Uşaq ədəbiyyatının
nəşrində "Beşik"
nümunəsi
Azərbaycanda son zamanlar
uşaq ədəbiyyatının yaranmaması, yaxud çox
az yaranması ilə bağlı fikirlərə bir daha
qayıtmaq, onları təkrarlamaq niyyətindən uzağam. Amma
bu bir həqiqətdir ki, indi bizdə uşaq ədəbiyyatı
ilə məşğul olan, uşaqlar üçün
yazanlar azdır, belə kitablar da çox az nəşr edilir.
Amma bir ildən artıq zaman ərzində fəaliyyət
göstərən "Beşik" nəşriyyatının
çap məhsulları ilə tanışlıq məni
yuxarıda vurğuladığım pessimist notlardan müəyyən
qədər uzaqlaşdırdı. Zənnimcə,
"Beşik" bu boşluğu doldurmağa müvəffəq
olub. Bunu təkcə bir oxucu kimi deyil, həm də
övladının intellektual səviyyəni yüksəldəcək
uşaq ədəbiyyatı mütaliə edərək və
öyrənərək böyüməsini istəyən bir
valideyn məsuliyyəti ilə bildirirəm. "Beşik"
nəşriyyatının çap etdiyi məhsullar yüksək
poliqrafik keyfiyyəti ilə yanaşı, məzmun və
mahiyyət etibarilə də hər bir uşağın sevə-sevə
vərəqləyəcəyi, öyrənəcəyi
kitablardır. Çox sevindiricidir ki, kitablar məhdud
mövzunu əhatə eləmir, onlar müxtəlif sahələrə,
əsasən də tarixi keçmişimizə aid olmaqla
uşaqlara Vətən həqiqətlərini çatdıran
çox əhəmiyyətli nəşrlərdir. Uğurla
seçilmiş adından da göründüyü kimi,
"Beşik" uşaqların lap körpəlikdən
maariflənməsini nəzərdə tutaraq, maraqlı kitablar
ərsəyə gətirib. Ötən il 60-dan artıq
uşaq ədəbiyyatı nümunəsi çap edən nəşriyyatın
kitablarını vərəqlədikcə onun
övladlarımızın hələ beşikdən
başlayan tərbiyəsində, milli ruhda böyüməsində,
vətənpərvər şəxsiyyət kimi yetişməsində
iştirak arzusunu görməmək mümkün deyil. Nəşrlərin
ərsəyə gəlməsində uşaq ədəbiyyatının
azsaylı, lakin sanballı nümayəndələri - Abbas Səhhət,
Abdulla Şaiq, İlyas Əfəndiyev, Teymur Elçin,
İlyas Tapdıq, Elçin, Ələkbər Salahzadə,
Aslan Qəhrəmanlı ilə yanaşı, gənc ədəbi
nəslin nümayəndələri Sevinc Nuruqızı,
Aygün Həsənoğlu və digər müəlliflərin
əsərlərindən istifadə olunması nəşriyyatın
zamanla ayaqlaşmaq niyyətindən xəbər verir. Tariximizi
və milli-mənəvi dəyərlərimizi təbliğ edən
nəşrlərin dünya standartlarına cavab verməsi də
diqqət çəkir.
"Güvəncin
nağılları" silsiləsindən olan hekayətlərin
adları kiçik oxuculara maraqlı mövzular vəd edir. Azərbaycanın
coğrafi məkanları, adlı-sanlı şəxsiyyətləri
haqqında maraqlı faktlar balacaların yaş səviyyəsinə
uyğunlaşdırılmış şəkildə Güvəncin
dili ilə təqdim olunur. Müvəffəqiyyətlə
seçilmiş nağıl qəhrəmanı, qədim
türk adını özündə daşıyan Güvənc
körpə balaları bu nağıllar vasitəsilə tarixi
torpaqlarımızla, tanınmış şəxsiyyətlərimizlə
tanış edir, onlara həqiqətləri anladır. Kitablarda
maraqlı bir cəhət - uşaqları vətənpərvərlik
ruhuna kökləmək, vətənimizin düşmənlərini
tanıtmaq istəyi, lakin bununla belə, onlara aqressiya, hərbsevərlik
təbliğ etməməsi də başadüşüləndir.
Nəşriyyatın əməkdaşlıq etdiyi yazarlar
bununla da uşaqları məlum həqiqətlərdən agah
etməklə yanaşı, həm də onların saflıq,
təmizlik, barış, sülh və sevgi dolu
dünyalarına müdaxilə istəyindən uzaq
olduqlarını göstəriblər.
Sözügedən
nağıllar seriyasından olan "Azıx
mağarası", "Savalan dağı",
"Şuşa", "Qavaldaş", "Qız
qalası", "Naxçıvan", "Şirvanşahlar",
"Göygöl", "İstanbulun fəthi"
uşaqlara tarixi məkan və hadisələr haqqında məlumat
verir, "Atatürkün imzası", "Mətə
xan", "Tomris ana" tipli nağıllar isə
söykökümüzü uşaqlara tanıdır. Nağılların
dilində bəzi qüsurlar nəzərə çarpsa da,
ümumilikdə onlar balacaların
dünyagörüşünü, intellektual səviyyəsini
və tarixi biliklərini möhkəmləndirmək
baxımından çox önəmlidir.
Nəşriyyat tərəfindən
təqdim olunan "Dünya nağılları" silsiləsi
də uşaqların dünyagörüşlərinin
formalaşmasında yardımçı rolunu oynayır. Artıq
satışa çıxarılmış bu cür çap məhsullarının
çox satılmasının səbəbi, zənnimcə,
kitablarda müxtəlif sferaları əhatə edən
mövzuların məharətlə
işıqlandırmasıdır. "Beşik"in təqdim
etdiyi kitabların sırasında uşaqların məntiqini
inkişaf etdirən nəşrlər də yer alıb. Uşaqların
yaş səviyyəsinə uyğun məntiqi məsələlərin
dərc olunduğu bu tipli kitablar onların riyazi-məntiqi
dünyagörüşünün inkişafında əvəzsiz
rol oynayır. Heyvanlardan, quşlardan bəhs edən hekayətlər
də uşaqların marağını ödəyəcək
səviyyədədir.
Müasir
texnologiyaların inkişaf etdiyi, dövlətlər və
millətlər arasında sərhədlərin şəffaflaşdığı,
bəzən də itdiyi çağdaş dünyamızda
böyüklü-kiçikli hamımızın heç
olmasa bir xarici dili öyrənməyimiz zəruri hala
çevrilib. Nəşriyyatın bu zərurəti də nəzərə
alaraq hazırladığı "Min söz" adlı
şəkilli lüğət haqqında ayrıca bəhs etmək
istərdim. Burada doğma dilimizlə yanaşı, rus,
türk və ingilis dillərindən təqdim olunan, əsas
dil bazasını təşkil edən min ümumişlək
söz, rəngli şəkillərlə verilib və bu da onların
asanlıqla yadda qalmasını təmin edir. Bu sözlükdən
istifadə edərək uşaqlar hələ məktəb
yaşına qədər həm görmə, həm də
valideynlərinin köməyilə, eşitmə
yaddaşı vasitəsilə üç dildə müəyyən
söz ehtiyatına sahib ola bilərlər. Oxumağı
bacarmayan azyaşlı qızımın kitabların şəkillərinə
həvəslə, yalnız özünün
anladığı və hələ mənim başa
düşmədiyim dildə sevincək reaksiyalar verməsini
görəndə bu nəşrlərin gələcəkdə
öz dəyərli məzmunu ilə onun gərəyi
olacağına inanıram.
Hazırda
"Beşik"də uşaq ensiklopediyalarının nəşri
istiqamətində də işlər gedir. Ümid edək ki,
çap olunacaq ensiklopediyalar da bugünkü şəkər
balaların sırasından gələcəyin alimlərinin,
şairlərinin, musiqişünaslarının, müxtəlif
sahə üzrə mütəxəssislərin, ən ümdəsi,
vətəninin sevən vətəndaşların bilik təməlinin
atılmasında möhkəm bazis rolunu oynayacaq.
Sevinc MÜRVƏTQIZI