Zərifə Əliyevanın xatirəsinə həsr olunan konfrans keçirilib

 

Ötən gün Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Z.Əliyevanın həyat və yaradıcılığı haqqında məlumat verib. Z.Əliyevanın 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olduğunu deyən nazir bildirib ki, 1942-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin olduğunu söyləyən nazirin sözlərinə görə, o, 1947-ci ildən bu sahədə fəaliyyət göstərib.

"1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. O, traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir", - deyə nazir əlavə edib.

O.Şirəliyevin sözlərinə görə, 1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. Z.Əliyevanın həmin mükafata layiq görülən ilk qadın olduğunu deyən səhiyyə naziri qeyd edib ki, Zərifə Əliyeva traxoma xəstəliyinin son dərəcə geniş yayıldığı bir dövrdə onun Azərbaycanda ləğv olunması istiqamətində böyük xidmətlər göstərib. Onun sözlərinə görə, peşə xəstəlikləri ilə göz xəstəliklərinin əlaqəsini araşdıran ilk alim kimi Zərifə Əliyeva sənayedə göz xəstəliklərini aşkar edən laboratoriya yaradıb. Tədbirin davamında Zərifə Əliyevaya həsr olunan müxtəlif mövzulu məruzələr dinlənilib.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2009.- 29 aprel.- S.6.