On iki yaşlı kündəgir

 

Anadan olmasının 100 illiyi tamamlanan görkəmli alim, mərhum akademik Məmməd Cəfər Cəfərovun XX əsrin yetmişinci illərində yazdığı "Xatirələr"i Azərbaycanda memuar ədəbiyyatının dəyərli nümunələrindən sayıla bilər. İndiyədək heç yerdə çap olunmamış "Xatirələr" memuarının aşağıda oxuculara təqdim etdiyimiz hissəsi bu fikri söyləməyə əsas verir. Yazını redaksiyamıza akademik, millət vəkili İsa Həbibbəyli təqdim edib.

O illərdə şəhərdə beş çörəkçi dükanı vardı. Bu dükanlarda çörək (lavaş) təndirdə bişirilirdi. Təndirdə quru saman yandırılırdı. Tüstü "talavar" deyilən iri bacadan çıxırdı. Külək olanda tüstü içəridə cövlan edir, boğanaq əmələ gətirirdi. Dükanın əmələləri dörd nəfərdən ibarət idi: Xəmirgir, kündəgir, lavaş açan və şatır, yəni çörəyi təndirə yapan. Xəmirgirin vəzifəsi obaşdan gəlib bir təlis (meşok) unun xəmirini yoğurmaq, bu xəmir işləndikcə ikinci, üçüncü... partiya xəmir hazırlamaq idi. Kündəgirin vəzifəsi hava təzəcə işıqlananda gəlib hazır xəmirin kündələrini salmaq, sonra da bu işi axşama qədər davam etdirmək idi. Lavaşçının vəzifəsi kündəgirdən sonra gəlib təndiri qızdırmaq və şatır gələndən sonra hazır kündələri ağır vərdənə ilə dalbadal arası kəsilmədən şatıra ötürmək, şatırın vəzifəsi yenə arası kəsilmədən yayılmış lavaşı xüsusi səbətcə ilə bir ucdan təndirə yapmaq, o biri ucdan bişən lavaşları çıxarıb çörək satana ötürmək idi. Ümumi iş səhər saat 6-da başlayıb, axşam saat 7-yə qədər davam edirdi. Və bütün bu işləri əmələlər ayaq üstə görürdülər. Oturmaq, dincəlmək yox idi. İş bir növ konveyer üsulu ilə görülürdü. Dörd nəfərdən biri dayansaydı, iş də dayanardı.

Elə bil dörd nəfər insan deyil, 4 maşın aramsız hərəkətdə idi. Xüsusən şatırın hərəkəti çox mürəkkəb idi. O, bir tərəfdən lavaş açanın yayıb ona ötürdüyü yayılmış xəmiri qolunda bir neçə dəfə dolandırıb lazımi formaya salıb təndirə yapır, bir tərəfdən bişən lavaşları təndirdən çıxarıb dəxildara, yəni çörək satana ötürür, bir tərəfdən təndirin alovu sönməsin deyə tez-tez təndirə saman salmalı və bu əməliyyatı aramsız davam etdirməli olurdu. Əgər bir nəfər xam adam kənardan baxsaydı elə bilərdi ki, şatır durduğu yerdə oynayır, elə buna görə də bu sənətə farsca "şatır", yəni oynağan adı verilmişdi. Şatırların əlləri, üzləri həmişə qaralmış, qaşları ütülmüş olardı. Çünki onlar təndirə əyiləndə təndirdən qalxan alov tez-tez onların üzünə toxunurdu. Şatırlıq ən ağır sənət idi. Ona görə də şatırların çoxu bir aydan artıq işləyə bilmirdilər, arada ən azı bir həftə dincəlməli olurdular. Bircə şatır Fərəc aramsız işləyirdi, dincə çıxanda da iki gündən artıq dincəlmirdi. Belə görünürdü ki, o evlənmək xərci yığmaq üçün belə "canını cəfaya basır". Lavaş açanlar həmişə qollarının və qıçlarının ağrımasından şikayət edirdilər. Çünki onlar 13-14 saat tərpənmədən bir yerdə ayaq üstə durmalı olurdular, yalnız qolları hərəkətdə idi. Xəmirgirlərin işi nisbətən yüngül idi. Belə ki, bir partiya xəmir salandan sonra bir az dincələ bilərdilər. Bununla belə, onlar da bel ağrısından şikayətli idilər. Bizə gündə bir saat nahar üçün tənəffüs verilirdi. Qalan saatları dayanmadan işləməli idik. Əgər quldarlıq dövründən başı çıxan bir tarixçi gəlib bizim işləməyimizi müşahidə etsəydi, elə bilərdi ki, biz 4 nəfər kiminsə köləsiyik, çünki bizim əməyimiz kölə əməyinə çox oxşayırdı. Geyimimizə görə də bizi köləyə oxşatmaq olardı. İşə başlamadan əvvəl biz paltarlarımızı tamam soyunmalı, ayaqqabılarımızı, corablarımızı çıxarmalı, nazik bezdən uzun köynək geyməli idik. Paltarlı və ayaqqabılı işləmək mümkün deyildi. Çünki bütün günü aramsız tərləyirdik. Elə bil bizi suya salıb çıxarırdılar. Xüsusən təndirin qabağında olan şatırın elə bil bədənində çeşmə vardı. Alnından, üzündən hey tər axırdı.

Bütün bu işlər böyük zəhmət, diqqət və xüsusi sənətkarlıq tələb edirdi. Məsələn, indi müasir çörək zavodlarında nəhəng maşının gördüyü işi xəmirgir görməli, hər dəfə qolları ilə xəmir yoğurmağa 2-3 saat vaxt sərf etməli, xəmirin mayası qaydasında olmalı, kündələr elə səliqə ilə salınmalı idi ki, hərəsi iki yüz qramdan artıq olmasın, çünki çox hallarda lavaş çəkisiz satılırdı və alıcı da bilirdi ki, hər lavaş nə qədərdir. Lavaş açan diqqət etməli idi ki, yaymanın bir tərəfi qalın, bir tərəfi nazik olmasın, çünki qalın yeri təndirdə bişənə qədər nazik yeri yana bilərdi, yanıq lavaşı da alan olmazdı. Şatır çalışmalı idi ki, təndirdə boş yer qalmasın və çörək bişməmiş təndirdən çıxarılmasın. Əgər kündələrin biri iri, biri xırda, lavaşın bir tərəfi nazik, bir tərəfi qalın, xəmirin mayası artıq-əksik olsaydı; şatır çörəyi vaxtında təndirdən çıxarmayıb yandırsaydı, belə əmələlər sahibkara yaramırdı. Odur ki, hər bir əmələ öz işində diqqətli olmalı idi. Çörəkçi dükanında çörək bişən yerdə maşın, tərəzi-flan yox idi. Kündəgir iki ovcunda xəmiri elə ustalıqla götürməli idi ki, kündələrin hamısı bir boyda, bir çəkidə olsun, bir qram oyan-buyan olmasın. Əgər kündə 200 qramdan artıq olsaydı sahibkara zərər idi, əksik olsaydı alıcıya xəyanət idi. Kündəgirin kündə salmaqdan başqa vəzifələri də vardı. Bunlardan biri təndirin yanında saman qurtardıqca saman anbarından təlislə saman gətirmək idi. Samanın da yaman tozu olurdu. İkinci vəzifə sahibkarın, dəxildarın, şatırın, lavaş açan və xəmirgirin evinə ət-çörək... aparmaq idi. Üçüncü vəzifə ət, noxud alıb, nahara piti bişirmək idi. Piti təndirin üstündə xüsusi çalada bişirdi. Diqqət etmək lazım idi ki, piti yanmasın və əmələlər naharsız qalmasın. Dördüncü vəzifə işə başlamadan və işdən sonra dükanı silib-süpürmək idi. Bu vəzifələri də yerinə yetirmək üçün kündəgir iş sürətini artırıb o qədər kündə salıb hazır qoymalı idi ki, bu əlavə işləri görəndə lavaş açan məəttəl qalmasın. Kündəgirə əlavə buyruqlar da olurdu. "Get çayçıya denən, çay gətirsin!". "Al bu iki şahını, bir az pendir al gətir". "Götür o süpürgəni, buranı təmizlə!"...

Mən kündəgirliyi tez öyrəndim. 16-17 yaşlarında olan ustam kündəgir Yusif oxumağa getməli olduğundan məni öz yerinə hazırlamağa xüsusi səy göstərdi (İndi Yusif harda isə dəmir yol naçalnikidir).

Biz əmələlər günəmuzd işləyirdik. Hamıdan az muzd alan mən idim. Bununla belə mənim gündəlik muzdum ailəmiz üçün ət- çörəyə və qənd-çaya çatırdı.

Çörəkçi dükanlarında bir qayda, ənənə olaraq, əmələlər iş günü istədikləri qədər çörək yeyə bilərdilər. Bundan əlavə, işdən çıxanda şatırın 6, lavaşaçanın və xəmirgirin 4, kündəgirin 2 lavaş aparmağa haqqı vardı. Əlbəttə, pulsuz nahar üçün alınan ət və içdiyimiz beş-altı stəkan çay da sahibkarın hesabına idi. Kündəgirin bir əlavə gəliri də vardı: Təndirin üstündə piti bişirmək üçün kərpicdən hörülmüş çala çox geniş olduğundan ora 7-8 çölmək sığışırdı. Mənim qonşu dükançılardan bir neçə piti həvəskarı "müştərilərim" vardı. Hər səhər hərə öz çölməyinin ətini, noxudunu, duzu, istiotu, soğanı hazır gətirib mənə verir, mən də vaxtlı-vaxtında suyuna baxırdım ki, yanmasın. Günorta gəlib çölməkləri aparanda hərə mənə beş-on qəpik "əməkhaqqı" verirdi.

Mənim işlədiyim çörəkçi dükanını əzançı Kərbəlayı Baxşəli ilə qohumumuz şatır Fərəc şərikli açmışdılar. Bu o illər idi ki, hələ sənətkar artelləri düzəldilməmişdi. Yeni iqtisadi siyasət illəri idi. Müvəqqəti olaraq, xüsusiliyə icazə verilmişdi.

56-57 yaşlarında olan Kərbalayı Baxşəli haradasa, bilmirəm, torpaq icarəyə götürüb taxıl əkirdi, həyətində bir-iki inəyi, camışı və bir minik atı da saxlayırdı. Bir dəyirmanı da icarəyə götürmüşdü. Cavanlığında o da çörəkçi əmələsi imiş. Çox gözəl səsi olduğundan sonra bu sənəti atıb neçə il xanəndəlik etmiş, ancaq nə səbəbdənsə ziyarətə gedəndən sonra xanəndəliyi qoymuşdu yerə ("Naxçıvanda təkcə bir xanəndəliklə dolanmaq çətin imiş"). İndi namaz qılır, oruc tutur, vaxtı olanda məscidə də gedirdi. Xanəndəliyi əzançılıqla əvəz etmişdi. Pulsuz, təmənnasız səhər, günorta və axşamüstü (ikindi çağı) bazar məscidinin minarəsində əzan verməyi "savab bir iş" kimi öhdəsinə götürmüşdü. Ürəkdən gələn fövqəladə gözəl səsi olduğundan və muğamatı da çox yaxşı bildiyindən o, minarəyə çıxıb əzan verəndə bütün bazar əhli dəstə-dəstə toplaşıb qulaq asır, həzz alırdılar. Hətta Naxçıvana göndərilən narkomlardan biri - Əsəd Axundov tapşırmışdı ki, Kərbəlayı Baxşəli əzan verəndə ona bildirsinlər, qulaq assın. Mən başqa əzançıları da eşitmişdim. Kərbəlayı Baxşəlinin səsi onlara bənzəmirdi. O, minarədə də xanəndə idi, bir dəstgahdan başqa dəstgaha keçir, zəngulələri ilə dinləyiciləri heyran edirdi. Oxumaq onun stixiyası idi. Dükana gələndə də əmələlərdən hər hansı biri xahiş etsəydi ki, bir-iki ağız oxusun, sözü yerə salmaz, keçmiş xanəndəliyini xatırlayıb, ürəkdən oxuyardı. Belə hallarda dükanın qabağı dinləyicilərlə dolurdu. Kimdənsə mənim də yaxşı səsim olduğunu eşitdiyinə görə hərdənbir özü oxuyandan sonra məni də oxutdurardı. Mən də utana-utana üzümü divara çevirib oxuyardım. Muğamatdan az-çox xəbərdar olduğum onu sevindirərdi. Hər hansı havanı səhv oxuyanda məni dayandırıb özü oxuyardı, necə oxumaq lazım gəldiyini başa salardı. Qohumumuz şatır Fərəcin əksinə olaraq, Kərbəlayı Baxşəli deyərdi ki, oxumaq eyib deyil, yaxşı səsi özgələrindən gizlətmək günahdır. Mən oxuduğum qəzəllərin çoxunu Kərbəlayı Baxşəlidən eşitmişdim. O, daha çox Sidqinin qəzəllərini oxuyurdu:

 

   Canan, mürəvvət eylə günüm

   çox yaman keçir

   Karım həmişə naləvü ahü fəğan keçir

   Gül mövsümündə qonçasifət

   qan olur könül,

   Fəsli-bahar içində baharım

    xəzan keçir...

 

Qəribədir ki, mənim də belə qəmli qəzəllərdən xoşum gələrdi, evi, ailəsi, uşaqları, əkin-biçini, mal-qarası, kifayət qədər gəliri, qazancı olan Kərbəlayı Baxşəli də belə qəmli qəzəllər oxuyurdu. Mənim günəmuzd işləyən kasıb əmələ yoldaşlarım da belə qəmli qəzəllərdən zövq alırdılar...

Namazına, orucuna baxmayaraq Kərbəlayı Baxşəli heç də başqa avam mömünlərə bənzəmirdi, oğlanlarını, qızını da məktəbə qoymuşdu. Qızının başı açıq, çadrasız gəzməsini zəmanə tələbi hesab edirdi. Himayəsində olan qardaşı oğlu məktəbdən qaçdığına görə onu danışdırmırdı. Yaxşı güzəranı özünün çalışıb-çabalamasından gözləyirdi. Səhər erkən qalxır, mal-qaraya baş çəkir, zəmiyə gedir, oradan dəyirmana, dəyirmandan dükana qaçırdı. Əzançılıq da ki, bir bəhanə idi, çünki o bir yerdə səsini işə salmasaydı, dayana bilməzdi. Bağçılar, bostançılar deyirdilər ki, onlar hər səhər zəmisinə baş çəkməyə gələn Kərbəlayı Baxşəlinin öz-özünə oxuduğunu eşidirlər.

Bir müddət əmələlər öz aralarında danışarlardı ki, Kərbəlayı Baxşəli bir erməni arvadına aşiq olub. Bu xəbəri bizim lavaşaçan "bic oğlan" Qasım gətirmişdi. O and içirdi ki, səhər alatoranda işə gələndə bir neçə dəfə Kərbəlayı Baxşəlini zəmidə həmin erməni arvadı ilə görmüşdür. Babalı Qasımın boynuna, amma bir həqiqət vardı ki, bu müddətdə Kərbəlayı Baxşəli tez-tez saqqalını qırxdırıb, başını vurdurur, çox şad-xürrəm görünür, xahiş etməmiş, həvəslə oxuyurdu. Hər halda, başqa bir səbəb olmasa da, Kərbəlayının platonik eşqə tutulduğu aydın idi. Bir dəfə Qasım bizə erməni arvadını göstərmişdi. Çox gözəl, nəcib, 38-39 yaşlarında, həqiqətən sevilməyə layiq bir məxluq idi və şeiri, musiqini sevən bir kişi belə bir insanı da sevə bilərdi. Nə isə, belə bir Kərbəlayı da vardı. Görünür, bu Kərbəlayının da qəlbi əvvəl binadan bir növ Şeyx Sənan qəlbli imiş, gözəl səsi də bu qəlbə uyğun imiş, sonra bu qəlbə mömünləri təqlid etmək ehtiyacı kimi süni bir həvəs də dolmuş, beləliklə də iki Baxşəli əmələ gəlmişdi: gözəl, məlahətli səsi ilə hər kəsi heyran edən xanəndə Baxşəli və özünü süni sürətdə mömünlərə oxşadan bir Kərbəlayı.

Dükan şəriki kimi mömün Kərbəlayının işi asan idi. Onun vəzifəsi buğda alıb, hamballa dəyirmana göndərmək idi. Bu işə də o, həftədə bir-iki saat vaxt sərf edirdi. Siyasi iqtisad dilində ancaq "kapital qoyuluşu" onun idi. Bir "şərik" kimi işin ağırlığı şatır Fərəcin üzərinə düşürdü. O, gündə saatlarla qızmar təndirin qabağında işləməli, əmələlər üzərində nəzarət etməli, işdən sonra da oturub dəxildarla, çörək satanla haqq-hesab çəkməli və qazancın yarısını da Kərbəlayıya verməli idi. Bu açıq-aşkar bir ədalətsizlik idi. Şatır Fərəc bu ədalətsizliyə necə dözürdü? Çünki əvvəldən pulu-mayası olmamışdı ki, müstəqil dükan aça bilsin. Gələcəkdə necə, onun belə bir imkanı ola biləcəkdimi? Çox çətin. Biz görürdük ki, onun gündəlik qazancı heç də muzdla işləyən şatırın qazancından çox olmurdu və ümumiyyətlə, çörəkçi dükanının qazancı o qədər olmurdu ki, dükan sahibi artıq pul toplaya bilsin. Burada yüngül zəhmətlə qazanan ancaq Kərbəlayı Baxşəli idi. O elə bil pulunu banka qoymuşdu, hər gün gəlib sələmini alır, gedib əzanını verir, yaxşı səsi ilə camaatın hörmətini qazanır, tanınırdı. Şatır Fərəci isə həmkarlarından və bir-iki dostdan başqa tanıyan yox idi.

 

DƏXİLDAR BEKTAŞİ BAĞIR ƏMİ

 

Bizim çörəkçi dükanında günəmuzd işləyənlərdən biri də dəxildar- çörək satan idi. Dəxildar təmiz, etibarlı adam olmalı idi. Bizdə daimi dəxildar Bektaşi Bağır əmi idi. Ümumiyyətlə, Bektaşilər şəhərdə təmiz, həm də mütərəqqi adamlar kimi tanınmışdır. Bağır əmi də bunlardan biri idi. 58-59 yaşlarında ucaboy, enli kürək, uzunqollu bir kişi idi. Bektaşilər bir neçə qardaş və əmioğlu idilər. Hamısı da savadlı, kimisi mollaxana, kimisi mədrəsə təhsili görmüşdü. Bağır əmi də savadlı idi. Gündəlik qazancının yarısını qəzet, jurnala verər və elanlara qədər oxuyardı. Hər gün oxuduğu qəzetlərdən bir-ikisini mənə verib deyərdi ki, apar, evdə oxuyarsan. Bu mənim mətbuatla ilk tanışlığım idi. Özünün səsi, oxuması yox idi, ancaq muğamatı ən usta xanəndələrdən yaxşı bilirdi. Kərbəlayı Baxşəli dükanda oxuyanda elə bil dünyanı ona verirdilər. Bağır əmi evlənməmişdi (və evlənə də bilməzdi...), tək yaşayırdı. Bir dəfə işə gecikəndə məni evinə göndərdilər ki, öyrənim görüm nə olub, niyə işə gəlmir? Xəstələnmişdi. Kasıb, bəzək-düzəksiz bir otaqda yorğan-döşəkdə uzanmışdı. Mən bu otaqda bir həsir, bir çıraq, bir neçə kitab və yorğan-döşəkdən başqa bir şey görmədim. Ümumiyyətlə, Bektaşilər sadə yaşayırdılar, onların evində təmtəraq görünməzdi, ancaq Bağır əminin otağı lap hücrəyə oxşayırdı. Mənim Bağır əmiyə yazığım gəldi. O, qızdırma içindəydi. Qəribədir ki, səhərisi hələ tamam sağalmamış işə gəlmişdi.

Bağır əmi niyə belə sadə yaşayırdı? Nə üçün evlənməmişdi, bu məlum idi. Kasıb yaşamasının da səbəbi məlum idi. O da peşəkar muzdur dəxildar idi, başqa sənəti və gəlir yeri yox idi. Ancaq bir palaz, bir çarpayı da ala bilməzdi? Ala bilərdi, amma almırdı. Həsir üstə asketcəsinə yaşamaq onun üçün daha xoş idi. Niyə? Deyirdilər ki, zahidvari yaşayır. Ancaq o axı zahidə oxşamırdı! Məscidə getmir, namaz qılmır, oruc tutmur, ruhanilərdən zəhləsi gedir, dini kitablar oxumur, oxuduğu qəzet, jurnaldır, danışanda da elmdən, maarifdən danışır. Daha bu haradan zahidlik oldu. Bəlkə Bağır əmi evlənə bilsəydi belə olmazdı?! Belə sualların cavabı mənə bir sirr idi. Mən ancaq onu görürdüm ki, Bağır əmi yaxşı adamdır, mehriban adamdır, təmizdir, mütərəqqi fikirlidir, avam, mövhumatçı deyildir, ancaq kasıbdır, yoxsuludur. Mən onun halına acıyırdım və hiss edirdim ki, onun da mənə yazığı gəlir və mənim kimi məktəb yaşlı bir uşağın gündə 13-14 saat işləməyə məcbur olması onu kədərləndirir.

Bektaşilərdə belə yaxşı sifətlərlə yanaşı, bir ətalət, laqeydlik də vardı. Onların adlarının yanına bəy, ağa sözləri də qoşurdular. Bağır əmiyə Bağır ağa, qardaşına Mirzalı bəy deyirdilər. Ancaq o dövrdəki bəylikdən onlarda əsər-əlamət görünmürdü. Bəylərin çoxu çinovnik, mirzə, kargüzar işləyirdilər. Bektaşilərdən çinovnik yox idi. Onlardan "rus məktəbində" oxuyan da yox idi, ancaq fars, ərəb dillərini bilənlər var idi. Alimlərin yazdığına görə, bektaşilik təriqət imiş, bunlarda təriqətçilik də görünmürdü.

 

ŞATIR FƏRƏC

 

Bir gün Bağır əmi mənə xoş bir xəbər gətirdi. Dedi ki, deyəsən, azyaşlı fəhlələr üçün gecə kursları açacaqlar, açılan kimi səni də yazdıraram, gedib oxuyarsan.

Bu fikri Leylan xalanın oğlu Əsəd də bəyəndi. Şatır Fərəc dedi ki, oxutmaq-flan bəhanədir, aparıb uşaqları komsomola yazıb avara edəcəklər. Bir də fəhləliklə oxumaq bir yerdə tutmaz, çatdıra bilməz. Xəmirgir Hacı söz verdi ki, gecələr oxumağa iş qurtarmamış getsəm, məni əvəz edər.

Xəmirgir Hacıdan mən həmişə bir böyük qardaş qayğısı görürdüm. O, 20 yaşında sağlam, pəhlivan cüssəli, qırmızı yanaq, gülər üzlü və son dərəcə sadəlövh, utancaq bir oğlan idi. Rəhmətlik ata-anası onu 18 yaşında ikən evləndirmişdi. Təzəlikdə Hacının bir qızı da olmuşdu. Soruşanda qızın necədir, utanıb qızarırdı. Bir arada məni malyariya xəstəliyi tutmuşdu. İşlədiyim yerdə məni üşütmə-titrətmə tuturdu. Belə hallarda Hacı məni təndirin dalında yatırır, mənim əvəzimə kündə salırdı. Bəzən yuxuya qalıb, işə gecikdiyim olurdu. Yuxudan durub təngənəfəs qaça-qaça gəlib görürdüm ki, Hacı öz işini qurtarandan sonra kündələri də salmış, saman da daşımışdır. Yavaşca deyirdi ki, yuxuya qaldığını şatıra demə. Şatır Fərəc yuxuya qalan, tənbellik edən əmələlərə qarşı çox amansız idi.

Qızdırma xəstəliyinə tutulan günləri mən çox zəifləmişdim. Əvvəlki kimi sürətlə işləyə bilmirdim. Belə vaxtda Hacı mənə kömək edəndə şatır Fərəc ona acıqlanırdı: "Tənbəl öyrətmə, qoy bərkə-boşa alışsın!" Biz hərdən şatırın çubuğunun da acısını dadırdıq. Onun əlində təndirdə bişən lavaşları çıxarmaq üçün xüsusi çubuq olurdu. Kündənin biri artıq-əksik çıxanda, kündə yaxşı yayılmayanda və ya işləyə-işləyə ayaq üstə bizi yuxu tutanda qəflətən isti çubuq əlimizin üstünə enirdi. Lakin bu zabitəliliyi, amansızlığı ilə bərabər, şatır Fərəc çox qayğıkeş usta idi. Əmələlərdən hər hansı biri xəstələnəndə öz hesabına onun evinə ət-çörək alıb göndərər və göndərdiyi adama tapşırardı ki, soruş gör, daha nəyə ehtiyacı var? Dincə çıxan günləri də gəlib lavaş açır, kündə salır, bizə işin incə, sənətkarlıq sirlərini başa salırdı. Odur ki, onun əlinin altında işləyən əmələ öz işinin yaxşı ustası olurdu. Ustanın ümumi işə belə diqqətli olmasının başqa bir səbəbi də vardı. Çörəkçi dükanları stixi olaraq bir-birilə yarışırdılar. Hansı dükanda çörək yaxşı bişirdisə, müştərilər o dükana axardılar. Bəzi dükanlarda buğda ununa gizlicə arpa da qatırdılar. Şatır Fərəc dünyasında belə bir işə yol verməzdi. Belə bir işi o, müştəriyə xəyanət və böyük günah hesab edirdi. Odur ki, onun bişirdiyi çörəklərin biri də yerdə qalmazdı. Şatır Fərəc namaz qılmaz, oruc tutmaz, məscidə getməz, ancaq möhkəm etiqad sahibi idi. "Bismillah" deyib Allahın adını çəkməmiş işə başlamazdı. O inanırdı ki, bu dünyada başqasına xəyanət edən o dünyada sözsüz cəhənnəmlikdir.

 

FARS ŞEİRİNİN BİLİCİSİ KOR ADIGÖZƏL

 

Bizim dükandan çörək alanlardan iki nəfərin əmələlər arasında xüsusi hörməti vardı. Bunlardan biri kor Adıgözəl idi. Adıgözəl 65 yaşında arıq, hündürboy, qaraşın bir kişi idi. Deyirdilər, cavanlığında mədrəsə təhsili görmüş, bir müddət müəllimlik etmiş, sonra yazığın iki gözü də tutulmuş, işsiz, köməksiz qalmışdır, bir uçuq daxmadan ibarət ata evində tək yaşayır. Adıgözəlin heç yerdən gəliri yox idi. Az-çox imkanı olan cavanlıq dostları ona görüm-baxım edirdilər. (O illərdə hələ əlillərə təqaüd yox idi). Adıgözəl hər səhər bir əlində dəmir çəlik, birində xırda çölmək evdən çıxıb bazara gəlir, əvvəlcə qəssab dükanına gedib ət alır, sonra bizim dükana gəlib əti, çölməyi mənə verər, mən çölməyə noxud, soğan, duz-istiot salıb onun üçün piti bişirərdim. Piti bişib hazır olana qədər Adıgözəl bizimlə söhbət edər, Firdovsidən, Xəyyamdan, Nizami, Sədi və Hafizdən ilhamla qəzəllər oxuyub, farscadan tərcümə və təfsir edərdi. Bu şairlərin əsərlərini o, cavanlığında oxuyubmuş... Mən farsdilli ədəbiyyat nümunələrini birinci dəfə Adıgözəldən eşidirdim. Adıgözəl islam tarixini və şəriəti də yaxşı bilirdi, yeri gəldikcə bunlardan da danışırdı, ancaq onun etiqadı heç də bizim gördüyümüz başqa mömün müsəlmanların etiqadına bənzəmirdi. Adıgözəl o vaxta qədər bizim eşitmədiyimiz sözlər deyir və sevimli şairlərindən gətirdiyi misallarla əsaslandırırdı: "Allahın vaxtı hardaydı, dünya işlərinə müdaxilə edə və ya insanların taleyi ilə məşğul ola? Əgər yaradıbsa bir dəfə yaradıb, çəkilib durub kənarda. Peyğəmbərin göyə çıxması yalandır. Peyğəmbər ağıllı adam idi, ancaq ərəblər cahil olduqlarından onları cəhənnəmlə qorxutmağa məcbur olmuşdur. Həşr, qiyamət, cənnət, cəhənnəm uydurmadır. İmamlar da adi insanlar, hökmdarlar olmuşdur, onları fırıldaqçı mollalar müqəddəsləşdirmişlər. Məhərrəmlik, baş çapmaq artıq və ağılsız işdir".

Şatır Fərəc Adıgözəlin "insanın taleyi onun öz əlindədir, Allah göydən yerə nərdivan qoyub biz çörək göndərməyəcək" fikri ilə razılaşır, ancaq cənnət, cəhənnəm, imamlar haqqında fikrinə şərik olmurdu və Adıgözəl olmayanda bizə deyirdi: "Sarsaqlayır, ancaq qəlbinə dəyməyin, yazıqdır..." Onu da deyim ki, biz əmələlər Adıgözəlin fəlsəfi fikirləri ilə deyil, daha çox onun oxuyub şərh etdiyi şairlərlə maraqlanırdıq. Adıgözəlin gündə dörd lavaş norması idi. Dəxildara tapşırılmışdı ki, Adıgözəldən pul almasın. Bir gün Adıgözəl dükana təzə paltarla gəldi, gülüb dedi ki, hökumət ona təqaüd təyin etmişdir, bundan sonra çörək pulunu verəcəkdir...

 

XX ƏSR ƏDƏBİYYATI BİLİCİSİ QULAMHÜSEYN

 

Hörmətli və daimi söhbətcil müştərilərimizdən biri də börkçü (papaqçı) Qulamhüseyn idi. Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, türklərdən Namiq Kamal və Tofiq Fikrət Qulamhüseynin sevimli şairləri idi. Onun görsətmə bir hafizəsi vardı. Bu şairlərin əsərlərini əzbərdən, həm də coşğun bir ilhamla oxuyub şərh etməkdən, mənalandırmaqdan özü də xüsusi zövq alardı. Qulamhüseynin də əqidəsi Adıgözəlin əqidəsinə bənzəyirdi. Onun fikrincə, molla, dərviş, şeyx, vaizlər, mərsiyəxanlar bir sürü müzür insanlar idi. Zarafatla deyirdi ki, əgər bircə saatlığa ona ixtiyar verilsəydi, birinci növbədə ruhaniləri "cəhənnəmə vasil edərdi", çünki "Allahı da, peyğəmbəri də biabır edən ruhanilərdir".

Bilmirəm, ədəbiyyatınmı, mətbuatınmı və ya canlı həyatınmı nəticəsi idi, Qulamhüseyn kimi çoxları həyat, səadət düşmənləri dedikdə ancaq ruhaniləri, başqa sözlə mənəvi əsarəti nəzərdə tuturdular. Belə oxumuşların dilindən mən siyasi, ictimai, cismani əsarət haqqında söz eşitmirdim... Qulamhüseynin Pedaqoji Texnikumun tələbələrindən bir neçə müridi hər gün onun dükanına gəlir, sevimli şairlərindən əzbər oxuduğu şeirlərə qulaq asırdılar...

İkinci Dünya müharibəsi illərində mən eşitdim ki, Qulamhüseyn çox qocalıb, gözləri zəifləyib, daha papaqçılıq etmir, cümə axşamları qəbirstanlıqda ölülərə Quran oxumaqla dolanır və buna çox təəssüf etdim...

Beləliklə, kor Adıgözəl və Qulamhüseyn bir müddət bizim ədəbiyyat müəllimlərimiz olmuşdular ki, onların bu xidmətlərini minnətdarlıq hissi ilə xatırlamamaq nankorluq olardı.

 

ŞATIR QƏMƏR ƏMİ

 

Bəzi xüsusiyyətləri ilə M.Qorkinin Konovalovuna oxşayan şatır Qəmər əmini də xatırlayıram. Qəmər əmi bir yerdə daimi işləməyi sevməzdi. Bir həftə, on gün işləyəndə, bir 15 gün də işsiz gəzərdi. Bir yerdə uzun müddət işləməyə qərarı gəlmirdi. Onunku "kefi gələndə" idi. Bir dükanda 10-15 gün, bəzən daha az, bir həftə işləyəndən sonra xəbər göndərərdi ki, daha işə gəlməyəcək. Bəzən işin qızğın vaxtında da xoşa gəlməyən bir söz eşidəndə və ya bir nəfərdən inciyəndə işi yarımçıq qoyub, əməkhaqqı da almadan çıxıb gedərdi. Elə buna görə də o, çörəkçi əmələləri mühitində "ehtiyat şatır" hesab olunurdu. Başqa şatırlar bir neçə günə dincə çıxanda və ya xəstələnəndə sahibkar iş dayanmasın deyə şatır Qəməri dilə tutub işlətməyə məcbur olurdu. "Dilə tutmaq" ona görə idi ki, Qəmər əminin bir neçə günlük pulu olanda onu işə cəlb etmək çətin idi, bir də Qəmər əmini dara çəksəydilər də, xoşu gəlməyən sahibkar üçün işləməzdi. Onu bizim dükana müvəqqəti işlətməyə çağıranda gələrdi, çünki bizim dükanın sahibkarının biri onun kimi əmələ, şatır idi və şatırın qədrini bilən idi, ikinci sahibi də Kərbəlayı Baxşəli idi ki, Qəmər əmi də onun səsinə vurğun idi. Qəmər əmi işə başladımı, əmələlər onunla xoş rəftar etməli idi, çünki kimdənsə bir balaca inciyən kimi işi yarımçıq qoyub, çıxıb gedə bilərdi.

Qəmər əmi 60 yaşlarında ucaboy, enlikürək, alnıgeniş, irigöz, uzunqollu, ağbaş bir kişi idi. Bir şatır kimi işinə, qabiliyyətinə və fiziki gücünə, qüvvəsinə söz ola bilməzdi. 90 yaşını ötmüş atası Mehdi kişi də hələ sağ idi. Mehdi kişi də neçə illər çörəkçi əmələsi, şatır, həm də çox güclü pəhlivan, zorxanada mil oynadan olmuşdu. Bir pəhlivan kimi onu məğlub edən olmamışdı. Mehdi kişi də həmişə çörəyi bizdən aldığı üçün onu tez-tez görərdik. Yaşı doxsanı ötdüyünə baxmayaraq, qoca pəhlivanın qolu yenə bir çox cavanların qolundan qüvvətli idi. Hərdənbir bizim lavaşaçan Qasım "Mehdi əmi, gəl bir güləşək" deyəndə qoca pəhlivan bir əli ilə onun qolundan tutub elə sıxırdı ki, Qasım qışqırıb yalvarırdı ki, buraxsın, Mehdi kişi də gülümsəyib deyərdi: "Hım... necə gördün qocanı?... Gir meydana, bir əlli arxanı yerə qoymasam, adımı dəyişərəm."

Mehdi əminin səsi də qeyri-adi idi. Elə bil danışmır, nərildəyirdi.

Qəmər əmi də işdə yorulmaq bilməzdi. Pəhlivan idi, ancaq atası kimi deyib-gülən, zarafatcıl deyildi. O, bütün iş günü öz daxili aləmi ilə məşğul görünürdü. Elə bil ətrafında bir nəfər də canlı, insan yox idi. Arabir öz-özünə ucadan gülür, nəyə, nə üçün güldüyünü bilmək olmurdu. Arabir də işləyə-işləyə yanıqlı səslə, ürəkdən, təsirli məhəbbət qəzəlləri üstə "Mirzə Hüseyn" və "Yetim" segahları oxuyurdu. Heç kəs ona demirdi ki, oxu, ancaq oxuyur və özü üçün oxuyur, oxuduqca hər hansı bir hissin, xatirənin təsiri iləsə gözləri dolur, ağlayırdı və ağlaya-ağlaya öz-özünə əsəbiləşir və daha sürətlə işləyirdi. Bu ağır, sürətli işlə sanki kimdən, nədənsə acığını çıxırdı. Fikri dağınıq olduğundan bəzən təndirə artıq saman tökür, tüstü dükanı bürüyür, alov qalxıb talvarda dayanırdı. Bəs bu kişi niyə bu hala düşmüşdü, nəyin fikrini çəkirdi? Onun həyatından bizə məlum olan yalnız bu idi ki, cavan yaşlarında evlənmişdi, iki oğul atası idi. Böyük oğlu evli, uşaqlı idi, sənəti lavaşaçandı. Kiçik oğlu subay idi. Hər ikisi işləyir, özlərini dolandırırdılar. Arvadı Xeyrənsə xala yazda evində iri küplərdə xiyar, qırmızı, qara badımcan, həftəbecər qoyar, qışda satardı. Onun turşusu şəhərdə məşhur idi. Qapısında həmişə turşu müştərisi görərdin və bu "sənətdən" Xeyrənsə xalanın qazancı o qədər idi ki, ər, oğul qazancına ehtiyacı yox idi. Söz gəzirdi ki, Xeyrənsə xala Qəmər əmini yola vermir, söyür, incidir. Xeyrənsə xala oğlanlarını da necə tərbiyə etmişdisə, onlar da atalarına hörmət etmirdilər. Biz bir neçə dəfə oğlanlarının Qəmər əmini söyüb-yamanladığının şahidi olmuşduq. Ümumiyyətlə, bu oğlanlar hərzə danışıqları, şit zarafatları ilə "məşhur" idilər. Çaxır içir, qumar oynayır, lotuluq edirdilər. Deyirdilər, onlar evdə analarını da söyürlər, anaları da onları söyür, ağır sözlər deyir. Oğlanları Qəmər əmiyə ağır söz deyəndə, söz qaytaranda Qəmər əmi deyirdi ki, taqsır sizdə deyil, o it qızındadır (yəni Xeyrənsə xalada), o sizi mənim başıma çıxarıb". Aydın görünürdü ki, Qəmər əmi arvadından çox narazıdır. Qonşular deyirdilər ki, Qəmər əmini evdə görmək olmur. O, ancaq yatandan-yatana evə gəlir, harda yeyib-içdiyi də məlum olmur. Qəmər əmi namaz, oruc, məscid, ibadət, həmçinin çaxır, qumar nə olduğunu bilməzdi. Yaxın bir dostu, həmdəmi də yox idi. Həmişə tək, həm də adamdan xali olan yerlərdə gəzərdi. Onun yeganə həmdəmi, müsahibi öz xəyalları, daxili aləmi idi. Əgər savadlı olsaydı, güman etmək olardı ki, bu "daxili aləmdə" nə isə mənalı bir şey var. Qəmər savadsız idi. Qəribə xasiyyətinə görə ona "dəli Qəmər" də deyirdilər və bu "dəliliyin" səbəbini onunla izah edirdilər ki, guya cavanlığında bir qıza aşiq olmuş, qızı ona verməmişlər. Bu izahat da ağlabatan deyildi. O vaxtlar belə "dəliliklər" edənlərin hamısı haqqında deyirdilər ki, cavanlığında bir qıza aşiq olub, qızı ona verməyiblər. Qəmər əmi dəli deyildi. Bir mömün çörəkalan gəlib dindən, etiqaddan, namaz, orucdan danışanda Qəmər əmi öz-özünə qəhqəhə çəkib gülər, qəşş edərdi. Bir başqası gəlib dünya işlərindən və ya eşqdən, məhəbbətdən danışsaydı, Qəmər əmini yenə gülmək götürərdi.

Qəmər əmi belə bir əmi idi. Bizim savadsız "basyak"ımız da belə "basyak" idi...

Qeyd: Qəzetimizin dünənki sayında dərc olunmuş, akademik İsa Həbibbəylinin "Bir şəkil, ədəbiyyat siyahısı və iki məktub haqqında oda" yazısının 7-ci səhifədəki hissəsində şəkilaltı mətnlər dəyişik verilib. Texniki nöqsana görə üzr istəyirik.

 

 

Məmməd Cəfər CƏFƏROV

 

525-ci qəzet.- 2009.- 29 aprel.- S.6-7.