Naxçıvanskilər qürbətdə
Tarixi yaratmaq qəhrəmanlıq,
onu yüzilliklər keçəndən sonra araşdırmaq,
ortalığa doğru-dürüst çıxarmaq isə fədakarlıq
tələb edir. Az qala bir igidin gənclik illəri qədər
axtarışlar apardığımız Kəngərli qəhrəmanlarının
həyat səhifələrindən yeni bir fakt tapanda çox
sevinirik. Elə bu baxımdan Naxçıvanski familiyası
daşıyan Kəngərli generalları ilə
axtarışlarımızı nəinki MDB məkanında, hətta
qonşu ölkələrdə də aparırıq. Çünki
1920-ci ildən sonra sağ qalan Naxçıvanskilər və
onların ailələri xarici ölkələrə
mühacirət ediblər.
Keçən ilin 12 noyabrı. Yolumuz Makuyadır. Cəsur generallarımız
Cəmşid Naxçıvanskinin
ata-anasının, bacısının və qardaşlarının 1920-ci ildən
sonra yaşadıqları
qədim bir şəhərə. Bütün
səfərlərdə olduğu
kimi, sərhəd gömrük məntəqəsində
işlərimizi qurtarıb
Ərəblər
kəndinə, indiki Pol-Dəştə yollanırıq. Çatan
kimi üzü dağlara-Maku şəhərinə
gedən minik maşınlarından birinə
oturub yola düşürük. Artıq
təbiət öz xəzan donunu geysə də, hava elə də
soyuq deyil. Yolboyu xatirimizdə çox hadisələr çözələnir, yada
düşür. Nələri
yazmışıq, nələr
qalıb. Talelərini
qələmə aldığımız
insanlar da (88 il bundan öncə)
bu yolla gediblər. Ürəklərində
vətən həsrəti
və qürbət kədəri...
Birinci dəfədir ki,
İrana gedirik. Hər tərəfdə
naxçıvanlılara qarşı
doğmalıq və səmimiyyət hiss edirik.
Belə bir münasibət adamı darıxmağa qoymur. Saat 11.15-də Makuya çatırıq.
Füsunkar, əzəmətli coğrafi bir məkanda qərar tutan bu şəhərlə
bağlı çox eşitmişik və oxumuşuq. İndi isə bu şəhərdəyik. Yuxarıdakı qaya papaq kimi
tarixlər şahidi olan Maku qalasını
örtüb.
Bir vaxtlar şəhərin
mərkəzində tikilən möhtəşəm bir sarayda
Maku xanı Əli xan və onun varisləri yaşayıb. Buradaca
tarixə ekskurs etsək yerinə düşər.
Naxçıvan xanlığının
başçısı I Kalbalı xan öz qızını
Maku xanlığını idarə edən Əli xana ərə
verib. Hələ bir az da Səfəvilər dövrünə
gedə bilsək, görərik ki, Nisə şəhərində
dövlətin sərhədlərini qoruyanlar Kəngərli,
Cavanşir və Bayat süvariləridir. Sonralar Kəngərlilər
Naxçıvana, Cavanşirlər Qarabağa və Bayatlar
Şərura, həmçinin İrəvana qayıdıblar. Sonralar
Maku qalasını yağılardan qorumaq üçün 300
Bayat ailəsini Makuya küçürüblər.
1920-ci ildən sonra
İrəvanda və Şərurda yaşayan Bayatlar Makinski,
İranda yaşayanlar isə Bayat Makulu, yaxud Qaçi Bəyat
soyadını daşıyıblar. Aydınlıq
üçün deyək ki, Naxçıvanski, Makinski rus
familiyası deyil. Bu əsasən xəzər türklərinin
Polşada, ümumiyyətlə, Avropada bir neçə əsr
bundan əvvəl daşıdıqları bir soyadın
formasıdır.
Çar Rusiyası
dövründə əlahiddə hərbi şücaətləri
olan nəsillərin ən məşhur adamlarına belə
formalı familiyaları daşımaq üçün
çarın xüsusi icazəsi olmalı idi. Buna görə
də indi biz həmin dövrlərin tarixini
araşdırdığımız üçün
familiyaları olduğu kimi saxlayırıq. Yəni, onu
Naxçıvanlı, yaxud Makulu kimi yazmağımız
doğru olmazdı, sadəcə qarışıqlıq
yaradardı. Çünki bu nəsillərin Rusiyada da tədqiqatçıları
var...
XIX əsr Ordubad ədəbi
mühitinin layiqli nümayəndəsi olan Hacı Mirzə
Ağarəhim Qüdsi Vənəndi Cənubi Azərbaycan
xanlarına da mənzum məktublar, həmçinin mədhiyyə-tərifnamələr
yazıb. Şairin ən yaxşı mədhiyyələrindən
biri Əli xanın oğlu Teymur Paşa xana ithaf olunub. Və
Qüdsi əsərin müqəddiməsində "Makulu Əli
xanın oğlu və İsgəndər şöhrətli
Ehsan xanın bacısı oğlu Teymur Paşanın tərifi"
sözlərini qeyd edib.
Bununla bağlı
materiallar şairin tədqiqatçısı filologiya elmləri
doktoru Əsgər Qədimovun monoqrafiyasına da daxil edilib. Maraq
üçün deyək ki, Qüdsi Vənəndinin
yazdığı divan (? 989) Bakıda Əlyazmalar
İnstitutunda saxlanılır.
I Kalbalı xanın qızının
və sonralar həmin ailədən bir çoxlarının
yaşadıqları Sərdar sarayı, deyilənə görə,
son illərə qədər qalırmış. O evdə
general-mayor II Kalbalı xan Naxçıvanskinin qızı
Şahbəyim xanım, sonralar Cəfərqulu xanın
qızı Nazlıbəyim və Abbasqulu xan İrəvanskinin
nəvəsi Nazxanım Məmmədquluxan qızı (Cəfərqulu
xanın qaynı qızı) yaşayıblar. Bu haqda bir az
sonra.
Maku
xanlığının tarixinə dair yazılanlardan öyrənirik
ki, Əli xan və onun oğlu Teymur Paşa xan xanlıqlar
dövründə Naxçıvan xanlığı ilə
sıx əlaqə, diplomatik münasibətlər
saxlamışlar. Bu münasibətləri isə qohumluq daha
yaxın etmiş və I Kalbalı xanın İrəvanda,
Xoyda olduğu kimi, Makuda da nüfuzunu yüksəltmişdi. Yəni,
Rusiyanın Qafqaz siyasətində I Kalbalı xanı söz
sahibi etmişdi. Bunu dərindən anlayan Rusiya dövlətinin
generalları hələ 1790-cı illərdən başlayaraq
I Kalbalı xanla danışıqlar aparırdılar. Maku
xanlarının şəcərəsinə baxdıqda
görürük ki, Əli xanın Teymur Paşa xan, Hacı
Mahmud Paşa xan, Hacı İsmayıl Paşa xan, İbrahim
Paşa xan və İshaq Paşa xan adlarında
oğlanları olub. Əli xanın atasının adı
Hüseyn xandır. Deməli, Teymur Paşa xan I Kalbalı
xanın nəvəsidir. Teymur Paşa xanın
oğlanlarından hələlikdə ikisinin - Mürtəzaqulu
xanın (Iqbal Sultan) və Bəhlul Paşa xanın ailəsinin
Naxçıvan, həmçinin İrəvan
xanlıqları ilə qohumluqlarını təsdiqləyən
sənədlər mövcuddur.
Bəhlul Paşa
xanın nəvəsi Midhət Paşa Məmməd Paşa
xan oğlu Abbasqulu xan İrəvanskinin nəvəsi
Nazxanımla 1912-ci ildə ailə qurub. Nazxanım Cəmşid
Naxçıvanskinin dayısı qızıdır. Onun
anası Tovuç xanım tam süvari generalı
İsmayıl xanın oğlu Bəhman xan
Naxçıvanskinin qızıdır. Bəhman xanın həyat
yoldaşı isə general-mayor II Kalbalı xan
Naxçıvanskinin qızı Çimnaz xanımdır. Deməli,
Sərdar sarayında yaşayan Şahbəyim xanım
Nazxanımın anasının doğmaca xalası olub. Nazxanımın
övladlarından İsmayıl xan və Suğra xanım
sağdırlar. Nazxanım isə 1972-ci ildə Tehranda vəfat
edib.
Bəhlul Paşanın
ikinci oğlu Mustafa Sultan 1883-cü ildə general-mayor II
Kalbalı xan Naxçıvanskinin qızı Şahbəyimlə
ailə qurub. Kəbin kağızı Naxçıvan Muxtar
Respublikası Dövlət Arxivindədir. Makudakı sənədlərdə
isə onun adının yanında "Qafqaz əhli"
yazılıb.
Mustafa Sultanla Şahbəyim
xanımın 4 oğlunun adlarına şəcərədə
rast gəlirik. Həmin oğlanlardan birinin adı Əlixandır
ki, sizə təqdim etdiyimiz fotoşəkildə
atasının sağında dayanıb. Onun oğlu Mənsur
xan 1 il öncə dünyasını dəyişib.
Övladları Makuda yaşayırlar.
Mürtəzaqulu xan
(İqbal Sultan) atasının ölümündən (1895-ci
il) sonra Maku xanlığına sərdarlıq edib. Sənədlərdən
öyrənirik ki, o, əsasən Rusiyada təhsil alıb.
Onun Abbas Paşa xan, Rzaqulu xan, Balı xan, Muradəli xan,
Mühyəddin xan, Həsən xan adlı oğlanları
olub. Biz indiyədək rus alimi K.N.Smirnovun yazdığına əsasən
elə bilirdik ki, Cəmşid Naxçıvanskinin
bacısı Nazlıbəyim xanım Abbas Paşa xanla ailə
qurub. Amma Makuda olarkən aşkar oldu ki, Nazlıbəyim Sərdarın
oğlu sərhəng Rzaqulu xanla ailə qurub və bu izdivacdan
Teymur xan, Ehsan xan və Məniçöhr xan adında
oğlanları olub. Nazlıbəyim vəfat edəndən
sonra onun balaca körpələrini anası Fəxrəntac
xanım böyüdüb.
Öyrənirik ki, Fəxrəntac
xanım xeyli illər Makuda yaşayıb. Sonralar kiçik
oğlu polkovnik Davud xan onu öz yanına Təbrizə
aparıb. Onu da deyək ki, polkovnik Davud xan uçun illər
İran ordusunda xidmətdə olub. Özü də Naxçıvani
soyadını daşıyıb. Qohumlarının dediklərinə
görə, onun Şapur xan və Pərviz xan adlı
oğlanları olub. Pərviz xan İranda ilk pilotçulardan
imiş və sonralar Amerikaya köçüb. Hələ
pilotçu olanda polkovnik rütbəsini daşıyıb. Pərviz
xan bibisi Nazlıbəyimin oğlu Teymur xanın
qızlığı Sima xanımla ailə qurub. Arəş və
Orod (Urud) adlı oğlanları Amerikada yaşayırlar. Mənucöhr
xan isə Xoyda yaşayır. Nazlıbəyimin gəlini
Puranduxt xanım (o, əslən Avacıq mahalındandır)
Makuda yaşayır. Qulamrza, Əlirza və Bəhram xan adlı
oğlanları var.
Axtarışlar
zamanı məlum oldu ki, general-mayor III Kalbalı xan 1934-cü
ildə Makunun yaxınlığındakı Başyer
döyüşlərində arxadan vurulub. Bu gün də onun
Baxçacıqdakı (Sərdarın yay sarayı) cənazə
törənini indi də xatırlayanlar var. Burada bir haşiyə
çıxmaq maraqlı olardı.
Sərdar Mürtəzaqulu
xanın həyat yoldaşları İrəvan xanlarından Pənah
xan Makinskinin qızları olub. Birinci xanımı vəfat edəndən
sonra onun bacısı Analı xanımı alıb. (Rus mənbələrində
onu Annana xanım kimi yazırlar). Analı xanım haqqında
ilk dəfə 1944-cü ildə yazıçı Hüseyn
Şərif məlumat verib. Sovet qoşunlarının tərkibində
Irana gedən yazıçı orada Muradəli xanın
qonağı olub və onlarda ikən xanın anası ilə
tanışlığı yaranıb. Nədənsə
yazıçı onu qarabağlı kimi təsvir edib.
Analı xanım şairə Xurşid banunun çəkdiyi rəsmlərdən
və yazdığı qəzəllərdən bir neçəsini
Hüseyn Şərifə bağışlayıb. Yazıçı
bunları "Azərbaycan gəncləri" qəzetində
dərc etdirib. Bir tarixçi alim, Qarabağ xanlarının
varisi və şəcərəçi Nurlanə xanım
Cavanşirlə bu maraqlı məsələni
araşdırırıq. Belə ehtimalımız var ki,
Analı xanım ana, yaxud nənə tərəfdən
şairə Xurşid banuya yaxın qohumdur. Hələlikdə
bu yöndə axtarış gedir.
Analı xanımın
bacısı və qardaşı Süleyman xanla Sərdar
sarayında çəkilən fotoşəkilləri bu
gün də qalmaqdadır. Sənədlərə əsasən
öyrəndik ki, I Ehsan xanın qızı Lalabəyim Pənah
xanın oğlu Süleyman xanla ailə qurub. Analı xanım
çox xeyirxah və qorxmayan qadın olub. O, 1920-ci ildən
sonra Naxçıvandan, İrəvandan və Gəncədən
mühacirət edən bir çox ailələrə
sığınacaq verib, maddi yardım göstərib. Hətta,
inqilabdan əvvəlki kitablarda adına çox rast gəldiyimiz
Budaqovlara və Pişnamazzadələrə də. Pəhləvi
şahı tərəfindən çox təqiblərə məruz
qalsa da, Baxçacıqdan getməyib. 1968-ci ildə orada vəfat
edib.
Baxçacığa
gedirəm. Makudan bir az aralı, çiskin dağının ətəyində,
ab-havası gözəl olan bir yerdədir. Indi muzey olan Sərdar
sarayı memarlıq üslubu ilə çox möhtəşəm
bir tikilidir. Bu sarayı Maku sərdarı Analı xanım
üçün 10 ilə tikdirib. Muzey təmirdə olsa da,
qonaq olduğumdan icazə verirlər ki, salonlara baxım. Çox
orijinal saraydır. Ən çox xoşuma gələn məşhur
"Aynalı salon"dur. Bu salon Naxçıvanskilərlə
də çox bağlıdır. Bir anlıq dayanıb
dururam. Eşitdiyim xatirələr həzin-həzin
düşür yadıma. Sərdarın hərbi
silahlarından muzeydə nümayiş etdirilir.
Maku xanları da
yaxşı hərbçilər olublar. Mürtəzaqulu xan
Rusiyanın hərbi mükafatlarını da alıb. Tiflisdə
arxivlərdə onunla bağlı bir sənədə rast gəldik.
1901-ci ildə çar hökuməti Maku sərdarı
Mürtəzaqulu xanı I Stanislav ordeni ilə də təltif
edib. Oxuduğumuz sənədlərdən aydın olur ki, zəngin
xəzinəyə və bolluca silah-sursata sahib olan Maku sərdarı
1923-cü ildə zindanda öldürülüb. Bu haqda iki
versiya var.
Tarixlər şahidi olan
bu sarayın həyətindən çiskin dağın
başında duman görünür. Yavaş-yavaş
dağın sinəsi ilə aşağıya
tökülür. Şəhərə qayıdıram...
Naxçıvanskilər, İrəvanskilər və Makinskilər
haqqında tapdığım yeni faktları yaddaş dəftərçəsinə
köçürürəm. Onlarla bağlı
tapdığımız fotoların özü elə tarixin bir
anıdır. Qürbətdə yaşayan Naxçıvanskilərin
varislərini tapmaq ümidimizə işıq
düşüb. Bu işıq onların ulu babalarının-
bizim naxçıvanlıların yaratdıqları tarixi səhifələdikcə
daha da çoxalır və axtarışlarımızı
uğurlu edir.
Musa QULİYEV,
AMEA Naxçıvan bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı
525 ci qəzet.- 2009.- 25 aprel.- S.20.