Dillər Universitetinin Teatr Klubu Türkiyədəki festivala qatılıb

 

Azərbaycan Dillər Universitetinin (ADU) Teatr Klubunun üzvləri Türkiyədə keçirilən Universitetlərarası Beynəlxalq Teatr festivalı çərçivəsində aprelin 25-də Akdeniz Universiteində çıxış ediblər. Bir çox xarici Türkiyən universitetlərinin teatr klublarının iştirak etdiyi festival gənclər arasında əlaqələrin, sıx ünsiyyətin qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Türkiyənin bir çox tanınmış teatrşünaslarının da qonaqların sırasında olmaları festivalın dəyərini daha da artırır. Məlumata görə, "Özümüz" adlı tamaşa ilə bu festivala qatılan ADU-nun Teatr klubu ötən il Kamal Abdullanın "Bir, iki, bizimki" tamaşası ilə bu festivala qatılıb, Ankara Samsunda çıxış ediblər.

Builki festivalın açılışı isə aprelin 20-də Antalyanın Akdeniz Universitetində baş tutub. Festivalda müxtəlif universitetlərin tələbələri həm dünya ədəbiyyatından seçmə əsərləri, həm öz ssenariləri əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər. ADU-nun Teatr Klubunun üzvləri öz ssenariləri əsasında hazırladıqları tamaşanı oynayıblar. Onların ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Aprelin 26-da festivalın Akdeniz Universitetindəki hissəsinin bağlanış mərasimi keçirilib. Tədbir zamanı ADU nümayəndələrinə fəxri diplom təqdim edilib. Daha sonra keçirilən bədii hissədə Azərbaycan musiqisi səsləndirilib.

Xatırladaq ki, festival 27-dən 30-dək İstanbulda Fatih Universitetində davam edəcək. ADU-nun Teatr Klubunun növbəti çıxışı aprelin 28-də Fatih Universitetində baş tutacaq.

 

   

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 28 aprel.- S.7.