"Sıravi Dursun" Bakı Uşaq Teatrının səhnəsinə çıxacaq

 

Bakı Uşaq Teatrı "Sıravi Dursun" tamaşasını təqdim edib. Bu barədə teatrın direktoru, rejissor İntiqam Soltan məlumat verib. Direktorun dediyinə görə, vətənpərvərlik mövzusunda hazırlanan tamaşa əsgərlik yaşına çatmış gənclərə həsr olunub. Tamaşada çağırışçı Dursunəlinin əsgəri xidmətdən boyun qaçırmaq üçün min cür hiyləyə əl atması təsvir edilib. O, gününü hərbi hissənin tibb məntəqəsində keçirərək, xidmətə yaramadığını sübut etmək istəyir. Üstəlik, burada tibb məntəqəsinin baş həkimi ilə tez-tez mübahisəyə girir.

Komediya janrında hazırlanan tamaşada Bakı Uşaq Teatrının 3 aktyoru rol alıb. "Sıravi Dursun" tamaşasının musiqi tərtibatçısı Mahir İbrahim, rəssamı isə Sevda Məmmədovadır. Rejissorun dediyinə görə, tamaşanın cəbhə bölgələrində xidmət edən hərbçilər qarşısında da nümayişi nəzərdə tutulur.

 

  

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 28 aprel.- S.7.