəlif yollarla
insani birgəyaşayışın, dinin, ailənin, vətəndaşlığın
və nəhayət, dövlətin əsaslarını
dağıdan məhvedici elmi təlimlərin yayılması
və həyata keçirilməsi ilə
bağlıdır". Təbii ki, bu
"dağıdıcı", "məhvedici" elmi təlimlər
sırasında ilk yeri Rusiyada çox eybəcərliklə tətbiq
olunan marksizm-leninizm tuturdu. Mladorosslar islah olunmuş mütləqiyyət
vasitəsi ilə rus cəmiyyətini yenidən öz məhvərinə
qaytarmağı düşünürdülər.
Qarşısına
qoyduğu məqsədlərə çatmaq üçün
GRP xaricdəki rus gənclərinin maarifləndirilməsini və
onları tarixi vətənlə bağlayan əlaqələrin
daha da möhkəmləndirilməsini mühüm şərtlərdən
sayırdı. Qəbul edilmiş məramnamədə
"Rusiyaya sədaqətli olan gənc qüvvələrin
qardaşcasına birliyi, onların Vətənin xilası və
dirçəldilməsi uğrunda mübarizlər kimi
hazırlanması, sıralarından dövlət, ictimai və
özəl sahələrdə çalışacaq əsl
mütəxəssislərin yetişdirilməsi, rus gəncliyinin
pravoslav dininə hörmət, vətənə məhəbbət,
sərt intizam və cəngavərlik ruhunda tərbiyə edilməsi"
partiyanın əsas vəzifələri kimi müəyyənləşdirilirdi.
1935-ci il Gənc Rusiya
Partiyasının şöhrətin zirvəsində olduğu
dövr sayıla bilər. Aleksandr Kazımbəy Vətənə
xidmət etmək istəyən və simasını, şəxsiyyətini
itirmədən ölkəyə qayıtmaq ümidi ilə
yaşayan rus siyasi mühacirlərinin sevimlisinə
çevrilmişdi. Onun çıxışları hər dəfə
böyük auditoriya toplayırdı. Buraya yalnız mladorosslar
deyil, digər siyasi partiya və cəmiyyətlərin
nümayəndələri də gəlirdilər. Şahidlərdən
biri Parisdə keçirilən bu səs-küylü
toplantıları belə xatırlayırdı: "Sen-Didyedəki
nəhəng zal ağzına qədər dolmuşdu. Elə təəssürat
yaranırdı ki, indiyə qədər rus mühacirəti
arasında gənclərin toplaşdığı belə
kütləvi tədbir keçirilməyib. Çoxsaylı
iştirakçıların içərisində demək
olar ki, bütün siyasi partiyaların və təbəqələrin,
yaşlıların və cavanların, ən çox da
cavanların təmsilçilərini görmək
mümkün idi".
Aleksandr Kazımbəy
canlı və parlaq nitqləri ilə auditoriyanı ələ
almağı, onu istədiyi səmtə yönəltməyi
yaxşı bacarırdı. GRP-nin tədbirlərindən
birində iştirak edən keçmiş mühacir Roman Qul
sonralar öz xatirələrində yazırdı:
"Qonaqlardan ilk gələn Gənc Rusiya Partiyasının
lideri Aleksandr Lvoviç Kazımbəy oldu. O, nitq söyləməyə
başlamamış, iyirmi nəfərə qədər gənc
səhnədə sıra ilə düzüldü. Liderləri
səhnəyə qalxanda sağ əllərini əski
romalılar kimi başlarının üzərinə
qaldıraraq "Qlava! Qlava! Qlava!" - deyə
qışqırdılar. Məncə, bu, o qədər də
ağıllı hərəkət sayılmamalı idi. Amma,
deyəsən, Kazımbəyin xoşuna gəlirdi. Kazımbəy
orta boylu, təndürüst bədən quruluşu olan
xoş simalı adam idi. Sifətində onu şərqlilərə
bənzədən cizgilər vardı. Salamlaşdıqdan
sonra mən penzalı Kazımbəylərdən (haqqında
bir qədər aşağıda söhbət gedəcək
Mirzə Əbdülsəttarın - Mirzə Məhəmmədəli
Kazımbəyin kiçik qardaşının nəsli-V.Q.)
olub-olmadığını soruşdum. Onlarla əminəvəsi
olduğunu, özünün isə Qazanda doğulub
boya-başa çatdığını dedi. Nitqində bəzi
cəfəng mladoross şüarlarına təsadüf edilsə
də, Kazımbəy yaxşı tərbiyə
görmüş və kifayət qədər
ağıllı adam təsiri
bağışlayırdı".
Mladorosslar, imperiyanın
süqutu ilə nəticələnməsinə baxmayaraq,
1917-ci il Rusiya inqilablarının (fevral və oktyabr-V.Q.) qaçılmazlığı
fikrini dəstəkləyirdilər. Bolşevik ideologiyasına
düşmən münasibət bəsləsələr də,
Rusiyanın böyük dövlət kimi qorunub
saxlanmasında, rus xalqının dünya miqyasında
mövqe və maraqlarının təmin olunmasında sovet rəhbərliyinin
xidmətlərini təqdir edirdilər. Onların fikrincə,
radikallığı ilə seçilən Oktyabr inqilabı
ilk növbədə köhnə tipli monarxiyanın aradan
qaldırılması və yeninin doğulması
üçün zəruri idi. Mladorosslar daha da irəli gedərək
proletariatı yeni mütləqiyyətin istinad nöqtəsinə
çevirməyi özlərinin əsas vəzifələrindən
biri adlandırırdılar.
Aleksandr Kazımbəy və
həmfikirləri sadəlövhcəsinə güman edirdilər
ki, yalnız fəhlə, kəndli və əsgər sovetlərinin
siyasi iradəsinə əsaslanan, hakimiyyəti qismən də
olsa, xalq nümayəndələri ilə bölüşən
rus monarxı ölkəni bolşevik zülmündən
qurtara bilər. Təbii ki, bu da onların ilk baxışdan
bir qədər qeyri-ciddi görünən "Çar və
Sovetlər" şüarını ortaya atmalarına gətirib
çıxarmışdı. Mladorossların fikrincə, yerli
sovetlər vasitəsi ilə ölkə idarəçiliyində
iştiraka cəlb olunan xalq kütlələri Mütləqiyyət,
Milliyyətçilik və Sosializm prinsipləri əsasında
rus çarının hakimiyyətini təmin etməli və
onu legitimləşdirməli idilər.
Sosial-iqtisadi sahədə
də mladorosslar bir sıra kiçik dəyişiklik və
istisnalarla bolşeviklərin "təcrübəsindən"
yararlanmaq istəyirdilər. Əlbəttə, bu zaman öz
proqramlarının gözünə müəyyən qədər
liberalizm qatmağı da yaddan çıxarmırdılar.
İqtisadiyyat planlı aparılmalı, dövlət istehsala
nəzarət etməli, geniş miqyaslı sosial layihələr
işlənib həyata keçirilməli idi.
Kazımbəyin
"yeni Rusiya" qurmaq istəyən partiyası dini, milli və
irqi ayrıseçkilikləri qətiyyətlə rədd
edir, ölkənin tərkibinə daxil olan bütün millətlərin
mədəni-mənəvi haqlarını tanıyırdı.
Mladorosslar gələcək Rusiyanı "federal
imperiya-dövlətlər ittifaqı" şəklində təsəvvür
edirdilər. Bu ittifaq imperiyanın tərkibinə
könüllü şəkildə daxil olan xalqların iradəsi
əsasında tarixi tale oxşarlığı, mənəvi
yaxınlıq və iqtisadi maraqların ümumiliyi zəminində
formalaşmalı idi.
Göründüyü
kimi, A.Kazımbəyin həmfikirləri əslində Stalinin
sərt idarəçilik və çoxsaylı qurbanlar
bahasına qurduğu hazır siyasi sistemə sahib
çıxmaq istəyirdilər. Bir şərtlə ki, Stalin
özü ortada olmasın. Lakin bolşeviklərin lideri öz
yerində kifayət qədər möhkəm oturduğu
üçün xaricdəki opponentlərinin bu
boşboğazlıqlarına yalnız bığaltı
gülümsəməklə reaksiya verirdi. Eyni zamanda
Avropanın mərkəzində, könüllü şəkildə
sovet rejiminin təbliğatçısı kimi
çıxış edən mütəşəkkil qüvvə
ilə əlaqələr yaratmağın və lazım gələndə
onlardan "beşinci dəstə" kimi yararlanmağın
da mahiyyət etibarilə heç bir ziyan gətirməyəcəyini
başa düşürdü.
Məsələnin ən
maraqlı tərəfi Aleksandr Kazımbəyin imperator ailəsinin
üzvlərini də əslində hər cür reallıqdan
məhrum olan bu ideyanın nə vaxtsa həyata keçməsinin
mümkünlüyünə inandırması idi. Doğrudur,
bu məsələdə Romanovların itirəcəkləri
heç bir şey yox idi. Onlar da hakimiyyətdən
uzaqlaşdırılmış bütün siyasi rejimlər
kimi "Bəlkə də qaytardılar" xülyası ilə
yaşadıqlarından bolşeviklərin devrilməsi ilə
bağlı ən fantastik layihələri də dəstəkləməyə
hazır idilər.
Amma təbii ki,
Kazımbəyin Romanovlar evinin başçısı,
böyük knyaz Kirill Vladimiroviçlə dostluğunun əsasında
yalnız belə merkantil maraqlar dayanmırdı. Rusiyanın
mühacirətdəki imperatoru Kirill Romanov Aleksandr Lvoviçi
ilk növbədə dərin ağlına, yüksək mədəniyyətinə
və şəxsiyyətinin bütünlüyünə
görə dəyərləndirirdi. Onların on ilə
yaxın davam edən dostluğu heç bir qaramsar hadisə ilə
ləkələnməmişdi. Aralarında həmişə
qarşılıqlı hörmət və anlaşma
olmuşdu. Aleksandr Kazımbəy Rusiya taxt-tacına iddia edən
Kirill Romanovun ən yaxın çevrəsinə daxil idi.
Məhz bu səbəbdən
də sovet xüsusi xidmət orqanları onun şəxsiyyəti
və fəaliyyəti ilə yaxından maraqlanırdılar.
30-cu illərdə SSRİ-nin casus şəbəkəsi
bütün Avropa ölkələrini
bürümüşdü. Həm də sovet çekistləri
bu sahədə tək çalışmırdılar.
Kommunist əqidəli Avropa vətəndaşları, yaxud əllərini
hər şeydən üzmüş bəzi mühacirət
nümayəndələri də onların yaxın köməkçiləri
idilər. Təbii ki, sovet kəşfiyyatı SSRİ-yə rəğbəti
ilə seçilən, bir sıra hallarda isə
özünü hətta "ikinci sovet partiyası"
adlandıran mladorossların yanından da sakit ötüb
keçə bilməzdi. Odur ki, partiyanın rəhbəri
Aleksandr Kazımbəyi əməkdaşlığa cəlb
etmək üçün bir sıra cəhdlər göstərilmişdi.
1937-cu ildə o, atasının Paj korpusundakı kursant
yoldaşı, keçmişdə qraf, sonralar isə sovet
generalı olan Aleksey İqnatyevlə görüşüb
danışıqlar aparmışdı.
A.İqnatyev həmin
dövrdə Sovet İttifaqının Fransa
paytaxtındakı Ticarət Nümayəndəliyində
işləyirdi. Amma onu ticarət yox, tamamilə başqa məsələlər,
ilk növbədə Parisdəki rus mühacirəti
maraqlandırırdı. Mladorossların rəhbəri ilə
görüşdən əsas məqsəd də bu sahədə
məlumat toplamaq idi. Adətən həmin
görüşü A.Kazımbəyin sovet xüsusi xidmət
orqanları ilə əməkdaşlığının
başlanğıcı sayırlar. Mladoross liderinin anadan
olmasının 100 illiyi münasibəti ilə 2002-ci ildə
"Reliqiya" jurnalında böyük məqalə
çap etdirən akademik V.Nikitin həmin şübhələrin
tamamilə zəminsiz olduğunu göstərərək
yazırdı: "Aleksandr Kazımbəyin KQB tərəfindən
ələ alınması barəsində rus mühacirətinin
müəyyən dairələrində yayılan
uydurmaların heç bir əsası yox idi".
Bu artıq bizim günlərdə
verilən qiymətdir. Həmin dövrdə isə Sovetlərlə
əlaqə yaratmaq təşəbbüsünün
mühacirət dairələrində nə qədər kəskin
reaksiya doğurduğunu sübut etməyə ehtiyac yoxdur.
Mühacirət dairələrində mladorossların rəhbərini
Sovet İttifaqına işləməkdə suçlayan səslər
eşidilməyə başlanmışdı. Yuxarıda da
qeyd etdiyim kimi, 30-cu illərdə mühacirətdəki
Romanovlarla sıx əlaqələrə malik olan A.Kazımbəy
həm də tacsız Rusiya imperatoru sayılan böyük
knyaz Kirill Vladimiroviçin xarici siyasət məsələləri
üzrə məruzəçisi idi. A.İqnatyevlə
görüş haqqındakı məlumat mühacirət
nümayəndələri arasında yayıldıqdan sonra o,
1937-ci il avqustun 8-də "Bodrost" qəzeti vasitəsi ilə
Kirill Vladimiroviçdən tutduğu vəzifədən azad
olunmasını xahiş etmişdi. A.Kazımbəy bu
addımının səbəblərini "öz hərəkətləri
ilə Hökmdarı ciddi məsuliyyət
qarşısında qoymaq istəməməsi" ilə əlaqələndirmişdi.
Kirill Vladimiroviç
xüsusi reskript yayaraq A.Kazımbəyin fəaliyyətini və
şəxsiyyətini yüksək qiymətləndirdiyini
bildirmişdi. Eyni zamanda xahişini yerinə yetirərək
istefasını qəbul etmişdi. Bunun ardınca Aleksandr
Kazımbəy könüllü şəkildə GRP rəhbərliyindən
də uzaqlaşmışdı. Onun siyasi səhnədən
çəkilməsi partiyadakı tənəzzülü daha
da gücləndirmişdi. Bütünlükdə, İkinci
Dünya müharibəsi ərəfəsində Avropa dövlətlərinin,
eləcə də mühacirət nümayəndələrinin
mladorosslara marağı xeyli azalmışdı. Alman
ordularının Parisi işğal etməsi ilə partiya fəaliyyətini
tamamilə dayandırmalı oldu. Bir çox mladorosslar öz
yerlərini Fransa Müqavimət Hərəkatının
iştirakçıları sırasında tapdılar. 1942-ci
ildə isə GRP özünü buraxdığını bəyan
etdi. Onun bütün üzvlərinə "müharibə
şəraitində olan Vətənə münasibətdə
vətənpərvərlik borclarını istədikləri
şəkildə yerinə yetirmək sərbəstliyi
verildiyi" elan olundu.
Bütün bu proseslərdə Aleksandr Kazımbəyin sovet xüsusi xidmət orqanları ilə əməkdaşlığının nə dərəcədə rolu olmuşdu? Mənbələr sualı birmənalı şəkildə müsbət cavanlandırmağa əsas vermir. Bir məsələ aydındır ki, Aleksandr Kazımbəy öz əqidə yoldaşlarına xəyanət etməmişdi. Amma əlaqələrin uzun müddət sürməsi də təkzibolunmaz faktdır. Ümumiyyətlə, 30-cu illərin ikinci yarısından etibarən Gənc Rusiya Partiyasının artıq sovet kəşfiyyatının çətiri altında işləməsi çoxlarında şübhə doğurmurdu. SSRİ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Aleksandr Sokolovun da xatırladığı kimi, SSRİ DTK-da mladoross partiyasının proqram və fəaliyyətinin təhlili ilə bağlı çoxsaylı dosyelər vardı və sonralar gənc kəşfiyyatçıların hazırlanması işində onlardan tədris materialları kimi istifadə edirdilər. Bununla bir sırada A.Sokolov xatirələrində partiya başçısının "sovet casusu" və ümumiyyətlə casus olması fikrini qətiyyətlə rədd edirdi.
İkinci Dünya
müharibəsinin başlanması minlərlə siyasi
mühacir kimi Aleksandr Kazımbəyin həyatında da dəhşətli
izlər buraxmışdı. Müharibə ərəfəsində
o, Parisdə rus siyasi mühacirətinin tanınmış
nümayəndələrinin iştirakı ilə "dəyirmi
masalar" təşkil edirdi. Bu toplantılardan məqsəd
yaxınlaşan təhlükə qarşısında
mühacir qüvvələrin faşist Almaniyasına
qarşı mübarizədə vahid cəbhədə birləşdirilməsi
idi. Antisovet mövqeyi ilə seçilən Fransa hökumətinin
qərarı ilə 1940-cı ilin iyulunda Aleksandr Kazımbəy
və həmfikirləri həbs olunmuşdular.
Fransa ilə Amaniya
arasında barışıq əldə edildikdən sonra
mladorossların keçmiş liderinin həyatına real təhlükə
yaranmışdı. Onu hər an faşistlərə təhvil
verə bilərdilər. Akademik V.Nikitinin yazdığına
görə, antifaşist fəaliyyətinə görə
nasistlər hətta Aleksandr Kazımbəyin başına 100
min marka qiymət qoymuşdular. Fransanın nüfuzlu
adamlarının və Senat üzvlərinin yardımı ilə
onu həbs düşərgəsindən çıxarmaq və
ABŞ vizası ilə təmin etmək mümkün
olmuşdu. Artıq Fransada qalmaq təhlükəli idi.
Avropanın od içərisində olduğunu görən
Kazımbəy 1940-cı ilin payızında ABŞ-a -
San-Fransiskoya mühacirət etmək qərarına gəlmişdi.
Burada o, tezliklə rus mühacirətinin populyar mətbu
orqanlarından biri - "Novaya zarya" qəzetinin köşə
yazarı kimi məşhurlaşmışdı.
Aleksandr Kazımbəy
sonralar əsas fəaliyyət sahəsinə çevrilən
publisist yaradıcılığa 20-ci illərin
axırlarında başlamışdı. 1928-ci ildə Parisdə
çap olunan "Gənc Rusiyaya" ("K molodoy Rossii")
kitabının "İlk nəticələr",
"Mladorosslara məktub", "Yeni mütləqiyyətçilik"
hissələri onun qələmindən
çıxmışdı. "Sovet Avropasına, yoxsa Gənc
Rusiyaya doğru?" (Paris, 1931), "Yeni mütləqiyyətçilik"
(Nyu-York, 1936), "Bonapartizm faktı qarşısında"
(Paris, 1938), "Yollar və məqsədlər"
(Şanxay, 1939) kimi məqalələr toplularının tərtibçiləri
və müəllifləri sırasında da A.Kazımbəyin
adına rast gəlinir.
Təxminən 25 ilə
yaxın müddət ərzində Aleksandr Kazımbəy
"Mladorosskaya iskra", "Bodrost", "Mladoross",
"Novıy put", "Vernıy put", "Naşa
oborona", "Novaya zarya", "Russkiy qolos", "Novoe
russkoe slovo", "Rossiya", "Svet" kimi mühacir nəşrlərinin
səhifələrində yüzlərlə məqalə,
oçerk və publisistik yazı dərc etdirmişdi. Bu
yazılar onu Birləşmiş Ştatların
"tanınmış sovetoloqlarından biri"nə çevirmişdi.
Lakin eyni mövzuya müraciət edən həmkarlarından fərqli
olaraq A.Kazımbəyin sovetoloji məqalələri yalnız
qərəz və təhriflər üzərində,
inkarçılıq zəminində qurulmamışdı. Burada məntiqi polemika və
dərin analitik araşdırmalar daha mühüm yer tuturdu.
Xüsusən İkinci
Dünya müharibəsi illərində onun publisist fəaliyyəti
mündəricə və əhatə dairəsi
baxımından geniş xarakter almışdı. Həqiqi
rus vətənpərvəri kimi Aleksandr Kazımbəy rus
xalqının faşizmə qarşı mübarizəsinə
öz töhfəsini verməyə
çalışırdı. Bolşevik liderləri ilə
barışmasa da, Rusiyanın bu müharibədən qalib
çıxması müəllifin çoxsaylı məqalələrinin
əsas leytmotivini təşkil edirdi. Bir sıra siyasi
mühacirət təmsilçilərindən fərqli olaraq,
A.Kazımbəy kəmfürsətçilik mövqeyi
tutmamışdı. Əksinə o, rus mühacirətini
Almaniyaya qarşı mübarizədə Rusiya, Fransa və
Böyük Britaniyanın yanında olmağa
çağırırdı.
1944-1954-cü illərdə
Aleksandr Kazımbəy əvvəlcə ABŞ-nın məşhur
Yel universitetində rus dili dərsləri aparmış,
sonrakı dövrdə isə Konnektikut kollecində rus dili və
ədəbiyyatı kafedrasına rəhbərlik etmişdi.
Pedaqoji fəaliyyətlə bir sırada 40-cı illərin
sonundan etibarən ilahiyyatla da yaxından maraqlanmağa
başlamışdı. Bu dövrdə A.Kazımbəy
Amerikadakı rus Patriarxat Ekzarxlığının
"Yedinaya tserkov" ("Vahid kilsə")
jurnalının daimi müəlliflərindən idi. Jurnalda
çap olunan maraqlı məqalələrindən biri
"Puşkinin dini yolu" adlanırdı. Rus Pravoslav kilsəsinin
Şimali və Cənubi Amerikadakı ekzarxı mitropolit Boris
(Vika) tez-tez Aleksandr Lvoviçin siyasi və hüquqi xarakterli
məsləhətlərindən faydalanırdı. Nəhayət,
o, nüfuz və təcrübəsi əsasında rus kilsəsinin
Amerikadakı mülkiyyətinin qorunmasında əvəzsiz
xidmətlər göstərmişdi.
İkinci Dünya müharibəsi
başa çatdıqdan sonra Aleksandr Kazımbəy tarixi vətəninə
qayıtmaq haqqında ciddi şəkildə fikirləşirdi.
Onun Rusiyaya gedən yolu da ünlü rus səyyahı Afanasi
Nikitin kimi Hindistandan keçmişdi. Bu hadisənin maraqlı
tarixçəsi var: 1953-cü ildə Hindistanın baş
naziri Cəvahirləl Nehrunun bacısı Rameşvari Nehru
ABŞ-nın Konnektikut kollecində təcrübə
keçirdi. Xanım Nehru rus dili kafedrasının müdiri
A.Kazımbəyin nənəsinin Hindistanda son dərəcə
böyük məhəbbətlə anılan L.N.Tolstoyun qohumu
olduğunu öyrəndikdən sonra onu öz ölkəsinə,
rus dili kursları açmağa dəvət etmişdi. Beləliklə,
1954-cü ildən keçmiş Mladoross liderinin həyatının
Hindistan dövrü
başlanmışdı.
(Ardı var)
Vilayət QULİYEV
525-ci qəzet.- 2009.- 25 aprel.- S.22-23.